Çoxşaxəli strategiya üzərində qurulmuş tədbirlər planı həyata keçirilir Siyasət

Çoxşaxəli strategiya üzərində qurulmuş tədbirlər planı həyata keçirilir

“Artıq bir neçə aydır, insanlıq qlobal düşmən olan COVİD19-la mübarizə aparır. Dünyanın bir parçası olan ölkəmizdə də Prezidentimizin rəhbərliyi və tapşırığı ilə koronavirusa qarşı ən yüksək səviyyədə mübarizə aparılır. Çoxşaxəli, mərhələli strategiya üzərində qurulmuş bu mübarizə beynəlxalq təşkilatlar və xüsusilə də ÜST tərəfindən çox yüksək qiymətləndirilib”.
Bunu APA-ya açıqlamasında Əmək və sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı deyib.
Millət vəkili qeyd edib ki, bütövlükdə mükəmməl səviyyədə hazırlanmış və Baş Nazir Əli Əsədovun imzası ilə təsdiq edilmiş Tədbirlər Planının əsas mahiyyəti də ölkə rəhbərliyinin tapşırdığı kimi, vətəndaşların sağlamlığı, xalqın həyatı, sosial müdafiə və rifah, məşğulluğun qorunması, maliyyə-iqtisadi stabilliyin saxlanılmasıdır: “Məhz bu uğurlu siyasətin nəticəsidir ki, dünyanı bürüyən bu pandemiya fonunda ölkəmizdə vətəndaş məmnunluğu, milli birlik və həmrəylik vətəndaşlar tərəfindən Prezidentimizə ünvanlanan minlərlə məktubda əksini tapıb. Tədbirlər Planında həm məşğul əhali (muzdla işləyən vətəndaşlarımız), həm də işləməyən vətəndaşlarımızın sosial təminatı təmin edilir, eyni zamanda onlara birbaşa yardımın həyata keçirilməsi, iş yerlərinin, əlillik müddətlərinin, ünvanlı yardımların verilməsinin müddətinin uzadılması cəmiyyətdə bir növ rahatlıq yaradır”.
Məlahət İbrahimqızı qeyd edib ki, burada birinci istiqamət pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqılarının müəyyən hissəsinin dövlət tərəfindən ödənilməsidir: “Məqsəd iş yerlərinin sayının azaldılmaması və həmin sektorlarda çalışan vətəndaşlarımızın işləməsələr belə, əməkhaqqılarını ala bilmələridir. Bu, kiçik, orta və iri sahibkarlıq subyektlərində çalışan vətəndaşlarımızı əhatə edəcək. Eyni zamanda hər hansı vətəndaşımız kiçik, orta və iri sahibkarlıq subyektində muzdlu işçi kimi əməkhaqqı müqaviləsini malikdirsə, o zaman ona dövlət tərəfindən dəstək olacaq. Belə muzdla çalışan işçilərin sayı 300 min nəfərdir. Bu istiqamətə 215 milyon manat sərf olunacaq. Elə vətəndaşlarımız var ki, onlar VÖEN-lə işləyirlər, yəni mikro və ya fərdi sahibkar kimi fəaliyyət göstərirlər. Həmin sahibkarlıq subyektlərinə də birbaşa yardımın həyata keçirilməsi nəzərdə tutulub. Yenə də 300 min vətəndaşımız bu vəsaitdən yararlana biləcək”.
Millət vəkili vergi güzəştlərinin tətbiqi ilə bağlı məsələyə də toxunub: “Artıq aprel ayından başlayaraq, bu güzəştlər tətbiq olunacaq. Eyni zamanda əmlak və torpaq vergisindən müddətli azadolmalar tətbiq ediləcək. Eləcə də vergi ödəyiciləri üçün mənfəət və gəlir vergisindən də güzəştin tətbiq edilməsi nəzərdə tutulur. Mikro sahibkarlıq subyektləri üzrə hesabatların verilməsi, eləcə də verginin ödənilməsi müddəti uzadılıb. Eyni zamanda burada xüsusilə pandemiyanın daha çox mənfi təsir göstərdiyi sahələr üzrə də vergilərin ödənilməsi müddətində güzəşt tətbiq edilib. Bununla bərabər, ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta hesablarına görə faizlərin hesablanmasının müəyyən müddət təxirə salınması həyata keçirilir. O cümlədən Kredit Zəmanət Fondu inkişaf etdirilir. Burada daha çox sahibkarlıq subyektlərinə dövlət zəmanəti ilə kreditlərin verilməsi, eyni zamanda kredit faizlərinin subsidiyalaşdırılması nəzərdə tutulur. Sahibkarlığın İnkişaf Fondu vəsaiti hesabına kredit faizlərinin, eyni zamanda 2020-ci ilin 10 mart tarixində dövlət zəmanəti olmayan mövcud bank kreditlərinin faiz dərəcələrinin 1 il üzrə 10%-nin subsidiyalaşdırılması nəzərdə tutulur”.
Millət vəkili nəzərə çatdırıb ki, atılan addımlardan sonra Azərbaycanda əmək müqaviləsi sayında gözlə görünən artım hiss olunmaqdadır: “İş yerlərinin və əməkhaqlarının qorunması istiqamətində atılan addımlar əmək müqaviləsi sayında azalma deyil, əksinə artıma səbəb olub. Məsələn, bu il 1 yanvar-17 aprel tarixinə bağlanmış əmək müqavilələrin sayında artım 77 mindirsə, bunun 55 mini 1 aprel-17 aprel tarixlərinə düşür. Eləcə də əhalinin məşğulluq imkanlarının artırılması istiqamətində də atılan addımlar öz müsbət nəticəsini verməkdədir. Məşğulluq orqanlarının fəaliyyəti güclənib. DOST İş mərkəzi vasitəsilə aprel-may ayları üzrə 50 min ictimai iş yerinin yaradılmasına başlanılıb ki, artıq 5 min şəxs bu işlərə cəlb edilib. Ümumilikdə isə ictimai iş yerlərinin sayı 90 minə çatıb. Xüsusi karantin rejimi başlayanadək isə 38 min şəxs bu işlərə cəlb edilib və hazırda da işləməyə davam edirlər. Həmçinin, işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərə ölkə üzrə yaşayış minimumu səviyyəsində - 190 manat birdəfəlik ödəmə verilməsinə başlanıb. Ölkə başçısının tapşırığı ilə 600 min vətəndaşa bu ödəmələr ediləcək. Növbəti mərhələdə bu şəxslərin rəsmi məşğulluğunu təmin etmək üçün zəruri məlumatlar toplanacaq və uçot yaradılacaq. Eləcə də büdcədən kənar olan İşsizliyin sığorta Fondundan BMT-nın İnkişaf Proqramı, eyni zamanda Dünya Bankı ilə birgə özünüməşğulluq proqramının genişləndirilməsi və daha çox vətəndaşımızın cəlb edilməsi nəzərdə tutulur. Bu da 12 min vətəndaşımızı əhatə edəcək və 70 milyon manatdan çox vəsaitin fonddan bu istiqamətə ayrılması nəzərdə tutulur. İşsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi və proaktiv təyinat mexanizmi yaradılması ilə bağlı 20 milyon manat vəsaitin də ayrılması nəzərdə tutulub. Ünvanlı dövlət sosial yardımın verilməsində də dəyişikliklər olacaq. Belə ki, ünvanlı sosial yardımın xüsusi karantin rejimi dövrü bitənədək 2 min vətəndaşımız bu yardımı ala biləcək və ünvanlı sosial yardıma müraciət imkanları asanlaşacaq. Ümumiyyətlə, sosial baxımdan həssas əhali qrupuna aid olan ailələrin üzvü olan tələbələrin təhsil haqqı 2020-ci il dövlət tərəfindən ödəniləcək. Bu məqsədlə 40 milyon manat ayrılıb”.
Məlahət İbrahimqızı bildirib ki, heç bir ayrı seçkiliyə yol verməyən və əhalinin bütün təbəqələrini sosialyönümlü, ədalət və humanizm prinsiplərlə qucaqlayan Tədbir Planı dövlətin, şəxsən Prezidentin və Birinci vitse-prezidentin hər bir vətəndaşın yanında olmağını bir daha sübut edir: “Baxmayaraq ki, prezidentin rəhbərliyi ilə yaxın, orta və uzaq dövrlər üçün çoxşaxəli konkret strategiya üzərində qurulmuş tədbirlər planı həyata keçirilir, bu mübarizə fonunda bütün xalq da öz imkanlarını səfərbər edib. Belə ki, əhalinin həssas qrup insanları təkcə dövlət qayğısı ilə əhatə olunmayıb, eyni zamanda cəmiyyətin bütün imkanlı insanları da bu mübarizədə aktiv olmağa çalışırlar. Ehtiyacı olan insanlara yardımlaşma hərəkatında Heydər Əliyev Fondunun xüsusi rolu var”.