“Bunun çox sadə izahı var...” Siyasət

“Bunun çox sadə izahı var...”

Əli Həsənov: "Konkret cinayət əməli törətdiklərinə görə məsuliyyətə cəlb olunmuş insanları "mükafatlandırma" tədbirləri onların və havadarlarının əsl simasını ifşa edir"

"Azərbaycan hüquqi dövlətdir və vəzifəsindən, sosial statusundan, mövqeyindən asılı olmayaraq hər bir şəxs öz fəaliyyətini mövcud qanunvericilik çərçivəsində qurmağa borcludur. Hüququn aliliyinin təmin edildiyi hər bir ölkədə olduğu kimi, Azərbaycanda da qeyri-qanuni əməllərə görə müvafiq cəza sanksiyaları nəzərdə tutulur və zərurət yarandıqda tətbiq edilir. O ki qaldı qanunu pozmuş və məsuliyyətə cəlb olunmuş insanların xarici dairələr tərəfindən müdafiə olunmasına, həmçinin onların "mükafatlandırılması" məsələsinə, bunun çox sadə izahı var". Bu sözləri APA-ya açıqlamasında "Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi" adlı qurumun rəhbəri, hazırda həbsdə olan Anar Məmmədlinin AŞPA tərəfindən "Vatslav Havel" Sülh Mükafatının qalibi elan olunmasına münasibət bildirən Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Əli Həsənov bəyan edib ki, belə addımlar ilk növbədə müəyyən xarici dairələr tərəfindən maliyyələşdirilən, onların sifarişlərini yerinə yetirən və dövlətin müstəqil siyasətinə təsir vasitəsi rolunu oynayan "5-ci kolon"u qorumaq məqsədi güdür: "Eyni zamanda, hüquq müdafiəsi adı altında fəaliyyət göstərən müxtəlif xarici təşkilatların heç də müstəqil olmadıqlarını və konkret tapşırıqlar icra etdiklərini açıq göstərir. Buna görə də konkret cinayət əməli törətdiklərinə görə məsuliyyətə cəlb olunmuş, ciddi ictimai qınaq obyektinə çevrilmiş həmin insanları müdafiə etmək məqsədi güdən bəyanatlar, açıqlamalar, habelə bu tipli "mükafatlandırma" tədbirləri, ilk növbədə, onların və havadarlarının əsl simasını ifşa edir. Azərbaycan ictimaiyyəti bütün bunları görür və lazımi qiymətini verir".