Azərbaycana ATƏT-in Minsk qrupu tələsi Siyasət

Azərbaycana ATƏT-in Minsk qrupu tələsi

Teyyub Qənioğlu: "Azərbaycan bu tələdən qurtarmağın yollarını tapmalıdır. Dövlətimizin indiki mövqeyi, imkanları və beynəlxalq vəziyyət buna imkan verir"

ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyəti zaman-zaman müzakirə olunub və hər dəfə də bildirilib ki, həmsədr ölkələr Dağlıq Qarabağ probleminə dövlətlərinin maraqları çərçivəsindən yanaşırlar. Yəni işğalçıya və işğala məruz qalana həqiqi qiymətini vermirlər. Artıq 1994-cü ilin dekabrın 5-6-da ATƏT-in Budapeştdə keçirilən Zirvə toplantısında "Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi" barədə qəbul olunan qərarın 20 ili yaxınlaşır. Bu qərarın əhəmiyyəti və münaqişənin həllində rolu barədə mövqeyini bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Ali Məclisinin sədri Teyyub Qənioğlu partiyanın mətbuat xidmətinə deyib ki, bir sıra obyektiv və subyektiv səbəblərdən Dağlıq Qarabağ münaqişəsi 1992-ci illərin əvvəllərindən başlayaraq beynəlxalq əhəmiyyətli problemə çevrilib: "1992-ci il yanvarın 30-da Azərbaycan Respublikası ATƏM-in üzvü olduqdan sonra bu münaqişəni üzv dövlətlər müzakirə etməyə başlayıblar. ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci il martın 24-də keçirilən birinci əlavə görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə olunub və münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində aparılan danışıqların səmərəliliyini təmin etmək üçün Minsk şəhərində ATƏM-in Dağlıq Qarabağa dair sülh konfransının çağırılması haqqında qərar qəbul edilib. Sənəddə göstərilirdi ki, Minskdə çağırılacaq konfrans ABŞ, Rusiya, Türkiyə, Fransa, Almaniya, İtaliya, Çexiya, Slovakiya, İsveç, Belarus, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə keçirilsin. Lakin münaqişənin dinc vasitələrlə nizama salınması üçün yaradılmış Minsk qrupu çərçivəsində aparılan danışıqlarda qarşı duran tərəflər arasında ziddiyyətlərin qalması, xüsusilə, Ermənistanın qeyri-konstruktiv mövqe tutması ilə yanaşı, qrupun üzvü olan böyük dövlətlərin mövqeyində də yekdil fikrin olmaması sülh prosesinin ləngidilməsinə və münaqişənin dondurulmuş vəziyyətdə qalmasına gətirib çıxartdı.
Qeyd etdiyiniz kimi, münaqişənin sülh yolu ilə nizamlanmasının sürətləndirilməsi üçün 1994-cü ilin dekabrın 5-6-da ATƏT-in Budapeştdə keçirilən Zirvə toplantısında "Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi" barədə qərar qəbul olundu: "Eyni zamanda, Budapeştdə həmsədrlik institutu da təsis edildi. Minsk konfransına iki həmsədrin təyin edilməsi və Minsk qrupunun iclaslarının onların birgə həmsədrliyi ilə keçiriləcəyi barədə qərar qəbul edildi. Münaqişədə maraqlı tərəf (!?) olduğu nəzərə alınaraq ATƏM-in Minsk konfransında, o cümlədən Minsk qrupunda daimi həmsədrlik Rusiyaya tapşırıldı. İkinci həmsədr isə Finlandiya seçildi, sonradan həmin ölkə İsveçlə əvəz olundu. 1996-cı ilin dekabrın 2-3-də ATƏT-in Lissabonda keçirilən Zirvə toplantısın sonra Rusiya ilə yanaşı, Fransa və ABŞ nümayəndələri də Minsk qrupunun həmsədrləri təyin olundu. Beləliklə də, 1996-cı ildən etibarən Dağlıq Qarabağ münaqişəsi ermənipərəst üç dövlətin inhisarına verilildi".
Ali Məclis sədrinin fikrincə, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin ötən müddət ərzində "fəaliyyəti" göstərdi ki, onların ümumi məqsədi Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına yönəldilib: "İstər Azərbaycan torpaqlarının işğalında erməni faşistlərinə hərtərəfli (hərbi, maliyyə, siyasi) yardım edən Rusiya, istərsə də, siyasi və maliyyə yardımı edən ABŞ və Fransa öz aralarında ciddi ixtilafların olmasına baxmayaraq Dağlıq Qarabağın Azərbaycandan qoparılması məsələsində yekdil mövqedən çıxış edirlər. Bu dövlətlərin mövqelərinə fikir verin. Onlar deyirlər ki, "Münaqişənin həlli Azərbaycan və Ermənistandan asılıdır. Qoy onlar münaqişənin həlli yolları barədə razılığa gəlsinlər. Biz isə bu razılığın həyata keçirilməsinə zəmanət verə bilərik". Əcəb mövqedir... Sual olunur: əgər Azərbaycan və Ermənistan münaqişənin sülh yolu ilə həllinə dair razılığa gələ bilirdisə onda ATƏT-in Minsk qrupu niyə yaradılırdı? Və əgər siz həmsədrlər doğrudan da bu münaqişənin Azərbaycan və Ermənistan arasında, beynəlxalq hüquq normaları çərçivəsində danışıqlar yolu ilə həllini istəyirsinizsə niyə müxtəlif vasitələrlə Azərbaycana təzyiq edir, haqsız olaraq Ermənistana dəstək verirsiniz?
Hər şeydən göründüyü kimi, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin "fəaliyyəti" münaqişənin həllinə deyil, uzanmasına yönəldilib. Və burada hər bir tərəfin öz məqsədi var. ABŞ-ın (elə Fransanın da) mövqeyi aydındır. ABŞ ərəb dövlətlərinin bətnində İsraili yaratdığı kimi, türk dünyasının bətnində də ona bənzər və öz təsiri altında olan (Rusiyanın regiondan sıxışdırılması yolu ilə) bir dövlət yaratmaq istəyir və indiki şəraitdə bunun mümkün olmayacağının fərqindədir. Ona görə də Dağlıq Qarabağ münaqişəsində açıq və gizli şəkildə Ermənistanı dəstəkləyir, indi olmasa da, gələcəkdə bu məqsədə çatmaq üçün münaqişənin uzanmasında maraqlıdır. Rusiya da Dağlıq Qarabağın Azərbaycandan qoparılmasını istəsə də, yaranmış şəraitdə münaqişənin uzanmasında maraqlıdır. Çünki gözəl başa düşür ki, bu münaqişənin istənilən variantda həlli onun nəinki Cənubi Qafqazdan, perspektivdə Şimali Qafqazdan da birdəfəlik çıxmasına gətirib çıxara bilər.
Beləliklə, göründüyü kimi, XX əsrin 90-cı illərində Azərbaycanın zəifliyindən istifadə edərək ATƏT-in Minsk qrupunun üç ermənipərəst həmsədr dövlətlərinin iştirakı ilə yaradılması əslində Dağlıq Qarabağın Azərbaycandan dinc yolla qoparılmasına hesablanmış tələdir. Azərbaycan bu tələdən qurtarmağın yollarını tapmalıdır. Azərbaycanın indiki mövqeyi, imkanları və beynəlxalq vəziyyət buna imkan verir".