Prezidentlərin Paris görüşü günündə “təsadüf”lər... Siyasət

Prezidentlərin Paris görüşü günündə “təsadüf”lər...

Azad İsazadə: "Dilqəm və Şahbazı həbs etməyin özü bir cinayətdir"
Fazil Mustafa: "Bu Azərbaycana təzyiq üçün düşünülən addımlardan birdir"

Prüzidentlərin Paris görüşü həm də "təsadüf"lərlə yadda qaldı. Bu görüş işğal altındakı Kəlbəcər rayonunda ermənilərin girov götürdüyü azərbaycanlıların - Şahbaz Quliyev və Dilqəm Əsgərovun məhkəməsi və "Vaşinqtonda "Freedom House" və Açıq Cəmiyyət Fondunun (Soros Fondu) Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı müzakirələr keçirməsi ilə eyni günə "təsadüf" edir. Bu "təsadüf"lər həqiqətənmi təsadüfdür?
Artıq dünən işğal altındakı Kəlbəcər rayonunda ermənilərin girov götürdüyü azərbaycanlıların məhkəməsi keçirilib. Ermənistan mətbuatının yazdığına görə, girovlar "günah"larını qismən boyunlarına alıblar. Girovların rus dilini pis bilmələrinin məhkəmədə problemlər yaratdığı qeyd olunub. Bundan başqa, onların müdafiəsinin erməni vəkillərə həvalə olunduğunu bildirilib. İlk prosesdə girov azərbaycanlıların şəxsiyyətləri, ailə vəziyyətləri dəqiqləşdirilib, Əsgərovun əvvəllər 15 sutka, Quliyevin isə 6 il həbs yatdığı və daha sonra bəraət aldığı qeyd edilib.
Erməni mətbuatının yazdığına görə, girovlarımız onlara qarşı irəli sürülən ittihamları "qismən etiraf ediblər". D.Əsgərov bildirib ki, 2005-ci ildə Ş.Quliyevlə birgə və 2007-ci ildə isə iki dəfə (birincidə Raffi adlı biri, ikincidə isə qəbri ziyarət etmək üçün) "sərhədi" (Azərbaycanın işğal olunmuş əraziləri) keçməsi ilə bağlı ittihamları qəbul etməyib. Lakin 2014-də Ş.Quliyev və Həsən Həsənovla cəbhə xəttini keçməsini təsdiqləyib. Əsgərov cəsusluq etməsi və erməni yeniyetməni öldürməsi ittihamları ilə razılaşmayıb. Bununla yanaşı, guya "qanunsuz silah daşıma", "pul, sənəd və mal-qara oğurluğu"nu qəbul edib. Şahbaz Quliyev isə guya bildirib ki, 2005-də "sərhədlə bağlı heç nə bilməyib". 2014-də isə sərhədi keçib: "Dilqəm dedi ki, heç nə yoxdur, biz də inandıq".
Erməni KİV-i yazır ki, Quliyev silahların ona sərhəddə verildiyini deyib. Erməni yeniyetməni qaçırmalarına gəlincə Quliyev "uşağa çörək yedizdirmişəm" - deyib.
Onu da bilirək ki, məhkəmənin prezidentlərin Paris görüşü ilə eyni vaxta təyin olunması ekspertlər tərəfindən təsadüfi sayılmayıb.
Politoloq Azad İsazadə deyib girovlar öz doğma yurdlarını ziyarətə gediblər: "Üstəlik də, nə Ermənistan nə də ki, qondarma qurum Kəlbəcəri öz ərazisi hesab etmir. Belə olan halda, Dilqəm və Şahbazı həbs etməyin özü bir cinayətdir". Hərbi ekspertin sözlərinə görə, onlar ömürlük məhkum edilsə belə qaytarılacaqlar: "İstəyirlər 2-3 dəfə bizim əsirləri ömürlük həbs etsinlər. Onsuz da ermənilərdə siyasi iradə yoxdur. Qərbdən və Rusiyadan təyziqlər artarsa əsirlərimizi qaytaracaqlar".
Qeyd etdiyimiz kimi, daha bir "təsadüf" isə "Vaşinqtonda "Freedom House" və Açıq Cəmiyyət Fondunun (Soros Fondu) Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı müzakirələr keçirməsi ilə bağlıdır.
Böyük Qurtuluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşü ilə eyni gündə Vaşinqtonda "Freedom House" və Açıq Cəmiyyət Fondunun (Soros Fondu - red) Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı müzakirələr keçirməsinə münasibət bildirərkən deyib ki, bu müzakirələr keçirməsi ənənəvi olaraq Azərbaycana təzyiq üçün düşünülən addımlardan birdir.
Partiya sədri hesab edir ki, bu müzakirələrin Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşünə elə bir aidiyyatı yoxdur: "Azərbaycan və Ermənistan prezidentlərinin görüşü Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün növbəti görüşlərdən biridir. "Freedom House" və Açıq Cəmiyyət Fondunun Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı müzakirələri isə Azərbaycana təzyiq üçün düşünülən addımdır. Bu müzakirələrin eyni gündə keçirilməsini təsadüf kimi qiymətləndirirəm". Millət vəkili qeyd edib ki, Azərbaycanın əsas problemi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsidir: "Bu məsələni də Azərbaycan Prezidenti İlham Əliyev ən yüksək səviyyədə dünya ictimaiyyətinin diqqətinə çatdırır, danışıqlar prosesində ölkəmizin mövqeyini yüksək səviyyədə ifadə edir. Ona görə də belə çağırışlar, gündəlikdir. İnsan haqları mövzusunda Azərbaycanın üzərinə gəlmək başqa mövzularda təzyiq etmək məqsədi güdür. Bura həm iqtisadi mənfəət əldə etmək, həm də təzyiq aiddir. Ona görə də Azərbaycan öz yolu ilə getməli, bu kursu uğurla davam etdirməlidir".
Yeri gəlmişkən, girovlarla bağlı QHT Şurası nəzdində fəaliyyət göstərən Media İşçi Qrupu Rusiya prezidenti Vladimir Putinə müraciət edib. Müraciətdə deyilir: "Çağdaş zamanda dünyanın bir çox ölkələrinin əraziləri işğal edilir, günahsız insanların qanı axıdılır, əsir və girov götürülür.
Daimi gərginlik mərkəzi olan bölgələrdən biri də Cənubi Qafqazdır
Regionda yerləşən Ermənistan öz silahlı qüvvələrinin birbaşa iştirakı ilə Azərbaycanın 20 faizini işğal edib, minlərlə azərbaycanlını qətlə yetirib, on minlərlə azərbaycanlı bu işğal nəticəsində öz doğma evlərindən ayrılıb, itkin düşüb, fiziki sağlamlığından məhrum olub, bir milyondan artıq insan köçkün olub.
Ermənistan işğalçılıq siyasətini bu gün də davam etdirir. Bunun nəticəsidir ki, 2014-cü ilin iyul ayında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Kəlbəcər rayonuna - öz doğmalarının qəbirlərini ziyarətə getmiş 3 azərbaycanlıdan biri - Həsən Həsənov Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş, ikisi – Dilqəm Əsgərov və Şahbaz Quliyev isə girov götürülmüşdür Onların beynəlxalq konvensiyalarla təsbit olunmuş insan hüquqları kobud şəkildə pozulmuşdur.
Girov görtürülən azərbaycanlılardan biri - Dilqəm Əsgərov Azərbaycanın Kəlbəcər rayonunda doğulsa da, Rusiya vətəndaşıdır. Rusiya Prezidenti kimi Siz öz vətəndaşlarınızın hüquqlarını hər zaman qorumusunuz və bu addımınız Dilqəm Əsgərovun yaxın zamanlarda girovluqdan azad edilməsində mühüm addımlar atacağınıza bizdə əminlik yaradır.
Sizə müraciət edərək öz doğma kəndində Ermənistan tərəfindən girov götürülən Rusiya vətəndaşı Dilqəm Əsgərovun, həmçinin onunla birlikdə girov götürülmüş Şahbaz Quliyevin azad edilməsinə kömək göstərməyinizi xahiş edirik.
Həm Rusiya Prezidenti, eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsinin başçısı kimi nüfuzunuzdan istifadə edib bu müraciətə həssas yanaşacağınıza ümid edirik...".