Azərbaycan öz ərazilərini azad etməklə beynəlxalq təşkilatların nüfuzunu bərpa edir - Ekspert Siyasət

Azərbaycan öz ərazilərini azad etməklə beynəlxalq təşkilatların nüfuzunu bərpa edir - Ekspert

“Bu gün beynəlxalq aləm, xüsusilə Azərbaycanın ərazi bütövlüyünü tanıyan qətnamələr çıxarmış qurum və təşkilatlar Prezident İlham Əliyevə minnətdar olmalı, təşəkkür etməlidirlər ki, 27-ildir ki, qəbul olunmasına baxmayaraq, həmin qərarların icrasını məhz bizim dövlət başçısı həyata keçirir”.

Bunu Trend-ə açıqlamasında “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirib.

Onun sözlərinə görə, kifayət qədər söz sahiblikləri olan BMT və digər təşkilatlar həm də onu bilməlidirlər ki, Azərbaycan dövləti beynəlxalq çərçivədə tanınan işğal altındakı ərazilərini azad etməsi ilə onların düşən nüfuzlarını bərpa edir: “1993-cü ilin 12 noyabr tarixində BMT-nin Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı 884 saylı qətnamə vasitəsi ilə pislənilib və bu xüsusda daha əvvəlki 822, 853, 874 saylı qətnamələr də xatırladılıb. Bu isə o deməkdir ki, Azərbaycan tərəfinin daha 27-30 il gözləmək imkanı tükənib. Ona görə də, xalqının iradəsinə, tükənməz dəstəyinə, Ordusunun gücünə malik olan cənab Ali Baş Komandan zamanında, vaxtında işğalda olan torpaqlarımızın beynəlxalq hüquq çərçivəsində, həm də bir qarış torpaqlarımızı bağışlamayacağımıza zəmin yaratdı".

Siyasi ekspert bildirib ki, Azərbaycan Silahlı Qüvvələri terrorçu Ermənistanı məhz həmin müzəffər ordumuzun vasitəsi ilə sülhə məcbur etmək iqtidarındadır və əks halda onsuz da heç bir ciddi iqtisadi potensiala, hərbi büdcəyə malik olmayan səfil Ermənistan dövləti xəritədə qalmaq şanslarını da itirilə bilər: "Ötən illər ərzində Azərbaycanın güclü, qüdrətli iqtisadiyyatı, həmçinin bir sıra mühüm beynəlxalq layihələrdəki iştirakı nəticə etibarı ilə Ordumuzun güclənməsinə, ən müasir silahlanmaya, hərbi texniki potensialımızın sürətlə artmasına səbəb oldu, Silahlı Qüvvələrimiz dünyanın ən 50 güclü orduları sırasında yer tutdu. Bütün bunlar əlbəttə ki, vaxt və zaman tələb edirdi və eyni zamanda, xalqın inam və etimadını da qazanmaq ən vacib şərtlərdən biri idi. Bu gün xalq öz dövlətinə, Ordusuna güvənir, bu missiyanın həyata keçirilməsində böyük ruh yüksəkliyi nümayiş etdirir, ən əsası isə, Prezidentinə, Ali Baş Komandanına olan bağlılığını sərgiləyir. Cənab İlham Əliyev bir sərkərdə olaraq xalqının qəhrəmanına çevrilib. O, lider kimi öndə gedir və əsgəri, zabiti də əminliklə sərkərdəsinin verdiyi hər bir tapışırığı, hər bir əmri canla-başla icra edir. Əgər bu gün Azərbaycan əsgəri düşmənin qarşısına qorxmadan, inamla, qələbə əzmi ilə çıxırsa, xüsusən də düşmənə Ordumuzun ondan qat-qat güclü olduğunu deməyə məcbur edirsə, demək ki, bayrağımızın Şuşada, Xankəndində və azad ediləcək digər ərazilərimizdə dalğalanacağı günün də uzaqda olmadığını vurğulaya bilərik”.