Sloveniya parlamentindən Qarabağ çağırışı Siyasət

Sloveniya parlamentindən Qarabağ çağırışı

"Münaqişənin həlli BMT Təhlükəsizlik Şurasının problemlə bağlı qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrə əsaslanmalıdır"

Sloveniya Respublikasının Milli Şurası Dağlıq Qarabağ münaqişəsinin dinc yolla ilə həllinə dəstək təşəbbüsü məsələsini müzakirə edib və plenar iclasda qərar çıxarıb.
AzərTAc xəbər verir ki, qərarda Sloveniya Respublikasının Milli Şurası ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə diqqətin artırılmasına çağırır, beynəlxalq təşkilatların regionda sülh və sabitliyi bərqərar etməklə bağlı təşəbbüslərini dəstəkləyir.
Qərarda vurğulanır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq hüquq normalarına və Azərbaycanın ərazi bütövlüyü prinsipinə, xüsusilə də BMT Təhlükəsizlik Şurasının problemlə bağlı qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrə əsaslanmalıdır. Bu qətnamələr Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını və məcburi köçkünlərin təhlükəsiz şəraitdə doğma yurdlarına qayıtmalarını tələb edir.
Milli Şura Sloveniya hökumətini Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək təşəbbüsünü dəstəkləməyə çağırır.
Azərbaycanın Qarabağ bölgəsinin 12 rayon-şəhəri 20 ildən çoxdur işğal altındadır. Xocalı, Xankəndi, Şuşa, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər bütünlüklə işğal olunub. Ağdərə, Ağdam, Xocavənd, Füzulinin isə böyük hissəsi işğal altındadır.