Nurçu axtarışı media müstəvisində... Siyasət

Nurçu axtarışı media müstəvisində...

Rövşən Ziya: "Əgər Fərhad Hacıyevin əlində faktlar varsa, ortaya qoysun və ictimai müzakirəyə çıxartsın"
Elxan Şahinoğlu: "Sənədlərdə adları çəkilən şəxslərin nurçu cərəyanı ilə hər hansı bir əlaqəsi olmaya bilər"

Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovun nurçularla bağlı mətbuata açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. O, bildirib ki, Azərbaycanda kim "Nurçuların" izinə düşüb onlarla əlaqədə olanları axtarmaq istəyirsə, ilk növbədə təhsil və hazırlıq kurslarının, tibb ocaqlarının və kütləvi informasiya vasitələrinin fəaliyyətinə xüsusi fikir verməlidir: "Nə mənim, nə mənim həyat yoldaşımın, nə də övladımın adına hər hansı isə bir hazırlıq kursu, təhsil müəssisəsi var".
Bununla da nurçu axtarışı media müstəvisinə keçib. SAM rəhbəri Fərhad Məmmədovun dediklərindən belə çıxır ki, nurçuları KİV-də, təhsil ocaqlarında və tibb müəssisələrində axtarmaq lazımdır.
Siyasi şərhçi Azər Rəşidoğlu böildirdi ki, ümumiyyətlə bu məsələyə mənfi münasibət bəsləyir: "Nurçuluq təhlükəsi barədə deyilənləri də həddən ziyadə şişirdilmiş hesab edirəm. Başqalarını qaralamaq üçün ona nurçu, sələfi damğası vurmağın da əleyhinəyəm. İnanclı insanlara nifrət püskürənlərin əsl niyyətlərini anlamaqda isə çətinlik çəkirəm".
Jurnalist Rövşən Ziya dedi ki, əslində Nurçuluq məsələsinin ortaya atılması, ictimaiyyətin diqqətini Azərbaycandan Suriyaya gedən gənclərin məsələsindən və bunun fonunda Qarabağ münaqişəsinin həlli məsələsi ilə bağlı yaranan problemlərdən yayındırmaqdır: "Doğrudur, artıq neçə illərdir Azərbaycanda nurçuların böyük bir şəbəkəsinin yarandığı və hətta hakimiyyət orqanlarında belə dayaqlarının olduğu bildirilir. Amma düşünmürəm ki, bu gənclər dövlətçiliyimizə xətər gətirən addımlar atsınlar və ya dövlətiliyə təhlükə olan qurum və təşkilatlarla hansısa formada əlaqədə olsunlar. SAM rəhbəri Fərhad Hacıyevin "KİV, təhsil ocaqlarında və tibb müəssisələrində axtarmaq lazımdır" ifadəsinı gəlincə, bunu ondan soruşmaq lazımdır. Əgər Fərhad müəllimin əlində bununla bağlı faktlar varsa, ortaya qoysun və ictimai müzakirəyə çıxartsın".
Hafta.az saytının redaktoru Səbinə Əvəzqızı isə "təbii ki, nurçular cəmiyyətin aparıcı sahələrində olamağa üstünlük verərlər",- deyə vurğuladı: "Əslində bunu hər bir təriqət istəyər. Sadəcə nurçu cərəyanı savada-təhsilə çox önəm verdiyi üçün onları gedib çayxanalarda, internet klublarında axtarmağa dəyməz. Vallah, indiyə kimi ətrafımdakının nurçu olub-olmaması məni o qədər qayğılandırmayıb. Vəhhabilərdən isə çəkinmişəm. Lakin bütün hallarda hesab edirəm ki, insanların təriqətlərə bölünməsi yaxşı hal deyil.
Əgər KİV nümayəndələri arasında nurçular varsa onlar cəmiyyətə birbaşa çıxış imkanı tapacaqlar. Jurnalistin partiya mənsubiyyətinin olmasının zərərli olduğu kimi, hansısa təriqətə mənsub olması da yolverilməzdir.
Hər halda mən belə hesab edirəm".
Bu arada isə "İrəli" İctimai Birliyinin sədri Rauf Mərdiyev "Bakı-Xəbər" qəzetinin baş redaktorunu müavini Samirə Səfərova ilə bağlı iddia ilə çıxış edib. Rauf Mərdiyev Facebook profilində ordakı "İnci Azeri" qrupu ilə bağlı araşdırma apardığını və həmin səhifənin admininin "Bakı-xəbər" qəzetinin baş redaktorunun müavini Samirə Səfərova olduğu qənaətinə gəldiyini bildirib: "İnci Azeri" profili Fascebook-da Azərbaycanda nurçuların kim olduğuna dair məlumatlar paylaşır".
Adıçəkilən qəzetin baş redaktoru Aydın Quliyev isə bu məsələ ilə bağlı bəyanat yayıb. Aydın Quliyev bildirib: "Daxili araşdırmalarımız nəticəsində tam aydınlaşdırmışıq ki, sosial şəbəkələrdə ölkədə nurçuların gizli fəaliyyətilə bağlı məlumatlar paylaşılan səhifənin əməkdaşımız Samirə xanıma və ya hər hansı digər işçimizə heç bir aidiyyəti yoxdur. Bu kimlərinsə hadisələr ətrafında şou düzəltmək cəhdindən başqa bir şey deyil".
Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, mümkündür məlumatlarda və sənədlərdə adları çəkilən şəxslərin nurçu cərəyanı ilə hər hansı bir əlaqəsi olmasın. Nurçuluğun Türkiyədə dövlət içində bir dövlətə çevrildiyini bildirən ekspert, "artıq o qədər şişiblər ki, baş nazir və digər nazirləri dinləyirlər. Düşünürəm ki, eyni prosedur Azərbaycanda da baş verə bilər", - deyə qeyd edib: "Bəziləri deyirlər ki, nurçular Azərbaycanda çox yaxşı işlərlə məşğuldurlar və gənclərə yaxşı təhsil verirlər. Gənclərə yaxşı təhsil vermələri doğru bir fikirdir. Lakin maraqlı olan budur ki, onlar bu təhsili məgər pulsuzmu veriblər? Burada kifayət qədər böyük təhsil haqlarından və məvaciblərdən söhbət gedir. Onların qurduqları təhsil ocaqları əhalinin kasıb və orta təbəqəsi üçün əl çatmaz olub". Elxan Şahinoğlu onu da bildirib ki, hərəkatın işi təkcə təhsil və elm ocaqları açmaqdan ibarət deyil: "Burada onların kifayət qədər başqa şirkətləri, radio və televiziyaları var. Sual oluna bilər ki, həmin qurumaların radio və televiziya nəyinə lazımdır? Əgər yalnız təhsillə məşğul olursa buyursunlar. Amma digər istiqamətlərə də yönəlirlərsə, ondan suallar yaranır ki, onlara aydınlıq gətirilməlidir. Ona görə də düşünürəm ki, hərəkatın Azərbaycanda fəaliyyəti kifayət qədər genişdir və açıqlanan danışıqlarda da görünür ki, bunlar ölkənin ən yüksək səviyyəsinə qədər nüfuz ediblər. Əgər Zakir Həsənovla bağlı yayılan səs yazısı doğrudursa, onda onların nəyinə lazımdır ki, Müdafiə Nazirini təbrik etsinlər. Bu sırf Azərbaycanın daxili işlərinə qarışmaqdır. Zakir Həsənovu əslində Türkiyə rəsmiləri təbrik edə bilərlər". Hal-hazırda nurçuların Azərbaycanda vəziyyətlərinin qənaətbəxş olmadığını söyləyən ekspert, "artıq Türkiyə Ərdoğanla Gülən tərəfdarları arasında olduqca açıq savaş gedir. Buradakı Gülən tərəfdarları isə bu savaşa açıq şəkildə qoşulmaq istəmirlər. Onlar çox gözəl bilirlər ki, Azərbaycan hökumətinin Ərdoğanla çox isti münasibətləri var və onların nəzarətindəki media AKP hökumətini hədəf götürsə hakimiyyətin xoşuna gəlməyəcək", - deyə bildirib: "Lakin Türkiyədə baş verən hadisələr fonunda Azərbaycandakı nurçular da kifayət qədər gərgindir. Çünki düşünürlər ki, bu proseslərin onlara da təsiri olacaq. Amma buna baxmayaraq Azərbaycanda ciddi araşdırmalar aparılmalıdır".
"Xəzər" analitik mərkəzin araşdırmasında isə qeyd olunur ki, Ermənistan KİV-i ilə yanaşı, bu mövzu həmçinin Türkiyə KİV-ni də cənginə alıb və hazırkı anda sübut kimi istifadə edilir - guya "nurçular" Türkiyə ilə yanaşı həmçinin Azərbaycanda da bütün sahələrə sızıblar. İkincisi, Suriyada döyüşən azərbaycanlılarla bağlı həyəcanlı məlumatların ötürülməsinin qarşısı alınıb. Bu da radikal dini qruplaşmalara müəyyən dividentlər gətirib.
Üçüncüsü, "nurçular"la guya əlaqəsi olduğu deyilən şəxslərin siyahısında seçkidən öncə və sonrakı dövrdə Qərbin (ABŞ) hücumlarına qarşı çıxaraq konkret mövqe nümayiş etdirən şəxslərin adları hallanır. Bu halda, məğlubiyyətlərinə görə intiqam almaq motivləri barədə düşünmək olar.
Bəs, Azərbaycanda cəmiyyətin diqqətini və diskussiyasını ictimai-siyasi həyatın aktual mövzularından saxta və uydurulmuş debatlara yönəldən "beşinci kolon" kimindir? Kim göstəriş əsasında onların maraqlarına qarşı çıxış edənləri dərhal ləkələməyə qadir media resurslarına malikdir?
Jurnalist araşdırması zamanı bir sıra maraqlı faktlar üzə çıxdı: "Belə ki, "Yeni Müsavat" qəzetində dərc olunmuş məlumatlar ilk dəfə Fasebook sosial şəbəkəsində "İnci Azeri" adlı səhifədə yayımlanıb. Bu səhifə 2013-cü il avqustun 21-də yaradılıb və araşdırma zamanı cəmi 36 izləyicisi olması aşkarlanıb. Özü də istifadəçilərin əksəriyyəti ayrı-ayrı müxalifət KİV-də işləyən jurnalistlərdir.
Türkiyədə Güləni islam elitası yaratmağa cəhddə ittiham edirlər, onlar ölkənin dövlət və xüsusi xidmət orqanlarına soxularaq Atatürk tərəfindən əsası qoyulmuş bütün kübar ideyaları dağıdaraq Türkiyə hökumətini yenidən qurmağa cəhd göstərir. Eyni zamanda, Gülən hərəkatının ABŞ tərəfindən dəstəklənən bəzi nümayəndələri, həmçinin Ermənistan-Azərbaycan münasibətlərini ailə podratına çevirmiş müxtəlif fondlar və vəqflər Türkiyə-Ermənistan sərhədlərinin qeydsiz-şərtsiz açılmasına çalışır. Bunun kəskin şəkildə əleyhinə çıxanları isə müxalifət mətbuatı bilərəkdən "nurçular" siyahısına daxil edir".

Əli