“Bakı və İrəvan arasında dialoq mərhələsi başlayır” – Azər Allahverənov Siyasət

“Bakı və İrəvan arasında dialoq mərhələsi başlayır” – Azər Allahverənov

"Azərbaycan vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin Ermənistana səfəri regionda yeni dialoq mərhələsinin başlanğıcı kimi qiymətləndirilir".

Bunu Milli Məclisin deputatı Azər Allahverənov Xalqcebhesi.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu görüşlər iki ölkə cəmiyyətləri arasında etimadın qurulması baxımından əhəmiyyətli addımdır: "Vətəndaş cəmiyyətləri səviyyəsində aparılan bu təmaslar gələcəkdə daha geniş əməkdaşlıq formatlarının yaranmasına zəmin yarada bilər.Bu, ilk təmas kimi dəyərləndirilə bilər. Görüş həm hazırlıq mərhələsinə, həm də təşkilati baxımdan mühüm göstəricilərə malikdir. Əsas məqsəd iki ölkə cəmiyyətləri arasında etimadın qurulması və dialoqun davamlı xarakter almasıdır. Tərəflər arasında keçirilən görüşlərdə fikir mübadiləsi aparılıb və bu prosesin davam etdirilməsi zəruri hesab olunur.Bu təmaslar təkcə ictimai müstəvidə deyil, digər sahələrdə də münasibətlərin formalaşması üçün zəruri addım ola bilər. Görünür, görüşlərin intensivləşdirilməsi istiqamətində müəyyən fikir birliyi yaranıb.”

Deputat vurğulayıb ki, hələlik rəsmi səviyyədə qarşılıqlı səfərlərlə bağlı qərar yoxdur, lakin gələcəkdə bu məsələnin gündəmə gəlməsi mümkündür: “Bu format hazırda vətəndaş cəmiyyəti institutları tərəfindən irəli sürülüb. Əgər siyasi qərar verilərsə və ölkənin maraqları tələb edərsə, o zaman rəsmi səfərlərin təşkili də mümkündür. Hazırda belə bir razılaşma yoxdur, amma gələcək mərhələlərdə bu məsələyə baxıla bilər. Bu cür görüşlər iki xalq arasında etimad mühitinin möhkəmlənməsi və münasibətlərin normallaşması üçün mühüm əhəmiyyət daşıyır".

Günel Elxan