ABŞ Konqresində Azərbaycanla bağlı dinləmələr Siyasət

ABŞ Konqresində Azərbaycanla bağlı dinləmələr

Svante Kornell: "Qərbin qüsurlu addımlarına baxmayaraq, Azərbaycanın xarici siyasəti həmişə ardıcıl olub"
Vaşinqtonda Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa, Asiya və yeni təhdidlər üzrə altkomitəsində "Azərbaycan: ABŞ-ın energetika, təhlükəsizlik və insan hüquqları məsələlərinə dair maraqları" mövzusunda dinləmələr olub.
Konqresmen Dana Rorabaxerin sədrliyi, Komitənin üzvləri, konqresmenlər Qreqori Miks, Mo Bruks, Teodor Doyç və Uilyam Kitinqin iştirakı ilə keçirilmiş dinləmələrdə 1994-1997-ci illərdə ABŞ-ın Azərbaycanda səfiri olmuş Riçard Kozlariç, region üzrə ekspertlər – Con Hopkins Universitetinin Perspektivli Beynəlxalq Araşdırmalar Məktəbi nəzdində Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru Svante Kornell və Vudro Vilson adına Beynəlxalq Elmi Mərkəzin elmi işçisi Odri Altştadt məruzələr və tövsiyələrlə çıxış ediblər.
R.Kozlariç Amerika-Azərbaycan münasibətlərinə öz nöqteyi-nəzərini bildirərək qeyd edib ki, o, son iyirmi ildə ABŞ-ın Azərbaycana münasibətdə siyasətini uğursuz hesab edən çoxsaylı ekspertlərin fikri ilə razılaşmır. Keçmiş səfir vurğulayıb ki, Birləşmiş Ştatlar Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanması məsələsində, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində dinc yolla tənzimlənməsi prosesində Azərbaycan rəhbərliyini həmişə dəstəkləyib. Vaşinqton, həmçinin bu ölkənin enerji sektoruna sərmayələr qoyulmasını, ABŞ-ın kommersiya maraqlarını dəstəkləyib, Azərbaycanın enerji resurslarının dünya bazarlarına daşınmasına, Azərbaycan ilə ATƏT və NATO arasında əməkdaşlığa və sıx əlaqələr qurulmasına, Avropa İttifaqı ilə iqtisadi münasibətlərin möhkəmlənməsinə kömək edib.
R.Kozlariç qeyd edib ki, 1992-ci ildə ABŞ Konqresi tərəfindən "Azadlığı dəstəkləmə aktı"na qəbul edilmiş ədalətsiz, Azərbaycana maliyyə yardımına mane olan 907-ci düzəlişə baxmayaraq, bu illər ərzində Amerika ilə Azərbaycan arasında pozitiv münasibətlər yaranıb. O deyib ki, Azərbaycan bu qanunu, xüsusən "Azadlığın dəstəklənməsi aktı" qüvvəyə minən vaxtdan ABŞ-dan maliyyə yardımı alan Ermənistanla müqayisədə, ABŞ hökumətinin Azərbaycana münasibətdə qeyri-adekvat addımı hesab edib. Konqres yaxın vaxtlara qədər Xankəndidəki separatist rejimə də pul ayırırdı.
Keçmiş diplomat Bakının narazılığına səbəb olan faktlar arasında Ukrayna və Balkan münaqişələrinin həlli məsələsində ABŞ rəhbərliyinin ərazi bütövlüyü prinsipinə əsaslanan fəal mövqeyini, Ermənistan-Azərbaycan münaqişəsi məsələsində isə ABŞ-ın qeyri-ardıcıl mövqe tutmasını da qeyd edib. Daha sonra R.Kozlariç Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət barəsində öz mövqeyini bildirib.
Sonra çıxış edən elmlər doktoru Odri Altşadt altkomitə üzvlərinə Azərbaycanın geostrateji əhəmiyyəti və onun coğrafi mövqeyinin mürəkkəbliyi, Qərb ölkələri və İsrail ilə yaxın əlaqələr nəzərə alınmaqla qonşu ölkələrlə münasibətləri, ölkədə dünyəvi idarəetmə forması barədə məlumat verib. Ekspert bildirib ki, Azərbaycanın coğrafi mövqeyi, onun enerji resursları, bu resursların Qərbə daxil olması nəzərə alınmaqla Azərbaycan ABŞ və Avropa üçün siyasi, energetika və kommersiya əlaqələri, narkotik maddələrin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığa, dini ekstremizmə qarşı birgə mübarizə sahəsində mühüm ölkədir.
Məruzəçi Azərbaycanın daxili siyasəti və Amerika-Azərbaycan münasibətləri barəsində də öz mövqeyini bildirib. O.Altştadt qeyd edib ki, azərbaycanlılar, xüsusən ABŞ-ın regiondakı digər ölkələrə münasibətdə mövqeyi ilə müqayisədə, Birləşmiş Ştatların Azərbaycana münasibətini həssaslıqla qarşılayır və müvafiq surətdə ABŞ-dan daha artıq diqqət gözləyirlər. Məruzəçi ABŞ hökumətinə bu gözləntiləri doğrultmağı tövsiyə edib.
Sonra çıxış edən elmlər doktoru Svante Kornell Amerika-Azərbaycan münasibətlərini altkomitənin üzvləri üçün ətraflı təhlil edib. S.Kornell deyib ki, Vaşinqtonun bir sıra müttəfiqləri ilə Birləşmiş Ştatların münasibətlərinin pisləşdiyi, İsraildən başlamış Cənubi Koreyaya qədər bu müttəfiqlər ABŞ-ın xarici siyasətinə ehtiyatla yanaşdıqları kimi, ABŞ ilə Azərbaycan arasında münasibətlərin indiki vəziyyəti də ABŞ-ın regionda nüfuzunu azalda bilər. S.Kornell deyib ki, ABŞ ilə Azərbaycanın qarşılıqlı maraqları arasında Ermənistan-Azərbaycan münaqişəsi xüsusi qeyd edilməlidir. Bu münaqişə beynəlxalq hüquq çərçivəsində, uzun müddətə və dinc yolla həll edilməli, kənar qüvvələr tərəfindən manipulyasiya səviyyəsi azaldılmalıdır.
Ekspert Amerika-Azərbaycan münasibətlərində sərinləşmə məsələsinə toxunaraq qeyd edib ki, adətən bu münasibətlərin pisləşməsində Azərbaycanı günahlandırırlar. Əslində isə məsələ ondadır ki, ABŞ Azərbaycan kimi geostrateji əhəmiyyətli ölkə ilə münasibətlərin pisləşməsinə imkan verib. S.Kornell deyib ki, ABŞ ilə Azərbaycan arasında münasibətlər həmişə əməkdaşlığın üç prinsipinə əsaslanıb: insan hüquqları və demokratiya məsələlərinə dair konstruktiv dialoq, Azərbaycanın öz resurslarını sərbəst ixrac etməsinə imkan verən Şərq-Qərb enerji dəhlizi yaradılmasının dəstəklənməsi və nəhayət, təhlükəsizlik məsələlərində əməkdaşlıq, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi, müdafiə, təhlükəsizlik, kəşfiyyat informasiyasının mübadiləsi və terrorizmə qarşı mübarizə sahəsində ikitərəfli əməkdaşlıq üzrə ABŞ-ın səyləri.
S.Kornell qeyd edib ki, əməkdaşlığın bu üç şaxəsi Amerika-Azərbaycan münasibətlərinin əsasını təşkil edən "üçayaqlı ştativ"dir. Lakin son on ildə bu "ştativ" laxlayıb. Ekspertin sözlərinə görə, birinci boru kəmərinin tikintisi başa çatandan sonra ABŞ Azərbaycanda enerji sektorunun inkişafında öz rolunu azaldıb, Avrasiyada energetika məsələləri üzrə ABŞ-ın xüsusi nümayəndəsi vəzifəsi ləğv edilib və Xəzər qazının Avropaya nəql edilməsində Amerikanın rolu minimum olub. 11 sentyabr terror hücumlarından sonra təhlükəsizlik sahəsində əməkdaşlıq genişlənib, lakin 2003-cü ildə ABŞ öz diqqətini İraqa yönəldəndən sonra bu əməkdaşlıq zəifləməyə başlayıb. Ekspert qeyd edib ki, bundan əlavə ABŞ Ermənistan-Azərbaycan münaqişəsinə lazımınca diqqət yetirməyib. Bunun əvəzinə, Vaşinqton Türkiyə-Ermənistan münasibətlərinin normallaşması və 1993-cü ildə Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edilməsi səbəbindən bağlanmış Ermənistan-Türkiyə sərhədinin açılması layihəsinə qoşulub. O vaxtdan Ermənistan-Türkiyə sərhədinin açılması məsələsi Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi ilə bağlı olub. Lakin S.Kornellin qeyd etdiyi kimi, indi ABŞ bu iki məsələ arasında əlaqəni aradan qaldırmağa çalışır, bu da öz növbəsində Azərbaycanın mənafelərinə ciddi ziyan vurur. Bakıda bu təşəbbüs Azərbaycanın milli təhlükəsizliyi kimi mühüm məsələyə münasibətdə ABŞ-ın biganəliyi kimi qəbul edilib. Ekspert qeyd edib ki, ABŞ-ın Azərbaycana münasibətdə siyasətində problem Amerikanın regionda maraqlarını müəyyən edən konkret strategiyanın olmaması və maraqların müxtəlifliyinin nəzərə alınmaması ilə bağlıdır.
S.Kornell vurğulayıb ki, regionda vəziyyətə və Qərbin qüsurlu addımlarına baxmayaraq, Azərbaycanın xarici siyasəti həmişə ardıcıl olub. O, qeyd edib ki, tənqidçilər Azərbaycanı xüsusi vurğulayırlar, halbuki regionda insan hüquqlarının daha kəskin pozulduğu başqa ölkələrə münasibətdə bu cür tənqid müşahidə olunmur. Bu, qeyri-konstruktivliyə dəlalət edir. S.Kornell sonda qeyd edib ki, üstəlik, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisindən və ətraf rayonlardan olan məcburi köçkünlər probleminə Qərbin biganə münasibəti Azərbaycanı məyus edir, bu münasibət Qərbin ikili standartları kimi qəbul edilir.

Dinləmələrin sonunda altkomitənin böyük üzvü, konqresmen Qreqori Miks çıxış edib. O bildirib ki, Azərbaycan mürəkkəb regionda yerləşir və ABŞ Azərbaycan kimi dostları və müttəfiqləri ilə əməkdaşlıq etməyi, onları dəstəkləməyi bacarmalıdır.

Altkomitənin sədri Dana Rorabaxer qeyd edib ki, Azərbaycan regionda və bütün dünyada sabitlik üçün vacib ölkədir.

Ohayo ştatından olan konqresmen Maykl Törner də Amerika-Azərbaycan münasibətlərini dəstəkləyən məktub təqdim edib. Öz müraciətində Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsi və planlaşdırılan Cənub Qaz Dəhlizi layihəsi barədə ətraflı məlumat verən M.Törner geosiyasi və enerji təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan resurslarının əhəmiyyətini vurğulayaraq bildirib ki, iqtisadi təhlükəsizliyə zəmanət verilməsi, müstəqilliyin qorunması və enerji resurslarından siyasi təzyiq vasitəsi kimi istifadə edilməsinin qarşısının alınması üçün enerji nəqlinin şaxələndirilməsi vacibdir. O, ABŞ hökumətini Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və regional sabitliyə dəstək üçün Azərbaycanla əməkdaşlığı davam etdirməyə çağırıb.