“Ermənistanın anladığı dildə danışmaq daha düzgündür” Siyasət

“Ermənistanın anladığı dildə danışmaq daha düzgündür”

Elman Nəsirov: "Çünki işğalçı ölkə hümanizm prinsiplərini qəbul etmir"

Sahib Alıyev: "Dalana dirənən ermənilər gec-tez onları buraxacaqlar"

Ermənistanda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland deyib ki, Ermənistan tərəfi girovları Azərbaycan tərəfinə qaytarmalıdır: "Girovların saxlanılması dəhşətli cinayətdir". O bildirib ki, ABŞ Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində son vaxtlar yaranmış gərginliyə görə narahatdır. "Biz istəyirik ki, cəbhə xəttində sakitlik hökm sürsün və sülh danışıqları davam etdirilsin. Bu barədə ATƏT-in Minsk qrupunun həmsədrləri də açıqlama veriblər. Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla da heç kimə xeyir verməyən gərginliyin azaldılması barədə müzakirələr aparmışam", - deyə Nuland bildirib.
Ermənistan xarici işlər naziri Edvard Nalbandyan da İrəvanda ABŞ dövlət katibinin mavini Viktoriya Nulandla görüşüb. Görüşdə Qarabağ münaqişəsi ilə bağlı ortaq görüş səsləndirilib. Nalbandyan Viktoriya Nulandla bu fikirdə həmrəy olublar ki, münaqişə beynəlxalq hüquq əsasında dinc yolla, qüvvə tətbiqi olmadan həll edilməlidir. Həmçinin danışıqlarda ərazi bütövlüyü və xalqların öz müqəddaratını təyin etmək hüququ əsas götürülməlidir.
Bununla da Edvard Nalbandayan istər-istəməz Azərbaycanın mövqeyini dəstəkləməli olub.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli Azərbaycan tərəfindən əsirlikdə saxlanılan erməni əsgəri Baqdasaryan Arsen Eduardoviçlə Ermənistan tərəfindən girovluqda saxlanılan Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin dəyişdirilməsi məsələsinə münasibət bildirərkən deyib: "Hesab edirəm ki, ancaq Ermənistanın anladığı dildə danışmaq daha düzgündür. Çünki işğalçı ölkə hümanizm prinsiplərini qəbul etmir". Politoloqun sözlərinə görə, Ermənistan dövləti və onu idarə edən şəxslər üçün bu prinsiplər yaddır: "Onlar öz davranışında kriminal elementlər kimi çıxış edirlər. Çünki Ermənistanı idarə edən birinci şəxsin özü kriminal mühitdən gəlib və terrorçu, narkobaron kimi məşhurdur. Belə olan təqdirdə hesab edirəm ki, işğalçı ölkə ilə danışıqlar prosesində bütün demokratik, hümanist prinsiplər işləmir. Bu mənada düşünürəm ki, Azərbaycan tərəfindən saxlanılan erməni əsgərindən bu baxımdan istifadə etmək olar. Yəni Azərbaycanlı girovların geri qaytarılması ilə erməni əsgərinin geri qaytarılmasını prinsip etibarilə reallaşdırmaq olar. Eyni zamanda ,ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland Ermənistana səfəri zamanı da bu məsələni qaldıracağını və girovlarımızın geri qaytarılması istiqamətində çalışacağını bildirib. Hesab edirəm ki, bu amili və Azərbaycanlı, erməni əsirlərin olması reallığını nəzərə alsaq erməni əsirlə girovlarımızı dəyişmək mümkündür. Düşünürəm ki, bu məqam xüsusi əhəmiyyət kəsb edir. Əks halda Ermənistan tərəfi öz mövqeyindən geri çəkiləsi deyil".
Millət vəkili Sahib Alıyev, özünün Facebook səhifəsində yazıb ki, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın Dilqəm Əsgərovla Şahbaz Quliyevin erməni girovluğunda saxlanmalarını dəhşətli cinayət adlandırması və özü də bu fikri Ermənistanda səsləndirməsi son dərəcə önəmli məsələdir.
Onun sözlərinə görə, məsələnin önəmliliyi təkcə belə çağırışlardan sonra ermənilərin soydaşalrımızı azadlığa buraxmaqdan başqa ayrı yollarının qalmamasıyla bağlı deyil: "Təbii ki, əgər daha bir həmsədr ölkənin yüksək çinli təmsilçisi hərbi xuntanı girovluqdakı soydaşlarımızı azad etməyə çağırırsa, özü də onların Xankəndində saxlanmalarını dəhşətli cinayət adlandıraraq çağırısa, dalana dirənən ermənilər gec-tez onları buraxacaqlar. Amma burada daha 2 önəmli məsələ var. Birincisi budur ki, öz açıqlamasıyla Viktoriya Nuland nə qonrdarma rejimi, nə də onun uydurma məhkəməsini tanıdıqlarını ortaya qoydu. İkincisi, onun azərbaycanlıları öz torpaqlarında girov götürülmələrini dəhşətli cinayət adlandırması əslində dolayısyla da olsa, Sərkisyan rejiminə verilən qiymətdir. Bu o deməkdir ki, amerikalılar Ermənistanda cinayətkar bir rejimin olduğunun yaxşı fərqindədirlər. Sadəcə, Vaşinqtondakı bəlli çevrələr hələlik ermənilərə Nikaraquanın keçmiş diktatoru Somosaya bir zamanlar yanaşdıqları kimi yanaşırlar".

Əli