Hüquqi dövlət və vətəndaş cəmiyyətinin qarşılıqlı münasibəti Layihə

Hüquqi dövlət və vətəndaş cəmiyyətinin qarşılıqlı münasibəti

Rəhilə Bədəlova: "Vətəndaş cəmiyyəti problemi fundamental elmi problemlər sırasında özünəməxsus yer tutur"

Hüquqi dövlət özünün formalaşması və qərarlaşması prosesində nəinki fərdi azadlığın və hüququn qanunvericiliklə təmin olumasını işləyib hazırlayıb və möhkəmlənib, həm də vətəndaş cəmiyyətini normal mövcudluğu və fəaliyyəti, onun başlıca təsisatları, prinsipləri və də yərləri üçün təminat yaratmışdır. Hüquqi dövlət vətəndaş cəmiyyəti ilə bir sıra ümumi və birləşdirici hüquqi əsasa malikdir. Bu da mahiyyət etibarilə ümumbəşəri xarakter daşıyır.
Bakı Dövlət Universitetinin "Politologiya və sosiologiya" kafedrasının dosenti Rəhilə Bədəlovanın fikrincə, vətəndaş cəmiyyəti problemi fundamental elmi problemlər sırasında özünəməxsus yer tutur və əsrlər boyu bəşəriyyətin ən dahi insanlarının diqqət mərkəzində olmuşdur. Bu problem dövlətin yaranması və cəmiyyətdə insan fəaliyyətinin dövlət və qeyri-dövlət sahəsində bölünməsi ilə meydana gəlib. Məhz o zamanda hakimiyyətlə cəmiyyətin münasibətləri ən ümdə məsələlərdən birinə çevirilib. Dəfələrlə çoxsaylı münaqişələrə, siyasi çevrilişlərə və inqilablara səbəb olub. Müasir dövrümüzdə də sözü gedən problem dünyanın bir sıra ölkələrində cərəyan edən qlobal ictimai dəyişikliklərin təməlini təşkil edir və dünya birliyinin inkişaf perspektivliyini müəyyənləşdirir. Ümumiyyətlə, vətəndaş cəmiyyəti antik ictimaətşünaslıq terminidir. Qədim Roma (Siseron) və hətta qədim Yunan (Platon) müəllifləri onun "şəhər-dövlətlərin vətəndaş birliyi" mənasında işlədiblər. Maarifçilik dövrünün və yeni dövrün müəlliflərinın (Peyndən Hegelə qədər) əsərlərində bu termin başqa bir məna əxz etmişdir. Dövlət strukturlarının paralel şəkildə ayrı-ayrı maraqlar üzrə yaradılan vətəndaş birlikləri şəbəkəsi yeni düşüncə, yeni iqtisadi gerçəklik – şəxsi mükiyyətin, bazarın və burjuaziyanın yüksəlişini əks etdirirdi. Ümumiyyətlə, "vətəndaş cəmiyyəti" anlayışı XVII əsrdə Q.Qrosinin, T.Hobbsun, C.Lokkun əsərlərində təklif edilmişdir. Amma bu anlayışın sələfləri daha öncə də mövcud olublar. XVIII əsrdə isə J.J Russonun, Ş.L Monteskyönün, V. Fon Qumboltun yaradıcılığında inkişaf etdirilib. Onlar artıq vətəndaş cəmiyyətinı mövcud dövlət idarəçiliyinin real formaları ilə eyniləşdirmirdilər. Nümunə üçün keçmiş alimlərin vətəndaş cəmiyyəti haqqında irəli sürdükləri bəzi fikirlərə nəzər yetirək. N. Makiavelli: "Siyasi orqanizmin mahiyyəti itaətlə (dövlətə) azadlığın (assosiyasiyada, cəmiyyətdə) tənzimlənməsindən ibarətdir. Xalq suverenliyi dövlətlə müqayisədə daha üstündür. Yeni dövrdə vətəndaş cəmiyyəti problemi XIX əsrin Qərb fəlsəfəsi ədəbiyyatında Kant və Hegel tərəfindən irəli sürülüb. Belə ki, onlar bu problemin ailə və dövlətlə əlaqələr konteksində araşdırılmasını zəruri hesab etmişlər. Qərb politologiyasında XX əsrin ortalarında aktuallaşmış fəlsəfə, sosiologiya və politologiyada siyasi mədəniyyət problemi R. Makridisin "İdarəçiliyin siyasi müqayisəli tədqiqi" (1955) və S.Verbin "Vətəndaş cəmiyyətinin araşdırılması üzrə analitik tədqiqat" (1980) kimi elmi işlərlə bağlıdır. Həmin elmi işlərdə müəlliflər bütün cəmiyətlərdə bəzi ümumi funksiyaların mövcudluğu faktına əsaslanırlar. Q.Almond iddia edir ki, hətta ən primitiv , mürəkkəb cəmiyyətlərdə olan ictimai və siyasi strukturların bütün formaları məxsusdur və bu səbəbdən də onları bir-birilə müqayisə etmək olar. Vətəndaş cəmiyyətində bir-birinə zidd olan xüsusi mənafelər təmərküzləşir. Vətəndaşların ümumi iradəsini ifadə edən hüquqi dövlət real həyati prosesdə bu mənafeləri barışdırmalı və uyğunlaşdırmalıdır. Dövlət qurluşunun əsasını təşkil edən demokratik prinsiplər əhəmiyyətli dərəcədə dövlətin müstəqilliyini, onun təsisatlarının fəaliyyətini bu və ya digər iqtisadi və sosial sinfi mənafelərdən asıllı olmamasını təmin edir. Bu qeyri-asıllıq vətəndaş cəmiyyətinin mövcudluğu və onunla hüquqi dövlət arasında uyğunluğun təzahürü ilə şərtlənir.
F.Hegel: "Vətəndaş cəmiyyəti və dövlət müstəqil, lakin əlaqəli institutlardır. Vətəndaş cəmiyyəti ailə ilə birlikdə dövlətin bazisini təşkil edir. Dövlətdə vətəndaşların ümumi iradəsi cəmlənib. Vətəndaş cəmiyyəti isə ayrı-ayrı fərdlərin xüsusi maraqları sahəsidir". Vətəndaş cəmiyyəti insana vətəndaş hüquqlarını reallaşdırmaq imkanı yaradan cəmiyyət üzvlərinin müxtəlif maraqlarını, ehtiyaclarını və dəyərlərini ifadə edən qeyri-dövlət, ictimai əlaqələr və institutlar sistemidir. Vətəndaş cəmiyyəti dövlətdən təcrid edilmiş və istənilən formada onunla müxalif olan hansısa sosial məkan deyil. Əksinə, vətəndaş cəmiyyəti və dövlət bir-birilə sıx əlaqədədir. Çünki dövlət ictimai həyatda idarəetmə və vasitəçi funksiyaları həyata keçirərkən, vətəndaş dəyərləri və institutları ilə əlaqədə olmağa məhkumdur.
Hüquqi dövlətlə vətəndaş cəmiyyəti münasibətlərinə nəzər salan antik mütəfəkkirlərdən biri də Platon olmuşdur. O vətəndaş cəmiyyətini ayrıca müstəqil substansiya kimi "qeyd" edirdi. Onun insanlara anadangəlmə xas təbii sosial ehtiyaclar haqda başlıca nəcib keyfiyyətlər - müdriklik, kişilik, işıqlı emosional vəziyyət barədə, ideal insan cəmiyyəti ilə bağlı mühakimələri dövlət hakimiyyətini ardıcıl olmasa da, kəskin tənqid etməsi belə bir nəticəyə gəlməyə imkan verir ki, cəmiyyətin mütəşəkkil dövlət şəbəkəsindən başqa özgə həyati fəaliyyəti formaları da mövcuddur. "Vətəndaş cəmiyyəti" anlayışı öz kökü etibarilə həm də Aristotelin polis ideyasına (Koinoca politike), Siseronun "societas civilis" və təbii hüquq ideyalarına gedib çıxır. Politike üzvü olmaq vətəndaş-dövlətin üzvü, yəni bununla da onun qanunlarına uyğun şəkildə və başqa vətəndaşlara ziyan vurmadan yaşamağa və fəaliyyət göstərməyə borclu olmaq demək idi.
Aristotelə görə isə insan ictimai-siyasi varlıq, dövlət isə siyasi vətəndaşlar cəmiyyətinin təbii məhsuludur. Bununla belə o, vətəndaşların həyatını cəmiyyətin istehsal qüvvələri və münasibətlərinin müəyyən inkişaf səviyyəsinə qədər dövlət müdaxiləsi tələb olunmayan digər həyati sferalarında da iqtisadi, nigah-ailə, mənəvi, əxlaqi, elmi, dini sahələrində təhlil etmişdir. Buna görə də Aristotelin əsərlərində dövlət və vətəndaş cəmiyyətinin müəyyən mənada bir-birindən ayrıldığını qeyd etmək doğru olardı. Tomas Hobbs isə vətəndaş cəmiyyəti anlayışını artıq birbaşa öz mənasında istifadə edirdi. Hərçənd o da bu məsələdə ardıcıl deyildi. Bəzi hallarda vətəndaş cəmiyyətini dövlətlə eyniləşdirir, bəzi hallarda isə onları bir-birindən ayırırdı. O, bir tərəfdən deyirdi ki, "dövlətin vətəndaş qanunları və hüquqa bağlılığı yoxdur. O, sanki vətəndaş cəmiyyətindən ayrı bir şeydir..." Hobbs "Vətəndaş haqqında" əsərində yazırdı: "Dövlətdən kənarda ehtiraslar, müharibə, qorxu, səfalət, əclaflıq, yalqızlıq, barbarlıq, vəhşilik, cəhalət hökmranlıq edir".
Hobbsun br sıra dövlət idarələrinin möhkəm olmaması və bəzi təlimlərin yanlışlığı barədə qeydləri də onun "dövlət" və "vətəndaş cəmiyyəti" anlayışlarını bir-birindən ayırdığına dəlalət edir. Sonralar vətəndaş cəmiyyətinə, onun azadlıq, hüquq, borc, əxlaq, mülkiyyət problemlərinə dair konsepsiyaları ən görkəmli mütəfəkkirlərdən C.Lokk, J.J. Russo, İ.Kant və başqaları işləyib hazırlamışdır. Con Lokk (1632-1704) "vətəndaş cəmiyyəti" anlayışından aktiv istifadə edərək müəyyən mənada dövlətə münasibətdə vətəndaş cəmiyyəti primatını elan edir. O, mülkiyyəti cəmiyyətin, o cümlədən vətəndaş cəmiyyətinin əsası sayır. Lokk siyasi hakimiyyəti mülkiyyəti nizamlamaq və qorumaq üçün insanların qanun yaratmaq hüquqi kimi şərh edir. Vətəndaşların bir dövlətdə birləşməsinin məqsədi mülkiyyəti qoruyub saxlamaqdır. Buna görə də dövlət heç də cəmiyyətin əbədi atributu deyil və vətəndaş cəmiyyətinin müəyyən mərhələsində, cəmiyyət üzvlərinin buna ehtiyacı yarananda meydana çıxır.
Onun belə bir fikri bu gün də aktualdır ki, vətəndaş cəmiyyəti daxilində heç bir insan həmin cəmiyyətin qanunlarından istisna edilə bilməz. Bunu Lokk 300 il bundan əvvəl "Dövlət idarəçiliyi haqqında iki traktat" adlı əsərində bildirib. Vətəndaş cəmiyyəti haqqında təsəvvürü Emmanuel Kant daha da dərinləşdirib. Onun vətəndaş cəmiyyətinin mahiyyəti ilə bağlı şərhi daha dialektikdir. İnsan naturasının qılıqsız, təşəxxüs, birləşmə istəyi və eyni zamanda, razılığa gəlmə cəhdi kimi ziddiyyətli keyfiyyətlərini nəzərdən keçirərkən Kant bu nəticəyə gəlir ki, hər bir insanın azadlığının digərlərinin azadlığı ilə uyğunlaşdırılmasının başlıca yolu vətəndaş cəmiyyətinin formalaşdırılmasıdır. Kanta görə vətəndaş cəmiyyəti aşağıdakı aprior prinsiplərə əsaslanır: cəmiyyət üzvünün bir insan kimi azadlığı; bir təbəə kimi onun digərləri ilə bərabərliyi; cəmiyyət üzvünün bir vətəndaş kimi müstəqilliyi.

Vətəndaş cəmiyyəti özündə müxtəlif sosial və siyasi subyektlərin maraqlarını cəmləşdirir. Bu isə tez-tez münaqişələrə və onlar arasındakı qarşıdurmalara gətirib çıxarır. Belə vəziyyətləri aradan qaldırmaq, müəyyən mənada sosial harmoniyanı yaratmaq vəzifəsi isə yalnız vətəndaşların borcu deyil. Burada əsas yük ali arbitr rolunda çıxış edən dövlətin çiyinlərindədir. Hüquqi dövlət olmadan vətəndaş cəmiyyəti normal fəaliyyət göstərə bilməz.
Digər tərəfdən isə tərəqqi edən vətəndaş cəmiyyəti olmadan dövlət heç vaxt demokratik ola bilməz, belə dövlət quruluşu avtoritar rejimlərin birinə çevrilməyə məhkumdur. Güclü vətəndaş cəmiyyəti demokratiyanın təminatıdır. Bu mənada bir faktorun üzərində durmaq daha məqsədəuyğundur. Çünki yuxarıdakı fikir əks təsirə də malikdir. Həqiqətən də vətəndaş cəmiyyətinin fəal inkişafı dövləti intizamlı olmağa sövq edə, müxtəlif əhali qruplarının maraqlarını genişləndirə, onların siyasi həyatda fəal iştirakını təmin edə bilər.

Cavid