İnternet jurnalistikasında məsuliyyət problemi Layihə

İnternet jurnalistikasında məsuliyyət problemi

Onlayn yazarlarla onlayn oxucular arasında nə redaktor, nə də nəşriyyat dayanmadığından problemlər də özünəməxsusdur

Azərbaycanda internetin inkişafı özü ilə bərabər yeni bir seqmenti - "internet jurnalistikası" anlayışını gündəmə gətirdi. İnternet əsrində fəaliyyət göstərən müasir jurnalistin işi indi təkcə mətn yazmaqla bitmir. İnternet dövrünün jurnalisti sosial şəbəkələr vasitəsilə auditoriya ilə işləməyi də bacarır. Bir növ "rəy moderatoru" kimi çıxış edir. İnternet jurnalisitkası 20-ci əsrin sonlarında internetin inkişafı sayəsində təşəkkül tapan jurnalistikanın yeni sahəsidir. Məhz internet xüsusi texniki avadanlıq olmadan geniş auditoriya üçün informasiya verilişini təşkil etməyə imkan yaratdı. Bununla da demək olar ki, istənilən şəxs KİV yaratmaq imkanını əldə etdi.
Bildirək ki, bu sahədə mühüm olan jurnalist fəaliyyətinin internetdə hüquqi aspektidir. Faktiki olaraq jurnalist yazdığı informasiyaya görə cavabdehlik daşıyır. Amma praktikada bu həmişə belə olmur. Jurnalistikanın fərdiləşməsi geniş populyarlıq qazanmaqdadır. Bu, jurnalistikada yeni təzahürdür. İstənilən şəxs heç bir məhdudiyyət olmadan informasiya istehsalçısı və yayımçısı kimi çıxış edir. Şəbəkə KİV-i üçün yazmaq çap mediası üçün yazmaqdan fərqlənir. Bu daha çox yazarların hiss-həyəcanını ifadə etmək baxımından seçilir. İnternet jurnalisti daim şəbəkədə olmaqla öz oxucusunun "nəfəsini" və onunla kəsilməyən əlaqəni duyur. Onlayn jurnalistlə onlayn oxucu arasında nə redaktor, nə nəşriyyat, nə də mətbəə dayanır.
Bəzi insanlar düşünür ki, əgər bir adamla üz-üzə deyilsənsə, ona nə istəsən və necə istəsən deyə bilərsən. Bu məsələlərlə məşğul olan, yaxud daim İnternetdə qaydaları tənzimləyən qaydalar toplusuna "netiket" deyilir. Amma internet istifadəçilərinin çoxunun netiketdən xəbəri yoxdur.
"Netiket" iki sözün: "net" və "etiket" sözlərinin birləşməsindən yaranıb. "Net" anlaşıldığı kimi "şəbəkə" anlamı verir, "etiket" isə ümumiləşdirilmiş şəkildə davranış qaydaları toplusudur. Belə olduğu halda "netiket" şəbəkədə davranış qaydaları toplusu kimi anlaşılır. Elə "netiket"in rəsmi izahı da bu cürdür: "Netiket Usenet, xəbər göndərişləri, bloglar, forumlar və s. şəbəkələr üzərində ünsiyyət mədəniyyətini tənzimləyən ictimai razılaşma toplusudur".
Elə problem yaradan da deyəsən bu ictimai razılaşma məsələsidir. Əgər insanlar ictimai davranış qaydalarından xəbərdar deyilsə, ictimai məsuliyyətin nə olduğunu bilmirsə, düşünürlər ki, əgər üz-üzə deyilsənsə xəttin o başındakına nə istəsən deyə bilərsən.
Qanunvericiliyə əsasən sosial şəbəkələrdə yayılan məlumata görə, cinayət işinin açılmasına hüquqi cəhətdən qiymət verən hüquqşünas Ələsgər Məmmədli bildirir ki, KİV haqqında qanunun 3-cü maddəsinə görə, internet də KİV sayılır: "Buna görə internetdə yayılan şəxsin şərəf və ləyaqətini təhqir edən, şəxsi həyatına toxunan məlumatlar da hüquqi məsuliyyət yaradır. Sözügedən qanunda bu məsələ KİV-dən sui-istifadəyə görə yaranan məsuliyyətlə eynidir. Əgər məlumatda qəsdən olmayan təhqir elementi varsa, Mülki Məcəllənin 23-cü maddəsinə görə, həmin şəxsə qarşı kompensasiya tələb edilə bilər. Əgər təhqir qəsdən törədilibsə, o zaman cinayət Məcəlləsinin 148, böhtan varsa, CM-nin 147-ci maddəsi ilə cinayət işi açıla bilər". Bu məsələdə ən qaranlıq məqama toxunan hüquqşünas məlumat verir ki, başqa bir ölkədə yaşayıb Azərbaycandakı şəxsi təhqir edirsənsə və sənin yaşadığın ölkənin qanunlarında bu söz azadlığıdırsa, onda sənə qarşı cinayət işi qaldırıla bilməz.
Məsələ ilə əlaqədar APA İnformasiya Agentliyinin rəhbəri Vüsalə Mahirqızı mediaya müsahibəsində sözügedən qanunun işlək mexanizmə çevriləcəyinə inanmadığını bildirir: "İndiki məqamda inana bilmirəm ki, bu qanun bizdə işlək mexanizmə çevriləcək. Çünki burada başqa məsələlər də var. Saxta profillər, Azərbaycandan kənar domenlərdə yaradılacaq saytlar olacaq. İstənilən bir dövlət qurumunun, istənilən dövlət məmurunun adı ilə müəyyən "kom", "net" və ya digər bir domendən bir sayt yaradıla bilər ki, burada təhqir də yaza bilərlər, şantaj da edə bilərlər. Bu gün elə təhqir xarakterli yazı yazanların əksəriyyəti ölkə xaricində bu işi həyata keçirirlər". Vüsalə xanım virtual aləmdə yazılanlara görə kiminsə məsuliyyət daşıyacağını prosedur olaraq bir az mümkünsüz görür: "Amma, mən də bu məsələnin qanuni çərçivəyə salınmasının tərəfdarıyam. Ümumiyyətlə, hazırda bütün dünya bu problemin həllini axtarır".
Mövzuya texniki aspektdən aydınlıq gətirən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, internetdə aparılan real zaman çərçivəsində gerçəkləşdirilən bu virtual aləmə hər hansı məhdudiyyət qoymaq imkanı olmadığından forumda iştirak edən adam daha çox məsuliyyət daşıyır, nəinki forum sahibi. Osman Gündüzün fikrincə, konkret bir internet saytında yox, forumlarda qanunvericiliyin tələblərinin pozulması halları daha tez-tez olur: "Çünki forumlara nəzarət etmək çətindir, orada hadisələr, fikirlər daha çevik şəkildə cərəyan edir, korrektə olunmamış söylənilir". Forumda fikirləri kimin dediyinin sübuta yetirilməsi məsələsinə gəlincə mütəxəssis bildirir ki, bunu forumun arxasında dayanan moderatorun, sayt sahibinin dəqiqləşdirmək imkanı var: "Məktublaşmalara, yazışmalara müdaxilə qanunvericiliklə tənzimlənir. Məhkəmə çəkişməsi zamanı provayderə bu və ya digər suallarla müraciət etmək olar. Qanuna əsasən o məhkəmənin suallarına cavab verməlidir".
Təhqir internetdə tez-tez rastlanan vəziyyətlərdən biridir. Maraqlı burasıdır ki, internetdə, sosial şəbəkələrdə başqasını təhqir edən, söyüş söyən insanları qanunla heç bir cəza gözləmir. Hüquqşünas Elçin Namazovun fikrincə, Azərbaycan qanunlarında olan bolşuqlardan biri də məhz bu sahədədir. Onun sözlərinə görə internetdə şəxsiyyəti, şərəf və layaqəti təhqir edən yazılar fakt kimi məhkəmədə istifadə edilə bilər. Amma bunun mümkün olması üçün vətəndaş jurnalistikası haqqında qanun, eləcə də internetdə şərəf və layəqətin alçaldılması haqqında qanunvericilik olmalıdır. Hüquqşünas deyir ki, cinayət qanunvericiliyində konkret olaraq təhqir və böhtan barədə ayrıca maddələr nəzərdə tutulub. Bu qanuna görə şəxsin barəsində rüsvayedici, şəxsiyyətini alçaldan, imicinə zərər vuran, sosial statusunu zərbə altına qoyan yalan məlumatların yazılması da nəzərdə tutulur: "Rüsvayedici məlumatlar kütləvi çıxışlarda, mətbuatda və kütləvi nümayiş etdirilən hər hansı bir əsərdə ola bilər. Təhqir etmək şəxsi alçaldıcı sözlərə məruz qoymaq, böhtan etmək isə şəxsin barəsində həqiqətə uyğun olmayan hər hansı məlumatların yayılması deməkdir.
İnternetdə şərəf və layəqəti alçaldan insanların daha sonra heç bir cinayət məsuliyyətinə cəlb edilməməsi tək bizdə yox, bir çox ölkədə realdır. Məsələn, yaxınlarda Tacikistanda rəsmi olaraq açıqlandı ki, ölkənin sərhədləri çərçivəsində internet-xüsusi təyinatlı yaradılıb. Tacikistanın Rabitə Xidmətinin nəzdində internetdəki xüsusi şərhlərin monitorinqi ilə məşğul olan xüsusi qrup da fəaliyyətə başladı. Xidmətin rəisi Beq Zuxurov mətbuata bildirdi ki, internetdə xəbər və məqalələri müzakirə edərkən istifadəçilər respublikanın tanımış şəxsləri barəsində xoşagəlməz ifadələr işlədir, çox vaxt onları təhqir də edirlər. Yeni yaradılan qrupun vəzifəsi həmin şərhçiləri müəyyənləşdirmək olacaq. Çünki təhqir edənlərin əksəriyyəti öz kompüterindən yox, hər hansı internet-klubda, saxta ad altında iş görür. Xidmət rəisi artıq bir neçə nəfəri müəyyənləşdirdiklərini də açıqlamışdı. Bildirmişdi ki, belə adamlar bu cür şərhlərə görə tacik xalqının düşmənlərindən pul da alırlar. Çünki onlar bunu xüsisi biznes hesab edirlər.
İKT mütəxəssisi Sübhan Sultanovun sözlərinə görə, xüsusi təyinatlı internet xidməti vasitəsi ilə saxta profillər altında söyüş söyənləri, təhqir edənləri bir neçə saniyədə təyin etmək olur: "Bununla internetdə təhqir və söyüşləri azaltmaq, şəxsin alçaldılması hallarının yığışdırılmasına nail olmaq olar. Fikrimcə, bizim ölkədə də Tacikistanda tətbiq edilən internet-xüsusi təyinatlı xidmətini tətbiq etmək olar. Çünki insanlar tənqid yox, təhqir edir, söyüşlərlə şərh yazır, şərəf və ləyaqəti alçaldırlar".
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya Cəmiyyəti İnkişafı Şöbəsinin müdiri İsfəndiyar Əliyev bildirir ki, Azərbaycanda internet də Kütləvi İnformasiya Vasitəsi hesab edildiyindən internetdə söyüş söyənin cəzalandırılması üçün xüsusi qanunvericiliyə ehtiyac yoxdur. KİV haqqında qanun, Cinayət Məcəlləsində nəzərdə tutulan müddəalar da bu kimi halları şərh edir.
İsfəndiyar Əliyev bildirir ki, internetdə konkret olaraq kiminsə ünvanına şərəf və layaqətin alçaldılması halları, təhqir etmə baş verirsə, onda sözügedən maddələrə əsasən tədbir görülə bilər. Bunun üçün xüsusi təyinatlı internet sisteminə ehtiyac görmədiyini deyən İsfəndiyar Əliyev bildirir ki, hər hansı yazılı nəşrdə, eləcə də telekanalda və ya radioda yayımlanan təhqirə qarşı görülən tədbiri internet mühitinə də tətbiq etmək olar.
Məlumat üçün qeyd edək ki, internet-xüsusi təyinatlı sistemi əsasən internetdə saxta profil, ad ilə təhqir yazan insanları aşkarlamaq və cinayət məsuliyyətinə cəlb etmək üçün nəzərdə tutulub. Daha aydın dillə ifadə etsək, daha "saxta profil" adı ilə məsuliyyətdən yaxa qurtamaq mümkün olmayacaq. Çünki şəbəkəni idarə edən adminlərdə, şəbəkə liderində və ya sahibində, ölkənin baş aidiyyatı qurumunda istifadəçilərin bütün İP-ləri və barələrində dəqiq məlumat olur. Problem sadəcə cinayətkarın ələ keçirilməsində vardı, əgər yeni sistem tətbiq edilsə, facebook-da söyüş söyən cəmi bir neçə saniyəyə təyin ediləcək, bir neçə dəqiqə ərzində olduğu ölkənin rəsmi orqanlarına xəbər ötürüləcək və dərhal yaxalanacaq.
Amma burada bir məsələ açıq qalır: tutaq ki, jurnalist səhvən məlumatı yayıb və bundan sonra yazıda düzəliş edərək təkzib verib. Çap mediasında bunun sxemini təsvir etmək asandır. Səhəri gün səhv getmiş yazının təkzibini kağızda vermək mümkündür. Amma internetdə bunu təsəvvür etmək olmur. Əgər bu yanlış xəbər onlayn portaldan "cory rast" edilərək qarşısıalınmaz formada yayılıbsa bunu hüquqi necə tənzimləmək mümkündür? Redaksiya hətta bu yalan məlumatı portaldan silsə belə xəbər internetdə həmişəlik qalır. Odur ki, internet şərtləri daxilində etik pozuntunu ləğv etmək imkanları hələ xeyli dumanlı qalıb.

Ülviyyə Tahirqızı