“Paşinyan ağır və çıxılmaz durumdadır” Layihə

“Paşinyan ağır və çıxılmaz durumdadır”

"Nikol Paşinyan çox ağır durumdadır. Hətta onu vəba xəstəliyinə tutulmuş toyuqa bənzədərdim. Çünki, hakimiyyətə gəlmiş Paşinyanın qarşısında Qərb kifayət qədər məsələr qoyulub. Bunlar əsasən Qərbin və ABŞ-ın siyasətini dəstəkləmək, Avropaya inteqrasiya olunmaq, Rusiyadan uzaqlaşmaqdır". Bunu millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, Paşinyan hakimiyyətə gələndən sonra qərbyönümlü kadrını öz komandasına yerləşdirib: "Bu da Paşinyanın Moskvanın qəzəbinə gəlməsinə gətirib və ona görə də Putin Paşinyanla görüşməkdə israrlıdır. Ermənistanın bugünki vəziyyəti çox ağır durumdadır və Rusiyasız yaşamaq imkanında deyil. Ermənistanın arteriyalarına vurulan qan Rusiyanın əlindədir. Ona görə də Paşinyan başını itirib və hansı istiqamətdə gedəcəyini, kimdən yapışacağını bilmir. Paşinyanın Moskvaya səfərində bu məsələlərin müzakirəsi əsas mövzu olacaqdır. Moskva Paşinyanın siyasətini heç də xoşlamır. Ona görə də deyə bilərəm ki, Paşinyanı Moskvada ağır bir görüş gözləyir.
Düşünürəm görüşdə müzakirə olunacaq məslələrdən birisi də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələ olacaqdır. Çünki, sentyabrın 1-də cənab İlham Əliyevlə görüşü zamanı Putin münaqişənin həllində Rusiya aktivliyini artıracağını demişdir. Düşünürəm ki, Paşinyanın Moskvaya səfərində münaqişənin həll edilməsi istiqamətdə Azərbaycanla danışıqların intensivləşdirilməsinə tapşırıqlar veriləcəkdir. İndiki vəziyyətdə Paşinyanın Moskvanın dediyini etməkdən başqa əlacı yoxdur və ona görə də münaqişənin nizamlanmasında dəyikliklərin olacağını düşünürəm".
Erməni mediası da Paşinyanın son günlərdə ağır durumla üz-üzə qaldığından yazıb. Yerli medianın xəbərlərinə görə, İrəvanda qanın su yerinə axmasına çox az qalıb.
Erməni KİV-ləri İrəvanda baş nazir Nikol Paşiyanla keçmiş prezident Robert Köçəryan arasında başlayan savaşın əsasında 2016-cı ildə baş vermiş aprel döyüşləri durduğunu yazırlar.
Məsələyə məqalə həsr etmiş erməni analitka saytı "Lragir" bunun qərbçilərlə rusçular arasında başlayan bir savaş olduğunu vurğulayır.
Saytın analitiki Akop Badalyan bildirir ki, Rusiya cibində daşıdığı Ermənistandan Azərbaycana təsir vasitəsi kimi istifadə edir. "Aprel döyüşlərinə qədər Moskva bu prinsipi rəhbər tuturdu, amma müharibə belə yanaşmanın həm Ermənistan, həm də Rusiya üçün təhlükəli olduğunu göstərdi",- deyə analitik vurğulayır.
Yəni Akop Badalyan dolayısı ilə vurğulayır:"Aprel döyüşlərində Azərbaycan göstərdi ki, işğal edilmiş torpaqları müharibə ilə də geri ala bilər. Azərbaycan heç zaman Rusiyanın təsir zonasına düşməyəcək".
Badalyanın fikrincə, Ermənistanın yeni baş naziri və komandası ölkəni Rusiyanın "cibindən" çıxarmağa çalışır. "Ermənistan cib faktoru olmamalıdır. Paşiyanın Moskvaya qədərki bəyanatları ehtimal etməyə imkan verir ki, o, Moskvaya heç də cib əhvalı ilə getmir",- deyə Badalyan erməni baş nazirin sentyabrın 8-inə Rusiyaya nəzərdə tutulan səfəri barədə danışır.
Amma belə görünür ki, Moskvanın Nikol Paşiyanla ciddi münasibət qurmağa həvəsi yoxdur. Bunu hətta Rusiyanın ermənipərəst "Reqnum" portalı qeyd edir. "Paşinyanın partiyası bu gün parlamentdə çoxluqda belə deyil, onun hakimiyyəti havadan asılıdır",- deyə portalın ermənipərəst analitki Stanislav Tarasov vurğulayır.
Ermənistanda dərc olunan "Qraparak" qəzetinin yazdığına görə, Robert Köçəryan və tərəfdarları Paşiyanı hakimiyyətdən salmaq üçün ciddi çalışırlar. Onlar Rusiyanın müxtəlif dairələrinə Paşiyanın "Soros uşağı" olmasını çatdırırlar. "Qraparak" Köçəryan və tərəfdarlarının Ermənistanı Rusiyanın quberniyasına çevirəcəyini düşünürlər.
Ümumiyyətlə, erməni KİV-lərinin yazdığına görə, əhalinin 70 fazi Paşiyanın, 30 faizi Köçəryanın tərəfdarıdır. 30 faiz kiçik rəqəm deyil və hərbi qiyam, yaxud vətəndaş müharibəsinə qalxmaq üçün stimul verir. Özü də, Ermənistandakı Rusiya hərbi bazası, həmçinin Qarabağ klanına məxsus komandirlərin nəzarətində olan Ermənistan ordusu Köçəryan tərəfdarlarını dəstəkləyə bilər. Yəni Ermənistanda vətəndaş müharibəsinin başlayacağına və qanun su yerinə axacağına elə də çox qalmayıb.
Erməni KİV-ləri yalnız Robert Köçəryanla bağlı deyil, baş nazir Nikol Paşinyan ətrafında da var-gəl edir ki, burada daha çox onun tənqid olunması nəzərə çarpır. Daha dəqiq desək, xarici siyasətində ard-arda buraxdığı səhvlərin baş nazirə baha başa gələcəyi ilə bağlı xəbərlər də erməni mətbuatında yer almaqdadır. "Paşinyanı Putinlə çətin görüş gözləyir" başlıqlı yazıda "Joxovurd" qəzeti yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyan işgüzar səfər çərçivəsində Rusiyaya yollanacaq. "Moskvada onun Rusiyanın prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır", deyə yazılan məqalədə belə bir eyham vurulur ki, erməni baş nazirin Rusiyaya səfəri Azərbaycan Prezidenti İlham Əliyevin Vladimir Putinlə görüşündən sonraya təsadüf edir: "Məlum olduğu kimi, sentyabır 1-də Putin və Əliyev Dağllıq Qarabağ məsələsi ətrafında fikir mübadiləsi aparıblar. Təxmin eidlir ki, bu mövzu Putin-Paşinyan görüşündə də müzakirə predmeti olacaq, belə ki, Dağlıq Qarabağ münaqişəsi yavaş-yavaş gündəmə geri dönməkdədir. Və baxmayaraq ki, Paşinyan –Əliyev görüşü hələ ki, gözlənilmir, ancaq görünən budur ki, Rusiya bu məsələdə əllərini yana salaraq, boş oturmayacaq. Bütün hallarda bu ölkə sözügedən prosesin irəliləməsi üçün müəyyən cəhdlər göstərəcək".
Adıçəkilən erməni mətbuatının yazdığına görə, ehtimal olunur ki, Putin-Paşinyan görüşünün əsas mövzularından biri də Ermənistanda baş verən daxili siyasi vəziyyətin müzakirəsi olacaq: "Xüsusilə, 1 mart hadisələri ilə bağlı açılmış cinayət işi və bu istiqamətdə keçmiş yüksək rütbəli məmurların, o cümlədən Ermənistanın ikinci prezidenti Robert Koçaryanın istintaqa cəlb edilməsi məsələsi ətrafında söhbətlər aparılacaq".
"Baxmayaraq ki, Rusiya XİN-nin rəhbəri Sergey Lavrov bu məsələnin Ermənistanın daxili işi olduğunu bəyan edib, Rusiya tərəfinin Ermənistanda baş verənlərdən razı olmadığı görünməkdədir", yazan "Joxovurd" iddia edir ki, Paşinyanla Putinin görüşü erməni baş nazir üçün heç də asan olmayacaq.
Paşinyanın Rusiyaya səfəri ilə bağlı digər erməni nəşri – "168 jam" da eyni mövqedən çıxış edib və iddia olunub ki, bu görüşdə Paşinyanı çətin sınaqlar gözləyir. Hətta qeyd olunur ki, görüş çox sərt ab-havada müşahidə eidlə bilər. Belə ki, erməni ictimai rəyində Rusiya əleyhinə səslənən fikirlər və həmin fikirlərdən doğan tələblər heç də Kremlin Ermənistanla bağlı maraqlarına cavab verməməkdədir. "Bizim əldə e tdiyimiz məlumatlara görə, Nikol Paşinyanı kifayət qədər sərt gündəm gözləyir – Robert Koçaryana qarşı açılmış cinayət işi, KTMT prosesində baş verənlər və s.", yazan erməni nəşrinə görə, həmin görüşdə Azərbaycanla da bağlı fikirlər səslənəcək: "Azərbaycanın KTMT-yə hələlik müşahidəçi qismində üzv olmasına istiqamətlənmiş danışıqlar olacaq".
Qeyd edək ki, Nikol Paşinyanın zəif bəndi kimi göstərilən daha bir amil məhz Azərbaycanın KTMT-yə üzvlük ehtimalının gündəmə gəlməsi oldu və erməni siyasi adamları bu məsələ ətrafında təlaşlarını gizlətmədilər. Hər halda erməni KİV-lərinin sözügedən məsələyə də diqqət çəkməsi artıq növbəti siyasi məğlubiyyətin etirafı olaraq da qiymətləndirilə bilər.
Yeri gəlmişkən, BMT Baş Assambleyasının 73-cü sessiyasının ilkin gündəliyinə "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" və "GUAM məkanında dondurulmuş münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün fəsadları" adlı qətnamə layihələri daxil edilib və indi bütün dünya ictimaiyyəti ədalətli qərarlar gözləyir. Bu qətnamə layihələri, əslində, assambleyanın 72-ci sessiyası zamanı müzakirə olunmadığından, növbəti toplantının gündəliyinə müvafiq olaraq 41 və 35-ci bəndlər altında salınıb.
Sözügedən sessiyanın gündəliyində, ümumilikdə, 175 bənd, həmçinin, sülh və təhlükəsizlik, silahsızlaşdırma, narkotiklərin qanunsuz yayılmasının qarşısının alınması, beynəlxalq terrorçuluğa qarşı mübarizə və s. məsələlər də yer alır. Hər il sentyabr ayından dekabra qədər fasiləsiz işləyən assambleyanın 73-cü sessiyasının rəsmi açılışı sentyabrın 18-də Nyu-Yorkda keçiriləcək və ənənəvi ümumi müzakirələrin sentyabrın 19-dan 25-dək davam edəcəyi gözlənilir.
BMT-nin baş müşavirə orqanı olan Baş Assambleyanın tərkibinə bir səsə malik hər bir iştirakçı dövlətin nümayəndəsi daxildir. Sülh və təhlükəsizlik, yaxud yeni üzvlərin qəbul olunması kimi mühüm məsələlər üzrə qərarlar 2, ya 3 səs çoxluğu ilə qəbul olunmalıdır. Lakin digər məsələlər üzrə qərarlar isə sadə səs çoxluğu ilə qəbul edilir. Qurumun sonrakı dövrlərdə, yəni sentyabr ayından dekabr ayına qədərki müddətdən gec və ya tez keçirilən iclasları ehtiyac duyulduğu təqdirdə reallaşdırılır.
Qeyd olunduğu kimi, bu il də BMT Baş Assambleyasının sessiyası, daha dəqiq desək, keçirilməsi planlaşdırılan 73-cü sessiasının rəsmi açılışı sentyabrın 18-nə nəzərdə tutulur. Sentyabrın 19-dan 25-dək davam edəcək sessiyanın gündəliyinə işğal altında olan ərazilərimizdə olan vəziyyət də daxil edilib və əslində, Nyu-Yorkda keçiriləcək sessiyanın ötənilki, yəni 72-ci sessiyasında müzakirəyə çıxarılmalı bu məsələ bu ilin gündəliyində yer alır.

Cavid