“Paşinyana müəyyən dairələr tərəfindən təzyiqlər olunur” Layihə

“Paşinyana müəyyən dairələr tərəfindən təzyiqlər olunur”

İlqar Vəlizadə: "Düşünürlər ki, yeni ağlabatmayan təkliflərlə danışıqlar prosesini uzada bilərlər"


Ermənistanın daxilindəki gərgin vəziyyət, Rusiya ilə soyuqlaşan münasibət və işğalçılıq siyasəti bu ölkə üçün heç bir perspektiv vəd etmir. Dağlıq Qarabağın işğalda saxlanılmasına çalışan işğalçı dövlət üçün manevr imkanları daralır. İrəvanın bir dövlət kimi mövcud olması üçün işğal altında olan Azərbaycan ərazilərinin qaytarılmasından başqa yolu qalmır.
Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Strateji Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov deyib ki, Paşinyan Qarabağ nümayəndələrinin danışıqlar masasında iştirakını ona görə istəyir ki, ərazilərin qaytarılması məsələsində məsuliyyəti onlarla bölsün.
Politoloq qeyd edib ki, Paşinyan necə hərəkət edəcəyini bilmir: "Bir tərəfdən o güzəştlərə hazırdır, digər tərəfdən məsuliyyəti öz üzərinə götürməkdən qorxur. Hətta "Qarabağ klanı"nın üzvləri Robert Koçaryan və Serj Sarkisyan məsuliyyəti üzərlərinə götürməkdən çəkinirdilər. Nikol Paşinyan da qorxur, xüsusilə o, "Qarabağ klanı"nın rəqibidir, Qarabağ məsələsinə yaddır və rəqibləri onu əraziləri qaytarmağa hazırlaşmaqda ittiham edirlər".
Markov hesab edir ki, Paşinyan yaranmış şəraitdə ən qazanclı mövqeyə sahib olmaq üçün vaxtı uzadır: "Hələ ki Azərbaycan və Ermənistan arasında mübahisə gedir. İrəvan danışıqlara Qarabağ nümayəndələrinin cəlb edilməsinə çalışır, Bakı bunu bloklayır. Onsuz da nə Azərbaycan, nə də beynəlxalq ictimaiyyət Paşinyanın istəyini qəbul edəcək. Paşinyan danışıqlara iki formatı daxil etməyə çalışır: Ermənistan və Azərbaycana qarşı Qarabağın erməni icması. Lakin burada heç bir məntiq yoxdur. Dağlıq Qarabağın azərbaycanlı icması müharibədə öz evlərindən qovulublar və onların torpaqları işğal altındadır. Əgər erməni icması danışıqlarda iştirak edirsə, o zaman azərbaycanlı icması da iştirak etməlidir. Digər tərəfdən, Paşinyan üçün danışıqlardan yayınmaq çətinləşib, çünki Ermənistanda siyasi burulğan sona çatdı. Əgər sülh danışıqlarında vəziyyət dəyişməsə, o zaman, müharibənin yenilənməsi ehtimalı böyükdür".
Politoloq İlqar Vəlizadə deyib ki, son zamanlara qədər Azərbaycan tərəfi Dağlıq Qarabağ ətrafında gedən danışıqlarla bağlı müəyyən nikbinlik nümayiş etdirirdi: "Amma iş orasındadır ki, bu nikbinliyin əsası vardı. Bunu da danışıqlar prosesi verirdi". Politoloq Ermənistanın son zamanlar Dağlıq Qarabağın taleyi ilə bağlı gedən danışıqlarda ziddiyyətli mövqe nümayiş etdirməsini belə izah edib: "Prezident İlham Əliyevin Ermənistanın baş naziri ilə görüşü, eyni zamanda, xarici işlər nazirlərinin saatlarla davam edən müzakirələri, nəticələr əsasında səsləndirilən bəyanatlar hamısı nikbinliyə əsas verirdi. Görünür, Ermənistanın siyasi elitası müəyyən təzyiqlərə tab gətirmir. Çünki biz bilirik ki, Nikol Paşinyana, xarici işlər nazirinə və onların ətrafındakılara müəyyən dairələr tərəfindən təzyiqlər olunur. Bu da ondan ibarətdir ki, danışıqlar prosesinin müsbətə doğru inkişafı onların narahatlığına səbəb olur. Həmin dairələr düşünür ki, mövcud status-kvo saxlamaqla, yeni ağlabatmayan təkliflərlə danışıqlar prosesinin zamanını uzada bilərlər. Lakin vəziyyət prosesin intensivləşməsini tələb edir. Bu ziddiyyətlər nəticə etibarilə Paşinyanı məcbur edir ki, öz sözlərindən imtina etsin. Ermənistanda son zamanlar səsləndirilən ziddiyyətli bəyanatlar onu göstərir ki, indiki iqtidar özündə güc tapa bilmir. Sözünün üstündə dayanmaq üçün müqavimət göstərə bilmir və ictimai rəyin arxasınca getməklə siyasi mövqelərini sığortalamağa çalışırlar. Amma danışıqlar prosesində qətiyyətli mövqe göstərmək vacibdir. Əgər bu gün Ermənistan iqtidarı ilkin dəyişikliklərə tab gətirə bilmirsə, gələcəkdə daha ciddi nəticələr əldə edilərkən öz mövqelərini necə müdafiə edəcək?"
Politoloq Qabil Hüseynli bildirib ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli variantı ciddi dalana dirənib: "Ermənistan meydan sulayır kimi mövqe, münasibət sərgiləməkdədir. Bu, danışıqlar masası ilə yanaşı, hərbi müstəvidə Ermənistana qarşı sərt cavab verməklə nəticələnə bilər". Onun sözlərinə görə, Ermənistan bilməlidir ki, o kimlər tərəfindən nə qədər Azərbaycana qarşı qısqırdılsa, münaqişənin həlli istiqamətində qeyri-konstruktiv mövqe sərgiləsə də, Azərbaycan hər meydanda öz hüquqlarını qoruya və onları öz yerlərində oturda bilər: "Ermənistanın ağaları var. 3 milyonluq xalqın dünyada sayı 50 milyona çatan Azərbaycan qarşısında meydan oxumağa cəhd göstərməsi gülüncdür. Ermənistanın arxasında dayanan qəyyumlar başa düşməlidir ki, xalqımızın iradəsini yenmək mümkün deyil. Bu gün dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar Dağlıq Qarabağ münaqişəsinin həllində ortaq mövqeyə sahibdir və bu mövqeni təzahür etdirəcəklər. Bu baxımdan Paşinyanın son dövrlər sərgilədiyi müharibə ritorikası keçməyəcək, bu mənasız məzmunsuz çağırış bumeranq şəklində onların özlərinə ziyan vuracaq və onlar yanlış olduqlarını başa düşəcəklər".
Azərbaycan və Ermənistan XİN başçılarının Münhendə baş tutacaq görüşünə gəlincə Q. Hüseynli söyləyib ki, bu görüş qlobal məsələlərə həsr olunacaq: "Xüsusilə də yeni dünya düzənini pozmağa çalışan dövlətlərlə bu düzəni yaratmağa çalışan dövlətlər arasında mürəkkəb məqamların yoluna qoyulması əsas müzakirə mövzusu olacaq. Əlbəttə dünya sülhünə təhlükə kimi lokal münaqişə məsələləri də müzakirə olunacaq. Amma aparıcı mövzu qlobal münasibətlər olacaq". Politoloq əlavə edib ki, Münhen görüşü regionda sülhün yaranmasına hər hansı töhfə ola bilməz: "Çünki, Ermənistan zaman qazanmaq, beynəlxalq ictimai rəyi azdırmaq, özünün maraqlarına cavab verən atmosfer formalaşdırmaq istiqamətində səylər göstərir. Təəssüf ki, bizə qonşu olan dövlətlər də Ermənistanın bu hiyləgər və rəzil addımlarını müdafiə edirlər. Bu baxımdan Münhen görüşündən ciddi nəsə gözləmirəm. Əgər Ermənistanda sülh əvəzinə torpaq verməyəcəyik fikri hakimdirsə, bu baxımdan vaxt aparan danışıqların hansısa nəticə verəcəyini sanmıram".
Politoloq Məhərrəm Zülfüqarlı isə diqqətə çatdırıb ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra biz bir vətəndaş olaraq qərb demokratiyasına, dəyərlərinə inanırdıq: "Təbii ki, o istiqamətdə də qərbə inteqrasiya yolunu tuturuq və bunu da bir vətəndaş olaraq hər yerdə qeyd edirik. Politoloqun sözlərinə görə, amma sonradan dünyada gedən proseslər onu göstərdi ki, əgər Sovet dövrü kommunist ideologiyasına əsaslanıb öz siyasətini yeridirdisə, qərb ölkələri də "demokratiya" pərdəsi altında öz işlərini görürlər: "Beynəlxalq aləmdə əsas rolu güc oynayır. Azərbaycanın 1991-ci ildən bu yana keçdiyi fəaliyyəti dövründə biz bunun şahidi olduğumuza görə, Prezidentimizin də sözünə haqqı qazandırırıq. Doğurdan da indi dünyanı güc həll edir. Azərbaycanın gücü olmasaydı biz Aprel döyüşlərində qazandığımız nailiyyətləri qoruyub saxlaya bilməzdik. Deməli torpaqlarımızı işğaldan azad etmək üçün və ərazi bütövlüyümüzün bərpasında da beynəlxalq hüquq, insan haqqları və s. nəzərə almaqla ən əsası Azərbaycanın öz gücünə arxalanmaq lazımdır".
Politoloq Cümşüd Nuriyev isə qeyd edib ki, Prezident İlham Əliyev Real televiziyasında müsahibəsində bildirdi ki, "bu gün Azərbaycan həm danışıqlar masasında, həm də döyüş meydanında üstün mövqedədir". Hesab edirəm ki, hər iki məsələdə Prezidentin mövqeyi düzgündür. Azərbaycan istər 2016-cı ilin aprel hadisələrində, istərsə də 2018-cı ildəki Naxçıvan əməliyyatlarında Ordumuzun ortaya qoyduğu mövqe və əldə etdiyi nailiyyətlər təbii ki, Azərbaycan xalqını ümidləndirdi". Politoloqun sözlərinə görə, ölkəmizin son 20 ildə ən azı belə bir ümidi yox idi: "Cənab Prezident həmin müsahibədə o mövqeyi açıqladı. Eyni zamanda biz sülh danışıqlarından da imtina etmirik. Yəni hər iki halda Azərbaycanın mövqeyi ortadadır və ölkəmiz bu mövqedən daha güclüdür. Düşünürəm ki, bu kimi addımlar 2019-cu ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində uğurlu ola bilər. Bütün hallarda Ermənistan baş naziri Nikol Paşinyanın atdığı addımlar kifayət qədər qeyri adekvatdır. O mənada ki, Azərbaycan nə qədər sülh mövqeyindən çıxış edirsə, Ermənistan da bir o qədər onun əleyhindən çıxış edir. Bu mənada Azərbaycanın atacağı hər hansı yeni bir addım Azərbaycan ərazisinin müəyyən hissəsinin ən azı azad olunması ilə nəticələnəcək. Bu birmənalıdır. Ona görə də biz 2019-cu ildən çox şeylər gözləyirik. Əgər bu sülh yolu ilə olmayacaqsa, ölkəmizin başqa çıxış yolu qalmır".

Əli