“Paşinyanın münaqişənin həlli ilə deyil, danışıqlar formatının dəyişməsi ilə məşğul olması...” Layihə

“Paşinyanın münaqişənin həlli ilə deyil, danışıqlar formatının dəyişməsi ilə məşğul olması...”

Elxan Şahinoğlu:"Status-kvonun uzanmasından başqa bir şey deyil"


Ermənistanın işğalçılıq siyasəti artıq dalana dirənir. İşğalçı rejimin status-kvonu saxlamaq üçün əvvəlki manevr imkanları tükənir. Həmsədrlərin bəyanatı və digər proseslər bunu deməyə əsas verir. Bunun nəticəsi olaraq Paşinyan isterik addımlar atır. Ermənistanın Təhlükəsizlik Şurasının iclasının Xankəndidə keçirilməsi də bu qəbildən olan addımlardandır.
Politoloq Qabil Hüseynli bildirib ki, Paşinyanın Xankəndinə səfəri təxribat xarakterli addımdır: "Çünki buna qədər də İrəvanın Dağlıq Qarabağda Azərbaycanın suverenliyinə qarşı etdiyi bu tip müxtəlif hərəkətlər olub. Guya Dağlıq Qarabağı təmsil edə bilməyəcəyi haqqında cəfəngiyyatlar dilə gətirən, bu qondarma respublikanı təmsil etmək üçün mandat ala bilmədiyini söyləyən bir adam bu gün Ermənistan adlı dövlətin Milli Təhlükəsizlik Şurası toplantısını faktiki olaraq Azərbaycanın ərazisi sayılan şəhərdə keçirir. Bu, başdan-ayağa həm beynəlxalq ictimai rəyə, həm də Azərbaycanın maraqlarına meydan oxumaq deməkdir. ATƏT-in Minsk qrupunun son bəyanatına meydan oxumaqdır. Doğrudur, belə də şərhlər verilir ki, guya Paşinyan qondarma respublika ilə ATƏT-in son bəyanatını müzakirə etmək üçün gedib. Amma bu səfər heç də müzakirə etmək xarakteri daşımır. Çünki toplantıda təhlükəsizlik şurasının bütün üzvləri iştirak edir. İrəvanın Azərbaycan Ordusunun genişmiqyaslı hərbi təlimlərə başladığı və bu hərbi təlimlərin hücum xarakteri daşıdığını bilə-bilə qondarma respublikanın təhlükəsizlik məsələlələrini müzakirə üçün səfərə getdikləri şübhə doğurmur. Bir sözlə, vəziyyəti daha da ağırlaşdıran addımlar atılıb. Ermənistan tərəfi təxribatçı addımlar ataraq bölgdə müharibə şəraiti yaratmağa çalışırlar. Bununla da bir növ, Azərbaycanın hücuma hazırlaşması barədə ictimai rəyi tezliklə müxtəlif beynəlxalq təşkilatların müzakirəsinə çıxarmaq istəyirlər. İstənilən halda, Azərbaycan bundan çəkinməməlidir. 20 faiz torpaqları işğal edilən ölkənin addımları BMT-nin nizamnaməsinə uyğun şəkildə qurulub və o şəkildə də fəaliyyətini davam etdirir".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın "Təhlükəsizliklər Şuralarının" Xankəndidə birgə keçirdiyi iclasdakı çıxışından qəldi qənaət bunlardır: "Birincisi, Paşinyan Azərbaycan Prezidenti ilə görüşdən imtina etmir, ancaq hər dəfəsində "separatçıların təmsilçisi də danışıqlarda iştirak etməlidir, çünki mən onların yerinə qərar verə bilmərəm" yanaşmasını ortaya qoyacaq. Bu isə istənilən danışığın və görüşün bəri başdan nəticəsiz qalacağına işarədir.
İkincisi, Paşinyan həmsədrlərin son bəyanatına bu şəkildə reaksiya bildirib ki, o açıqlanan prinsiplərin əleyhinə deyil, ancaq həll planındakı ardıcılıq müzakirə olunmalıdır. Başqa sözlə Paşinyan eks-prezidentlər Köçəryan və Sərkisyanın dediyini təkrarlayır: "Mərhələli həll planında xalqların özmüqədərratını müəyyənləşdirən referendum tarixi dəqiq göstərilsin, digər addımları ata bilərik (oxu: Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldarıq)".
Üçüncüsü, Paşinyan çıxışında maraqlı fikir səsləndirib: "Mən Azərbaycan Prezidenti ilə yanaşı Azərbaycan xalqı ilə də dialoqa hazıram. Çünki əminəm ki, ermənilər kimi azərbaycanlılar da sülhpərvərdirlər". Bu ikibaşlı ifadədir. Azərbaycan xalqını prezident təmsil edir. Bir dövlətin prezidenti başqa bir ölkənin xalqı ilə dialoq aparmır, xalqın təmsilçisi ilə müzakirələr aparır. Böyük ehtimalla Paşinyan bu qeyri-müəyyən cümləsi ilə gələcəkdə Dağlıq Qarabağın azərbaycanlı icmasının da hansısa formada danışıqlarda iştirakını istisna etmir. Ancaq Paşinyan bunu o halda mümkün sayır ki, separatçıların təmsilçisi də danışıqlarda iştirak etsin. Yəni Paşinyan yeni model təklif edir: "Separatçılar danışıqlarda iştirak etsinlər, daha sonra bu prosesə Dağlıq Qarabağ azərbaycanlıları da qatıla bilər". Belə bir format alınır: 2 + 2. Ancaq 2 + 2 yenə də 1 + 1 edir. Çünki, Paşinyan Dağlıq Qarabağın erməni icmasını, İlham Əliyev isə Azərbaycanın simasında Dağlıq Qarabağın azərbaycanlı icmasını təmsil edir.
Bütün hallarda Paşinyanın münaqişənin həlli ilə deyil, danışıqlar formatının dəyişməsi ilə məşğul olması vaxtın – status-kvonun uzanmasından başqa bir şey deyil. Paşinyan "separatçılar da danışıqlara qatılsın" fikri ilə manipulyasiya edir, iqtisadi və sosial sahədə verdiyi vədlərin yerinə yetirə bilməyəcəyinə və ilin ortalarında ciddi problemlərlə üzləşəcəyinə görə Qarabağ danışıqlarını arxa plana keçirmək istəyir. Qarabağ danışıqları onun üçün yükdür".
Politoloq Arzu Nağıyev isə diqqətə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsi başlayandan bəri ilk dəfədir ki, işğal olunmuş Azərbaycan torpağında – Xankəndidə Ermənistan Təhlükəsizlik Şurasının iclası keçirilir: "Bu, heç bir çərçivəyə sığan məsələ deyil". O qeyd edib ki, Paşinyan işğal olunmuş ərazilərə əvvəlcə Ermənistan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərini göndərmişdi, daha sonra isə müdafiə naziri David Tonoyan orada oldu: "Bütün bu proseslər göstərir ki, Paşinyan Dağlıq Qarabağ kartından daxili siyasət üçün istifadə edir. Məhz Təhlükəsizlik Şurasının iclasının orada keçirilməsində də məqsəd ondan ibarətdir ki, guya Paşinyan danışıqlarda iştirak etmək üçün onların mandatını almaq istəyir. Sual olunur; bu, hansısa dövlətdir ki, onun mandatını alasan?! Paşinyan dəfələrlə təkrarlayıb ki, danışıqların formatı dəyişdirilməldir. O deyib ki, "Dağlıq Qarabağ üçüncü tərəfdir, mən onların baş naziri deyiləm". Digər tərəfdən, bəli, məhz ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatından sonra bu bəyanatın müzakirəsi Xankəndidə aparılıb. Bundan sonra Paşinyan danışıqlardan qaça bilməz. Lakin erməni tərəfi bu cür anonslar verir və təhlil də göstərir ki, onlar ATƏT-in Minsk Qrupu həmsədrlərinin verdiyi bəyanatda format deyəndə münaqişə tərəflərini yox, iştirakçı dövlətləri – yəni, Fransa, ABŞ və Rusiyanı nəzərdə tuturlar. Onlar belə deyirlər ki, Azərbaycan Fransanı Türkiyə ilə əvəz etmək istəyir. Məhz bu məsələni qabartmağa çalışırlar".
Lakin A.Nağıyev qeyd edib ki, həmsədrlərin verdikləri bəyanatla Paşinyanın formatın dəyişdirilməsi cəhdi baş tutmadığı kimi Qarabağ kartından istifadə etmək cəhdləri də baş tutmayacaq:
"Məsələ ondadır ki, aprel-may aylarında Paşinyanın hakimiyyətə gəlişinin bir ili tamam olur. O, bir il ərzində gördüyü işlərlə bağlı daxili auditoriyaya açıqlama verməlidir. Həmin açıqlamada əsas məqamlardan biri də Dağlıq Qarabağ münaqişəsinin necə həll olunmasıdır. Ona görə də Ermənistan Təhlükəsizlik Şurasının iclasının işğal olunmuş ərazidə keçirilməsi daxili siyasətə həsr olunmuş bir məsələdir, eyni zamanda da guya xalqdan yenidən mandat qazanır".
Millət vəkili, politoloq Sahib Alıyev isə söyləyib ki, Ermənistan çoxdan küncdədir və onları küncə sıxışdıran Minsk qrupu həmsədrləri deyil, yeritdikləri işğalçılıq siyasəti, bunun da qarşılığında Azərbaycanın gördüyü tədbirlərdir. O, qeyd edib ki, həmsədr dövlətlər hər zaman Ermənistana qarşı İranın addımlarına bənzər addımlar atıblar: ""İran kimi onlar da həmişə Ermənistanı küncə dirəmək nədir, əksinə, küncdən çıxarmağa çalışıblar ki, bunu da hamı bilir. Elə son açıqlamalarında da məqsəd budur. Paşinyanın səsləndirdiyi populist və maksimalist fikirlərin ermənilər üçün ağır nəticələrə aparıb çıxaracağı proqnozlaşdırldığından, onu ayıltmağa çalışırlar. Baxın, Azərbaycanın Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin əmriylə geniş təlimlərə başladı. Təlimlərdə qarşıya qoyulan vəzifələrə diqqət yetirdikdə burada "Blitzkrieg" hazırlığının getdiyi açıq-aydın görünür.
Həmsədr dövlətlər də gözəl bilirlər ki, Ermənistanın yeni format oyununu ortaya atmaqla substantiv danışıqlardan qaçmasının alternativi budur. Cəbhə isə heç də Nikol Paşinyanın özünü sudakı balıq kimi hiss etdiyi mitinq meydanı deyil. Yayılım atəşi və raket zərbələri altında onun populist çıxışları eşidilməz olacaq, eşidilsə belə, dinləyən tapılmayacaq. Ona görə də Minsk qrupu həmsədrləri son açıqlamaları ilə bu populist və maksimalist Paşinyana deyirlər ki, ağıllı ol, ölkənin potensialına uyğun hərəkət et, fors-majorla üzləşmək istəmirsənsə, gəl danışıqlar masası arxasında əyləş".

Əli