“Biz ən geci oktyabra qədər yeni qısamüddətli hərbi kampaniyanın şahidi olmalıyıq” Layihə

“Biz ən geci oktyabra qədər yeni qısamüddətli hərbi kampaniyanın şahidi olmalıyıq”

Siyasi ekspert: “ Və bu dəfə Azərbaycan ordusu mütləq Araz boyunda geniş bir ərazini düşməndən təmizləməlidir”

“Paşinyanın son açıqlaması da daxil olmaqla Ermənistan rəhbərliyinin son bir neçə aydakı fəaliyyəti aydın şəkildə göstərir ki, onların yeganə məqsədi mümkün qədər status kvonu uzatmaq, münaqişənin həllini yubandırmaq, həm Azərbaycanı, həm də beynəlxalq aləmi fakt qarşısında qoymaqdır”. Bu fikirləri “Xalq Cəbhəsi”nə müsahibəsində siyasi ekspert Turab Rzayev səsləndirib. Ekspert digər suallarımıza da aydınlıq gətirməyə çalışıb.
-Onlar, hətta bu məqsədlərinə nail olmaq üçün təhlükəli manevrlərdən, riskli addımlardan belə çəkinmirlər. Əlbəttə ki, bir tərəfdən bu, bizə beynəlxalq ictimaiyyətə Ermənistanın konstruktiv mövqedə olmadığını, danışıqlar adı altında münaqişənin müddətini sonsuzluğa qədər uzatmaq istəyini, heç bir kompromisə hazır olmadığını göstərmək baxımından əlverişli imkan yaradır. Eyni zamanda, bu, bizə vəziyyəti qarşı tərəfin de fakto sülh danışıqlarından imtina etməsi kimi dəyərləndirib, münaqişənin hərbi yolla həllinə yenidən baxmaq üçün də kifayət qədər əsas verir. Genişmiqyaslı hərbi əməliyyat olmasa da, aprel müharibəsi kimi kiçik bir gözdağı vermək üçün əla fürsətdir. Nikol Paşinyanın onlayn mətbuat konfransı zamanı münaqişənin həlli üzrə “məxməri inqilabdan” sonra yeni sənədin irəli sürülmədiyini, köhnə təklifin isə məqbul olmadığı fikri faktiki olaraq, sülh danışıqlarının dondurulması mənasını verir. Soruşmaq olar ki, bəs onda elə bu ilin yanvar ayında Cenevrədə aparılan intensiv danışıqlar nə mənanı verir? Bəs tərəflər arsında o sənədlər hansı məqsədlə hazırlanır? Elə bir neçə gün öncə tərəflərin xarici işlər nazirləri Moskvada nəyi və niyə müzakirə edirdilər? Əlbəttə ki, Ermənistan rəhbərliyinin bütün bunlardan xəbərsiz olması qeyri-mümkündür. Sadəcə olaraq, həm Ermənistan Xarici İşlər Naziri Moskvadakı son açıqlamasında, həm də Paşinyan son bəyanatı ilə Qarabağ ermənilərinə heç bir torpaq güzəştinin olmaması ilə bağlı mesaj verirlər. Biz isə bu vəziyyəti öz xeyrimizə çevirməyə çalışmalıyıq. Beynəlxalq qurumlar və həmsədr dövlətlər qarşısında sual açıq şəkildə qoyulmalıdır. Danışıqların sadəcə əsas predmeti var, Ermənistanın işğal olunmuş əraziləri tərk etməsi və Dağlıq Qarabağın muxtariyyəti məsələsi. Buraya üçüncü əhəmiyyətli məsələ kimi məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını da əlavə etmək olar. Onda beynəlxalq qurumlara və vasitəçilərə soruşulmalıdır, əgər heç bir halda heç bir ərazinin Azərbaycana qaytarılması nəzərdə tutulmursa, onda bu danışıqların ümumiyyətlə, mənası nədir? Biz 30 ildir nəyi danışırıq? Sülh danışıqlarının yekun məqsədi nədir? Ermənistanın hazırkı rəhbərliyi danışıqlar naminə danışıqlar aparırsa onda bu, həm bizə lazım deyil, həm də beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə rədd olunur. Və istər Minsk Qrupu həmsədrlərinə, istırsə də beynəlxalq ictimaiyyətə açıq mesaj verilməlidir ki, bundan sonra bölgədə vəziyyətin gərginləşməsinin bütün məsuliyyəti tamamilə Ermənistanın üzərindədir. Ermənistanın qeyri-sağlam davranışı bölgəni yenidən müharibə ocağına çevirə bilər.
-Belə olan halda hazırda Qarabağ problemi ilə bağlı durumu necə dəyələndirmək olar?
-Hazırda Qarabağ münaqişəsi öz tarixinin ən çıxılmaz vəziyyətlərindən biri ilə üz-üzədir. Bunun bir neçə səbəbi ola bilər. Xatırlayırsınızsa, bu yaxınlarda Moskvada Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliklərinin rəhbərlərinin görüşündə, Ermənistan tərəfi çox qeyri-adekvat açıqlama verərək, hər hansı bir ərazini işğaldan azad etməyin müakirə predmeti olmadığını bildirdi. Əlbəttə ki, bu artıq bizim üçün qırmızı xəttir. Çünki sülh danışıqlarının əsas predmeti işqal olunmuş ərazilərin işğaldan azad olunması və Dağlıq Qarabağın hüquqi statusundan ibarətdir. Əgər heç bir ərazi işğaldan azad olunmayacaqsa, Ermənistanın belə bir niyyəti yoxdursa, onda danışıqların heç bir mənası yoxdur deməkdir. Artıq hamıya bəllidir ki, rəsmi İrəvan Dağlıq Qarabağdakı qondarma rejim üzərində öz nəzarətini itirməkdədir. İnqilabla hakimiyyətə gələn Paşinyan və tərəfdarları əslində inqilabı elə Dağlıq Qarabağ rejimində təmsil olunanların aid olduqları dəstəyə qarşı etmişdilər. Keçmiş prezident Köçəryanın həbsi və keçmiş məmurlara qarşı məhkəmələr tərfələr arasındakı ipləri daha da gərginləşdirir. Bu isə başlanğıcda özünü sülh göyərçini kimi göstərməyə çalışan Paşınyanın öz sələflərindən daha radikal davranmasına səbəb olur. Paşinyan elə ay olmur ki, bu münaqişə ilə bağlı skandal açıqlamaları ilə yadda qalmasın, gah Qarabağa səfər edir, gah Şuşanın işğalını qeyd edir, gah da Qarabağda hərbi paradda iştirak edir. Əlbəttəki, biz bu dəyişikliklərin səbəbini başa düşürük. Amma imkan verə bilmərik ki, daxili siyasət bəhanəsilə işğal olunmuş torpaqlarımıza nəzarəti rəsmiləşdirsinlər.
-Həmsədr ölkələrlə Azərbaycanın münasibətlərinin perpektivini və onların Qarabağ probleminə yanaşmasını necə dəyərləndirisiniz?
-Uzun müddətdir ki, həmsədr ölkələrin Dağlıq Qarabağ probleminə yanaşmasında bir süstlük, fəaliyyətsizlik müşahidə olunur. Ancaq son günlər Ermənistanın həyata keçirdiyi qeyri-adekvat davranışlar bizim çox sərt reaksiyaməzla nəticələnə bilər. Ona görə də, həmsədrlər regionda sülhün aradan qalxmasına imkan verməmək üçün aktivləşəcəklər deyə, düşünürəm. Ölkələr üzrə baxdıqda isə, son vaxtlar Fransanın elə aktivliyi hiss olunmur. Əvəzində Avropa Birlyindən daha ədalətli yanaşmanın şahidi oluruq. Rusiyanın mövqeyi isə birmənalı deyil. Çünki bəzi ekspertlər, indi Rusiyanın rəsmi İrəvanla arasının gərgin olduğu, buna görə də təzyiq edərək sülh və ya müharibə yolu ilə, eyni vaxtda Rusiyanın dəstəyi, heç olmasa səssiz razılığı ilə ən azından Dağlıq Qarabağ ətrafındakı rayonların bir neçəsini geri qaytarmağın vaxtı olduğunu bildirirlər. Ancaq unutmamalıyıq ki, Ermənistan Xarici İşlər Nazirinin məlum bəyanatı Moskvada, Rusiya XİN rəhbəri Lavrovun başçılıq etdiyi görüşdə səsləndirilib. Ona görə bəzi mənbələr bunun əslində Lavrovun sözləri olduğu və yaxud Rusiya rəhbərliyinin Ermənistan, Dağlıq Qarabağ münaqişəsindən yenə də təzyiq vasitəsi kimi istifadə etməyə çalışdığı, bununla Azərbaycandan hər hansı güzəştlər və ya tələblər qoparmağa çalışması ilə bağlı fikirlər bildirirlər.

-Trampın Prezident İlham Əliyevə məktubu kontekstində ABŞ-Azərbaycan münasibəltəri və bu münasibətlərin Qarabağ probleminin həllinə təsiri ilə bağlı nə demək olar?
-Trampın Prezident İlham Əliyevə təbriki bir qədər standartdan kənar və vaxt etibarı ilə maraqlı bir siyasi məsələdir. Tramp müstəqillik günündən düz iki həftə əvvəl Prezident İlham Əliyevi müstəqillik günü münasibəti ilə təbrik edir. Burada 2 məsələ diqqəti xüsusi ilə cəlb edir. Birincisi, məktubun zamanlaması: Trampı 2 həftə əvvəl məktub yazmağa, Rusiya və İran kimi qonşularımızdan qabağa düşüb bu qədər tələsməyə vadar edən nə idi?! Digər məsələ, məktubun mətni: “Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir”. Daha sonra, Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi dəstəyin qiymətləndirilməsi, Amerika xalqının Azərbaycan xalqının yanında olması və Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həllində güclü dəstək ifadə olunnası. Əlbəttə ki, insan haqlarının bağlılıqlarını da bir daha ifadə edirlər. Amma düşünürəm ki, bu məktubdakı ən böyük mesaj məhz elə suverenliyə və müstəqilliyə qoyulan vurğudur. Diqqətlə baxsaq, son dövrlər sadəcə Ermənistan tərəfindən deyil, eyni vaxtda ənənəvi müttəfiqlərimiz Gürcüstan və Qazaxstan tərəfindən, eyni vaxtda İranla bağlı məsələlərdə də ölkə olaraq haqsızlığa məruz qalırıq. Sanki hansısa görünməz biri Azərbaycanı mühasirəyə alır. Trampın bu məktubu mühasirəyə cavab ola bilər. Dağlıq Qarabağ münaqişəsinə münasibətini isə yaxında daha aydın görə biləcəyik deyə, düşünürəm.
-Azərbaycan ordusunun təlimləri Ermənistana mesaj kimi dəyərləndirilə bilərmi?
-Azərbaycan ordusunun təlimləri çox vacib hadisədir və müntəzəm şəkildə təkrar edilməlidir. Amma bu eyni vaxtda həm də Ermənistan rəhbərliyini böyük qorxuya və narahatçılığa qərq edib. Çünki iriçaplı hərbi təlimlərdə həddən artıq texnika və canlı insan qüvvəsindən, real döyüş vəziyyətində istifadə olunur. Azərbaycan ordusu hər an təlimin ortasında istiqaməti Qarabağa yönəldə bilər. Ona görə heç də az əhəmiyyəti olan faktorlardan biri də təlmlərin keçirildiyi ərazi və təmas xəttinə olan yaxınlıqdır. İndiki halda isə bu təlimlərin Ermənistanla diplomatik sülh danışıqlarının dalana dirəndiyi, demək olar ki, qopduğu bir dövrə düşməsi düşməni ikiqat qorxmağa məcbur edir. Təsadüfi deyildir ki, Dağlıq Qarabağdakı rejim sözçüləri əgər Azərbaycan Ordusunun hərbi təlimləri qoşunların təmas xəttinə çox yaxın olarsa, bunu müharibə elanına bərabər sayacaqlarını bildirirlər. Eyni vaxtda bizim təlimlərə cavab olaraq, ehtiyat qüvvələri çağırmaq da daxil olmaqla real vaxtda döyüş təlimi keçirəcəklərini bildirirlər. Bu tələsgənlik və açıqlamalar, həm də bu təlimlərin yaratdığı qorxunu göstərmək cəhətdən çox əhəmiyyətlidir.
-Müharibə ehtimalı varmı?
-Düşünürəm ki, Ermənistan rəhbərliyi tezliklə adekvar şəkildə davranmalı və məqbul, hər iki tərəfin qəbul edə biləcəkləri şərtlərlə danışıqların davam etməsinə razılıqlarını bildirməlidirlər. Əks halda bizim həqiqətən də bu təlimlərin müddətini və əhatə etdiyi ərazini artırmamaq üçün heç bir səbəbimiz qalmır. Ermənistan hakimiyyəti daxilində, eləcə də Dağlıq Qarabağla İrəvan arasındakı indiki klan müharibəsində rəsmi İrəvanın rasional qərar vermə imkanları, əgər belə bir qərar versə belə, onu həyata keçirmə imkanları çox məhduddur. Deməli, biz ən geci oktyabra qədər yeni bir qısamüddətli hərbi kampaniyanın şahidi olmalıyıq. Və bu dəfə Azərbaycan ordusu mütləq Araz boyunda geniş bir ərazini düşməndən təmizləməlidir.

Əli