Sosial şəbəkələrdə saxta profillər və onun fəsadları Layihə

Sosial şəbəkələrdə saxta profillər və onun fəsadları

Buna qarşı necə mübarizə aparmaq olar?

Bu gün sosial media daha çox təsir imkanlarına malikdir. Bu səbəbdən də bir sıra ekspertlər sosial şəbəkələrdə qanunauyğunluğun yaradılmasının tərəfdarı olduqlarını bildirirlər. Xüsusən saxta profillər və bunun vasitəsilə təhqirlər bu barədə daha çox müzakirələrə yol açır. Bu tipli hallar etirazla qarşılanldıqda isə bunu söz azadlığının pozulması halı kimi dəyərləndirirlər. Saxta profillərlə bağlı problemin birdəfəlik çözülməsi üçün hansı addım atılmalıdır?
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib ki, saxta profil və ya saxta səhifə dedikdə, təbii ki, bir şəxsin özünə məxsus olan e-mail vasitəsilə başqa adla qeydiyyatdan keçərək başqa ad altında yaradılan profil və ya səhifə anlaşılır: "Fasebook-un miqyasını nəzərə alsaq, deyə bilərik ki, orada bu saxtalığın radiusu daha da genişdir. Məsələn, valideynlərin azyaşlı uşaqlar üçün açdığı səhifələri, bir nəfər tərəfindən açılan bir neçə səhifəni də Fasebook saxta səhifə olaraq qəbul edir. Saxta Fasebook səhifələri və profilləri müxtəlif məqsədlər üçün yaradılır.
Kimisi özünün maraqlarını, lobbisini paylaşmaq istəyir. Bu yolla, o, gizli şəkildə özünün real olan digər həyatını göstərmək istəyir. Həmin şəxs düşünür ki, əgər bunları öz adı ilə etmiş olsaydı, ətrafı tərəfindən yaxşı qarşılanmazdı. Kimlərsə də özlərinin ictimai-sosial statusundan ehtiyatlanaraq saxta-başqa ad altında Fasebook səhifəsi açırlar. Biznes məqsədilə açılan milyonlarla saxta səhifələr var. Hansı ki, onlar saxta "like" toplamağa xidmət edir". Onun sözlərinə görə, sosial şəbəkələr gücləndikcə saxta profillər də artır. Hazırda qlobal şəbəkədə saxta hesablar, saxta səhifələr çoxdur: "Xatırlayıram ki, SNN-də bununla bağlı xüsusi bir reportaj vermişdilər və bu verilişdə 100 milyonadək saxta Fasebook səhifəsinin mövcudluğundan söhbət gedirdi. Sosial şəbəkələr inkişaf etdikcə, bir-birinə inteqrasiya etdikcə və ictimai rəyə təsiri artdıqca, onun imkanlarından başqa məqsədlər üçün də istifadəyə meyl də artır. Söhbət təkcə Fasebookdan getmir, bu, digər sosial media vasitələrinə də aiddir".
O, əlavə edib ki, burada təhlükə var: "Fikir vermisinizsə, son dövrlərdə dövlət qurumları, tanınmış rəsmi və populyar insanlar, millət vəkilləri də Fasebook üzərindən insanlarla əlaqə yaradılmasına üstünlük verməyə başlayıblar. Özəl sektor kifayət qədər burada fəaldır. Həm özəl sektor, həm ənənəvi media sosial mediadakı hər bir istifadəçiyə təsir etmək, informasiyanı onlara çatdırmaq üçün ciddi mübarizə aparır. Sosial medianın biznes tərəfi də güclənir, monitorinq sistemləri formalaşır, sizin haqqınızda müsbət və ya mənfi informasiyaları bir anda sizə çatdıran milli sistemlər yaradılır. Hətta son dövrlərdə sosial mediada reklam yatırımı ciddi surətdə artıb. Cüzi məbləğ ödəməklə informasiyaları ən geniş auditoriyaya çatdıra bilərsiniz... Saxta səhifələr və profillər yuxarıda qeyd etdiyim inkişaf tendensiyasına mənfi təsir göstərir. İlk növbədə Facebook istifadəçiləri üçün problemlər yaşanır, sıravi üzvlər normal informasiya münasibətlərinə qatılmaqdan ehtiyatlanırlar. Elə cəmiyyət üçün də təhlükələr yaranır desəm, doğru olar. İnsanların informasiya əldə etməsində, doğru, düzgün informasiyanın cəmiyyətə çatdırılması və əldə edilməsində ciddi problemlər yaşanır. Tanınmış ziyalıların, ictimai xadimlərin, dövlət rəsmilərinin adından yaradılan saxta səhifələr isə onların ictimai nüfuzuna xələl gətirməklə bərabər, həm də cəmiyyəti çaşdırır.
Bilirsiniz, sosial şəbəkələrin ən böyük funksiyalarından biri vətəndaşları, bütövlükdə cəmiyyəti əhəmiyyətli məsələlərin müzakirəsinə cəlb etməkdən ibarətdir. Bu prosesdə həm də dövlət rəsmiləri iştirak edirlər. Onlar öz Fasebook səhifələri vasitəsilə müxtəlif məsələlərə münasibət bildirir və cəmiyyətin reaksiyasını öyrənməyə çalışırlar. Yaxud da cəmiyyətdə baş verən müxtəlif məsələlərlə bağlı öz fikirlərini bölüşürlər... Saxta profillər rəsmi şəxslərin sosial şəbəkələr vasitəsilə cəmiyyətlə ünsiyyətinə yaradılan kobud maneədir və ona heç bir halda bəraət qazandırmaq olmaz. Məqsədyönlü şəkildə başqa şəxslərin adına olan səhifələrin dublikatını yaratmaq, onların adından yalan informasiyalar yaymaq, böhtan və təhqirlə məşğul olmaq, cəmiyyətdə çaşqınlıq yaratmağa çalışmaq yolverilməzdir və ciddi məsuliyyət doğurur. Digər tərəfdən, belə hallar sosial şəbəkələrin özlərini də nüfuzdan salır, onlara etimadı azaldır və son nəticədə öz missiyasını yerinə yetirməyə ciddi maneçilik törədir.
Belə hallarla bağlı beynəlxalq təcrübədə xeyli məhkəmə çəkişmələri olub və davam etməkdədir. Xatırlayıram ki, beynəlxalq təcrübədə öz keçmiş ərinin adına saxta Fasebook səhifəsi açaraq orada qanunsuz informasiyalar paylaşdığına görə, 18 ay həbs cəzası alan olub. Təsəvvür edin ki, siz Facebook səhifəsi yaradırsınız və orada da kiminsə adından müxtəlif informasiyalar yerləşdirirsiniz, onun əlaqə vasitələrini qeyd edirsiniz. Dərhal onun səhifəsinə müxtəlif müraciətlər başlayır. Ona qarşı hədə qorxular, təhdidlər də ola bilər. Ola bilər ki, kiminsə saxta səhifəsini açmaq kiməsə zarafat kimi gələ bilər, kimsə hətta bunu pis niyyət olmadan da edə bilər, amma bunun nəticələri çox ağır ola bilər".
Ekspertin sözlərinə görə, Fasebook qaydalarına və mövcud normalara görə, saxta profil və ya səhifələrin yaradılması yolverilməzdir və qanunsuzdur: "Fasebookun qaydalarına görə, hər bir şəxs öz real adı altında qeydiyyatdan keçməlidir və özünə yalnız bir hesab aça bilər. Yeri gəlmişkən deyim ki, bütün sosial media platformalarında saxta profil açmaq qadağan olunur. Deməli, əgər siz başqa ad altında hesab açırsınızsa, Fasebook şərtlərini pozmuş olursunuz. Eyni zamanda, siz başqa birisinin şəklini yükləyərək onu özünüzünkü kimi təqdim edirsinizsə, bu da artıq informasiyanın təhrif olunmasıdır. Eyni zamanda, fərdi informasiyaların qeyri-qanuni əldə edilməsidir. Əgər siz bir başqasının adından informasiyalar yaymağa başlayırsınızsa, bu daha ağırlaşdırıcı bir haldır. Beləliklə siz faktların təhrif edilməsi ilə məşğul olursunuz".
Onun fikrincə, bunun qarşısının alınması üçün profilaktik tədbirlər həmişə fayda verir: "Həmişə gərək öz profilinə nəzarət edəsən. Kompüterin normal vəziyyətdə olmalıdır. Gücləndirilmiş şifrlərdən istifadə edin. Şəxsi xarakterli vacib informasiyalarını qoruyun. Spamları, arzu olunmayan, kimin tərəfindən göndərildiyi müəyyən edilməyən mesajları qəbul edərkən, ehtiyatlı olun. İctimai yerlərdə kompüterdən istifadə edərkən daha ehtiyatlı olmaq lazımdır. Bir sözlə, elementar informasiya təhlükəsizliyi qaydalarına əməl olunmalıdır. Əgər artıq siz saxta profillə üzləşmisinizsə, o zaman sizin haqqınızda olan informasiyaların "screenshoot" edərək saxlanılması daha doğru olardı. Sonrakı addımlar isə Facebook imkanlarından istifadə edərək dərhal saxta səhifəni report etmək, zəruri instansiyalara məlumat vermək, azyaşlıların isə dərhal bu haqda valideynləri və müəllimlərinə məlumat verməsi daha faydalı olardı. Fikrimcə, bunun qarşısının alınması üçün ilk növbədə vətəndaş cəmiyyəti qurumları və dövlət orqanları birgə mübarizə apara bilərlər. Hələlik, bizdə bu istiqamətdə ciddi problemlər var, kibercinayətlərlə, kibercinayətin yaratdığı məsuliyyətlə bağlı yetərli məlumat yoxdur. Bəzi istifadəçilər elə düşünürlər ki, virtual şəbəkə tam sərbəstdir, nə istəsə edə bilər, başqasının profilini sındıra, saxta hesablar yarada bilər və s. Əslində isə bütün bunlar qanun pozuntusudur, kibercinayətdir. Yeni yaradılan Elektron Təhlükəsizlik Mərkəzi bu istiqamətdə xeyli işlər görə bilər. Son dövrlərdə bu qurum tərəfindən təhlükəsizliklə bağlı müəyyən tövsiyələr verilsə də, əslində, məhz danışdığımız mövzu ilə bağlı cəmiyyətin bu mərkəzdən gözləntiləri çoxdur və hələlik bunlar reallaşmayıb".
Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevin fikrincə isə saxta profillərə qarşı mübarizədə başlıca yol maarifləndirici tədbirlərdir: "Saxta profillərin çözülməsi daha çox texnoloji məsələdir. Belə olan halda saxta profil məsələsilə üzləşən şəxsin dərhal müvafiq provayderə müraciət etməsi vacibdir ki, o bu məsələni aydınlaşdırsın. Müşahidələrimə görə hazırda ölkədə bir çox saxta profillər yaradılıb ki, onlar vasitəsilə bəzən təhqiramiz, heç nə ölçülməyən həqarətlərlə bağlı fikirlər yer alır. Şübhəsiz ki, bu istiqamətdə müəyyən tədbirlərin görülməsi zəruridir. Təəssüf ki, ölkəmizdə internet mədəniyyəti deyilən mədəniyyət yenicə formalaşmağa başlayıb. İnsanlar onu da başa düşməlidirlər ki, hansı saxta profillərdən istifadə etmələrinə baxmayaraq, həqiqi istifadəçini tapmaq mümkündür. Müasir informasiya əsrində belə neqativ halları dərhal müəyyənləşdirmək olar. Ona görə hesab edirəm ki, bu istiqamətdə geniş maarifləndirici tədbirlərin həyata keçirilməsi də vacibdir. Belə tədbirlər həyata keçirilərsə, düşünürəm ki, çoxsaylı insanlar yalançı profillərdən istifadə etməyə son qoyacaq və başa düşəcəklər ki, bu hal müəyyən məsuliyyət də yaradır. Yalançı profillərin olması bir sıra hallarda insanların ifadə azadlığının müdafiə edilməsilə bağlı atılan addımların effektivliyini də müəyyən qədər azaldır. Bu mənada da saxta profillərlə bağlı maarifləndirici tədbirlər həyata keçirilməli, eyni zamanda insanlarla internet mədəniyyətinin gücləndirilməsilə bağlı fəaliyyətlər həyata keçirilməlidir. Bu istiqamətdə sanksiyalara əl atılmasının tərəfdarı deyiləm, çünki zərərli nəticələr verə bilər. Fikrimcə, maarifləndirmə yolu ilə düzgün izahat verə bilsək saxta profillərdən istifadə edənlərin sayı da azalacaq".
Hüquşünas Müzəffər Baxışov bildirib ki, saxta profillərin açılmasına qarşı mübarizə üçün İnzibati Xətalar və Cinayət məcəllələrinə bəzi dəyişikliklərin edilməsi vacibdir: "Saxta profil məsələsinin birdəfəlik tənzimlənməsi üçün İnzibati Xətalar Məcəlləsinə, ya da onun vurduğu ziyanın təhlükəlilik predmetindən asılı olaraq Cinayət Məcəlləsinə müvafiq dəyişikliklər edilməldir ki, belə şəxslər inzibati, yaxud cinayət məsuliyyətinə cəlb olunsunlar. Bu yolla gələcəkdə həmin halların qarşısını almaq olar. Yəni proses vurulan ziyandan asılı olaraq inzibati və yaxud cinayət məsuliyyəti formasında öz həllini tapmalıdır. Yəqin ki, gələcəkdə bu problem də məhz dediyim istiqamətdə öz həllini tapacaq".

Əli