İsrailli ekspert erməni vəhşiliyindən danışıb Layihə

İsrailli ekspert erməni vəhşiliyindən danışıb

"Tarixən ermənilər azərbaycanlılara qarşı soyqırım həyata keçirib"


Beynəlxalq münasibətlər üzrə İsrailli ekspert Arye Qut Ermənistanın azərbaycanlılara qarşı vandalizm hərəkətləri haqda danışıb. İsrail eksperti 1990-cı illərdə Dağlıq Qarabağ müharibəsi zamanı azərbaycanlılara qarşı vəhşiliyi əsl faşizm adlandırıb: "Bu, əsl faşizm və barbarlıq idi. Bu qeyri-insani hərəkətlər haqda bütün dünya bilməlidir. Dünya həm də bilməlidir ki, bu təkcə Azərbaycan xalqına deyil, eyni zamanda bütün bəşəriyyətə qarşı törədilmiş vandalizmdir. Yüzlərlə Azərbaycan vətəndaşı, uşaqlar, qocalar və qadınlar ermənilər tərəfindən dözülməz işgəncələrin, təhqirlərin qurbanıdır".
Daha sonra İsrail eksperti erməni vandalizmi ilə üzləşən şahidlərin fikirlərini xatırladıb. "Şövqi Əliyev Xəqani oğlu 3 yaşı olanda erməni "həkimlər" tərəfindən bazu sümüyü kəsildiyi üçün ömürlük şikəst qalıb. Yeni doğulmuş Gülcamal Quliyevə erməni "həkimi" Aida Serobyanın vurduğu iynə sayəsində həmişəlik əlil oldu. Babək İlyasov 7 aylıq olanda onun anası Afiyət Mirzəyeva və atası Aslan Mirzəyev ermənilər tərəfindən güllələndi. Onun sağ gözü qəlpə yarasından kor oldu. Lakin ermənilər 7 aylıq körpəni də əsir götürmüşdü, yalnız 4 aydan sonra qaytardılar. Nəzakət Məmmədovanın atası və anası gözləri önündə işgəncələrə məruz qaldı. Onların qulaqlarını kəsir, təhqir edirdilər. Onu ailəsinə 4 milyon rus rubluna satdılar. Ağdam rayon sakini Kəklik Həsənovun 16 dişini kəlbətinlə çıxartdılar. Yaşlı qadın Şərqi Rza qızı Şirinovanın Ağdamın işğalı zamanı 8 qızıl dişini kəlbətinlə çıxarıblar. O, 6 ay dözülməz işgəncələrə məruz qalıb. Əsir düşmüş Vladimir İvan Şevelev rus olduğu üçün ermənilərin ona toxunmayacağını ümid edirdi. Lakin ona, xəstə qardaşına və anasına dəhşətli işgəncələr verdilər. Bu nümunələr yüzlərlədir", - deyə o qeyd edib.
A.Qut yüzlərlə azərbaycanlının dəhşətli işgəncələrə məruz qaldığını vurğulayıb: "Çoxsaylı faktlar onu göstərir ki, əsirlərə və girovlara dəhşətli işgəncələr tətbiq edilirdi. Onlar vəhşicəsinə döyülür, qəsdən şikəst edilir, sinələrinə qızdırılmış xaçla damğalar vurulur, dırnaqları və dişləri qoparılır, yaralara duz səpilir, ölənə qədər rezin və dəmir dəyənəklərlə döyülürdülər. Dünya bu vandalizmi unutmamalıdır".
İsrailli analitik deyib: "Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyinə görə praktiki olaraq Xəzər dənizinin qaz və neft ehtiyatları ilə bağlı əsas geosiyasi və geoiqtisadi layihələrdən kənarda qalıb. Ölkənin büdcəsi boşdur. Ermənistanı aclıqdan xilas edən varlı erməni diasporu (onun özəl transfertləri ildə təxminən 2 milyard dollara bərabərdir) və ABŞ Konqresinin sponsor köməyidir. Ölkədə ağır siyasi-iqtisadi vəziyyət üzündən adamlar Ermənistanı tərk edir. Azərbaycan ərazilərinin işğal edilməsi və Ermənistanın Türkiyəyə qarşı tarixi iddiaları bu ölkəni tam maliyyə kollapsı və regionda təcrid olunma vəziyyətinə gətirib çıxarıb.
Aydındır ki, Azərbaycan ilə münaqişənin nizamlanmaması ilk növbədə Ermənistandakı Qarabağ klanının xeyrinədir. Mövcud status-kvonun saxlanması bu klanın həyati maraqlarına uyğundur. Serj Sarkisyan başda olmaqla Ermənistanın siyasi elitası bu ölkə ilə Azərbaycan arasında münaqişədən öz mənafeyi üçün istifadə edir. Hakimiyyət orqanları sosial etirazların təzyiqi ilə üzləşdikdə Azərbaycan tərəfindən hərbi əməliyyatlara başlanması üçün əlverişli şərait yaranmasında Ermənistan ictimaiyyətini və müxalifət liderlərini təqsirləndirirlər. Ermənistanın pozucu və təcavüzkar mövqeyi Azərbaycanı münaqişənin nizamlanması üçün başqa vasitələr axtarmağa məcbur edir. Danışıqlar prosesində Azərbaycan diplomatiyasının iştirak etməsi faktı onu göstərir ki, cüzi də olsa ümid qalır. Lakin mülayimləşmə prosesi gec-tez sona çatır. Qoşunların təmas xəttində son hadisələr və Azərbaycanın işğal edilmiş ərazilərini hərbi yolla qaytarmağa hazır olması bu tezisi bir daha təsdiq edir".

Arye Qut qeyd edib ki, Ermənistan prezidentinin davakar çıxışları Azərbaycana əsla təsir göstərmir. Arye Qut vurğulayıb: "Serj Sarkisyan hələ də elə fikirləşir ki, bugünkü Azərbaycan XX əsrin 90-cı illərinin əvvəlindəki Azərbaycan kimidir. Əslində isə bu gün Azərbaycan tamamilə başqa, regionda güclü geosiyasi və hərbi potensiala malik olan ölkədir. Ermənistandan fərqli olaraq Azərbaycana regionda heç kəs öz fikrini diktə edə bilməz. Aşkar görünür ki, bu iki ölkənin iqtisadi və hərbi inkişafı arasında böyük bir uçurum var. Azərbaycan Prezidenti əsl diplomat və dövlət xadimi kimi bəyan edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquqa uyğun ədalətli həlli danışıqlar yolu ilə tapılacaqdır. Ermənistanın siyasi səhnəsində təsadüfi adam olan Serj Sarkisyan isə dövləti təfəkkürü olmayan terrorçu kimi düşünməkdə davam edir. Ermənistan Prezidenti Soçidə üçtərəfli görüşdən İrəvana çatar-çatmaz bəyan edib ki, Azərbaycanın istənilən şəhərini Ağdama çevirməyə hazırdır.
İsrailli ekspertin sözlərinə görə, Sarkisyanın hakim klanı hətta humanitar xarakterli məsələləri, o cümlədən girovlar və həlak olmuş hərbi qulluqçuların cəsədləri ilə bağlı məsələləri də həll etmək iqtidarında deyildir. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin məlumatına görə, hazırda Azərbaycanın 5,5 mindən çox vətəndaşı Ermənistan ərazisində və Azərbaycanın işğal edilmiş ərazilərində itkin düşən, əsir alınan və girov götürülən şəxslər siyahısındadır. İtkin düşən 4015 vətəndaşdan 877-sinin, o cümlədən 56 uşağın, 327 qadının və 364 qocanın əsir alınması və girov götürülməsi barədə materialların müxtəlif beynəlxalq təşkilatlara göndərilməsinə baxmayaraq, Ermənistan bu adamlar haqqında heç bir məlumat vermir. Erməni tərəfi bu adamların əsir götürülməsi faktını tamamilə inkar edir, halbuki Beynəlxalq Qırmızı Xaç cəmiyyətinin nümayəndələri həmin siyahıdakı bəzi adamlarla əsirlikdə görüşüblər. Həmin insanların erməni əsirliyində saxlanması faktını beynəlxalq hüquq müdafiəçiləri qrupu da təsdiq edib. Bu adamların bir qismi erməni əsirliyində xəstəlik üzündən dünyasını dəyişib, digərləri amansızcasına öldürülüb, bəziləri isə indiyə qədər kölə kimi ən ağır işlərin görülməsi üçün istifadə edilir, Ermənistan prezidenti isə bütün bu faktlardan sonra həyasızcasına humanizmdən danışır. Bu yerdə məşhur qədim yunan filosofu Demokritin sözlərini xatırlamamaq olmur: "Rüsvayçı hərəkətlər edən ilk növbədə öz əməllərinə görə utanmalıdır".
Bundan başqa Vilnüsdə "Postsovet məkanında dondurulmuş münaqişələr: onların siyasi mənası və mümkün həll üsulları" mövzusunda beynəlxalq konfransda çıxış edən A.Qut qeyd edib ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20%-i işğal olunub, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün düşüb. "Bu gün Ermənistan tam olaraq Rusiyanın siyasi və iqtisadi ambisiyalarından asılıdır. Ermənistanı aclıqdan erməni diasporu xilas edir. Şəxsi pul köçürmələri ildə iki milyard dollara çatır, üstəgəl ABŞ Konqresinin maliyyə yardmı", – deyə israilli analitik bildirib.
A.Qut daha sonra konfrans iştirakçılarına Xocalı soyqırımına dair geniş və ətrafli prezentasiya təqdim edib. Qutun sözlərinə görə, bu faciənin amansız və dəhşətli səhnələri Azərbaycanın qəlbində yara kimi əbədi qalacaqdır: "Xocalı faciəsi bir tərəfdən Xocalının hər bir sakininin öz torpağına, millətinə, vətəninə sədaqətinin nümunəsidir. Digər tərəfdən, bu, Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi soyqırımıdır, barbarlığın və faşizmin görünməmiş təzahürüdür".
"Xocalıya ədalət" beynəlxalq kampaniyasının İsraildə rəsmi koordinatoru Arye Qut qeyd edib ki, Ermənistan silahlı birləşmələrinin vəhşiliyi nəticəsində Xocalı sakinlərindən 613 nəfəri öldürülmüş, 487 nəfəri şikəst olmuş, 1275 dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülmüş, ağlasığmaz işgəncələrə, təhqirlərə və həqarətlərə məruz qalmışlar. 150 nəfərin taleyi indiyədək məlum deyildir. Bu, əsil soyqırımı idi. Xocalıda qətlə yetirilmiş 613 nəfərdən 106-sı qadınlar, 63-ü uşaqlar, 70-i qocalar olub. Arye Qutun sözlırinə görə, ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunmasına, ölkədə bir milyondan çox qaçqın və məcburi köçkünün yaşamasına baxmayaraq, Azərbaycan əsl sivilizasiyalararası və dinlərarası dialoq nümunəsidir.
İsrail eksperti vurğulayıb ki, Ermənistan rəhbərliyi unutmamalıdır ki, bugünkü Azərbaycan XX əsrin 90-cı illərinin Azərbaycanı deyil: "Təəssüf ki, Ermənistanın bir çox rəhbərləri öz meqa-erməni dünyasında yaşamağa davam edir. Cənubi Qafqaz regionunda təcrid edilmiş Ermənistan praktiki olaraq Xəzər dənizi qaz və neft resursları ilə əlaqəli geosiyasi və geoiqtisadi layihələrdən kənar qalır. Ermənistanın Cənubi Qafqazda ən asılı vəziyyətdə olan ölkə olduğu danılmaz faktdır. Sovet hakimiyyəti süquta uğradıqdan sonra Ermənistan tam olaraq Rusiya ambisiyalarından asılıdır. Ermənistanı aclıqdan güclü erməni diasporası (özəl köçürmələr ildə 2 milyard dollardan ibarətdir) və ABŞ konqresinin sponsor yardımı xilas edir. Digər tərəfdən isə Azərbaycanın - Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin lideri olması şübhəsizdir. Azərbaycan sübut edib ki, Cənubi Qafqazda heç bir geosiyasi və geoiqtisadi layihənin onsuz həyata keçmədiyi lider ölkədir. Azərbaycanın bugünkü geosiyasi və geoiqtisadi potensialı onun Ermənistana sərt və güclü cavab vermək, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etmək üçün lazımi səviyyədədir", - Arye Qut yekunlaşdırıb.

Cavid