Bakının çoxşaxəli diplomatiyası: strateji addımların məntiqi nəticəsi Layihə

Bakının çoxşaxəli diplomatiyası: strateji addımların məntiqi nəticəsi

Müasir dövrdə qlobal geosiyasi proseslərin sürətlə dəyişməsi və ölkələr arasında qarşılıqlı asılılığın artması beynəlxalq aləmə uğurlu inteqrasiyanı hər bir dövlətin xarici siyasətinin prioritet istiqamətinə çevirmişdir. Müstəqilliyini bərpa etdikdən sonra milli maraqların qorunmasını və hərtərəfli inkişafı əsas prinsip kimi götürən Azərbaycan Respublikası da bu gün balanslaşdırılmış, çoxşaxəli və praqmatik xarici siyasət kursunu uğurla davam etdirir.
Ölkəmizin beynəlxalq müstəvidə nüfuzunun sürətlə artması siyasi, iqtisadi, humanitar, logistika və iqlim diplomatiyası sahələrində həyata keçirilən strateji addımların məntiqi nəticəsidir. BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və digər nüfuzlu platformalarda fəal təmsil olunan Azərbaycan, eyni zamanda Avrasiya məkanında mühüm nəqliyyat-logistika və enerji qovşağına çevrilmişdir. Orta Dəhlizin inkişafı, iri infrastruktur layihələrinin icrası, Avropanın enerji təhlükəsizliyinə töhfələr və COP29 kimi qlobal tədbirlərə ev sahibliyi edilməsi dövlətimizin regionda və dünyada etibarlı tərəfdaş mövqeyini daha da möhkəmləndirir.

“Azərbaycanın tranzit potensialı”

Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə açıqlama verən Milli Məclisin deputatı Azər Allahverənov qeyd edib ki, bu gün əminliklə deyə bilərik ki, dünya birliyinə inteqrasiyasının daha da gücləndirilməsi istiqamətində ölkəmizin həyata keçirdiyi çoxşaxəli xarici siyasət bir çox sahələri geniş şəkildə əhatə etməkdədir və onların arasında siyasi, iqtisadi, humanitar və iqlim sahələrində bu strategiyanın daha qabarıq şəkildə biruzə verdiyini biz görürük.
Deputat bildirib ki, nəticə etibarilə bu strategiyanın da birtərəfli, birmənalı məqsədi ölkənin beynəlxalq nüfuzunu artırmaq, milli maraqları qorumaqla yanaşı, həm də ən yüksək səviyyədə təmin olunmasına nail olmaq, eyni zamanda regional əməkdaşlığın geniş şəkildə qurulması və bu əsasda da dayanıqlı inkişafın əldə olunması üçün əlverişli şəraitin yaradılmasıdır: “Bu kontekstdə çoxtərəfli diplomatiyanın gücləndirilməsi və beynəlxalq təşkilatlarda fəal iştirak ölkəmizin beynəlxalq nüfuzunun birbaşa olaraq artmasına gətirib çıxarır.
Azərbaycan bu gün BMT, Qoşulmama Hərəkatı, eyni zamanda Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, D-8 və digər çox nüfuzlu platformalarda təmsil olunmaqla yanaşı, həm platforma daxilində əməkdaşlığın geniş şəkildə qurulmasını həyata keçirir, həm də təmsil olunduğu platformalararası əlaqələndirmə işlərində kifayət qədər fəaldır və bu da olduqca vacib göstəricidir. Türk dünyasına inteqrasiya məsələləri də dünya birliyinə inteqrasiya kontekstində çox vacib istiqamətlərdən biridir.
Nəzərə alsaq ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ərazilərində orta hesabla 160–180 milyon əhali yaşayır, bütövlükdə isə Türk dünyasında 360 milyon əhalinin yaşadığı bildirilir. Türk Dövlətləri Təşkilatı Plus formatı üzərindən fəaliyyətin sürətlə həyata keçirilməsi həm də böyük bir arealda ölkəmizin nüfuzunun artması üçün əlverişli mühit yaradır”.
Deputatın sözlərinə görə, Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında mövcud əlaqələrin daha möhkəm əsaslar üzərində qurulması nəticə etibarilə Azərbaycanın təşkilatın hüdudlarından kənara çıxan çox vacib inteqrasiya sahələrinin həyata keçirilməsinə nail olmasına imkan verir.
Azər Allahverənov zamanı deyib ki, Azərbaycanın həyata keçirdiyi iri infrastruktur layihələri ölkəmizin beynəlxalq nəqliyyat-logistika və enerji xəritəsində strateji mövqeyini daha da gücləndirir: “Orta Dəhlizin əsas marşrutunun Azərbaycan üzərindən keçməsi ölkənin tranzit potensialını əhəmiyyətli dərəcədə artırır. Bu istiqamətdə həyata keçirilən infrastruktur layihələri Azərbaycanın regional və qlobal logistika mərkəzi kimi rolunu möhkəmləndirir.
Bu baxımdan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Limanın yük aşırma qabiliyyətinin artırılması Azərbaycanın tranzit imkanlarını genişləndirir və regionlararası əməkdaşlığın inkişafına əlavə töhfə verir. Eyni zamanda, ilin sonunadək istifadəyə verilməsi gözlənilən Ələt Beynəlxalq Hava Limanı da ölkəmizin beynəlxalq yükdaşımalarında rolunu daha da artıracaq. Bütün bunlar Avrasiya məkanında nəqliyyat-logistika layihələrinin daha səmərəli həyata keçirilməsi üçün əlverişli şərait yaradır”.
Azər Allahverənov vurğulayıb ki, Azərbaycanın strateji üstünlükləri yalnız nəqliyyat sahəsi ilə məhdudlaşmır: “Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində də mühüm tərəfdaş kimi çıxış edir. Bu gün Avropa İttifaqına üzv olan bir sıra dövlətlər Azərbaycanın təbii qazının idxalında maraqlı olduqlarını açıq şəkildə ifadə edirlər. Bu isə Azərbaycanın enerji təhlükəsizliyi sahəsindəki mövqelərini daha da möhkəmləndirir və ölkəmizin beynəlxalq əhəmiyyətini artırır. Azərbaycan qlobal gündəliyin formalaşdırılmasına da fəal töhfə verir. COP29 kimi beynəlxalq tədbirlərə ev sahibliyi, eləcə də Bakıda keçirilən nüfuzlu beynəlxalq forumlar ölkəmizin iqlim dəyişikliyi, davamlı inkişaf və digər qlobal məsələlərin müzakirəsində aktiv iştirak etdiyini nümayiş etdirir. Belə mötəbər platformalar vasitəsilə Azərbaycan yalnız qlobal təşəbbüslərə qoşulmur, həm də beynəlxalq gündəliyin formalaşmasına öz töhfəsini verir. Bu isə ölkəmizin tanıdılmasına, beynəlxalq nüfuzunun artmasına və mövqelərinin daha da güclənməsinə xidmət edir”.
Deputatın sözlərinə görə, Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri müxtəlif güc mərkəzləri arasında balanslaşdırılmış və praqmatik əməkdaşlıq siyasətini davam etdirməkdir: Bu siyasətin əsasını milli maraqların qorunması təşkil edir. Eyni zamanda beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən biridir. Bu gün Azərbaycan artıq təkcə Cənubi Qafqaz regionunda deyil, daha geniş Avrasiya məkanında strateji əhəmiyyətə malik layihələrin əsas iştirakçılarından birinə çevrilib.
İstər Şərqlə Qərbi, istərsə də Şimalla Cənubu birləşdirən nəqliyyat dəhlizlərinin uğurla reallaşdırılması Azərbaycanın beynəlxalq mövqeyini daha da möhkəmləndirir və ölkəmizi etibarlı tərəfdaş kimi ön plana çıxarır”.

“Azərbaycan etibarlı tərəfdaşdır”

Milli Məclisin deputatı Könül Nurullayeva deyib ki, dövlətlər arasında siyasi, iqtisadi və humanitar əlaqələrin daha da genişlənməsi bu gün zərurətə çevrilib.
Deputat bildirib ki, Azərbaycan da müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmaq, milli maraqlarını qorumaq və dünya birliyinə uğurla inteqrasiya etmək istiqamətində ardıcıl siyasət həyata keçirir: “Hazırkı mərhələdə ölkənin xarici siyasətinin əsas istiqamətlərindən biri region ölkələri və beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da inkişaf etdirmək, iqtisadi əlaqələri genişləndirmək və qlobal təşəbbüslərdə fəal iştirak etməkdir. Bu xüsusda regional sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi xüsusi önəm kəsb edir. Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunması iqtisadi inkişaf, beynəlxalq investisiyaların cəlb edilməsi və əməkdaşlıq imkanlarının genişlənməsi üçün əsas şərtdir. Bu baxımdan qonşu dövlətlərlə konstruktiv dialoq, qarşılıqlı etimadın gücləndirilməsi və regional kommunikasiya layihələrinin inkişafı strateji istiqamətlər hesab olunur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “hər bir ölkə üçün qonşularla münasibətlər prioritet olmalıdır, xüsusilə də bizim regionda”. O bildirib ki, dövlət başçısı Azərbaycanın milli maraqlarına əsaslanan müstəqil xarici siyasət həyata keçirdiyini və bütün qonşu dövlətlərlə qarşılıqlı hörmətə əsaslanan praqmatik əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini dəfələrlə vurğulayıb”.
Onun sözlərinə görə, hazırda Azərbaycanın əsas prioritetlərindən biri regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi, həmçinin enerji təhlükəsizliyinə töhfə verməkdir: “Xüsusilə Cənub Qaz Dəhlizi, Orta Dəhliz və digər beynəlxalq nəqliyyat layihələri Azərbaycanın Avropa ilə Asiya arasında strateji körpü rolunu daha da möhkəmləndirir.Azərbaycan BMT, Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarla əməkdaşlığını inkişaf etdirməyə xüsusi diqqət yetirir. Deputat Prezident İlham Əliyevin “biz beynəlxalq ictimaiyyətin tam əksəriyyəti ilə çox konstruktiv münasibətlər qurmuşuq” fikrini xatırladaraq vurğulayıb ki, Azərbaycan müxtəlif sivilizasiyalar arasında körpü rolunu uğurla yerinə yetirir. Hazırda qlobal çağırışlar yeni əməkdaşlıq istiqamətlərinin formalaşdırılmasını tələb edir. Yaşıl enerji, rəqəmsal transformasiya, süni intellekt, kibertəhlükəsizlik və dayanıqlı inkişaf sahələri Azərbaycanın beynəlxalq tərəfdaşlıq siyasətinin əsas perspektivlərini əhatə edir. Bərpa olunan enerji mənbələrinin inkişafı, ekoloji layihələrin həyata keçirilməsi və innovativ texnologiyaların tətbiqi ölkənin dünya iqtisadiyyatına inteqrasiyasını daha da sürətləndirir”.
Könül Nurullayeva qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu Azərbaycanın dünya birliyində mövqeyinin daha da möhkəmlənməsinə, beynəlxalq nüfuzunun artmasına və regionda etibarlı tərəfdaş kimi rolunun güclənməsinə xidmət edir.

Günel Elxan