“Azərbaycanda azad internet mühiti var” Layihə

“Azərbaycanda azad internet mühiti var”

Osman Gündüz: "Azərbaycanda insanlar internetdən kifayət qədər sərbəst istifadə edə bilirlər"
Sevinc Fətəliyeva: "Müasir dünyada internet demokratiyanın, söz və ifadə azadlığının göstəricisidir"
Sahibə Qafarova: "Müasir cəmiyyəti internetsiz, informasiyasız təsəvvür etmək mümkün deyil"

İnternet azadlığı və təhlükəsizliyi müasir dövr cəmiyyətləri üçün mübahisə predmeti olaraq qalır. Hətta demokratiya ilə bağlı xeyli irəli gedən Türkiyə Cumhuriyyətinin baş naziri Rəcəb Tayyib Ərdoğan Fasebook və "youtube"nin bağlanma ehtimalınını oluğunu bildirdi və bunu əsaslandırmağa çalışdı. Bununla da qardaş ölkədə internet azadlığı ilə bağlı mübahisələr başladı. Azərbaycanda da bu məsələ zaman-zaman müzakirə obyekti olub və indi də proses davam edir.
İKT üzrə ekspert Cahid İsmayıloğlu informasiya təhlükəsizliyi məsələsini həm dünya, həm də ölkəmiz üçün həyati məsələ olduğunu vurğulayıb: "Biz informasiya cəmiyyətində yaşayırıq və informasiya təhlükəsizliyi bu cəhətdən həm dünya, həm də ölkəmiz üçün həyati bir məsələdir. Çünki təhlükə dünyada da, ölkəmizdə də hər zaman mövcuddur. Ümumiyyətlə informasiya təhlükəsizliyinin iki mühüm istiqaməti var: zərərli informasiyalardan qorunma və mühüm, əhəmiyyətli informasiyaların qorunması. Biz bu gün informasiya müharibəsi şəraitində yaşayırıq və ölkəmizə qarşı internetdə istənilən qədər zərərli informasiyalar yayılır. İkinci bir tərəfdən isə Qarabağ probleminin, Xocalı soyqırımının, mədəniyyətimizin təbliği ilə bağlı internetdə çox böyük bir kontent kütləmiz var. Biz bunun vasitəsi ilə mübarizə aparırıq və bu informasiyaların qorunması bizim üçün həyati məsələdir. Bunun üçün hazırda ölkəmizdə güclü internet infrastrukturu yaradılır, çünki bu məsələlər paralel şəkildə həyata keçirilməlidir".
İnternetdə təhqir hallarının baş vermə səbəbləri və bunların araşdırılmasının mümkünlüyü ilə bağlı danışan Cahid İsmayıloğlu qeyd edib ki, sosial şəbəkələrdən istifadənin geniş yayılması, azad internet mühitinin mövcud olduğu şəraitdə bu cür halların baş verməsi təbiidir: "Amma bu işləri məqsədli şəkildə həyata keçirənlər var. Müəyyən siyasi qüvvələr öz siyasi mübarizələrini qara piar üzərində qurub aparırlar, siyasi fəaliyyətsizliklərini bu üsullarla həyata keçirirlər. İnternetdə təhqir halları əsasən bu aspektdə meydana gəlir. Ümumiyyətlə isə əhali arasında bu cür təhqir faktları yoxdur, çünki bizim mintalitetimiz də buna imkan vermir. Bütün bunlara baxmayaraq Azərbaycanda azad internet mühiti var. İnternetdə aparılan hər bir əməliyyatlar mərhələ-mərhələ texniki olaraq serverlərdə qeydiyyata alınır. Heç kəs etdiyi əmələ görə məsuliyyətdən azad deyil".
İnformasiya təhlükəsizliyinin pedaqoji aspektlərindən danışan ekspert bu məsələnin bütün valideynləri narahat etdiyini söyləyib. İnternetdə uşaqlar üçün çoxsaylı zərərli informasiyaların olduğunu vurğulayan Cahid İsmayıloğlu bundan çıxış yolunun olduğunu və internet provayderlərə etdiyi təklifi dilə gətirib: "Dünyada olan bir təcrübəni mən yerli provayderlərə təklif etmək istəyirəm. Hər bir provayder istifadəçilərinə "uşaq paketi" adlı bir xidmət təklif etməlidir. O paketdən istifadə edən internet ünvanında zərərli saytlar birdəfəlik qadağan edilməlidir".
Ekspertin fikrincə, hər bir Azərbaycan vətəndaşı, əsasən də gənclər bu inforamasiya müharibəsində bir əsgər rolunu oynayır: "Biz çalışmalıyıq ki, bütün ağrılı məsələlərimizdə - Xocalı soyqırımı, Qarabağ problemi ilə bağlı internetin imkanlarından maksimum istifadə edərək təbliğat mexanizmində iştirak edək. Əminəm ki, bu halda biz dövlət olaraq daha da güclənəcəyik, vətəndaş olaraq dövlətimizin işində daha çox iştirak edəcəyik, kömək göstərəcəyik. Bu istiqamətdə internetin müsbət cəhətlərini yaddan çıxarmamalıyıq".
Millət vəkili Sevinc Fətəliyeva isə qeyd edib ki, dövlət orqanları və vətəndaşlar arasında real vaxtda sabit ictimai-siyasi fikir mübadiləsi davam edir. Onun sözlərinə görə, elektron hökumətin yaradılması təqdir olunur, insanlar və hökumət arasında daha güclü, daha şəffaf və daha asan əlaqələrin qurulmasında internet böyük bir töhfədir: "İnternet vasitəsi ilə gənclər siyasi liderlər, siyasi partiya və bloklar, onların platforması haqqında məlumat əldə edir və bu onların əsas informasiya mənbələrindən birinə çevrilir". Sevinc Fətəliyeva Azərbaycanda internetin azad olduğunu da diqqətə çatdıraraq deyib ki, müasir dünyada internet demokratiyanın, söz və ifadə azadlığının göstəricisidir: "Azərbaycanda internet azaddır. Ölkəmizdə internet azadlığı bizim əsas nailiyyətlərimizdən biridir. Bu gün əhalinin təxminən 65 faizi internet istifadəçisidir. İstər bloqqerlər, istər media nümayəndələri internet vasitəsilə də öz fikirlərini azad ifadə edirlər, hər hansı daxili və ya xarici informasiya resurslarının istifadəsinə məhdudiyyət qoyulmur. Hər bir ölkədə olduğu kimi sosial şəbəkə həyatımızın ayrılmaz hissəsinə çevrilib. İfadə azadlığı, plüralizm və cəmiyyətin inkişafı üçün vacib olan digər şərtlər obyektiv məlumatın əldə edilməsində, tam demokratik idarəçiliyə nail olmaqda mühüm amillərdir. Vətəndaş cəmiyyətinin inkişafında və demokratik sistemlərin tərəqqisində internetdən və sosial şəbəkələrdən lazımınca istifadə vacibdir".
Millət vəkili Sahibə Qafarova isə vurğulayıb ki, informasiya kommunikasiya texnologiyalarının inkişafı, internetə azad çıxışın təmin olunması müasir demokratik cəmiyyətin əsas məqsədlərindən biridir: "Müasir cəmiyyəti internetsiz, informasiyasız təsəvvür etmək belə mümkün deyil. Azərbaycan da demokratik bir dövlət kimi, informasiya kommunikasiya texnologiyalarının inkişafını iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri elan edib. Son 10 ildə respublikamızda dövlət səviyyəsində informasiya-kommunikasiya texnologiyalarının inkişafı və informasiya cəmiyyətinin qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Belə ki, Azərbaycan Prezidenti tərəfindən 2003-2012-ci illər üçün informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya müəyyənləşdirilib və bu Strategiyanın davamı olaraq 2004-cü ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılıb, 2005-2007-ci illər üçün ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı, 2005-2008-ci illər üçün rabitə və informasiya texnologiyalarının ("Elektron Azərbaycan") inkişafı və 2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə dövlət proqramları təsdiq edilib. Görülən işlərin uğurlu davamı kimi, ötən il Azərbaycanın ilk süni peyki orbitə buraxılıb və 2013-cü il İKT ili elan edilib. Eyni zamanda, son 10 ildə Azərbaycanda internet resusları sürətli inkişaf yolu keçib və ölkəmizdə internetə çıxışa və ondan istifadəyə heç bir məhdudiyyət qoyulmur. İfadə azadlığı, plüralizm və cəmiyyətin inkişafı üçün vacib olan digər şərtlər obyektiv məlumatın əldə edilməsində, tam demokratik idarəçiliyə nail olmaqda mühüm amillərdir. Vətəndaş cəmiyyətinin inkişafında və demokratik sistemlərin tərəqqisində internetdən və sosial şəbəkələrdən lazımınca istifadə vacibdir. Bu gün Azərbaycanda internet azadlığı təmin olunub, insanlar internetdən azad şəkildə istifadə edirlər, sosial şəbəkələrə heç bir məhdudiyyət yoxdur".
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə bildirib ki, azad internet dedikdə müxtəlif məsələlər başa düşülə bilər: "Bura insanların internetdə sərbəst fikirlərini ifadə etməsi, istənilən yerdə internetə rahat girişin təşkili, paylaşılan və yazılan xəbərlərə görə istifadəçilərin təzyiq və təqiblərə məruz qalmaması və digər məsələlər daxildir. Azərbaycanda insanlar internetdən kifayət qədər sərbəst istifadə edə bilirlər. Əvvəlki illərlə müqayisədə Azərbaycanda internetə çıxış kifayət qədər asanlaşdırılıb. Eyni halda son illərdə ölkədə mobil internet kifayət qədər inkişaf elədi. Lakin əsas problem qiymətlərə adekvat olmayan sürətin təklifidir. Belə ki, Azərbaycanda 10 manata 2 MB internet sürəti almaq olduğu halda, Ukrayna və Rusiyada həmin qiymətə 50 MB sürət əldə etmək mümkündür. Onu da nəzərə almaq lazımdır ki, 5 il bundan qabaq Azərbaycanda 2 MB sürətli internetin qiyməti 1500 dollar idi. İndi isə bu göstərici 10 dollardır. Bu konteksdən məsələyə yaxınlaşanda deyə bilərik ki, internet sahəsində kifayət qədər irəliləyişlər əldə etmişik".
Artıq 1 milyondan çox azərbaycanlının fasebook istifadəçisinə çevrildiyini bildirən ekspert, "bunun özü kifayət qədər böyük bir göstəricidir. Eyni halda fasebookdan istifadənin mahiyyəti də tamamilə dəyişib. Belə ki, əvvəlki illərdə insanlar facebookdan əyləncə və tanışlıq kimi işlər üçün istifadə edirdilərsə, hazırda sosial şəbəkələr ictimai-siyasi məsələlərin müzakirə meydanına çevrilib.
Deyilənlərlə yanaşı Azərbaycanda internetlə bağlı kifayət qədər problemlər mövcuddur. Rayonlardan internetə girişin rahat olduğu halda, kəndlərdə bununla bağlı kifayət qədər ciddi problemlər mövcuddur və insanlar keyfiyyətli internetdən istifadə edə bilmirlər. Eyni halda hökumət qurumlarının məlumatlarının internetdə yerləşdirilməsi ilə bağlı da problemlər var. Halbuki qanunvericiliyin tələbinə uyğun olaraq bütün rəsmi qurumlar və orqanlar özlərinin məlumatlarını internetə yerləşdirməlidirlər".

Əli