Ermənilərin iqtisadi terroru Layihə

Ermənilərin iqtisadi terroru

İşqal olunmuş ərizələrimizdə erməni xarici şirkətlərinin talançılığı davam edir

II yazı

İşğal altındakı ərazilərə pul qoyan xarici investorlar əsasən ermənilərdir, Ermənistan da oyuncaq "dövləti" təkbaşına dolandıra bilmir. Araşdırmalar, müxtəlif xarici və yerli mənbələrdən əldə edilən məlumatlar göstərir ki, Qarabağın təbii sərvətləri işğal edilmiş torpaqlarda qurulan oyuncaq "müstəqil dövlətin" əsas gəlir mənbəyinə çevrilib. 1990-cı illərin sonlarına qədər işğal edilmiş yaşayış məntəqələrindən azərbaycanlılara aid mülkiyyəti talan etməklə dolanan ermənilər indi bu "ehtiyatların" tükənməsindən sonra təbii sərvətlərin daha intensiv talan edilməsinə girişiblər. Bu məqsədlə Ermənistan və xaricdəki erməni diasporu xarici investorları öz cinayətkar əməllərinə ortaq etməyə və onları Qarabağda təbii ehtiyatların istismarına investisiya qoymağa inandırmağa çalışır. Hələlik iri investorların bu bölgəyə marağından söhbət getməsə də, əksəriyyəti müxtəlif xarici ölkələrdən olan erməni iş adamlarının qurduğu bir çox şirkətlər beynəlxalq qanunlara zidd olaraq Azərbaycanın mülkiyyəti olan sərvətlərin talan edilməsini həyata keçirməkdədir. İşğal edilmiş ərazilərdə təbii sərvətlərin talan edilməsi təkcə separatçı erməni rejiminin əsas dolanışıq mənbəyi olmayıb, həm də Ermənistan iqtisadiyyatının da əsas gəlir mənbələrindən birinə çevrilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, işğal edilmiş ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən: 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 1 perlit, 1obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları (əqiq, yəşəm, oniks, cad, pefritoid və s.), 11 şirin yeraltı su və 10 mineral su yataqları yerləşir. Bu ehtiyatlar Azərbaycanın iqtisadi potensialında mühüm əhəmiyyət kəsb edirdi və şübhəsiz ki, Ermənistanın təcavüzü olmasaydı, onların istismarına iri investorlar cəlb edilmişdi. Lakin indi ermənilər bu ehtiyatları necə gəldi talamağa girişiblər. Çünki qondarma rejimi ayaq üstə saxlaya bilmək üçün başqa imkanlar tükənir. Ermənistanın apardığı bütün təbliğata baxmayaraq, faktlar göstərir ki, Qarabağda ermənilər ancaq xaricdəki erməni diasporunun göndərdiyi vəsaitlər, hər il keçirilən və pul dilənməkdən başqa adı olmayan xeyriyyə marafonlarından toplanan pullar, İrəvanın ayırdığı vəsaitlərlə dolanır. Bölgədə işsizlik kifayət qədər yüksək həddədir, işləyən əhalinin yarıdan çoxu işğalçı qüvvələrdə xidmət edən hərbçilərdən ibarətdir. Üstəlik, son illər Ermənistan iqtisadiyyatının daha bərbad duruma düşməsi nəticəsində qondarma rejimi dolandırmaq İrəvan üçün getdikcə çətinləşir.
Deməli, əsas ümidlər Azərbaycan torpaqlarındakı yerüstü və yeraltı qiymətli sərvətləri talamaqdır. Elə separatçı rejimin rəhbərliyi də erməni mətbuatına müsahibəsində Dağlıq Qarabağda iqtisadiyyatın ancaq ianələr və Ermənistanın ayırdığı pullar hesabına ayaqda durduğunu etiraf edib. Separatçılar deyirlər ki, Dağlıq Qarabağa yardım üçün keçirilən xeyriyyə telemarafonlarında toplanan vəsait də hər il azalır. Ən yaxşı halda belə telemarafonlarda erməni diasporundan 10-15 milyon dollar toplamaq mümkündür ki, bu da iqtisadi inkişaf üçün cüzi məbləğdir. Separatçı rejim Dağlıq Qarabağa investisiya qoyan xarici investorların da əsasən ermənilərdən ibarət olduğunu deyib. Üstəlik, etiraf edib ki, xaricdəki ermənilər də Dağlıq Qarabağa irihəcmli investisiyalar yatırmağa maraqlı deyil. "Gözləmək çətindir ki, indiki situasiyada iri erməni investorları Dağlıq Qarabağa pul qoysun" deyə, separatçı "baş nazir" bildirib.
Ermənilər işğal edilmiş ərazilərdən qiymətli təbii sərvətləri talamağa əsasən 90-cı illərin sonlarında - 2000-ci illərin əvvəllərində başlayıblar. Kəlbəcərin Ermənistanla sərhəd bölgələrindəki zəngin qızıl yataqlarında qanunsuz istismar aparılıb və bu proses indi də davam edir. Sonradan Ağdərə və Zəngilanda da qızıl yataqlarının talan edilməsi başlayıb. Tanınmamış Dağlıq Qarabağ "hökuməti" də dağ filiz sənayesini ən çox gəlir gətirən perspektivli sahə hesab edir. 2002-ci ilin avqust ayında yaradılmış "Base Metals" MMC şirkəti artıq 2 ildir ki, Ağdərə rayonunun Qızılbulaq (Drambon) kəndindəki mis-qızıl mədənlərini işlədir. Məlumata görə, Qızılbulaq yatağında qızıl ehtiyatı 13,5 ton təşkil edir. Mədəndə hər ay 12 min ton filiz çıxarılır və saflaşdırma kombinatında emal edilir. Konsentrat Ermənistana aparılır, orada təkrar emal olunduqdan sonra tərkibində qızıl olan mis Avropa bazarına çıxarılır. Bu şirkət Avstraliyanın "İnternational Base Metals Limited" şirkətinin törəmə müəssisəsidir və həmin ölkədə yaşayan erməni iş adamı tərəfindən qurulub. Ötən ay Qarabağda olan rusiyalı jurnalistlər də Qızılbulaqda qanunsuz hasilatla məşğul olan "Base Metals" şirkətinin fəaliyyətinin şahidi olublar. Belə məlum olurdu ki, ermənilər bu fəaliyyətin beynəlxalq qanunların pozulması və talançılıq faktı olduğunu dərk edərək şirkətin işi ilə maraqlanan xarici jurnalistlərdən xeyli narahat olublar. İşğal edilmiş ərazilərdə faydalı qazıntıların hasilatı ilə "Maneks və Valeks" adlı şirkət də məşğuldur. Bu şirkət Qarabağda işlətmək üçün 2005-ci ildə əsasən Cənubi Amerika ərazilərindən (Braziliyadan və Argentinadan) 146 nəfər işçi gətirib.
1997-ci ilin sentyabr ayında Kəlbəcərdə filizçıxarma işlərinin aparılması üçün Ermənistanın Sənaye və Ticarət Nazirliyi ilə Kanadanın "First Dynasty Mines" ("FDM") şirkəti arasında müqavilə imzalanıb. "FDM"-in aktivləri "STERLİTE GOLD LTD" Şirkətinə məxsusdur. Şirkətin baş qərargahı Böyük Britaniyanın London şəhərində, səhmləri isə Toronto fond birjasında hərraca çıxarılır. Erməni mənbələrində yer alan statistikaya əsasən 2001-2003-cü illər ərzində qondarma "respublikanın" iqtisadiyyatının dirçəldilməsinə 35 milyon ABŞ dolları məbləğində investisiya qoyulub. Bu məbləğin 25 mln dolları xarici, 5 mln. dolları Ermənistanın və bu qədər də Qarabağda yaşayan iş adamlarının payına düşür. Həmin vəsait də əsasən mineral ehtiyatların istismarına yönəldilib. Son illər isə ABŞ, Kanada, Fransa, Avstraliya, İsveçrə, Livan, Rusiya və Ermənistanda yaşayan Qarabağ erməniləri tərəfindən Dağlıq Qarabağa investisiyalar daxil olmaqdadır. Bu investisiyaların bir qayda olaraq hamısı təbii sərvətlərin və faydalı qazıntıların talan edilməsinə sərf olunur. İşğal edilmiş bölgələrdə qızıl ehtiyatlarından sonra ən çox talanan sərvətlər meşələr hesab oluna bilər. Belə ki, Ermənistandan və xaricdən axın edən ermənilər Kəlbəcər, Laçın, Qubadlı və digər bölgələrdən qiymətli ağac növlərini kütləvi şəkildə qıraraq yarımfabrikat şəklində xarici ölkələrə satırlar. Ermənistan mətbuatından götürülmüş faktlara əsasən, bu talançılıqda inhisarçı mövqe düşmən ölkənin hakim siyasi elitasına aiddir. Belə ki, keçmiş prezident Robert Köçəryan Qarabağda ağac emalı, qızıl hasilatı və digər biznes sahələrinə nəzarət edir. İndiki prezident Serj Sərkisyan isə Dağlıq Qarabağda bütün üzüm emalı və mineral su istehsalını əlində cəmləyib. Sərkisyan, Köçəryan və Ermənistanı idarə edən "Qarabağ klanın" digər üzvləri milyarderlər statusundadır və onların bu cür varlanmasında Azərbaycan sərvətlərinin talan edilməsinin də əhəmiyyətli payı var.
Ermənilər tərəfindən talan edilən Vejnəli qızıl yatağı isə Zəngilan rayonu ərazisində yerləşir. Burada qızıl ehtiyatları 6,5 ton təşkil edir. Qara mis istehsalı ilə məşğul olan "Armenian Copper Proqramme" (ACP) QSC-i 2004-cü ildə 40 min ton konsentrat emal edərək 9,5 min ton qara mis əldə edib. 2003-cü ildə isə 24 min ton konsentratdan 6,3 min ton mis emal edilib. Əldə edilən məhsul Avropanın mis əritmə zavodlarına göndərilib. Son məlumatlara görə, Qarabağda təbii ehtiyatların istismarına 30-a yaxın şirkət cəlb edilib. Bir neçə il əvvəl isə Dağlıq Qarabağda "GF" firması və Kuba şirkəti qiymətli daşlarından istifadə etməklə kiçik suvenirlərin hazırlanması işlərinin başlanması üçün razılıq da əldə etmişdi və bu layihəyə 20 milyon dollar yatırmaq nəzərdə tutulmuşdu.
Rəsmi Bakı işğal edilmiş ərazilərdə xarici şirkətlərin fəaliyyəti ilə bağlı faktları toplayaraq diplomatik kanallarla onların fəaliyyətini dayandırmağa çalışır. Məsələn, 2007-ci ildə Azərbaycan XİN-in etirazından sonra Dağlıq Qarabağda təbii sərvətlərin istismarı ilə məşğul olan Rusiya şirkətlərinin fəaliyyətini dayandırmaq mümkün olub. Son vaxtlar isə Azərbaycan dövləti işğal edilmiş ərazilərdə qurulan oyuncaq rejimi iqtisadi baxımdan təcrid etmək üçün daha çevik iş aparmağa çalışır. Qarabağa gələn xarici vətəndaşlar və şirkətlər XİN-in xüsusi "qara siyahı "sına daxil edilir. Lakin qeyd etmək lazımdır ki, işğal altındakı bölgələrdə sərvətlərimizin talanmasına qarşı Azərbaycanın əlində olan vasitələr məhduddur. Bu qanunsuz iqtisadi fəaliyyətlə bağlı əsasən diplomatik kanallardan istifadə edilir ki, o da bir çox hallarda effekt vermir. Məsələn, hansısa xarici ölkədə qeydiyyatdan keçmiş şirkətin işğal edilmiş bölgələrdə fəaliyyəti qeydə alındıqdan sonra bu ölkəyə verilən notaya belə cavab gəlir ki, söhbət özəl şirkətdən getdiyi üçün onların fəaliyyətinə müdaxilə mümkün deyil. Bununla belə, rəsmi Bakı işğal edilmiş ərazilərdə sərvətlərimizin talanmasına qarşı səyləri gücləndirərək bu şirkətlərlə bağlı sübutları toplamalı və beynəlxalq məhkəmə instansiyalarına müraciət etməlidir. Eyni zamanda həmin şirkətlərə xəbərdarlıq olunmalıdır ki, onlar Azərbaycanın iqtisadi sanksiyaları ilə üzləşəcəklər. Bir çox xarici şirkətlər məhz rəsmi Bakının xəbərdarlığından sonra Dağlıq Qarabağla əməkdaşlığı dayandırıblar və geri çəkiliblər.
Ermənistan təcavüzkar siyasəti üzündən iri regional layihələrdən kənarda qalıb, Türkiyə ilə sərhədləri bağlıdır və iqtisadiyyatı bərbad durumdadır. Bu səbəbdən Dağlıq Qarabağdakı oyuncaq rejimi saxlamaq da iqtisadi baxımdan asan deyil. Belə vəziyyətdə Azərbaycan işğal edilmiş ərazilərə birbaşa investisiyaların yatırılmasını nə qədər çox əngəlləyə bilsə ermənilər üçün dolanışıq o qədər çətinləşəcək.

Cavid