Millinin basketbolçusu: Banqkokda qazanılan gümüş medal çox layiqli nəticədir İdman

Millinin basketbolçusu: Banqkokda qazanılan gümüş medal çox layiqli nəticədir

Banqkokda keçirilən Çempionlar Kubokunda qazanılan gümüş medal çox layiqli nəticədir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin üzvü Tatyana Deniskina Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda gümüş medal qazanmaları ilə bağlı danışarkən deyib.

O, komandanın ümumi çıxışını müsbət dəyərləndirib: “Əlbəttə, finala qədər irəlilədikdən sonra hər zaman qızıl medal qazanmaq istəyirsən. Komanda xarakter nümayiş etdirdi, yaxşı oyun göstərdi və finala gedən yolda güclü rəqibləri məğlub etməyi bacardı. Bu, 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə uğrunda mübarizə baxımından vacib təcrübə və irəliyə doğru atılmış addımdır”.

Təcrübəli basketbolçu finalda məğlub olduqları Niderland yığması barədə də danışıb: “Bu rəqib yüksək səviyyədə çıxış edən güclü və təcrübəli komandadır. Finaldakı məğlubiyyətin səbəbləri isə bizim səhvlərimiz, rəqibin atışları yaxşı reallaşdırması və turnirin gərgin oyunlarından sonra yığılan yorğunluq oldu. Lakin uduzmağımıza baxmayaraq, finala yüksəlmək və gümüş medal qazanmaq Azərbaycan üçün böyük uğur, eləcə də mövsümə yaxşı başlanğıcdır”.

Qeyd edək ki, üç gün davam edən turnirin qalibi olan Niderland millisi Olimpiya Təsnifat turnirinə lisenziya qazanıb.