Gender bərabərliyi: “qadınlar cəmiyyətin bütün sahələrində əvəzsiz rol oynayırlar” Layihə

Gender bərabərliyi: “qadınlar cəmiyyətin bütün sahələrində əvəzsiz rol oynayırlar”

8 Mart – Beynəlxalq Qadınlar Günü tarixən qadınların hüquq və azadlıqları uğrunda apardığı mübarizənin simvolu olmaqla yanaşı, bu gün artıq müasir cəmiyyətlərdə gender bərabərliyinin real vəziyyətinin qiymətləndirildiyi, dövlət siyasətinin, ictimai münasibətlərin və sosial düşüncə tərzinin obyektiv şəkildə təhlil edildiyi mühüm bir tarixə çevrilib. Bu gün qadına verilən dəyər yalnız təntənəli çıxışlar, simvolik jestlər və ya rəsmi tədbirlərlə deyil, onun gündəlik həyatda hansı imkanlara malik olması, hansı çətinliklərlə üzləşməsi və bu çətinliklərin necə aradan qaldırılması ilə ölçülür.

Azərbaycan cəmiyyətində qadın anlayışı dərin tarixi və mədəni köklərə söykənir. Qadın ailənin təməl sütunu, nəsillərin formalaşdırıcısı, milli-mənəvi dəyərlərin qoruyucusu kimi qəbul olunmaqla yanaşı, müasir dövrdə ölkənin sosial-iqtisadi və ictimai-siyasi inkişafında da fəal iştirakçıya çevrilir. Son illərdə qadınların təhsilə çıxış imkanlarının genişlənməsi, elm, səhiyyə, mədəniyyət, media və sahibkarlıq sahələrində artan fəallığı, dövlət idarəçiliyində və parlament mühitində təmsilçiliyinin yüksəlməsi bu dəyişimin bariz nümunələrindəndir.

Dövlət səviyyəsində gender bərabərliyinin təmin edilməsi istiqamətində atılan addımlar hüquqi və institusional çərçivənin formalaşdırılmasına xidmət edir. Qadın hüquqlarının qorunması, sosial müdafiə mexanizmlərinin gücləndirilməsi, məşğulluq imkanlarının artırılması və zorakılığa qarşı mübarizə sahəsində qəbul olunan qərarlar bu siyasətin əsas istiqamətlərini təşkil edir. Eyni zamanda, beynəlxalq öhdəliklər və qlobal gender gündəliyi ilə uyğunlaşma Azərbaycanın bu sahədə strateji mövqeyini gücləndirir.

Lakin gender bərabərliyi məsələsi yalnız qanunvericilik müstəvisində həll edilən texniki bir mövzu deyil. Qadının ailədə qərarvermə prosesində iştirakı, iş mühitində karyera yüksəlişi imkanları, əmək bazarında bərabər rəqabət şəraiti, siyasi və ictimai həyatda söz sahibi olması cəmiyyətin real mənzərəsini əks etdirən əsas göstəricilərdir. Bu müstəvidə irəliləyişlərlə yanaşı, hələ də qalmaqda olan sosial stereotiplər, ənənəvi yanaşmalar və gender rollarına dair məhdudlaşdırıcı təsəvvürlər qadınların potensialının tam reallaşmasına mane ola bilir.

Xüsusilə əmək bazarında qadınların daha çox aşağı və orta vəzifələrdə cəmlənməsi, rəhbər və qərarverici postlarda az təmsil olunması, ailə və iş həyatının uzlaşdırılmasında üzləşilən çətinliklər, eləcə də ictimai-siyasi proseslərdə fəallığın arzu olunan səviyyədə olmaması bu sahədə ciddi müzakirə tələb edən məsələlərdəndir. Digər tərəfdən, məişət zorakılığı, sosial risklər və regionlar üzrə imkan fərqləri də gender bərabərliyi mövzusunun həssas tərəflərini təşkil edir.

Məhz bu səbəbdən 8 Mart təkcə bayram deyil, həm də cəmiyyət üçün güzgü rolunu oynayan bir gündür. Bu tarix qadınların qazandığı uğurlarla yanaşı, mövcud boşluqların, sistemli problemlərin və gələcək çağırışların açıq şəkildə gündəmə gətirilməsi üçün mühüm fürsət yaradır. Qadınların ailədə, işdə və ictimai-siyasi həyatda rolunun gücləndirilməsi üçün hansı konkret addımlar atılır, bu addımlar real həyatda hansı nəticələri verir və mövcud çatışmazlıqların aradan qaldırılması üçün hansı mexanizmlər yetərsiz qalır – bütün bu suallar 8 Mart kontekstində daha aktual və prinsipial xarakter alır.

Bu müzakirələr bir daha göstərir ki, gender bərabərliyi yalnız qadınların hüquqları məsələsi deyil, bütövlükdə cəmiyyətin sosial ədalətə, davamlı inkişafa və sağlam gələcəyə doğru irəliləməsinin əsas şərtlərindən biridir.

Əvəzsiz rol

Deputat Arzuxan Əlizadə “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, bu günə yanaşması bir qədər fərqlidir və qadınlara verilən dəyər yalnız ilin bir günü ilə məhdudlaşmamalıdır. Onun sözlərinə görə, qadınlara göstərilən hörmət və diqqət ilboyu, gündəlik həyatın bütün mərhələlərində hiss etdirilməlidir.

Deputat qeyd edib ki, 8 Mart beynəlxalq səviyyədə qadınlara həsr olunan bir gün kimi qəbul olunsa da, Azərbaycan cəmiyyətində qadınlara hər zaman yüksək dəyər verilib: “Biz qadınlarımıza böyük dəyər veririk. Mənim mövqeyim bundan ibarətdir ki, qadınlara təkcə ilin bir günü deyil, hər günü dəyər verməliyik. Qadınlar cəmiyyətin aparıcı qüvvələridirlər. Qadınlar həm ailədə, həm də cəmiyyətin bütün sahələrində mühüm və əvəzsiz rol oynayırlar. Qadınlar anadırlar, bacıdırlar və hər bir kişinin həyatında ən əhəmiyyətli rollardan birincisini məhz qadınlar oynayır. Həm ailədə, həm də ümumilikdə cəmiyyətdə qadınların rolu kifayət qədər yüksəkdir. Bu baxımdan qadınlara sadəcə formal deyil, real və davamlı şəkildə dəyər verilməlidir”.

Deputat qadınların xarakterinə də toxunaraq bildirib ki, onların gücü çox zaman görünməz olsa da, cəmiyyətin formalaşmasında həlledici rol oynayır: “Qadınlar nə qədər zərifdirlərsə, bir o qədər də güclüdürlər. Güclü qadınlar cəmiyyətdə güclü kişilər yetişdirirlər. Onlar həm oğul kimi, həm də ailə başçısı kimi kişilərin formalaşmasına birbaşa təsir göstərirlər. Ailədə həyat yoldaşına dəyər verməklə, ona xüsusi önəm göstərməklə kişinin cəmiyyətdə özünə möhkəm mövqe və uğurlu karyera qurmasına şərait yaradırlar”.

O, bu fikrini tarixi bir nümunə ilə əsaslandıraraq qeyd edib ki, qadına verilən dəyər birbaşa cəmiyyətdə hörmətin formalaşmasına təsir edir: “Şamilin məşhur bir ifadəsi var ki, cəmiyyətdə hörmət qazanmasının əsas səbəbi ondan ibarət idi ki, anam mənə xüsusi önəm verirdi, həyat yoldaşım mənə önəm verirdi və bunu cəmiyyət görürdü. Nəticədə cəmiyyət də hörmətlə yanaşmağa başladı. Bu nümunə qadının rolunun nə qədər əhəmiyyətli olduğunu açıq şəkildə göstərir”.

Deputat 8 Martla bağlı şəxsi yanaşmasını da bölüşərək bildirib ki, bu günün mövcud formatı hər kəs tərəfindən eyni cür qəbul edilmir: “Mənim 8 Martla bağlı fərqli yanaşmam var. Hesab edirəm ki, bu gün bizim mentalitetimizə tam uyğun deyil. Bəlkə də bu, mənim şəxsi baxışımdır. Mən düşünürəm ki, qadınlara hər gün dəyər verilməlidir. Xüsusi Analər Günü formatı daha uyğun ola bilər. Bu məsələyə yenidən baxılmasına ciddi ehtiyac var”.

Sonda Arzuxan Əlizadə bütün qadınları təbrik edib, onlara sağlamlıq, xoşbəxtlik və uğurlar arzulayıb: “İstənilən halda qadınlarımızı təbrik edirəm. Yaxşı ki varsınız, yaxşı ki cəmiyyətdə bu qədər əhəmiyyətli rol oynayırsınız. Bütün qadınlarımıza ən yüksək dəyərləri, cəmiyyətdə xüsusi mövqeyə malik olmalarını, bütün istəklərinə nail olmalarını arzulayıram. Karyera məsələlərində, ailə münasibətlərində xoşbəxtlik diləyirəm. Bir daha qeyd edirəm ki, qadınlar bizim üçün önəmlidir. Bu baxımdan hər birinizi səmimi qəlbdən təbrik edirəm”.

Günel Elxan