“İşğal olunmuş ərazilərdə Azərbaycanın arxeoloji irsi talan edilməkdədir” Layihə

“İşğal olunmuş ərazilərdə Azərbaycanın arxeoloji irsi talan edilməkdədir”

"Ermənilərin Azərbaycana, Azərbaycan xalqına qarşı təcavüzünün faciəli nəticələri təkcə tarixi ərazilərimizin zəbt edilməsi, insanlarımızın qaçqına və məcburi köçkünə çevrilməsi ilə məhdudlaşmayıb. Azərbaycan xalqına qarşı Ermənistanda terror və soyqırım siyasəti dövlət siyasəti səviyyəsinə qaldırılıb, Azərbaycan türklərinin tarixinə, onun tarixi-mədəni, dini abidələrinə, musiqi irsinə və etnik-mədəni dəyərlərinə də ağır zərbələr vurulub". Bu fikirləri ekspert Nigar Sultanlı öz yazısında qeyd edib. O bildirir ki, "Ermənistan beynəlxalq sənədlərdə təsbit olunmuş müddəaları kobudcasına pozaraq, məhz islam dünyasının gözü qarşısında Azərbaycanın islam irsinə aid olan mədəni sərvətlərini talamaqda, kütləvi şəkildə məhv etməkdədir. Müxtəlif beynəlxalq təşkilatlar, ictimai-siyasi qurumlar (YUNESKO, İSESKO) da Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını pisləyib, ondan vandalizm aktlarına son qoyulmasını tələb ediblər. Bu qətnamələrdə Ermənistan tərəfindən etnik təmizləmə məqsədi ilə məscidlərin və islama aid olan digər müqəddəs yerlərin – pirlərin, sərdabələrin tam və vəhşiliklə dağıdılmasının vandalizm aktı olduğu bəyan edilir, işğal altındakı ərazilərdə Azərbaycanın mədəni irsinə, tarixi, dini abidələrinə, qutsal məkanlarına qarşı törədilən vandallıq əməlləri qeyri-insani hərəkətlər kimi pislənilib. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində erməni təcavüzkarları tərəfindən islam irsinə vurulmuş böyük zərərlərin, islam mədəniyyətinə aid dini tarixi abidələrin, xüsusən məscidlərin, alban məbədlərinin, qədim məzarlıqların, arxeoloji qazıntıların, muzeylərin, kitabxanaların, rəsm qalereyalarının, dövlət teatrlarının, musiqi məktəblərinin tam və ya bir qisminin dağıdılması, zəbt edilmiş muzeylərdən çoxsaylı qiymətli əşyaların, milyonlarla kitab və tarixi əlyazmaların çıxarılması və məhv edilməsi faktlarına diqqət yetirilib. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) toplantılarında da Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində islam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması haqqında bir sıra qətnamələr qəbul edilib. Bütün qətnamələrdə erməni təcavüzkarlarının Azərbaycanın işğal olunmuş ərazilərində islam sivilizasiyasının tam məhv edilməsinə yönəldilmiş vəhşi hərəkətləri kəskin və ciddi surətdə pislənilir. Azərbaycan ona dəymiş ziyana görə kompensasiya almaq hüququna malikdir və bu ziyanın tam şəkildə ödənilməsi üçün məsuliyyət Ermənistanın üzərinə düşür".
Onun sözlərinə görə, mədəni mülkiyyətin həm dinc dövrdə, həm də müharibə zamanı mühafizəsi məsələlərinin 1945-ci ildə Nizamnaməsi qəbul edilmiş BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) rolu böyükdür: "Təşkilatın nizamnaməsinin 1-ci maddəsinin 2-ci bəndində onun vəzifələrindən biri kimi bəşəriyyətin ümumdünya irsinin – kitabların, incəsənət əsərlərinin və tarixi elmi əhəmiyyətli abidələrin qorunub saxlanılmasının və mühafizəsinin qayğısına qalmaq göstərilib. YUNESKO-nun himayəsi altında qəbul edilmiş 14 may 1954-cü il tarixli Haaqa konvensiyasının 28-ci maddəsinə əsasən iştirakçı dövlətlər öz cinayət qanunvericilikləri çərçivəsində vətəndaşlığından asılı olmayaraq, bu Konvensiyanı pozub və ya pozmağı əmr etmiş şəxslərin üzə çıxarılıb barəsində cinayət və ya inzibati sanksiyalar tətbiq edilməsi üçün lazımi tədbirlərin görülməsini öz üzərinə götürürlər. YUNESKO-nun dəstəyi ilə qəbul olunmuş "Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəlmiş tədbirlər haqqında" 14 noyabr 1970-ci il Konvensiyasının 2-ci maddəsi mədəni mülkiyyətin bununla bağlı bütün təhlükələrdən mühafizə olunmasını təmin edən ən təsirli hüquqi sənəd olduğunu qeyd etmək yerinə düşür. 26 mart 1999-cu ildə "Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına 2-ci protokol qəbul edilib. Bu protokol Konvensiyanın normalarını iki istiqamətə – silahlı münaqişə zamanı mədəni mülkiyyətin mühafizəsinin gücləndirilməsi və dövlətlərin bu sahədə beynəlxalq öhdəliklərinin daha səmərəli yerinə yetirilməsini təmin etməyə yönəlmişdir. Azərbaycan xalqının mədəni irsinin yüz illər boyunca ermənilər tərəfindən "gəldim, gördüm, mənimsədim" sxemi üzrə mənimsənilməsi ermənilik mifologiyası ilə sıx bağlıdır. "Böyük Ermənistan" mifinin reanimatorlarının niyyətləri kifayət qədər aydındır: gəlmə etnos olan ermənilər onlara məxsus olmayan torpaqlara aid ərazi iddialarının "əsaslandırılmasını" həmin torpaqların həqiqi sakinlərinə məxsus maddi və qeyri-maddi irsin qavranılması, mənimsənilməsi və erməniləşdirilməsi ilə əlaqələndirirlər, xristian mədəniyyətinin yeganə varisi kimi aparırlar".
Onun fikrincə, diaspor Azərbaycanın haqq səsinin dünyaya çatdırılması sahəsində xeyli işlər görüb: "İşğal olunmuş Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinin vəziyyəti ilə əlaqədar Diasporla iş üzrə Dövlət Komitəsi müxtəlif dövlətlərə, beynəlxalq təşkilatlara, Azərbaycanın səlahiyyətli dövlət qurumlarına, ictimai təşkilatlara, siyasi partiyalara, ölkə vətəndaşlarına müraciətlər ünvanlayıb. Bu qurumun xətt ilə xaricdə Azərbaycan tarixinin saxtalaşdırılmasının və Azərbaycan mədəniyyətinə məxsus mədəniyyət, incəsənət nümunələrinin xaricdə satışa çıxarılmasının qarşısını almaq, qarət edilib, ölkədən çıxarılmış mədəniyyət, incəsənət nümunələrinin geri qaytarılmasını gerçəkləşdirmək istiqamətlərində işlərin görülməsi nəzərdə tutulur. Azərbaycanın işğal altındakı ərazilərində mövcud olan tarix, mədəniyyət, incəsənət abidələrinin məhvi istiqamətində aparılan vandalizm hərəkətlərinin beynəlxalq miqyasda ifşa edilməsi İSESKO xətti ilə də həyata keçirir. İSESKO-nun baş direktoru problemlə əlaqədar bu təşkilatın mövqeyini bəyan edib, işğala və mədəni təxribata son qoyulmasını tələb edib: "Beynəlxalq ictimaiyyət Ermənistanı ciddi şəkildə məcbur etməlidir ki, Azərbaycanın işğal edilmiş rayonlarında xalqa məxsus dini və mədəni abidələr mühafizə olunsun. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnaməsi yerinə yetirilməlidir. Ermənistanın səlahiyyətli nümayəndələri beynəlxalq təşkilat nümayəndələrinə həmin yerlərə getməyə və Azərbaycan mədəniyyət abidələrinə vurulan zərbələrin, təcavüzün miqyasını görməyə icazə vermirlər. İstərdim ki, beynəlxalq təşkilatlar bu məsələyə cəlb olunsunlar, bununla bağlı Ermənistana qarşı addımlar atılsın. Çünki bu abidələr həm də bəşəriyyətə məxsusdur və buna görə dünya birliyi baş verənlərə laqeyd yanaşmamalıdır".
İşğal olunmuş ərazilərdə dünyanın gözü qarşısında Azərbaycanın arxeoloji irsi talan edilməkdədir, sözün əsl mənasında arxeoloji terror davam etməkdədir. Azərbaycan Respublikası 1999-cu ildə "Arxeoloji irsin qorunması haqqında" Avropa kollektiv Konvensiyasına qoşulub. Konvensiyanın məqsədi arxeoloji irsin Avropa kollektiv yaddaşının mənbəyi, tarixi və elmi araşdırmalar aləti kimi qorunmasını təmin etməkdən ibarətdir. Konvensiyaya qoşulan hər bir tərəf arxeoloji irsin kompleks qorunması, elmi informasiyanın toplanması və yayılması, arxeoloji tədqiqatların və saxlamanın maliyyələşdirilməsi, arxeoloji irs elementlərinin qanunsuz dövriyyəsinin qarşısının alınması və s. kimi öhdəlikləri öz üzərinə götürür ("Arxeoloji irsin qorunması haqqında" Avropa Konvensiyası (La-Valetta, 1992- ci il)). İki yüz ildən artıq davam edən erməni mədəni terroruna qarşı təşviqat, təbliğat işində bizim geri qalmağımızın bir səbəbi də Albaniya-Aran-Qarabağ tarixinin sistemli elmi şəkildə və vaxtında öyrənilməməsidir. Vaxtilə N.Axundov təəssüf hissi ilə etiraf edirdi ki, "Hələ XIX əsrdə həm mətbuatda, həm də Qafqaz Arxeoqrafiya Komissiyasının topladığı sənədlər aktında Qarabağ tarixinə dair saysız-hesabsız materiallar toplanmışdır. Lakin bu vaxta qədər tarixçilərimiz həmin problemi tam şəkildə işıqlandırmamışlar. Elə bu səbəbdən Dağlıq Qarabağ Muxtar Vilayətində məlum hadisələr zamanı erməni müəlliflərinin nəşr etdirdikləri bir sıra kitab və məqalələr həm Azərbaycanda, həm də Ermənistanda sözün həqiqi mənasında çaşqınlıq yaratdı. 1988-ci ildən sonra Azərbaycan mədəniyyətinə qarşı erməni vəhşəti daha da gücləndi. BMT-nin Baş Məclisinin elan etdiyi, BMT və UNESCO-nun himayəsi ilə keçirilən Mülkiyyətin İnkişafının Ümumdünya Onilliyi (1988- 1997) Azərbaycan tarixinə mədəni irsin qorunması onilliyi kimi deyil, ermənilərin Azərbaycan mədəniyyətinə daha açıq və daha dağıdıcı təcavüz mərhələsi kimi daxil oldu. Erməni təcavüzünün genişləndiyi 1993-cü ilin aprelindən etibarən Azərbaycan ərazisi olan Dağlıq Qarabağ ilə Ermənistan sərhədindəki bölgələrdə tarixi və mədəni abidələr ermənilər tərəfindən müasir silahlarla yerlə-yeksan edilmiş, tarixi şəhər və kəndlər dağıdılmışdır".
Onun fikrincə, aşıq, muğam sənətinin UNESCO-nun qeyri-maddi abidələr sırasına salınması mədəni hadisələrdən biridir: "Erməni tarixçilərinin ən böyük təxribatlarından biri də Qafqaz Albaniyası ilə bağlıdır, alban xristian abidələridir. Bu sahədə Azərbaycan tarixçiləri (Z.Bünyadov, E.Məmmədova, K.Əliyev və s.) dəyərli araşdırmalar aparıblar, erməni opponentlərə tutarlı cavablar veriblər. Bu yöndə dövlət səviyyəsində də kompleks işlər görülməkdədir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində Qafqaz Albaniyasının mədəni irsinə dair vahid məlumat bazasının və saytın hazırlanması, bu istiqamətdə milli və beynəlxalq layihələrin dəstəklənməsi, ölkə ərazisində bütün bölgələrdə Qafqaz Albaniyası dövrünə aid abidələrin identifikasiyası, bərpası və qorunması, bu abidələrin ölkədə və xaricdə tanıdılması məqsədilə təbliğat materiallarının hazırlanması, Qafqaz Albaniyası abidələrinin YUNESKO-nun Dünya İrsi Siyahısına təqdim edilməsi üçün sistemli şəkildə tədbirlər təşkil edilir, kitablar yazılır, sənədli filmlər çəkilir. Azərbaycan xalqının mədəni irs nümunələrinin erməniləşdirilməsi ilə bağlı Ümumdünya Əqli Mülkiyyət Təşkilatına müraciət olunur. Təəssüf ki, erməni plagiatlığı ilə bağlı müvafiq qurumların bu təşkilata çoxsaylı müraciətlərinə baxmayaraq, ermənilər mövcud cəzasızlıq şəraitindən istifadə edərək Azərbaycan musiqi, mətbəx mədəniyyətinə, rəqs və xalçaçılıq sənətinə qarşı mənəvi terroru davam etdirirlər...".

Əli