Yurdum Azərbaycan odlar diyarı… Güney Azərbaycan

Yurdum Azərbaycan odlar diyarı…

Çağdaş Güney Azərbaycan poeziyası: həyəcanlı, kədərli, qəzəbli, fərəhli…



Güney Azərbaycanda yaradılan poeziya daim xalqın sözün əsl mənasında mənəvi tələbatını ödəməyə xidmət edib. Bütün Şərqdə olduğu kimi təsəvvüf ədəbiyyatı burada da mövcud olub. Yüzillər boyu Azərbaycan şairlərinin, o cümlədən, Güney Azərbaycan sənətkarlarının ictimai-siyasi və fəlsəfi görüşləri onların ədəbi fəaliyyətinə istiqamət verib və bu fəaliyyətin əsas mündəricəsini təyin edib. Ədəbiyyat onlar üçün qabaqcıl ideyalar uğrunda mübarizədə qüdrətli bir silah olub. Onlar daim ədəbiyyatı mücərrəd mövzulardan, qeyri-real surətlərdən uzaqlaşdırmaq, həyata, varlığa real səhnələrlə zənginləşdirmək uğrunda mübarizə aparıblar, yəni, ədəbiyyatın cəmiyyətə, xalqa xidmət etmək kimi öz əsas vəzifəsini yerinə yetirmək üçün həyatın və varlığın üzvü bir hissəsinə çevirmək üçün çalışıblar. Bu sənətkarların əsərləri parlaq bir güzgü kimi dövrünü, zəmanəsini bizə göstərib, eyni zamanda bu günü yaxşı dərk etməyə, gələcəyə baxmağa kömək edib. Bədii əsər məhz ona görə bədii əsərdir ki, tarixin konkret dövrünü, orijinal simaya malik olan insanlara bədii şəkildə, obrazlar vasitəsilə göstərə bilsin. Sənəti, idrakın başqa vasitələrindən ayıran da budur. Tarix elmi bizə keçmiş hadisələrdən və hazırki vəziyyətdən danışır, bədii əsər isə bizim üçün insan həyatını bədii lövhələrlə əks etdirir, eyni zamanda gözümüzün önündə ağrılı-acılı, sevincli-kədərli, ürəkağrıdıcı, fərəhverici, ruhlandırıcı bədii mənzərələr yaradır. Müasirlik ruhu isə həmişə bədii əsər üçün olduqca vacib sayılır. Bu, yalnız idraki cəhətdən deyil, estetik cəhətdən də böyük əhəmiyyətə malikdir. Bədii səviyyəsi yüksək olan hər yeni əsər isə yenicə çiçək açmış və ətri ətraf mühitə xoş layihə kimi süzülən gül kimidir. Belə ki, bu rahiyəni hər kəs qoxlamaq istəyir.
Çağdaş Güney Azərbaycan şairlərini oxuyuruq, həyəcanlanırıq, kədərlənirik, sevinirik, qəzəblənirik, fərəhlənirik və zəmanə barədə danışmaq istəyirik. Onların əksəriyyəti öz əsərlərində dövrümüzün təlatümlü, ictimai-siyasi hadisələrini, insanların mənəvi-əxlaqi xüsusiyyətlərini elə canlı boyalarla əks etdirirlər ki, bu, televiziya ekranlarındakı təsvirlərdən daha təsirli, daha inandırıcı, daha real olur.
Bu şairlərin yaratdığı əsərlər vəzn, rədif, qafiyə, təkrir, istixarə və başqa janr formalarda klassiklərimizdən bəhrələnsə də, fikir – fəlsəfi mündəricəsi və bədii estetik keyfiyyətləri ilə təmamilə onlardan fərqlənir. Bu şairlərin əsərləri bilavasitə min bir tellərlə yeni əsrin psixoloji, fikri həyatı ilə, ideoloji meylləri, siyasi-ictimai, mənəvi-əxlaqi xüsusiyyətləri və tələbləri ilə bağlıdır. Müasir Güney Azərbaycan şairlərinin əsərlərindəki xəlqilik bir-birini olduqca mükəmməl surətdə tamamlayır. Yəni bu poeziyada elə bir baxış yoxdur ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, dilinə, mədəniyyətinə, təbiətinə uyğun gəlməsin. Bu poeziyada hər şey xalqın zövqünə, həyatına, arzularına uyğundur.
Nalə çəkən, fəryad qoparan, qiyyə vuran, hayqıran bu poeziyadakı xəlqilik, bu şeirlərin bütün ünsürlərinə, dilinə, obrazlar silsiləsinə, təşbehlərinə, təkrirlərinə, istiarələrinə, rədiflərinə, qafiyələrinə, bir sözlə, bütün tellərinə və ilmələrinə hopub...

Mən el aşığıyam, el şairiyəm,
Adım "Çayoğludur", əlimdə sazım.
Yurdum Azərbaycan odlar diyarı,
Odur ki, odludur mənim avazım.

"Əlimdə sazım" ifadəsi ötən əsrin poeziyasında, bir çox şairlərin yaradıcılığında "mənim şeirim", "mənim sözüm" frazeoloji birləşmələrinə sinomin olaraq işlənib. Çayoğlunun 2001-ci ildə qələmə aldığı bu şeirdə "əlimdə sazım" həm də həqiqi mənasında işlənib. Çayoğlu (Bəhruz Dövlətabadi) şair olmaqla yanaşı, həm də musiqiçidir. Buna görə də onun şeirləri musiqilidir, ahənglidir və nəğmə üstündə köklənib. Bizdə belə qənaət hissi olur ki, Çayoğlunun şeirləri sanki öz çaldığı tarın, ümumiyyətlə, xanəndələrin ifası, bəstəçilərin nəğmə mətni üçün yazıb.
Çayoğlu ötən illərdə çap etdirdiyi "Bayatı bayat olmaz" şeirlər kitabında ən çox poetik növ kimi bayatıdan istifadə edib, kitabın adını da "bayatı" ilə əlaqədar rəsmiləşdirib.

Ağzımı tutsalar, incə sazımla,
Elimin dərdini söylərəm sənə.
Zəhmətlə xalqımın istəklərini
Ağlayıban bəyan eylərəm sənə.

Çayoğlu ötən illərdə çap etdirdiyi "Bayatı bayat olmaz" şeirlər kitabında ən çox poetik növ kimi bayatıdan istifadə edib və göründüyü kimi kitabın adını da bayatı ilə əlaqədar rəsmiləşdirib.
Türkdilli xalqlarda bayatı şeir növü kimi mürəkkəbdir. Azərbaycan ədəbiyyatında, folklorunda bayatının misilsiz nümunələri yaranıb. Türk xalqlarının müştərək şeir növü olan bayatının yaranma tarixi qədim dövrlərə gedib çıxır. Bayatı bu xalqların tayfa, ulus halında yaşadıqları dövrlərdə ağız ədəbiyyatı nümunəsi olduğu üçün dilimizin bütün şirinliyi, poetik imkanları, məna şirinliyi, poetik imkanları, məna çalarlığı, bədii təfəkkürü, xüsusiyyətlərini özündə əks etdirir.
Dörd misra, hər misrası yeddi bənddən ibarət olması bu şeir növünün asanlıqla əzbərlənməsinə zəmin yaradır. Bayatıların da bir çox folklor nümunələri kimi müəllifi məlum deyil. Sevindirici haldır, müasir şairlərimiz də bayatılar yaradır. Güney və Quzey şeirlərinin yaradıcılıqlarında bayatının gözəl nümunələrinə rast gəlirlər, xüsusilə də Çayoğlunun poeziyasında. Çayoğlunun bayatıları mövzu etibarı ilə müxtəlif məzmunlu, rəngarəngdir. Ümumiyyətlə, şairin öz kitabına verdiyi ad ("Bayatı bayat olmaz") özünü doğruldur. Bəli, bayatı bizə ədəbi növ kimi əbədidir, populyardır, müasirdir. Bayatı bayat (Güney növlərində "Bayat" - V.Ə.) ola bilməz. Bayatı bizim tariximiz, keçmişimiz, bugünümüzdür və sabahımızdır. Xalqımız tarixən dərdini də, bayatı ilə söyləyib, məhəbbətini də, sevincini də. Çayoğlu da öz sözünü, elinin dərdini bayatı ilə deyir:

Bayatı qaynar çeşmə
Yel çalar, oynar çeşmə.
Zülümkarlar əlindən,
Ürəyi deşmə-deşmə.

Bayatı el qəmidir,
Sazların dilqəmidir,
Hər kəlməsi bir ümman,
Dərindir, sevməlidir.

Bayatı şikəstədə,
Dərman olar xəstədə.
Dolanır dildən dilə,
Oxur işçi işdə də.

Bayatı şirin baldı,
Ormandı, uca dağdı.
Babalardan tükənməz,
Qiymətli yadigardı.

Bayatı gül sözüdür,
Zəmanənin gözüdür,
Hər nə demiş babalar,
Həqiqətin özüdür.

Bayatı bayat olmaz,
Deməginən qurtulmaz
Ana məhəbbətidir,
Heç zaman unudulmaz.

Bayatılarda olduğu kimi, Çayoğlunun da bu poetik növdə yaratdığı nümunələrdə də çağdaş həyatın kədəri, sevinci, enişi, yoxuşu, sosial-siyasi, mədəni-əxlaqi hadisələrini özündə təcəs¬süm etdirir. Çayoğlunun bayatıları ilə yanaşı bir çox lirik şeirləri də var və bu nümunələr bədii-poetik cəhətdən diqqəti cəlb edir. Eləcə də 52 bənddən ibarət olan "Xatirələr dünyası" poeması şairin yaradıcılığında xüsusi yer tutur. Onun bu poeması ustad Şəhriyarın "Heydərbabaya salam" ruhunda yazılıb. Ümumiyyətlə, Şəhriyar poeziyası nümunələri xalqımızın, eləcə də söz adamlarının ruhuna elə hopub ki, hər kim uşaqlıq xatirələrini, epistolyar yönümlü bədii nümunələr yer verirsə, istər-istəməz "Heydərbaba" təsirinə düşür. Yaranan əsərlərdə hecanın ikilik ölçüsü ilə qələmə alınır, deyim, mövzu, ifadələrdə Şəhriyar ədəbi təsiri hiss olunur. Deyərdin ki, Çayoğlu da Şəhriyar ədəbi məktəbinin nümayəndəsidir.

Əzəl gündən qəmi dərdə çatmışam,
Həsrət ilən, qucaqlaşıb yatmışam,
Yuxu içrə hər nə desən, tapmışam,
Səhər durub axtarmışam yerimi,
Görmüşəm ki, yel aparıb belimi.
Böyüdükcə ağır dərdlərə batdım,
Dağlar bir ana tək məni bəslədi,
Duyğum itkin diləkləri səslədi.

"Bu misralar şairin uşaqlıq günlərinin çox da şənliklər və qayğısızlıqlar içində keçməzdiyini göstərir, eyni halda xoş günlərin şirin xatirəsini canlandırmağı, doğma yurdunun təbii mənzərələrini göz önünə gətirdiyi də unutmur" (prof. H.Məmmədzadə).
Çayoğlunun doğma Vətənin, onun təbiəti ilə qırılmaz, möhkəm bir ünsiyyət var. "Quru göl" şeirində orijinal, ürəkaçan, gözəl peyzajlar yaratmağa nail olub.

Səba mizrab olub düşüb canıma,
Nə qəşəng nəğmələr dağıdır sinən.
Bağrında öpüşür buludla günəş,
Səsindən qanıram dağlıdır sinən.

Çayoğlunun poeziyasında şovinizmə, milli mədəni muxtariyyətdən məhrum olan xalqımıza qarşı olan haqsızlığa, zülmə qarşı dərin nifrət, etiraz hiss olunur. Yeniyetmələrin, məktəbyaşlı uşaqların əziyyətindən qəddarcasına istifadə edən sahibkarların cəmiyyətlərini ifşa etmək üçün müasir xalçanı dilləndirir, onun dili ilə bir çox kədərli, ürəkağrıdan məktəbləri oxuculara söyləyir.

Niyə səf bağlayıb baxırsız mənə?
Qanların rəngidir boyuyub səni
İncə barmaqlarla məzlum balalar,
Gecələr yatmayıb toxuyub səni...


Vüqar Əhməd
professor