İran rejiminin gerçək üzü Güney Azərbaycan

İran rejiminin gerçək üzü

Taymaz Mehrəlibəyli: "Yürüşün həyat yoldaşını da həbslə təhdid edirlər"

"Qardaşım məruz qaldığı haqsızlıq və əziyyətlər, eləcə də təhlükəsizlik qurumlarının onun ailəsinə, xüsusilə həyat yoldaşı Sona xanıma qarşı tətbiq etdiyi basqılar və təhdidlərə etiraz olaraq aclıq edir". Bunu aprelin 15-dən Təbriz zindanında aclıq aksiyasına başlamış güneyli məhbus Yürüş (Ayət) Mehrəlibəylinin qardaşı Taymaz Mehrəlibəyli "Amerikanın səsi"nə bildirib.
Onun sözlərinə görə həbs olunmuş fəalın ailəsi İran hökumət orqanları tərəfindən müntəzəm basqılara məruz qalıb.
Qeyd edək ki, Yürüş Mehrəlibəyli Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatı (Yeni GAMOH) Mərkəzi Komitəsinin üzvüdür. O, 2012-ci ilin dekabrında ETTELAAT məmurları tərəfindən saxlanılıb. 2013-cü ilin fevral ayında yenidən həbs edilib. Yeni GAMOH liderləri Yürüş Mehrəlibəyli, Mahmud Fəzli Lətif Həsəni, Şəhram Radmehr və Behbud Quluzadə "qeyri-qanuni təşkilat qurmaq" və "İran İslam Respublikasına qarşı təbliğat aparmaq"da ittiham edilərək hər biri 9 il həbsə məhkum edilib.
Taymaz Mehrəlibəyli bildirib ki, qardaşı Yürüş siyasi məhbus olaraq özünün və digər məhbusların hüququnu tələb edir: "Ailəsinə qarşı basqılara və təhdidlərə son verilməsini istəyir. Onun ailəsinə çox təzyiq ediblər...Keçən dəfə tutulduğunda Yürüşü kiçik oğlunun yanında döymüşdülər. Sonra həyat yoldaşını həbs etdilər... Sona xanımı 10 gün öncə çağırıb, yenə də həbs etməklə təhdid ediblər. Bütün ailəni təhdid edirlər, media ilə danışdığımız təqdirdə bizi də həbs edəcəklərini söyləyirlər".
MəHbusun qardaşı Yeni GAMOH liderlərinin ötən ilin iyul və avqust aylarında keçirdiyi 28 günlük aclıq aksiyasına işarə edərək, onların o vaxt şərtli olaraq aclığa son verdikləri və o şərtlərin bu gün də yerinə yetirilmədiyini qeyd edib.
Onun sözlərinə görə Yeni GAMOH üzvü Behbud Quluzadənin müalicə və əməliyyat üçün məzuniyyətə çıxmasına icazə verilib. Lakin digər məhbusların da ciddi şəkildə müalicəyə ehtiyaclar var. O, həmçinin Təbrizdən uzaqda yaşayan ailələrin məhbuslarla görüşmək üçün Təbrizə gəlməkdə problemlər yaşadığını və qardaşının aclıq aksiyası ilə bu məsələni də gündəmə gətirdiyini vurğulayıb: "Məzuniyyətə çıxmaq məhbusların haqqıdır. Hətta müalicə olmağa ehtiyacları olmasa belə, onlara öz haqlarından istifadə etmək üçün icazə verilməlidir... Digər məhbuslar, xüsusilə Lətif Həsəninin ailəsi Təbrizdən uzaq şəhərdə yaşayırlar. Yürüş həmçinin onların öz şəhərlərinə köçürülməsini tələb edib".