Qulam Yəhyanın xatirələri Güney Azərbaycan

Qulam Yəhyanın xatirələri

16-cı yazı

Mənə elə gəlirdi ki, onlar özlərini "cəsarətli" göstərməyə çalışsalar da tərəf müqabilin zərbələrinə tab gətirə bilməyən boksçulara oxşayırdılar ki, bilmirdilər tərəf onları hansı zərbə ilə gec və ya tez raunda salacaq. Hər halda Molla Nəsirəddin kimi "bəlkə də qaytardılar" misalına ümid bəsləyirdilər. Onlar fikirləşdilər ki, ADF, Azərbaycandakı hərəkatı və bunlarla əlaqədar onları ləkələyənlər birdən müəyyən rütbəyə "çatarkən" onlar "geri qalmış" olarlar. Ona görə də böhtan və iftira etməkdə bir növ yarışırdılar.
Mən bu haqda onların çıxışlarından qısaca yad etmişəm. Ona görə də bir də misal kimi qeyd etmək istəmirəm. Ancaq onu deyim ki, "Mərdom" ruznaməsinin "həbs edilməsindən "firqənin xalq arasında hörməti "olmamasından" azərbaycanlıları "əsl azərbaycanlı" və "mühacirlərə" bölənlər, ADF rəhbərlərini millətçi adlandıranlar, 1954-cü ildə Azərbaycanda Qulam Yəhyanın imzası ilə 108 nəfər "həbs edilənlərdən" birinin də adını deyə bilməyən və başqa böhtanç ılar görün nə hala düşürdülər. Hər halda onların əsas istiqamətləri hücum hədəfləri ADF, Azərbaycan xalqı və şəxsən mənə qarşı olmalarına baxmayaraq mənim onlara bir növ "yazığım" gəlirdi. Çünki təkcə onlar deyil, ümumiyyətlə, yalan danışanlar, xüsusilə böhtan deyənlər həmişə qorxaq olurlar.
Oradakıların xeyli hissəsinin mənim çıxışımdan istifadə edib, şantaj etməyə hazır olduqları təkcə mənim üçün deyil, oradakıların hamısı üçün aydın idi. Mən çıxış lardan nümunələr gətirdiyim kimi, çıxışımın da hamısını deyil, məsələnin əsl mahiyyətinin aydınlaşmasına kömək edə biləcək qədərini qeyd etməyə çalışacağam. Mən çıxışımı təqribən aşağıdakı tərzdə başladım.
Yoldaşlar! Moskva hövzələrinin gündəliyində hizbin daxili vəhdətini daha da möhkəmləndirilməsi məsələsi müzakirəyə qoyulduğu halda, əməldə, daha doğrusu, yoldaşlar həmin gündəliyin əksinə çıxış etdilər. Açıq desək, çıxışların əksəriyyəti ziddi-təşkilati çıxışlar idi. Xoşbəxtanə həmin çıxışları burada Radməniş yoldaş da eşitdi. Mən bu haqda geniş danışmaq istəmirəm. Hər halda özünüz də hiss edirsiniz ki, çıxışlarımızın çoxu hizb üzvünə yaraşmayan çıxışlardır. Mən hər tək-tək çıxış edənlərin üzərində ətraflı dayanmaq fikrində deyiləm. Çünki bu çıxışların xeyli hissəsi biri digərini ya təkrar edir və ya onu təsdiq edir, ya da onu davam etdirir. Mən tək-təkinizin çıxışına cavab verməyə, xüsusilə, onlar ki, hizbin, firqənin əleyhinə danışdılar, cavab verməyə hazıram. Lakin guman edirəm buna vaxtımız çatmaz və bəlkə qruplaşdırıb, cavab versəm, hər kəs öz cavabını almış olar. Mən sizin qeyri-təşkilati çıxışlarınzı təqribən aşağıdakı üç qrupa bölmək istəyirəm. Birinci qrup: birləşdirici vəhdət konfransının və HTİ MK-nın qərarlarının əleyhinə olanları. İkinci qrup: ADF və onun hazırladığı kadrın əleyhinə olanları ... daxil etmək istəyirəm. Mən dediyim qruplara ayrılmış çıxış edənlərə cavab verməzdən əvvəl Azərbaycan təşkilatına aid verilmiş bir neçə suala cavab vermək istəyirəm.
Sual: ADF təşkili ərəfəsində nə üçün Əmirxizini Azərbaycandan çıxarıblar?
Cavab: Əmirxizinin Azərbaycandan "təbid" edilməsindən xəbərim yoxdur. Hər halda Əmirxizi özü burdadır, ondan xahiş etmək olar ki, onun nə üçün və kim tərəfindən "təbid" edilməsi haqda məlumat versin. Mən və mənə qulaq asanlar bir qədər onun cavabına müntəzir olduq. Lakin o, heç bir şey demədi.
Sual: Nə üçün Hizbin məramnamə-əsasnaməsini hazırlayan komissiyanın işləməsi üçün Bakıdan kənar yeri intixab etdiniz?
Cavab: Biz işin nə qədər məsuliyyətli olmasını bilir və bunun tez başa çatması üçün bütün imkanlardan istifadə etməyə çalışırdıq. Ona görə də komissiyanın mehmanxanada işləməsinə imkan olmazdı, qonaq evində işləsəydilər, oraya heç kəsi buraxmayacaqdılar. Onda da sual verərdiniz ki, nə üçün yoldaşlar Bakıda "zindani" etmişdiniz? Bütün bunları nəzərə alaraq, bizim xahişimizə görə Mərdəkanda birinci sanatoriyada hərtərəfli əlverişli şərait yaratdılar. Bundan əlavə bu yoldaşların ixtiyarında bir maşın da qoyduq", istədikləri yerə də getsinlər. Bundan artıq daha nə kimi şərait yaratmaq lazım olmasını mən bilmirəm. Orasını da deyim ki, biz yoldaşlarla tez-tez görüşürdük, ya onlar Bakıya gəlir, ya da biz Mərdəkana gedirdik, o zaman yoldaşlar şəraitlərindən razılıq edirdilər. Qoy bu haqda yoldaşlar özləri desinlər. Əgər eybiculuq etmək istəyirsinizsə, onda burada yox, başqa işdə axtarın.
Sualların bəzilərində flrqənin yaranmasının düzgün olmaması haqda soruşurlar. Cavab:
- Bu fikirdə olanlar qoyun öz fikirlərində qalsınlar. Bu onların öz işləridir. Lakin ADF-nin yaranmasının zəruriliyi, onun xalq içərisində hörməti və dərin kökləri olması haqqında yüzlər və minlərlə misallar gətirmək və faktlar gostərmək olar. Bunu təkcə dostlarımız deyil, düşmənlərimiz də dəfələrlə etiraf etməyə məcbur olublar. ADF-nin yarandığı dövrdən bu tərəf bütün hadisələr bunu bir daha sübut etdi fırqə yaranandan lap az müddət keçənə qədər onun üzvlərinin sayı 100 mini ötüb keçdi. Hər halda hamınıza aydındır ki, bunları firqəyə zorla gətirmədilər, onlar özləri könüllü olaraq gəlirdilər. Burada çıxış edənlərə gəldikdə onlar təkcə ADF deyil, Sovet dövləti, Sovetlər ölkəsi əleyhinə də məsuliyyətsiz çıxışlar etdilər. Mən bir də yoldaşların yadına salmaq istəyirəm ki, HTİ-nin II konqresi ADF-nin yaranması və onun rəhbərliyi altında 21 Azər nehzətinin mövqeyini düzgün qiymətləndirdi. Ondan sonra İran xalqlarının qəhrəman oğlu Xosrov Ruzbehin ömrünün son anlarında firqəyə və 21 Azər nehzətinə verdiyi qiymətlə ürəkdən razıyıq.
Azərbaycan xalqı ADF-nin rəhbərliyi atlında qiyam etmiş, İran tarixində ilk dəfə milli hökumət yaratmış, həmin hökumət bir sıra islahatlar həyata keçirib ki, düşmən onun buraxdığı izi və təsirini aradan aparmaq üçün hər cür vasitəsələrə əl atmasına baxmayaraq, heç bir şey edə bilmir. İndi ADF-nin həqiqi mövqeyi və yaranmasının tarixi zərurət olması ilə kim razılaşırsa, razılaşsın, bu, onun öz işidir. Bir neçə nəfərin yanlış, qeyri-elmi və qeyri-məntiqi fikrilə həqiqəti danmaq olmaz.
Burada çıxış edənlərdən vahid hizbin məramnamə-əsasnaməsi əleyhinə çıxanlar da az deyildi. Onlara cavab verməyi zəruri hesab etmirəm, çünki onların mövqeyi buradakıların hamısı üçün aydındır. Onlar bilavasitə hizbin qərarları əleyhinə çıxırlar. Ona görə də onların məsələsini hizb özü həll etməlidir. Hizbin birinci də biri Radməniş də onların çıxışlarını burada özü eşitdi.
Mən bir cəhəti yoldaşların nəzərinə çatdırmağı vacib hesab edirəm. O da bundan ibarətdir ki, biz İranda iki marksist təşkilatdan vahid təşkilat yaradılmasına iqdam edərkən heç də ADF-ni ləğv edib, HTİ-nə daxil olmadıq. Biz hətta böyük və kiçik qardaş kimi də deyil, əkiz qardaş kimi birləşdik. Məhz buna görə də vahid hizbin məramnamə və əsasnaməsini də firqənin adı və onun nehzətinin həqiqi mahiyyəti öz əksini tapmalıdır. Əgər bu, belə olmasaydı, onda qələt olardı. Çıxış edənlərin bir iddəsi firqənin təşkilinin əsas məqsədini İran Azərbaycanını İrandan ayırıb, Sovet Azərbaycanına qatmaq kimi qələmə verməyə çalışdılar.
Mənə elə gəlir ki, bu yanlış, əsassız və qeyri-məntiqi müddəa ilə çıxış edənlərin hamısı bilməsə də əksəriyyəti bilir ki, ADF-nin heç vaxt belə fikri olmayıb və yəqin ki, heç vaxt belə fikri olmayacaq. Lakin mən bilmirəm, bəziləri niyə belə yersiz və əsassız danışırdılar, onların dediklərinə zərrə qədər hətta şübhə yarada biləcək kiçik bir dəlil və ya fakt tapmaq qeyri-mümkündür. Belə bir məsələ nə ADF-nin məramnamə-əsasnaməsində yazılıb, nə də əməli işində görünüb. Biz İran daxilində muxtariyyət tələb edirik və yenə də həmin məqsəd uğrunda mübarizə aparırıq. Əgər siz muxtariyyəti İrandan ayrılmaq kimi qiymətləndirirsinizsə, bu, öz işinizdir. Sizin əksəriyyətiniz, bəlkə də hamınız yaxşı bilirsiz ki, ADF heç vaxt Azərbaycanı İrandan ayırmaq fikrində olmayıb. Əziz yoldaşlar, gəlin Azərbaycan nehzətinə düşmənlər tərəfindən atılan böhtanları siz təkrar etməyin, onların mövqeyi aydındır, onlar düşməndirlər, siz isə özünüzü dost adlandırırsınız. Gəlin hər şeyi öz adı ilə çağıraq.
Çıxış edənlərdən bir çoxu qeyd etdi ki, şurəvilər firqəni ona görə təşkil etdilər ki, İran Azərbaycanını guya İrandan ayırıb, Sovet Azərbaycanı ilə birləşdirsinlər. Bu müddəanın tamamilə yalan və böhtan olmasını mənə elə gəlir ki, sizin hamınız məndən yaxşı bilirsiniz. Sizin burada dedikləriniz təkcə dostlarımızın dedikləri ilə deyil, hətta düşmənlərimizin belə dedikləri ilə də düz gəlmir. İran məclisi-millisi belə bu haqda sizdən düzgün, daha doğrusu, insaflı mövqe tutur. Bununla mən heç də İran məclisi- millisinin müsbət iş görməsi və ya onun az da olsa müsbət iş görmək iqtidarına malik olması haqqında demək istəmirəm.
Milli Məclis və ya onu təşkil edənlərin birinci növbədə şahın fitvası ilə minlər və minlərlə azərbaycanlının qanı axıdıldı, yüzlər və on minlərlə adam həbs edildi, sürgünə göndərildi və ya öz doğma yurdunu tərk etməyə məcbur edildilər. Bir sözlə, Milli Məclis və onun hakimləri cinayət törətmək, böhtan demək, qarət etməkdə heç şeydən çəkinməsələr də, sizin dediyiniz böhtana əl atmağa cəsarət etmədilər. Cəsarət etmədilər, ona görə ki, onlar yaxşı bilirlər, belə bir ağ yalana inanan çətin tapılar. Ona görə də mən tam məsuliyyətimlə deyirəm ki, firqəyə böhtan atmaqda onun əsl mahiyyəti və məqsədini təhrif etməkdə siz qatı düşməndən də bir qədər "qabağa" gedirsiniz. Heç olmasa, bu barədə düşmən mövqeyində durun. Guman edirəm, siz həmin tarixi sənədlərlə tanışsınız və çətin ki, əqli başında olan elə bir adam tapılsın, onları inkar etməyə cəsarət edə bilsin.
Mən bir daha yadmıza salmaq istədiyim iki başqa faktı ona görə qeyd edirəm ki, onların hər ikisi Sovet dövləti üçün nisbətən çətin olan dövrlərə ziddir. Bunlardan biri İran xalqlarının tarixinə qara ləkə kimi daxil olan 1919-cu il İngiltərə-İran məşhur "Vəsüquddövlə müqaviləsi" əslində İranı müstəmləkəyə çevirirdi ki, gənc Sovet dövləti həmin müqaviləni tanımayaraq, həqiqətdə onun ləğv edilməsini təşkil etdi. Digəri 1946-ci ilin Amerika və İngiltərənin xarici işlər Nazirlərinin İrana Amerika, İngiltərə və Sovet dövlətinin qəyyumluq etməsi təklifinin Sovet dövləti tərəfindən rədd edilməsidir. Bu təklifin əsas məzmunu İranı 4 nüfuz dairəsinə parçalamaqdan ibarət idi.

Hazırladı: Elçin Qaliboğlu