“Azərbaycan” qəzetinin səhifələrində  - 22-ci yazı Güney Azərbaycan

“Azərbaycan” qəzetinin səhifələrində  - 22-ci yazı

Hüseynqulu Katibi: "Şah İsmayıl və onun siyasi fəaliyyəti"

Azərbaycan odlar ölkəsi çox qədimi ölkədir. Bu ölkə öz hərarətli qucağında böyük qəhrəmanlar, məşhur simalar, məşhur siyasi və ədəbi xadimlər yetişdirmişdir. Bu məruzədə biz şanlı Azərbaycan ölkəsinin şərəfli qəhrəmanı olan Şah İsmayıldan danışacağıq. Şah İsmayılın yaratdığı Azərbaycan dövlətinə qədər bir neçə böyük dövlətlər və hökumətlər bu ölkədə təşkil olunmuşdur. Bu dövlətlər ümumiyyətlə, Azərbaycan xalqının yaratdığı böyük dövlətlər idilər. Bu kiçik məruzədə Azərbaycan xalqının yaratdığı qədim, sanballı və əzəmətli dövlətlər haqqında danışmaq şübhə yoxdur ki, imkan xaricindədir. Atalar demişkən, “bir dərya kiçik bir qabda yerləşməz”.
Amma siz çox yaxşı bilirsiniz ki, miladdan 7 əsr əvvəl Azərbaycan topraqlarında Midiya kimi böyük və müntəzəm bir dövlət yaranmışdır. Bu dövlət Şərq ölkələrində böyük bir keçmişə malikdir. Hələ miladdan əvvəl 4-cü əsrdə Yunan, Makedoniya və başqa işğalçı dövlətlərlə mübarizə edərək Azərbaycan xalqı Atropatın başçılığı altında böyük bir dövlət yaratmışdır. O zaman dünya cahangiri olan İskəndər Azərbaycan xalqının böyük oğlu Atropatın yaratdığı dövləti özünə tabe edə bilməyib Azərbaycanda onun hökumətini tanımağa məcbur oldu.
Beləliklə, sonrakı əsrlərdə, xüsusən, ərəb işğalçıları İspaniyadan başlamış Uzaq Şərq ölkələrinə qədər xalqları əsarətdə saxladığı bir zamanda Azərbaycan xalqı öz istiqlaliyyətini qoruyub birinci olaraq bu işğalçılara qarşı üsyan qaldırdı və öz azadlığı uğrunda şərəfli mübarizə apardı. Bu zaman Azərbaycanın qəhrəman oğlu Babəkin başçılıq etdiyi üsyan 22 ilə qədər davam edərək ərəb xilafətinə ağır zərbələr vurdu və bundan sonra ərəb dövləti parçalanmağa başladı.
12-ci əsrdə Azərbaycan xalqı səlcuqilərə qarşı mübarizə apararaq yenidən özünün müstəqil olan Azərbaycan Atabəylər dövlətini yaratdı. Bu dövlət Şəmsəddin Eldəgiz oğlu, Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan dövründə daha da tərəqqi edərək Qafqaz dağlarından İsfahana qədər olan böyük bir ərazini əhatə etmişdir. Məlum olduğuna görə bu zaman Azərbaycan mədəniyyət və ədəbiyyatının Yaxın Şərq ölkələrində ən tərəqqi və inkişaf edən dövrü hesab olunur. Bu dövr tarixdə “qızıl dövr” adlanır. Həmin bu dövrdə Azərbaycanda Nizami, Fələki, Xaqani kimi böyük fəlsəfi, elmi və ədəbi simalar yetişir.
Beləliklə tarix göstərir ki, Azərbaycan xalqı özünün səyi, zəkası, istedadı nəticəsində tarix boyu öz azadlığını və istiqlaliyyətini qəhrəmancasına müdafiə edərək müstəqil dövlətlər yaratmış və öz mədəniyyətini, ədəbiyyatını və siyasi varlığını göz bəbəyi kimi qoruyub və onu nəsildən-nəslə əziz bir yadigar kimi vermişdir.
Azərbaycan xalqının böyük oğlu Şah İsmayıl da xalqımızın yetişdirdiyi, tərbiyə etdiyi və onun xatirələrini əbədi olaraq qoruduğu böyük siyasi və ədəbi simalardan birisidir. Bu böyük şəxsiyyətin ictimai və siyasi fəaliyyəti haqqında danışmaqdan əvvəl onun meydana gəldiyi dövr haqqında bir neçə söz deməliyəm.
13-cü əsrin əvvəllərindən Yaxın Şərq ölkələri eyni zamanda monqol işğalçılarının hakimiyyəti altına düşür. Azərbaycan xalqı öz istiqlaliyyət və azadlığını müdafiə edərək monqol qəsbkarları əleyhinə mübarizə aparmağa başlayır. Monqol qəsbkarlarına qarşı aparılan bu mübarizə müxtəlif şəkillərdə gedir. Bu mübarizənin bir şəkli də Azərbaycanın Ərdəbil şəhərində əmələ gələn Səfəvi təşkilatının apardığı bir mübarizə idi.
Öz dövrünün böyük alimi və ruhanisi olan Şeyx Səfiəddin Ərdəbilinin başçılığı altında meydana gələn “səfəviyyə hərəkatı” az bir müddətdə bütün Azərbaycanı əhatə etmişdir. Səfəviyyə hərəkatı əvvəllər dini və irfani bir cərəyan olmasına baxmayaraq sonralar, xüsusən Səfiəddinin nəvəsi Şeyx İbrahimin və sonra da Şeyx Cüneyd və oğlu Şeyx Heydərin dövründə tamamilə siyasi bir hərəkat olmuşdur. Bu hərəkat Səfəvi dövlətinin müqəddiməsi və əsası hesab olunur.
Bu zaman Azərbaycanda monqol istilaçılarına qarşı mübarizə şəraitində bir neçə xırda feodal dövlət əmələ gəlmişdi. Bu dövlətlər Qaraqoyunlu, Ağqoyunlu və Şirvanşahlar hakimiyyətindən ibarətdir. Səfəvi dövləti kiçik feodal dövlətlərinin əleyhinə olan və onları böyük bir Azərbaycan dövlətində birləşdlrən dövlətdir.
Doğrudur, Səfiəddin təşkilatından olan Şeyx Cüneyd və Şeyx Heydər Azərbaycanda o zaman əmələ gəlmiş kiçik feodal dövlətlərini birləşdirməyə çalışdılar və tamamilə bu məqsədə nail ola bilməsələr də, lakin belə bir vahid Azərbaycan dövlətinin yaranmasının əsasını qoydular.
Şah İsmayılın atası Şeyx Heydər çərkəslər üzərinə hücum etdiyi zaman məğlub olur. Xüsusən Fərrux Yasar Şirvanşah Ağqoyunlu padşahı Sultan Yaqub ilə birləşərək Şeyx Heydər əleyhinə apardıqları müharibədə Heydər ölür, qoşunu dağılır, oğulları isə Sultanəli İbrahim və iki yaşlı İsmayıl Sultan Yaqub tərəfindən əsir edilir, Ərdəbil vilayəti onun qoşunları tərəfindən tutulur.
Sultan Yaqubun oğlu Ağqoyunlu Rüstəm Azərbaycanda mövcud olan feodal dövlətlərinin, xüsusən Şirvanşah Fərrux Yasarın gələcəyindən qorxaraq sürgündə olan Şeyx Heydərin oğullarını azad edib onları Ərdəbilə hakim etdi. Bu tədbirlə Rüstəm Səfəvi nəslinin xalq arasında olan mənəvi hörmətindən öz xeyrinə istifadə etməyə başladı. Lakin Rüstəm Ərdəbil hakimi Sultanəlinin gələcək nüfuzundan qorxaraq Ərdəbilə 4 min süvari qoşun ilə hücum etdi. Sultanəli isə 700 atlı ilə Ərdəbil yaxınlığında Rüstəmin qoşunları ilə qəhrəmancasına müharibə edir, lakin qüvvələrin mütənasib olmadığından Sultanəli məğlub və özü də dava meydanında həlak olur. Rüstəm Ərdəbili tutur. Bu zaman Səfəvi hərəkatının müridləri kiçik yaşlı İsmayılı Ərdəbildən Gilana götürüb qaçırlar. Rüstəm padşah neçə dəfə İsmayılı Gilan hakimi Mirzə Əlidən tələb edirsə də, Mirzə Əli onun tələbini rədd edir.
13 yaşına çatmış İsmayıl Gilandan Ərdəbilə qayıdaraq öz müridlərini ətrafına toplayır. Bu zaman Ağqoyunlular arasında baş verən ixtilaf və qarışıqlıqdan istifadə edən İsmayıl Ərdəbildə möhkəmlənməyə və müstəqil hökumət yaratmağa başlayır (905 hicri).
Şah İsmayılın Ərdəbildə müstəqil hökumət yaratması və öz gələcək səltənətinin bünövrəsini qoyması onun ata-babalarının Azərbaycanda olan böyük hörməti ilə əlaqədardır. Onun müridləri, fədailəri və ətrafına toplanan xalq hələ çox qədimdən Azərbaycanda şöhrət qazanmış Səfəvi nəslinə hörmət bəsləyib və onun mənəvi nüfuzundan istifadə etməyə çalışırdılar. Beləliklə, səfəvilər yerli bir tayfa olaraq xalqın məhəbbətini özlərinə cəlb etmişdilər.
***
Şah İsmayıl Ərdəbilə gəldikdən sonra siyasi fəaliyyətini genişləndirir, xüsusən Şah İsmayıl tərəfdarları, başqa sözlə desək, Qızılbaşlar onun ətrafına toplanmağa və yeni bir qoşun dəstəsi düşəltməyə başlayırlar. Məlum olduğuna görə Şah İsmayıl tərəfindən düzənlənən bu qoşunlar xüsusi paltar geyib və papaqlarına 12 qırmızı lent bağladıqları üçün tarixdə Qızılbaş ordusu adı ilə şöhrət qazanmışdır.
Şah İsmayıl Ərdəbil və Ərçivan şəhərlərini tutduqdan sonra Şimali Azərbaycana hərəkət edir. Əvvəl Gəncəyə, sonra da İrəvana gedir. Buradan kiçik Asiyanın şərq vilayətərinə gedən İsmayıl bu vilayətlərdə ehtiramla qarşılanır və bu vilayətlərdən onun ətrafına çoxlu mücahid toplanır. Beləliklə İsmayıl öz ətrafında 7000 nəfərdən ibarət bir qoşun cəm edir.
O zaman, yuxarıda göstərdiyimiz kimi, Azərbaycanda xirda feodal dövlətləri mövcud idi. Bu dövlətlər isə ticarətin tərəqqisinə, şəhərlərin böyüməsinə, kənd təsərrüfatının və əkinçiliyin inkişafına maneçilik törədirdi. Ona görə bütün əhali kiçik feodal dövlətlərinin vahid dövlətdə birləşməsinin tərəfdarı idi. Xüsusən, Azərbaycanın şimal hissəsində olan Şirvanşah dövlətini Şah İsmayıl öz dövlətinə birləşdirərək vahid Azərbaycan dövləti yaratması işində bu ideyadan çox istifadə etmişdir.
907 hicridə (1501miladi) İsmayıl Şirvandan cənuba qayıtdığı zaman Ağqoyunlu padşahı Əlvənd Mirzə Şərur nahiyəsində ona qarşı gəlir. Burada İsmayılın qoşunları ilə Ağqoyunlular arasında müharibə baş verir. Bu müharibədə İsmayıl öz hərbi və döyüş məharətini göstərərək Əlvəndin böyük ordusunu məhv edir.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 129, 18.02.1946
***
Keçmişlərdən dərs almaq lazımdır

Bizim qoca və şanlı ölkəmizin çox zəngin və iftixarlı keçmişi vardır. Bu zənginlik istər rəşadət, istər hünər, istərsə ədəbiyyat və incəsənət sahəsində misli görünməmişdir. Bu iftixar dövrü tarixin ilk günlərindən başlamış və qərnlər boyu davam etmişdir...
İndiyə qədər fars istilası və əsarəti xalqımza öz şanlı keçmişinə baxmağı, “Azidehak” (Zöhhak – red.) dövründən tutmuş Səttarxan və Şeyx Məhəmməd Xiyabani zamanına qədər olub-bitənləri gözdən keçirməyi, şərəfli ata və babalarının hünərindən xəbərdar olmağı yasaq etmişdir. Bu iş yalnız siyasi tarix sahəsində deyil, hətta incəsənət, ədəbiyyat, şeir tarixi sahəsində də icra edilmişdir.
Azərbaycan şairləri, ədibləri, musiqiçiləri və rəssamlarının adi ya büsbütün bu tarixlərdən silinib kənara atılmış və ya kitabların gözə görünməz və məxfi bir güşəsində yerləşdirilmişdir və ya da bundan bir qədər daha irəli gedib böyük sənətkarların əsasən azərbaycanlı olduğu inkar edilmişdir.
Bu iş əsasən azərbaycanlıya onun bir keçmişi olduğunu xatırlamağı və beləliklə də bu odlar məskəninin yenidən hərarətli və yaxıcı bir od halına gəlməyini yasaq etmək və azərbaycanlının Zöhhak dövründəki başı ucalığını yaxud Səfəvilər zamanındakı azadlığını ələ gətirmək fikrinə mane olmaqdan ötrü idi.
İndi Milli Hökumətin qurulması sayəsində ələ gəlmiş azadlıq bizim xalqımıza keçmişlərə baxmaq və Azərbaycan tarixinin qiymətli dərslərindən istifadə etmək imkanı yaratmışdır. Bu keçmişlər yalnız iftixar etmək və azərbaycanlı babaların adı ilə dünyaya qürur satmaqdan ötrü deyil, eyni zamanda Azərbaycanın görkəmli simalarına və iftixarlı qəhrəmanlarına layiq bir övlad olmaq üçün bir dərs kitabı olmalıdır.
Biz bugünkü nömrəmizdə Sovet İttifaqı ilə əlaqə saxlayan cəmiyyətin təşəbbüsü ilə Şah İsmayıl haqqında söylənilmiş nitqi mətin oxucularımıza təqdim edirik. Xüsusilə tariximizin indiki mühüm mərhələsində Şah İsmayılın dahiyanə siması və onun yaratdığı möcüzə xalqımza böyük bir ilham mənbəyi ola bilər. Şah İsmayılın simasını görüb tərcümeyi-halını mütaliə edənlər onun Azərbaycanın azadlığı uğrunda tutduğu yolu izləməli və Qızılbaş ordusunun yaradıcısı olan o böyük sərkərdə və atanın yararlı və layiq bir qızılbaş oğlu olmasına çalışmalıdırlar.
Biz Şah İsmayılın adı və onun irsi ilə fəxr etməyə layiq olmaq üçün ölkəmizi və xalqımzı müasir dünyaya layiq bir hala gətirməliyik.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 129, 18.02.1946

Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.