Mən əsir ellərin şairiyəm  -  Həbib Sahir - 3-cü yazı Güney Azərbaycan

Mən əsir ellərin şairiyəm  -  Həbib Sahir - 3-cü yazı

«Gülmə!» şeirindəki bu küskünlük, ümidsizlik, çətinlik və səfalət, yoxsulluq içində keçən ağır həyatdan doğan ruh düşkünlüyü, dünyanı tərk etmək - ölüm arzusu «Son söz» şeirində daha da qabarıqlaşır:

Nə söyüd kölgəsi altında, nə çay nəzdində,
Nə yaşıl bağlar içində məni basdırma, sakın!
Və nə mərmərdən olan bəqədə həbs eylə məni,
Qoy göy altında yatım, bir dərədə dağa yaxın!..

İlk baxışdan şairin bədbinliyi, kədəri fərdi, subyektiv təsir bağışlayır. Lakin digər əsərlərinə nəzər saldıqda bu kədərin fərdilikdən çıxdığının və ümumən, onu yetirən xalqın, başı müsibətlər, bəlalar çəkmiş millətinin dərdi, kədəri olduğu dərk edilir. Və incə duyğulu, həssas ürəkli şair ilk dövr yaradıcılığında aydın şəkildə görünən xəyal dünyasında, bədbin, pessimist hisslərin təsir dairəsində uzun zaman qalmır, ictimai romantizmə yönəlir, düşüncələrində, həyata baxışında təbəddülat yaranır və real aləmə, gerçək dünyaya qayıdır. «Kövşən» kitabına yazdığı etirafda bu qayıdışı səmimi dillə ifadə edir. «Bir tərəfdə təsəvvüfün rəmzli dünyası, bir tərəfdə isə günəşlə parlayan real aləm gördüm. Atımı işığa sürdüm. Mahnı söylədim. Şeir yazdım. Yazdım-pozdum. Yadlar məni dandılar. Ellər məni andılar, Alqışladılar. Mən yolumu tapmışam! İşıqlı aləm ordadır. Şən günlər, azad illər ordadır. Dünya belə olmalıdır». Dünyanın, əsl həyatın onu yetirən xalqın, elin-obanın qoynunda, şad günündə onunla bir sevinib, kədərli vaxtlarında da bir qəmlənməkdə olduğunu dərk edir. Artıq Sahir xəyalında canlandırdığını deyil, görüb müşahidə etdiklərini, real həyatı bədii boyalarla əks etdirməyə başlayır, gerçək həyat hadisələrini, tarixi keçmişi şeirə, poeziyaya gətirir, xalqın dərdlərini söyləyən dilinə çevrilir:

Şair qoşdu günə sarı,
Odda görüb xalqı yandı,
O günədək görmədiyi
Bir şox şeylər görüb qandı.

-deyir və yeni həvəslə «qandıqlarını» vəsf etməyə girişir. «Dədə Qorqud» dastanında Buğac boyunu nəzmə çəkir, Məşrutə inqilabına, Xiyabani hərəkatına, 21 Azər nehzətinə poetik münasibətini bildirir. Onun romantik bir dillə təsvir etdiyi varlıq yaşayan, eşidilən və duyulan obrazlara çevrilir və yaddaşlarda qalır. «Biri şiə, biri sünni, Belə millət, sənə zillət»- deyərək xalqın arasında dini məzhəb ayrı-seçkiliyi salan simasız din xadimlərini, səbəbkarları lənətləyir. Sahiri ən çox sevindirən, ruhunu qanadlandıran, yaşamaq, yazıb-yaratmaq həvəsini gücləndirən, ilhamına qol-qanad verən 21 Azər hərəkatının qələbə çalması, Güney Azərbaycanda Xalq Demokrat Firqəsinin qələbəsi və S.C.Pişəvərinin Milli hökumətin başına gəlməsi, Vətənin səmasında azadlıq günəşinin parlaması olub:

Qorxma! Bu mavi göy altında yanan al günəşim,
Və üfüqlərdə gülən al şəfəqin sönməyəcək...
İlk baharın açacaq gül, ötəcək bülbüllər,
Dünyamız bir də bu aləmdə xəzan görməyəcək...

Lakin azadlıq günəşinin üzərini qara buludlar çox tez alır. Azadlıq günəşi qan dənizində boğulur. Yenə zindanların dəmir barmaqlıqları xalq fədailərini üzünə aşılır, təqiblər, sürgünlər, ölümlər başlanır. Şahın quldur dəstələri xalqın yurd-yuvasını dağıdır, azadlıq nəğməsi oxuyan ağızlara qıfıl vurulur, el-oba¬nın azadlığı çalınır, dili yasaq edilir, milli qüruru tapdalanır. Sahiri inqilabın qələbəsi nə qədər sevindirmişdisə, məğlub edilməsi bir o qədər sarsıtdı. Bədbəxtliyə düçar edilmiş ellərin dərdinə «Vətən matəmində» şeiri ilə ağı dedi. «Söylə, tanrı» şeirində Ulu tanrıya üz tutub viran edilmiş yurdların, günahsız axıdılan qanların, el içinə salınan ayrılıq, aclıq, nifağın səbəblərini sorur, vətəndaş yanğısı, kədəri və narahatçılığı ilə baharın bir də ellərin üzünə nə zaman güləcəyini bilmək istəyir və ən azından buna ümid edir:

Söylə tanrı! Köçüb gedən ellərin,
Bu dünyada bir də üzü güləcək?
Gələcəyə şirin ümid bəsləyən
Könlümüz də aşacaqmı gül-çiçək?
Viranə də susacaqmı bu bayquş,
Verəcəkmi bahar dünyaya bəzək?

«Sürgün» poemasında, “Firidun İbrahimiyə”, “Basqın”, «Kənd mahnıları», «Yurd mahnısı», «Atlıların», «Yoldan kənar», «Gecə keçmiş yarıdan», «Məndən salam deyin gözəl Təbrizə», «O taya», «Mahnı», «Haram olsun», “Sazaq əsdi”, “Bir toxucu qıza”, “Axşamçağıdır”, «Xəzanlar» kimi şeirlərində Vətən və xalqının pərişan, kədərli halını, dağılmış evlərin, söndürülmüş ocaqların nisgilini, düşmən atlarının tapdağından qaçıb can qurtarmış, qürbət ellərə pənah aparmış, sürgünə göndərilmiş insanların faciəsini yana-yana qələmə alır. Həbib Sahirin sərbəst, azad şeir üslubunda yazdığı «Xəzanlar» əsəri modern şeirin ən gözəl, mükəmməl, orijinal nümunəsi olmaqla, həm də sanki bir tarixdir, bir payızda qələbə çalıb növbəti payızda ağır məğlubiyyətə uğradılan bir elin romantik əsalətlə təsvir edilən tarixidir... Arzularının qanadlarında xoşbəxtliyə qovuşduğuna inanan, bu xoşbəxtliyin dadını heç bir il də dadmağa aman verilməyən, xəyanət burulğanında boğulmağa məhkum olunan, böyük, şərəfli tarix yaşayan bir xalqın qırılan inamlarının, ölən arzularının bu dərəcədə parlaq və aydın, kədər və hüznlə bədii poetik əksi ədəbiyyatda nadir hadisələrdəndir:

Bir xəzanda yetim qaldıq,
Bir xəzanda
Sevdalandıq...
Bir xəzanda alovlandıq.
Ən nəhayət, xülyaların havasından qanadlandıq...
Bir xəzanda parlaq qızıl günəş doğdu,
Bir xəzanda bulud gəlib günü boğdu...
Anlayarkən xəzanları zaman bizi qovaladı
Gəldi zaman, keçdi zaman,
Ayrı düşdük yurdumuzdan...
Həsrət qaldıq sərin-sərin bulaqlara,
gül-çiçəkli otlaqlara.
Zaman keçdi, biz quruduq
susuz qalan ağaclar tək.
Təravətdən saldı bizi,
Bilməm qürbət?
Yoxsa fələk?

Obrazlı şəkildə “Xəzan” adlandırılan payızın simasının, solan və ölən xəzan yarpaqlarının sözlə bir rəssam tək bu dərəcədə dəqiqliklə və təsirli lirik-poetik dillə sanki rəsmini çəkməsi də bənzərsizdir. «Xəzanlar» şeiri ilə tanış olan oxucu payızda xəzan dövrünü yaşayan yarpaqların sevda rəngini, həsrət rəngini, tutqun, tozlu, hətta qürbət rəngini belə yalnız onun görə bildiyini düşünür, yel əsərkən yarpaqların yağış tək yağdığını, ölgünləşdiyini, sanki bir mətnin nəqqaşına döndüklərini, lacivərdə, qızılı günəşin odlu şəfəqlərində min bir rəngə boyandığını o duyub, o görüb, o müşahidə edə, şair fəhmi ilə təhlilini verə bilər! Sahir üçün payız da, xəzan da qızılı rəngdə deyil, həsrət, qürbət rəngindədir, “yaslı”dı, “qəmlidi”, “qanlı payız”dı... Həm “Xəzan”, həm də digər lirik şeirlərində Sahirin bədii təsvir və ifadə vasitələrindən böyük ustalıqla, əsl sənətkar qüdrətilə istifadə edən, mükəmməl poetik fiqurlar yaradan, ana təbiətin gözəlliklərini məharətlə, həm də tamamilə yeni tərzdə poeziyaya gətirən yüksək bədii zövqə malik söz ustası olduğu yansyır.
Ustad şair mövcud şah rejiminə qarşı mübarizə aparmaqla yanaşı, geriliyə, mövhumat və xurafata, ehkamçılığa, dərvişsayağı yaşama qarşı da çıxış edərək Güney Azərbaycan türklərini azad, dövrlə, zamanla ayaqlaşan çağdaş bir millət olmağa, türrahata uymamağa çağırırdı. Ona görə də farsca yazan bir sıra Azərbaycan şairlərini kəskin tənqid edir, “Yada qul ol, dərdə alış, farsca danış... Əsirliyi, dərvişliyi təlqin elə uşaqlara, İnansınlar türrahata... deyərək onların qul psixologiyasına uyğunlaşmalarına etirazını bildirirdi. Həbib Sahir "Mən əsir ellərimin, ah şairiyəm" şeirində də təhsilli, savadlı Güney Azərbaycan ziyalısının uğradığı milli faciələrdən bəhs edir, Azərbaycan türklərinin acı qədərinə, alın yazısına etiraz bildirirdi. Kədərli şair azad elin şairi olmaq, heç bir basqı, təzliqlə üzləşmədən ana dilində azad, sərbəst yazıb-yaratmaq istəyirdi:

Binəhayət bu göyün altında
Bizə bir qübbeyi-füruzə də yox.
Yanar əflakda minlərlə çıraq
Bizə bir şam, bir avizə də yox.
Bu qədər ulduz arasında bizə
Yeddi göylərdə bir ulduz yoxumuş.
Öldülər quşlar aləmdə məgər,
Bizə çatdı o ağlar Bayquş.
Qovalarkən məni hər gün möhnət,
Qapımı döymədədi hər gecə qəm.
Hamı azadə elin şairi var
Mən əsir ellərimin, ah şairiyəm...

Sahirin mübarizəsinin əsas hədəfi Ana dilinin-Azərbaycan türkcəsinin üzərindən qadağanların götürülməsi, orta və ali məktəblərdə azad şəkildə tədrisi və inkişafı idi. «Dil günəşdir işıq saçır, Azadlığa qapı açır... Bizim türkü şirin dildir, xoş sədalı, zəngin dildir» - deyən Həbib Sahir üçün ana dili milli varlığın təsdiqidir, yad dil, özgə dil qulağa xoş gəlsə də, boyunduruqdur, boyunduruq isə xalqı gec-tez boğar, keçidlərdə pusqu qurmuş bir quldur kimi var-yoxunu soyar. Özgə dil xalqın başı üstündə sanki bir cəhənnəm kölgəsi, ölüm kabusudur, hər an boynunu üzməyə hazır durmuş cəllad qılıncıdır:

Bizə yad kabusu bax, kölgə salıb,
Bu ölümdür, bu ölüm kölgəsidir!
Yad dili olsa da xoş səsli, yenə
Bizcə ərbab səsi, cəllad səsidir...

Azərbaycan Milli Hökuməti devriləndən sonra şah rejiminə qulluq edən Azərbaycan türklərinin vəziyyətə uyğunlaşmaları ilə heç cür barışmayan şair “Xarabazar eylədi Od diyarını, əfsus, Quru və isti diyardan axıb gələn ordu. Elim əsir oldu, oymağım köçüb getdi və farslaşan ağalar satdılar gözəl yurdumu, - kimi fikirlərin geniş yer aldığı şeirlər yazaraq mövcud duruma qarşı kəskin etirazını bildirirdi. İlin dörd fəslinə həsr etdiyi «Yay», «Yaz», «Payız», «Qış» adlandırdığı şeirlərində də Sahirin ürək ağrısı ilə təsvir etdiyi Güney Azərbaycan kəndlilərinin acınacaqlı güzəranı, çətin həyat şəraiti dəyişmir. Əlinin zəhməti ilə becərdiyi məhsuldan kəndlinin özünə pay düşmür, bütünlüklə ərbabın, mülkədarın anbarına dolur. Qıtlıq hökm sürən qışın oğlan çağında da, payızda tarlalarda, bağ-bağçalarda məhsul aşıb-daşanda da kəndlinin süfrəsi boş, çörəyi yavandır. Nə qədər təp töküb, tarlalarda can çürüdüb məhsul becərsə də ərbaba, mülkədara borcunu verib qurtara bilmir, əksinə, ildən-ilə borc üstünə borc gəlir:

Heydər baba, kəndli cana borcludur;
Bilmirsən ki, borclu namərd quludur!
Tüstülərsə onun bu gün ocağı
Borca gedər sabah qabı-qacağı...

Vəziyyət nə qədər ağır, acınacaqlı olsa da, Sahir artıq bədbinliyə, pessimizmə qapılmır. Ürəyində xalqın, Vətənin gələcəyinin aydın, işıqlı olacağına bəslədiyi ümid sönmür. Düşünür ki, əgər xalqın igidləri hələ də yaşayırsa və bu igidlərin təpəri, qeyrəti, əli qələmli yazarı varsa, yurdumuz başqa oymaqların işində əriməyəcək, ana dilimiz assimlyasiyaya uğramayacaq. Həyatın yaxşılaşacağına ümid bəsləməyə dəyər, gec-tez azadlıq günəşi Vətən səmasında təkrar parlayacaqdır!

Esmira Fuad
filologiya üzrə elmlər doktoru