“Azərbaycan” qəzetinin səhifələrində Güney Azərbaycan

“Azərbaycan” qəzetinin səhifələrində

33-cü yazı

Fatimi: "21 Azər xatirəsi"
O şanlı və şərəfli gündən əvvəl Azərbaycan xalqı illər boyu satqın və xain irtica hökumətinin zəncirləri altında əsir bir halda yaşamaqda idi. Rza xanın və onun quldur dəstələrinin verdiyi hökmlər və qoyduğu qanunlar aşağı siniflərin, məxsusən əlləri ilə işləyib qan-tər içində öz zəhmətləri ilə məişətlərini təmin eləyən o namuslu fəhlə və kəndlilərin hüquqlarını ortadan aparmaqla onları bir fəlakət halında yaşatmaqdan ibarət idi. Tehran hökumətinin rəhbərləri Azərbaycan xalqının qan-tər ilə ələ gətirdikləri pullarını zorla qəsb edib Tehranda ali imarətlər, yeni sistem avtomobillər alıb Tehranın xiyaban və restoranlarında asudəliklə xərc edirdilər. Azər yurdunda yaşayan qəhrəmanların amansızca intiqam almağını unutmuşdular. 21 Azərdə Azərbaycan xalqı öz müqəddəratını əlinə almaq və yaxasını bu zalımların əlindən qurtarmaq üçün qiyam edib demokrat firqəsinin və onun qəhrəman rəhbərlərinin çəkdiyi zəhmətlər sayəsində öz ideya bir milli xalq hökuməti adında tam mənasilə bir demokratik hökumət yaratdı. Bu gündən azadlıq bayrağı Azərbaycan ölkəsində tam iftixarla sancılıb əsməyə başladı. İrtica canavarının dəhşətli pəncələrinin altında yaşayanlara nicat verib əsrlərdən bəri həsrət qalmış olduğumuz azadlıq günəşinə tərəf yönəltdi. 21 Azəri öz qılıncları və qələmləri ilə yaradan qəhrəmanların xatirəsini unutmamaq və onun gələn nəsillərə yadigar qalması üçün xalqımızın cavan hökuməti tərəfindən bu yaxınlarda “21 Azər” adında bir medal hazırlanıb və həmin medal o bayramı Azərbaycan millətinə bağışlayan qəhrəmanlara veriləcəkdir. O günün qəhrəmanlarına eşq olsun.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 148, 13.03.1946
***

M.Niknam: "Oldu"

Nə gözəl nəşəli dövran, yeni dövran oldu
Azər övladı bütün şadü-xüraman oldu.
Qırdı xalqın sitəmin, zəhərli zəncirlərin
İrticanın əbədi xanəsi viran oldu.
O ağır vəzdə dəhşətli qaranlıq köçdü
Al günəş çünkü üfüqlərdə nümayan oldu.
Bəşərə düşmən olan divi-cəhalət qaçdı
Yarımız, həmdəmimiz elm ilə ürfan oldu.
Açdı xalqın üzünə firqə səadət qapısın
Solan üzlər qızarıb gül kimi xəndan oldu.
Sən də ver, badi-səba, bülbüli-şeydaya xəbər
Gəldi əyyami-bahar, fəsli-gülüstan oldu.
Dəxi bundan sora dünyada sıxılmaz ürəyim
Yetdim arzuma, bu vətən rövzeyi-rizvan oldu.
Haqqdır çünki əzəldən sözümüz, məqsədimiz
O du ki, haqq bizə aləmdə nigəhban oldu.
O qələmlər ki, yazıb firqə məramnaməsini
O qələmlər yeni aləmdə zərəfşan oldu.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 149, 14.03.1946

***

Məmləkət xəbərləri sırasında:

Ələmdar əhalisi və firqəmizin yerli komitəsinin səyi ilə bir teatr səhnəsi inşa etmək üçün 20 min riyal toplanıb işə başlanmışdır və 1946-cı ili mart ayının sonundan istifadəyə hazır olacaqdır.
09.03.1946-cı il tarixində Ələmdarda 5 pərdəlik ədəbi və əxlaqi “İntiqam” pyesi firqə komitəsinin nəzarəti altında tamaşaya qoyulmuşdur, ətraf kəndlərin əhalisi də tamaşaya baxışda iştirak etmişdilər.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 148, 13.03.194

***
Xalq düşmənləri ilə mübarizə etmək lazımdır

Demokratiyanı qurmaq və illər boyu əsarət və qanunsuzluq hökm sürmüş olan bir ölkədə haqqı, ədaləti və azadlığı əldə etmək çox da asan və sadə bir iş deyildir. İllər boyu xalqın qanını sormağa, qulaq kəsməyə, dil çıxarmağa adət etmiş xanlar və cəlladlar sadəlik və rəğbətlə öz qurduqları idarəçilik aparatının pozulmasına razılıq verəcək deyillər.
Milli Hökumət hər addımda qarşılaşdığı, ya qarşılaşa biləcək bu kimi çalı tikanlarını öz yolundan qazıb bir yana atmalıdır. Bir millətin və bir ölkənin müqəddəratını və azadlığını beş nəfər boynu yoğun xalq düşməninin mənafeyinə fəda etmək olmaz. Azadlıq müftə və sadə ələ gəlməmişdir. 21 Azəri yaratmaq və azadlığı qurmaq qanlar bahasına olmuşdur. Jandarmaların, yolkəsənlərin, masa dalında xalqın qanını soranların şərini 5 milyonluq zəhmətkeş və çalışqan bir xalqın başından sovmaq Azərbaycan xalqının şərəfli və fədakar oğullarının canının bahasına mümkün olmuşdur.
Milli Hökumət azad yaşamaq və asayişlə həyat sürmək istəyən, əsarət zəncirlərini əbədi olaraq boynundan çıxarıb kənara atmaq niyyətində olan qəhrəman bir xalqın poladdan möhkəm iradəsindən doğmuşdur.
Öz zorunu və nüfuzunu bu hökumətin islahat tədbirləri və planlarının əleyhinə işlədənlərin, hökumətin ziddinə təbliğat aparanların və maneə törədənlərin əleyhinə ciddi və amansızcasına mübarizə aparmaq lazımdır.
Milli hökumət öz mülayimliyindən və mehribanlığından şəxsi nüfuzlarını genişlətmək və xalqın hüququna təcavüz etmək yolunda istifadə edənlərə münasibətdə heç vəchlə laqeydlik və ehtiyatsızlıq göstərməməlidir. Xalqın birliyini və vəhdətini hifz etmək üçün dövlət tərəfindən sərf edilən cəhdlər boynuyoğunların sui-istifadəsinə yol verməməlidir.
Milli Hökumət xalqın, firqənin və Milli Məclisin qarşısında öhdəsinə aldığı vəzifəsini yerinə yetirmək üçün bu nöqtəyə çox-çox əhəmiyyət verməlidir və əhəmiyyət verir də. Milli Hökumət Milli Məclisin verdiyi səlahiyyətdən və təsdiq etdiyi qanunlardan istifadə edərək qanunsuzluğa, quldurluğa və boşboğazlığa bir dəfəlik son qoymalıdır.
Qanuni azadlığı və demokratiyanı qorumaq hər şeydən lazımlı və vacibdir. Qolçomaqlığa, şəxsi nüfuzlara, xan-xanlığa və hərc-mərcə yol verilməyəcəkdir. Xalq düşmənləri bir dəfə qulaqların açıb bu həqiqəti eşitməli, anlamalı və şeytan atından aşağı düşməlidirlər.
Milli Hökumət xarici düşmənləri ölkədən qovub üzərinə oturduğu bir sırada daxildə hər yerindən durana xalqın asayişinə təcavüz etməyə imkan verməyəcəkdir.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 148, 13.03.1946

***
İsmayıl Məhəmmədi: "Bir azərbaycanlı qadın nə deyir?"

Onun zəif siması, solmuş rəngi və pərişan vəziyyəti keçmişdə maddi və mənəvi cəhətdən nə qədər sıxıntı gördüyünü aydın göstərir və hüququnun pozulduğuna, əməyinin hədərə getməyinə canlı bir dəlil idi. O keçmiş mühitin qadınlarının şən və azad yaşamaqları üçün əlverişli olmamamağından çəkdiyi sıxıntı ilə bərabər bir neçə yetim uşaqlarının dolanışıqları da onun öhdəsində idi.
O vağzalda işləməyi ilə ancaq uşaqlarının cüzi dolanışığını təmin etməyə müvəffəq ola bilirdi. Aylar və illər boyu tətil və istirahətsiz işləmək, namülayim mühitin sıxıntısına dözmək onun vücudunu zəiflədib və rəngini soldurmuşdu. Lakin, o çətinliklər və məhrumiyyətlər onun əhval-ruhiyyəsinə, düşüncə və əqidəsinə bir zərrə də olsun təsir edə bilməmişdi. Onun azərbaycanlılara məxsus olan ruh yüksəkliyi, azadlıq və xoşbəxt həyata qarşı olan marağı parlaq gözlərindən aydıncasına görünürdü. Hövzədə (firqənin yerli özəyində - red.) onun Azərbaycan Demokrat Firqəsinə üzv olmaq barədə anketi səsə qoyularkən ürəyi çırpınır, gözləri parlayırdı. Hövzənin onun üzviyyəti barəsində qəbul edəcəyi qərarı diqqət və həvəslə dinləyirdi. Hövzə üzvlərindən birisi “Nə üçün Azərbaycan Demokart Firqəsinə üzv olmaq istəyirsən?”, - deyə ondan soruşdu. Qeyrətli və cəsur azərbaycanlı qadın bir azacıq başını aşağa salıb sonra isə başını yuxarı qaldırıb yumruğunu sinəsinə vurub uca və titrək səs ilə: “İllər boyu əsarət və bədbəxtlikdən sonra indi artıq Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi altında xoşbəxt həyata yetişməyimə inanıram. Bu firqənin ölkəmizin və xalqımızın səadəti uğrunda etdiyi fədakarlığı görürəm. Odur ki, bu firqəyə üzv olub var qüvvəm ilə xidmət etməyi özümə vəzifə bilirəm. Qoy ölkəmizin və xalqımızın düşmənləri kor olsunlar”, – deyə cavab verdi.
Azərbaycanlı qadının bu ürək sözü hövzə iclasında iştirak edənlərə böyük təsir edərək gürultulu alqışlarla qarşılandı və bir səslə üzvlüyə qəbul olundu. Azərbaycan Demokrat Firqəsi içərisində bu kimi mübariz, fədakar və öz hüququnu bilən qadınlar az deyildir. Minlərlə bu kimi xanımlara firqədə rast gəlmək olar.
Miyandoabda təpədən ayağa kimi silaha sarılıb və fəxrlə tankların üstündə manevr edən xanımlar, Təbrizdə və sair yerlərdə könüllü olaraq milli qoşun sıralarına yazılmağa can atan qadınlar onların iftixarlı nümunələrindəndir.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 147, 12.03.1946

***

Tarixi elanlardan:

Mərhum Xiyabani ilə maraqlanan şəxslərdən xahiş edilir ki, əgər şəhidin münasib və yaxşı qalmış şəkillərinə malikdirlərsə, lütfən onu əmanət kimi bizim qəzetin redaksiyasına təqdim etsinlər. Şəkillərin surəti çıxarıldıqdan sonra şəklin əsli sahibinə qaytarılacaqdır.
“Azərbaycan” qəzeti, ADF orqanı, say 48, 7 noyabr 1945-ci il

***

Mədəniyyət tariximizə aid elanlardan:

Təbriz şəhərində təşkil olunmuş “Azərbaycan şair və yazıçılar cəmiyyəti”nin idarə heyəti bütün ədəbiyyat aləminə həvəskar olanlara elan edir ki, bu gündən etibarən cəmiyyətə üzvlüyə qəbul başlanmışdır. Cəmiyyət şairlər, yazıçılar, dramaturqlar, tənqidçilər, cavan qələmlər, erməni yazıçıları şöbələrindən ibarətdir. Üzvlüyə daxil olmaq istəyənlər hər gün saat 8-dən 6-ya qədər idarə heyətinə müraciət etsinlər.
Adres: Tərbyət xiyabanı, “Azərbaycan şairlər və yazıçılar cəmiyyəti”
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 159, 28.03.1946
***
Elan
Xalq Qoşunları Nazirliyinin bir qrup təcrübəli doktorlara ehtiyacı vardır və onları ali rütbə ilə işə qəbul edəcəkdir. Buna görə hörmətli doktorlardan xahiş olunur ki, istədikləri surətdə özlərini Xalq Qoşunları Nazirliyinə təqdim etsinlər.

Xalq Qoşunlar naziri Kavyan.
"Azərbaycan" qəzeti. AF orqanı, Təbriz, say 159, 28.03.1946
***

Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən:
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.