Savalan şeirinin təsiri Güney Azərbaycan

Savalan şeirinin təsiri

Savalan: "Ana dili adı gəldi, can ona qurban olsun"

1950-1980-ci ilərdə Güney Azərbaycan şeirində folklora, xalq adət-ənənələrinə yaxından bağlılıq, xalqın, zəhmətkeş insanın məişət tərzini və dünyayabaxışını əks etdirmək, xəlqilik, vətənpərvərlik qabarıq şəkildə özünü göstərir:
M.Şəhriyar, M.Məhzun, H.Tərlan, M.Dərəfşi kimi qocaman sənətkarlar öz əsərləri ilə zəmanəsinin ədəbi prosesinin bünövrə daşını qoymuş Ə.Nabdil (Oxtay), M.İskun, S.Behrəngi, Səhənd kimi söz ustaları öz sələflərinin ədəbi irsini uğurla davam etdirən H.Xətibi, Ə.Həddad, H.Nitqi, Sönməz, Savalan, Urmuoğlu, İldırım, Ə.Möhsünü, Bariz, Savalan, Alov, Sönməz kimi imzalar və adlar sırasına daxildirlər.
1950-1980-ci illərdə yazıb yaradan şairlər, artıq odlu-alovlu, təlatümlü, keşməkeşli, tufanlı-boranlı günləri, anları yaşamışdılar. Odur ki, onlar öz sələflərindən bəhrələnsələr də, onları təkrar etməyə ixtiyarları yox idi. Onlar keçmiş illərdən, aylardan nəticə çıxarmalı, poeziyaya yeni nəfəs, yeni təravət, oxucunu, ələlxüsus da qəlbi istiqlal, azadlıq arzusu ilə alışıb yanan azərbaycanlı oxucunu maraqlandırmalı, onu özünə cəlb etməli, öz orijinallığının məziyyətlərilə tanış etməli idi. Zaman bu nəslin boynuna çox ağır bir yük qoymuşdu. Onlar eyni zamanda nəinki ümumazərbaycan, eyni zamanda ümumtürk ədəbiyyatına təzə ab-hava, yeni fikirlər, təzə obrazlar, təravətli təsvir və ifadə vasitələri gətirməli, xalqın taleyini, duyğu və düşüncələr aləmini öz əsərlərinin əsas motivinə çevirməli idilər. Bu ədəbi prosesin, yəni 1950-1980-ci illər Güney Azərbaycanda fəaliyyət göstərən şairlərin yaradıcılıq dövründən onillər keçəndən sonra bu ədəbi prosesə nəzər salarkən, inkişaf qanunauyğunluqlarını izləyərkən görürük ki, olduqca məsuliyyətli və ağır vəzifəni uğurla yerinə yetiriblər və zamanın nəbzini tutaraq, əsrin ikinci yarısının, daha doğrusu, 80-ci ilə qədər baş verən siyasi-ictimai hadisələri peşəkarlıqla poetik misralarla əks etdirməklə yanaşı, mənsub olduqları xalqın adət-ənənələrini, milli dəyərlərini, milli xüsusiyyətlərini, nəcib sifətlərini, eyni zamanda həyatın özü qədər yaşı olan tarixini və mədəniyyətini böyük bir sevgi ilə tərənnüm ediblər.
1950-1980-ci illərdə yazıb-yaradan şairlərin əsərlərində isə bu, daha parlaq şəkildə özünü nümayiş etdirməyə başlamışdı. Belə ki, bu sənətkarlar hələ də şah rejiminin bütün təzyiqlərinə baxmayaraq Azərbaycançılıq ideyaları ilə çıxış etməklə yanaşı, məhz Azərbaycan xalqına aid olan adət-ənənələri əsərlərində bədii mənzərələrlə, canlı lövhələrlə, estetik poeziya görüntülərilə əks etdiriblər. Məlum olduğu kimi bu dövr Əmir Xosrov Dərainin, Məmmədəli Məhzunun, Həbib Sahirin, Mir Mehdi Şapuşinin, Haşım Tərlanın, türk dünyasının nəhəng şairi Şəhriyarın, Aşıq Hüseyn Cavanın, Yəhya Şeydanın, Müzəffər Dirəfşinin, Sönməzin, Savalanın, Səhəndin, Firidun Hasarlının, Hüseyn Düzgünün, Gəncəli Səbahinin və başqalarının yaradıcılığının ən parlaq dövrüdür. Məhz bu dövrdə lirik, lirik-epik şeirlər, bədii nida və bədii suallarla son dərəcə zəngin olan poeziya nümunələri meydana gəlib.
Məhz bu dövrdə Güney şairlərinin yaradıcılığında yüksək sənətkarlıqla, həqiqi şeir, poeziya dilində, son dərəcə zəngin, emosional dildə yazılmış əsərlər yarandı. Misralardakı sərrastlıq, axıcılıq, sözə qənaət, yığcamlıq, üslubdakı qüvvət, Güney Azərbaycan şeirinin tarixi-milli zəmində inkişafı, ənənə və novatorluq daha qabarıq, daha parlaq bir şəkildə özünü göstərməyə başladı. Bu dövr Güney poeziyasında şifahi xalq yaradıcılığı ruhunda, aşıq şeiri ənənələri üzərində köklənən sadə və axıcı misralar, bənzərsiz deyim tərzi güneyli şairlərin rübabı üçün çox səciyyəvidir. Onlar duyğularını doğma dilimizdə bəzək-düzəksiz, son dərəcə təbii və səmimi ifadə edirdilər.
Güney Azərbaycan poeziyasının uzun illərdən bəri davam edib gələn zəngin təcrübəsi dönə-dönə təsdiq edib ki, sənətkarın vətəndaşlığı, xalqın keçmişinə, məişətinə, milli dəyərlərinə bağlılığında, yaradıcılığında xalq adət-ənənələrinə əsaslanmasındadır. Əsl şairin özünü, öz daxili aləmini ifadəsi məhz bu zəmində xalqın malı olur, ədəbiyyatın tarixində yaşayır, sənətkarın özündən sonra da insanlara xidmət göstərməkdə, onları uca zirvələrə səsləməkdə davam edir. 1930-cu ildə Ərdəbil şəhərinin yaxınlığında, Savalan dağının ətəyində yerləşən Nir qəsəbəsində dünyaya göz açan Həsən Məcidzadə Savalan məhz bu cür sənətkarlardandır.
"Dədə Qorqud", "Varlıq" və "Füruqi Azadi" ("Azadlıq işığı") jurnallarında müntəzəm olaraq əsərlərini çap etdirən Savalan Güney Azərbaycan poeziyasında siyasi lirikanın ən görkəmli nümayəndələrindən biridir.
Savalan şeirinin təsiri onun poetikasındadır. Əsasən folklor motivləri üzərində yaranmış realist faktura (məqam, fikir başlanğıcı), mənəvi-əxlaqi mövqe (meyar, dəyərləndirmə), Savalan şeirinin məna siqləti bu poetika daxilində nəfəs alır, bədii məzmun kəsb edir.
Savalan şeirinin stixiyası, kökü etibarilə şübhəsiz ki, Ərdəbil ədəbi məktəbi havasındadır. Lakin Savalanın könül rübabı eyni zamanda Həbibi, Füzuli, Seyid Əzim Şirvani, Sabir, Mikayıl Müşfiq, Əliağa Vahid, Süleyman Rüstəm poeziyasından da ilham alıb, təsirlənib. Şairin bədii irsini bütünlüklə nəzərdən keçirərkən yuxarıda adları qeyd olunan şairlərin təsiri bilavasitə özünü açıq-aşkar göstərir.
Savalan şeiri məqamdan doğulur, bir yandan yaşadığı zəmanənin xırdalıqlarını yığıb mətnində əks etdirir, digər tərəfdən hər an bu səviyyəni aşmağa, ondan yüksəkdə durmağa, mənəvi ucalığa səsləyir:

Kişilərdə qan olsun,
Din olsun, iman olsun,
Ana dili adı gəldi,
Can ona qurban olsun.

Firuzə üzük qaşı
Göy daşdır üzük qaşı,
Kişidə qeyrət olsa,
Atmaz qohum-qardaşı.

Savalan şeiri bəzən qəhrəmani bir rəng alır, ilk sözündən son misrasına qədər vahid ritmdə yaşayır, hər şey-məzmun başlanğıcı, düşüncələr, tariximiz və mübarizə yolumuz, bəşəri məna və mahiyyətimiz, ifadə imkanları, yığcam, obrazlı deyimlər, sərrast, tutarlı təşbehlər - hər şey burda hissə, həyəcana bürünür, xalqın və şairin özünün bağrından qopan nidaya çevrilir:

Ömr etdi, çiçək görmədik heç öz gülümüzdən,
Şadlıq yerinə gəldi fəğan bülbülümüzdən.
Adətdi bizə söyləməyək yadlara əsrar,
Dil açmayıb, incik demədik müşgülümüzdən.
Daim yaşayış oldu bizə bir qara dustaq,
Əl-qol yerinə bəndə vurulduq dilimizdən.
Lal ol dedilər, bilmədik heç bu nə sözdür,
Səs çıxmadı bir başlı olan aqilimizdən.
Min hiyləyə aldandı özün başlı bilənlər
Post aldı, məqam aldı, usandı elimizdən.
...Yandıqca közərləndik, haray, kül ki, qalandı
Söndürmək üçün başımızda öz külümüzdən.
Gəlsə bundan da çətin gün Savalan, bil!
Ayrılmaram heç an elimizdən, dilimizdən.

("Cənubi Azərbaycan Ədəbiyyatı Antologiyası" 4-cü cild. Bakı-Elm-1994. səh. 185).
Savalan qollarını çırmayıb alnının, zəkasının zəhmətilə yaratdığı nəfis əsərlərinin köməyilə xalqının səadəti naminə mübarizəyə girişir. Bu da təsadüfi deyil. Savalan xalqın içindən çıxmış, xalqının tarixinə, mədəniyyətinə, məişətinə, təbiətinə, adət-ənənələrinə olduqca mükəmməl bir surətdə bələd olan bir sənətkardır. Biz bunu şairin yaradıcılığının hər mənzərəsində açıq-aydın görürük.
Savalan yaradıcılığında xalqın həyat eşqini, gələcəyə inamını, yaratmaq qabiliyyətini, xoşbəxtlik ideallarını da əks etdirib. 1950-1980-ci illərdə Güney Azərbaycan poeziyasında Savalanın son dərəcə orijinal və nəhəng bir sima kimi ucalmasının da səbəbi budur. Əgər Savalanın əsərləri təkcə vətən xainlərini, satqınları, xalqına yuxarıdan aşağı baxanları ifşa etməklə məhdudlaşsaydı, onda onu zəngin bir xəzinəyə bənzətmək alınmazdı. O, bir müddət işlənib sonra istifadəsiz qalan silaha bənzəyərdi. Lakin Savalanın sənəti indinin özündə də kəsərlidir. Bu, ona görədir ki, Savalan xalqın həyatının bir çox mürəkkəb həqiqətlərini, fəlsəfəsini, insan mənəviyyatının ziddiyyətli cəhətlərini parlaq bədii obrazlarla ifadə edib.
Savalanın yaradıcılığı dar çərçivəyə sığmır. O, sözün əsl mənasında xalqın şairidir, Azərbaycan xalqının şairidir və doğma xalqının istəklərini misralara köçürür. Özü də bunları məhdud şəkildə, başdansovdu eləmir, hər sözü, hər misranı, hər ifadəni yüz dəfə ölçüb biçir, süzgəcdən keçirir və bununla da xalqın zövqünü oxşamayan heç bir şeyi saxlamır, yalnız xalqın ruhuna qida verə bilən kəlamları xalqının ixtiyarına verir.
Savalan tənqid edir, ifşa edir, öyüd-nəsihət, tövsiyə verir. Xalqı cızığından çıxmamağa, şeytana uymamağa, yad millətlərin havasına uyub tarixini, yeddi arxa dönənini, soykökünü, adət-ənənələrini, milli dəyərlərini unutmamağa səsləyir, lakin bütün bunları sevərəkdən eləyir, onun əsərlərində rişxənd, ələ salmaq, eyib axtarmaq yoxdur. Bu da şairin böyüklüyünü sübut edir.
Savalan öz fikirlərini geniş oxucu kütləsinə daha asan çatdırmaqdan ötrü zəngin xalq yaradıcılığı xəzinəsindən geniş istifadə edib. Şairin "Apardı sellər Saranı" poeması isə deyilənlərə ən parlaq subutdur. Folklor motivləri şübhəsiz ki, şairin obrazlı təfəkkürünü daha da dərinləşdirib, ona ictimai məzmun verib.
Savalan "Apardı sellər Saranı" poemasını İranda yaşayan azərbaycanlıların tarixinə, mədəniyyətinə, keçmişinə, çox əsrlik ədəbi irsinə, mənəvi sərvətlərinə, doğma dilinə, milli-mənəvi dəyərlərinə ağır zərbələr vurulduğu bir dövrdə qələmə alıb. Xalqını, millətini, doğma dilini canından artıq sevən, milli dəyərlərinə, tarixinə, keçmişinə dərin hörmət və ehtiram bəsləyən şair, şah üsul-idarəsinin, eyni zamanda fars şoviniziminin tüğyan etdiyi zamanda xalqına olan hədsiz məhəbbətinin ona verdiyi qeyrətə, cəsarətə dayanaraq, Azərbaycan xalqının keçmişini, mədəniyyətini, mənəviyyatını özündə güzgü kimi əks etdirən olduqca əhəmiyyətli, vacib bir əsər yaradıb.

Vüqar Əhməd
filologiya elmləri doktoru, professor