Çəkil qara duman, çəkil başımdan... Güney Azərbaycan

Çəkil qara duman, çəkil başımdan...

Bu taydan, o taya durub baxan tək

Abbas Barizin bir çox şeirləri hər şeydən əvvəl səmimi deyilişi, şairin həyati faktlara, habelə əsllində xırda detallara fəlsəfi münasibəti nöqteyi-nəzərindən ibrətamizdir. Bundan başqa şair kasıb bir şəraitdə yaşadığı üçün xalqın böyük bir hissəsini təşkil edən yoxsul camaatın dərdlərini, problemlərini çox gözəl anlayır və öz lirik qəhrəmanını onların timsalında canlı bir obraza çevirə bilir. Bu şeirləri oxuyan kimi aydın olur ki, şair həmin hissləri bilavasitə duyub, yaşayıb, ürəyinin, qəlbinin bir parçasını misralarda əridib. Onun "Qış gəlir" şeiri acı, şaxtalı qışın kasıbın canına necə lərzə salmasından, onlara əziyyət verməsindən söz açır:

Ay kişi, dur çarə qıl, yatma, oyan, qış gəlir,
Canımıza indidən lərzə salan qış gəlir.
Bu gecənin şaxtası bağrımı qan eylədi,
Bağçaların güllərin tökdü, xəzan eylədi,
Bülbül o halı görüb, yandı, fəğan eylədi,
Mən də baxıb söylədim, Allah, aman qış gəlir,
Ay kişi, dur çarə qıl, yatma, oyan, qış gəlir.
Bəs bu payız çıxmamış yel belə tufan salır,
İstərəm evdən çıxım, canımı şaxta alır,
Qapı-bacamızda külək hər gecə mizqan çalır,
Bil ki, sözümdə mənim yoxdu yalan, qış gəlir,
Ay kişi, dur, çarə qıl, yatma, oyan, qış gəlir.

İnsanın canına lərzə salan şaxtalı, boranlı, sərt sifətli qışın gəlməsi ta qədim zamanlardan xalqı səfərbər olmağa, imkanı daxilində azuqə toplamağa, yanacağ hazırlamağa, yun yorğan-döşək sırımağa vadar edib:

Badi-səba ver xəbər sahibi milyonlara,
Qonşusunu ac qoyan varlı müsəlmanlara,
Banka verək pulları, bais olaq qanlara,
Heç deməyək qonşular oldu filan, qış gəlir,
Ay kişi dur, çarə qıl, yatma, oyan, qış gəlir.
Biz özümüz mənzilə kirmani qali salaq,
Azər ayı gəlməmiş nefti-buxari alaq.
Yüzlər elə xalqımız tapmaya bir qanqalaq,
Çox da dinəndə deyək, dinmə, haçan qış gəlir?
Ay kişi, dur, çarə qıl, yatma, oyan, qış gəlir.
Daşa dönübdü qəlblər, var məgər insaf edən,
Yoxdu bu çılpaqlara bir dənə köynək verən,
Barizi təhdid edir bəzi zaman indidən,
Qaşqabağın turşudub misli-qaban qış gəlir,
Ay kişi, dur, çarə qıl, yatma, oyan qış gəlir.

Fəlsəfi lirikanın 50-80-ci illərdə yaxşı nümunələrini yaratmış Abbas Brizin mühüm yaradıcılıq uğurlarından biri konkret predmet ətrafındakı fikir və hissləri müəyyən ictimai mətləblə əlaqələndirməsindən ibarətdir.
Abbas Barizin dili, üslubu o qədər rəvan, o qədər aydındır ki, onun şeirləri azyaşlı uşaqların belə yaddaşında qala bilir. Milli dəyərlərə, mentalitetə həddindən artıq bağlı olan şair əsərlərinə folklor biçimində elə formalar geyindirib ki, bu formaların zərrə qədər onun əsərlərinə ağırlıq gətirməsinə kimsə şübhə eləyə bilməz:

Çaxıram göylərdə şimşək çaxan tək,
Axıram, dağlardan sellər axan tək,
Bu taydan, o taya durub baxan tək,
Vətən tarixiylə ibrətlənirəm.

Onun bütün əsərləri belədir. Şair həm seçimi, həm məna uzlaşması, həm musiqi biçimi, həm də deyim üslubu ilə olduqca mükəmməl bədii təsvir, həm də deyim üslubu ilə bir-birini tamamlayan bütöv bir estetik lövhə, eyni zamanda söz düzümü, musiqi biçimi və bənzətmənin uğurlu seçi¬mi kimi amillərlə birlikdə gözəl, poetik mənzərə yaradıb.
Caduya, fala inanan insanların sadəlöhvlüyündən, avamlığından istifadə edib, özlərini qeybdən xəbəri olan, yaxud cadu ilə kimlərinsə ömrünə son qoymaq, kimlərisə bədbəxt və yaxud xoşbəxt eləmək bacarıqlarını bəyan edərək, onlara inanan bədbəxtləri soyurlar. Abbaz Barizin "Yalançı falçı və baxıcıların tənqidi" şeiri bu baxımdan olduqca əhəmiyyətlidir:

Falçı, dəxi insaf elə, ey kani-cəhalət!
Soydun bizi illər boyu, bəsdir bu xəyanət.
İnsaflı xanım qızları əğfa edəsən sən,
Cadu yazıb övrətləri rüsva edəsən sən,
Hər küçədə bir mərəkə bərpa edəsən sən,
Qurtarmadı aya bu xəbacət, bu rəzalət?
Falçı, dəxi insaf elə ey kani-cəhalət.
Bəsdir bu fırıldaqla əya cahili dövran,
Get kəsbi-məişət elə olma belə nadan,
Bir əsrdəki göylərə pərvaz edə insan,
İnsafdı təzadan ola mövhümçü cəmaət,
Falçı, dəxi insaf elə ey kani-cəhalət.
Bu qərni-atomda yenə var əhli-xürafat,
Heç yerdə tapılmaz belə bir camiə, heyhat,
Müşəklərin ovzan qoyub xalqı bu gün mat,
Bax gör ki, bu insanda olarmış nə şəhamət,
Falçı, dəxi insaf elə, ey kani-cəhalət...

Bir çox şeirlərində ustad Şəhriyarın təsiri duyulan, satirik şeirlərində isə Azərbaycanın mislisiz şairi M.Ə.Sabirin istifadə etdiyi tipoloji sxem və modeldən məharətlə istifadə edən şair, şarlatanları, saxtakarları ifşa etməklə, eyni zamanda onları mənfi bir obraz kimi ümumiləşdirməklə yanaşı, üslub və vəzni, tələffüz və ritmi, poetik model və qəlibi, eyni zamanda ifadə tərkibi ilə oxucusu üçün olduqca əlverişli şərait yaradır.
Abbas Bariz eyni zamanda qəzəl ustasıdır, gözəllik, məhəbbət şairidir. Lirika, xüsusilə məhəbbət lirikası, rübabi şeir Barizin poetik təbinin ən doğma, ən munis yavrusudur. İnsani hiss, ali duyğu olan məhəbbət isə bütün dövrlərin poeziyası, ümumən ədəbiyyat üçün əzəli, əbədi mövzulardan biridir:

Məni Məcnun edən ey mahru, bu sərvün qamətdir,
Yıxan könlüm evin bu qaşu, bu göz, bu lətafətdir.
Desəm gər hüsndə Yüsif kimi bi mislü həmtasan,
Necə insaf edim, çün demək eyni həqarətdir..
Deməm gəl yanıma, əyləş mənimlə eyləyək söhbət,
Uzaqdan da əgər bir kəlmə dindirsən, kifayətdir.
Əgər ki, bivəfaqlıq rəsm olub rəna gözəllərdə,
Kor olsun gözlərim səndən savay gər bir kəsə baxsa,
İki sevdanı bir başda dolandırmaq səfahətdir.
Demə gəl məndən əl çək, canını qurtar zəlalətdən,
Zəlalət aşiqə canan yolunda istirahətdir.
Necə sənsiz mənim viranə könlüm şadman olsun,
Məgər aşiqlərə bir ləhzə mümkün eyşü-işrətdir.
Sana baxdıqca artar könlümün qovğası bülbül tək,
Özüm də bilmirəm, amma ki, məndə bu nə halətdir.
Məlamət oxları sinəmdə bir gülşən verib təşkil,
Tamaşa eylə, bir bax, gör nə övzayi-qiyamətdir.
Görən hər kəs məni ağlar, deyər: biçarə, biçarə,
Əcəb Məcnun kimi pabəndi-zənciri-sədaqətdir,
Düsəm oxşatmaq olmaz gül camalın ayə, bavər qıl,
Sənin hüsni-cəmalın çünki çox-çox binəhayətdir.
Gəlib Təbrizə Bariz, aşnasın yadbud etsin,
Vəli bir tövhə yoxdur əldə, biçarə xəcalətdir...

1950-1980-ci illər arasında yazıb-yaradan cənublu şairlərin əsərlərinin əsas pafosu, baş problemi insan qəlbinin daxili dialek¬tikası, ruhi, mənəvi dinamizmidir. Həyatda, məişətdə insani münasibətlər şəxsiyyətin mürəkkəb daxili aləmi, narahat planetimizdə şəxsiyyətin mövqeyi məsələsi bədii əsərlərin mövzusuna çevrilmişdi. Bu yeni mövzular, mətləblər, problemlər müasirlik, novatorluq, yenilik, orijinallıq məsələləri ilə bağlı və əlaqədar şəkildə düşünülür, yaşanılır və əks etdiririlirdi. Bütün bu anlayışlar da öz növbəsində dialektik surətdə ənənə ilə, klassik irslə, klassiklərimizin poeziyası ilə sintetik qaynaqda meydana çıxırdı.
Məlum məsələdir ki, bütün dövrlərdə şeirin əsas təsvir və tədqiq obyekti insan olaraq qalır. Klassik ənənələrə çox bağlı olan Güney şeirində də bu amil daim özünü parlaq şəkildə büruzə verdiyinə görə müasirlik məsələlərinin Güney şeirində düzgün qoyulması da məhz bununla əlaqədardır. Odur ki, modernizmə, formalizmə, ideyasızlığa, pornoqrafiyaya aparıb çıxara biləcək meyllərə heç bir zaman təsadüf olunmur, şairlər müasirliyin sənətdə novatorcasına kəşfinə və əks etdirilməsinə diqqət yetirərək aktuallıq, operativlik, hadisələrə tez əks-səda vermək kimi cəhətlərə diqqəti artırmaqla tələskənlik göstərib səthilik, yüngüllüyə də yol verməmişlər. Bütün türk dünyasına səs salmış Məmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poeması xalq şüurunun, xalq hissiyatının, eyni zamanda xalq həyatının əks-sədası kimi səslənir:

Qış gecəsi tövlələrin otağı,
Kətlilərin oturağı, yatağı.
Buxarıda yanar odun yanağı,
Şəbçərəsi, girdəkanı, iydəsi,
Kəndi basır gülüb-danışmaq səsi.

Bu dövrün poeziyasında romantik, emosional, analitik, intellektual meyl və təmayülə, üsluba, ifadə, yazı tərzinə rast gəlmək mümkündür. Hətta bir çox hallarda mürəkkəb assiosiativ, ekspressiv-romantik təsvir və boyalarla da qarşılaşırıq. 1950-1980-ci illərdə yaşayıb yaradan bir çox şairlərdə bu xüsusiyyətləri asanlıqla tapa bilərik. Onların şeirlərində vətəndaş mövqeyi, dünyada baş verən hadisələrə həssas şair münasibəti qabarıq şəkildə özünü göstərir. Bu şairlərin əsərlərində ana təbiət, vətən, beynəlmiləl dostluq, sevgi-məhəbbət motivləri, dünya qayğıları, insanın gələcəyi və s. poetik istedad daxilində duyulur, yaşanılır və əks etdirilir.
Qafianti Muradəli Qüreyşi 1934-cü ildə anadan olub. Şifahi xalq ədəbiyyatının bədii fikir qaynaqlarından bəhrələndiyi üçün onun əsərləri təsirli, koloritli və məzmunludur. Zəngin mündəricəli bu poeziyada ayrı-ayrı mövzuların müxtəlif şəkillərdə ifadəsi şairin yaradıcılığı üçün səciyyəvidir. Şair şeirlərinin məzmununa münasib poetik sərlövhələr seçib. "Çəkil qara duman", "Darıxma-elimə dedim bu qədər", "Utan xalqımızdan-dedim düşmənə", "Təpiyin dağı", "Gəlin, gəlin şənlik tutaq!" şeirlərində sözün bədii ifadəsi, bənzətmələr, təşbihlər və digər qanadlı sözlər olduqca yerli-yerində işlədilib. Lakin novatorluq da şairin dəsti-xəttində olduqca qabarıq şəkildə özünü büruzə verir. Novatorluq əsasən onun Azərbaycana olan məhəbətinin ifadəsi kimi ifadə olunur. Onun bu mövzuya aid şeirlərini oxuyarkən bu əsərləri sanki indi yazdığını, mürəkkəbinin hələ qurumadığını güman edirsən. Məsələn, onun "Çəkil qara duman" şeiri şifahi xalq poeziyasının qəliblərinə, ölçülərinə bağlı olduğu qədər də müasir səslənir:

Çəkil qara duman, çəkil başımdan,
Çəkil dağlarımdan, çəkil daşımdan,
Dönməyib, dönmərəm qan qardaşımdan,
Götür özünlə get şaxta-boranı,
Qoy günəş bürüsün Azərbaycanı…

Vüqar Əhməd,
professor