Zülmkarlar əlindən ürəyi deşmə-deşmə... Güney Azərbaycan

Zülmkarlar əlindən ürəyi deşmə-deşmə...

Sadə xalqın həyatına acıyan, onların dərdlərini, qəm-möhnətlərini özünkü hesab eləyən Şəhriyar yaradıcılığındakı əsas ali məqsəd hər şeydən öncə xalqının taleyini bütün problemlərdən vacib hesab etməsindədir. Şəhriyar Azərbaycanı həqiqətən sevən bir şair kimi öz əsərlərində Azərbaycanı, eyni zamanda Azərbaycan xalqını dünyaya tanıtmağa çalışıb. O, Azərbaycan xalqının yüksək mənəvi keyfiyyətlərini, nəcib sifətlərini, humanizmini göstərməklə yanaşı onun yaşadığı həyatı, adət və ənənələrini də öz qüdrətli qələmi ilə təcəssüm etdirib. Xalqın həyatında, məişətində nə varsa, hamısını bədii boyalarla, poetik lövhələrlə göstərib, bir sözlə, sadə xalqın sürdüyü həyatı, adət-ənənəsini, bayramlarını, mərasimlərini hər cəhətdən olduqca yüksək bir formada əks etdirib.
Yaradıcılığı boyu folklor ənənələrinə söykənən Məhəmmədhüseyn Şəhriyar bu ənənələrdən olduqca incəliklə, dəqiqliklə istifadə edərək bədii məqsədinə müvafiq surətdə dəyişərək əsərlərinə qiymətsiz ləllərlə bəzənmiş formalar geyindirib. Şairin əsərlərini xarakterizə etdikdə onun xeyli nağıl, rəvayət, dastan mötivləri, folklor deyim tərzləri, sayaçı sözlər, atalar sözləri, zərb-məsəllərdən və s. olduqca peşəkarcasına, məharətlə faydalandığını görürük:

Heydərbaba, gecə durna keçəndə,
Koroğlunun gözü qara seçəndə,
Qıratını minib, kəsib-biçəndə,
Mən də burdan tez mətləbə çatmaram,
Eyvaz gəlib çatmayınca yatmaram.

Şəhriyar xalqımızın adət-ənənələrinə mükəmməl bələd idi. Əlbəttə, başqa cür ola da bilməzdi. Xalqın içindən çıxmış, xalqın içində böyümüş, hər adəti, ənənəni öz içində yaşatmış, eyni zamanda bütün bunları həyatının mənası hesab etmiş şair, olduqca qədim və zəngin mədəniyyətə, tarixə malik olan xalqının məişətinə, milli xüsusiyyətinə bütün incəliklərilə bələd olmaya bilməzdi. Elə təkcə Novruz bayramı ərəfəsində çox sayda adət-ənənələr nümayiş etdirən xalq, heç bir şeyi nəzərdən qaçırmayan, vətənpərvər və həssas qəlbli Şəhriyar üçün əvəzolunmaz bir qaynaq, suyu heç vaxt qurumayan çeşmə idi.
Novruz bayramı xalqın həyatını, məişətini, adət-ənənələrini olduqca qabarıq şəkildə özündə əks etdirir. Şəhriyar artıq bütün türk dünyasının poeziya bayrağına çevrilmiş "Heydərbabaya salam" poemasında Novruz bayramı ilə əlaqədar adət və ənənələri olduqca poetik lövhələrlə nümayiş etdirir:

Bayram olub, qızıl palçıq əzərlər,
Naxış vurub, otaqları bəzərlər,
Taxçalara düzmələri düzərlər,
Qız gəlinin fındıqçası, hənası,
Həvəslənər anası, qaynanası.

Ustad Şəhriyar "Heydərbabaya salam" poemasında xalqın yaşaması üçün çox vacib olan qışa tədarükünü də olduqca əlvan boyalarla əks etdirir. Məlum məsələdir ki, insanın əsas qidası olan taxıl məhsullarının hasilə gəlməsi ol¬duqca çətin və uzun bir prosesdir. Taxıl əkilib-becəriləndən və yetişəndən sonra biçilərək, dərzlərdən "pəncə" bağlayıb yük heyvanlarının belində və yaxud öküz arabalarında möhkəm yerlərdə düzəldilmiş xırmanlara daşınırdı. Şəhriyar bu prosesin üzərində xüsusilə dayanır və bütün poema boyu bu prosesi olduqca canlı səhnələrlə nümayiş etdirir:

Xəlvərçilər burda xəlvər daşırdı,
Bu külliükdən uşaqlar dırmaşırdı,
Sellər kimi nemət aşıb-daşırdı,
Hər iş dedin, hər kimsəyə görərdi,
Can dərmanı istəsəydin verərdi.

Milli dəyərlərə, soyuna-kökünə, mədəniyyətinə, tarixinə, yeddi arxa dönəninə çox bağlı olan Şəhriyarın bütün yaradıcılığından bütün bunlar bir qızıl xətt kimi keçmiş və xalqının adətini, ənənəsini, məişətini, yüksək mənəvi keyfiyyətlərini öyrənmək istəyən hər kəs üçün olduqca böyük əhəmiyyət kəsb edib.
1950-1980-ci illər ərzində ədəbiyyata gələn güneyli şairlərin yaradıcılığında xalq şeirinin forma-qəliblərinə, xüsusilə onun obrazlarına, ifadə üsullarına meyli özünü parlaq şəkildə büruzə verir. Şübhəsiz ki, bu meyl ədəbi zərurət kimi xalqın zəngin ədəbi-mənəvi sərvətlərinə məhəbbətdən irəli gəlir. Əsərlərinin forma-məzmun gözəlliklərinə nail olmaq üçün şifahi ədəbiyyatın poetik sərvətlərindən bəhrlənmək şübhəsiz ki, folklor motivlərinin əxzi, mühüm sənətkarlıq sirlərinin öyrənilməsi obraza çevrilən söz və ifadələrin fikir tutumuna, misraların ahəng-melo¬diya axarına, qafiyə kamilliyinə və s. estetik ovqat verir. Folklor və klassiklərimizin ənənələrinin şeir dilində güclənməsi, təbiidir ki, şeir mətnində şifahi ədəbiyyatın ruhunu, obraz yaratma vasitələrinin görünməsinə zəmin hazırlayır. Ənənədən gələn detalların şeir dilinə nüfuzu 1950-1980-ci illərdə yazıb-yaradan gü¬neyli şairlərin yaradıcılığında lirik ovqat, üslub baxımdan yetkinlik yaratmışdı və onlar öz sələflərinin sənətkarlıq yolunu bütün istiqamətlərdə davam və inkişaf etdirərək qələmləri ilə sözə yeni dövrün nəfəsini, yeni zamanın poetik ab-həvasını əlavə etdilər. Formanın tərkib hissələri janr, ahəng, ölçü, dil və başqalarıdır. Məlumdur ki, ədəbi əsər həyat hadisələrinin bədii ifadəsidir. Hadisələr bir-birini əvəz edib dəyişdikcə ədəbi janrın mövzusu da dəyişir.
Tarixi inklişaf nəticəsində insanların müəyyən amal uğrunda apardıqları mübarizə, vətənpərvərlik və s. əlaqədar yeni mövzular ədəbiyyat üçün əsas obyektə, aktual mövzuya çevrilir. Hamıya bəllidir ki, xalq dilindən və şeirindən əxz olunan ahəng, bəhr, ritm sərbəstliyi şeirdə poetik yekrənglikdən, ifadə və üslub monatonluğundan qaçmağa səy göstərir. Zamanın yeni problemləri ilə birgə, yeni ritmi, sürəti və enerji tempi də şeirə gəlir və klassik irsin, milli folklorun ənənə və imkanlarını yeni bədii vəzifələrin həlli xeyrinə daha fəal səfərbərliyə almağa ehtiyac yaranır.
Təkcə bu illər ərzində deyil, ümumiyyətlə, Güney Azərbaycan şeiri klassik poeziyanın və şifahi xalq ədəbiyyatının təcrübəsini, eyni zamanda ənənələrini davam etdirərək istər mənzum əsərlərdə, poemalarda, süjetli şeirlərdə, istərsə də siyasi-ictimai və fəlsəfi parçalarda, istərsə də lirikada Azərbaycan şeirinin bütün əsas forma və janrlarından istifadə edib. Məlum məsələdir ki, mənzum əsərin arxitektonik bədii forması olması etibarilə bənd şeirin çox ifadəli, təsirli olmasına və onun daxili məzmununun açılmasına kömək edir.
Azərbaycan poeziyasında qoşma əsrlər boyu ənənəvi bəndlər sistemi kimi yaşamaqdadır. Eyni sözü iki misralıq məsnəvi haqqında da demək olar. Yeni bənd növlərinin (aa, bb, vv, qq, dd, aa, qa, da) məzmunu, ifadə və təsvir üsulları müasirliyi, təsirinin əhatəliliyi ilə əvvəlkilərdən fərqlənir. Həm ikiliklər, həm də üçlüklər sadə və kiçik, fərqli bənd növləridir. Dördlüyün mürəbbe növünün, beşliyin müxəmməs və təxmis kimi janrlarının ənənəsi əski dövrlərdən yaranıb. Güney Azərbaycan şeirində daim müxəmməsdən, təxmisdən istifadə olunub. Bir sözlə, Güney şeiri xalq yaradıcılığından bəhrələnməklə, mütərəqqi klassik Şərq şeirinin ənənələrini davam etdirərək bütün poetik formalardan istifadə edib.
Türk xalqlarında bayatı şeir növü kimi müştərəkdir. Azərbaycan ədəbiyyatında, folklorunda bayatının misilsiz nümumələri yaranıb. Bu janrın yaranma tarixi çox qədim dövrlərə gedib çıxır. Bayatı türk xalqlarının tayfa, ulus, el halında yaşadıqları dövrlərdə ağız ədəbiyyatı nümunəsi kimi söylənibmiş. Bayatı bizə doğma olduğu üçün dilimizin bütün şirinliyini, poetik imkanlarını, məna çalarlarını, semantik xüsusiyyətlərini özündə əks edir. Olduqca sevindirici bir haldır ki, müasir şairlərimiz də yeni bayatı növləri yaradırlar. Biz buna həm Quzey, həm də Güney şairlərinin yaradıcılığında tez-rez rast gəlirik.
1950-1980-ci illər Güney Azərbaycanın 1938-ci ildə Təbrizin Çayqırağı məhəlləsində anadan olmuş novator şairlərindən Çayoğlu Bəhruz Dövlətabadi bu misilsiz xalıya yeni ilmələr vuraraq bayatının yeni formalarını meydana gətirib. Çayoğ¬lunun bayatıları mövzu etibarılə də müxtəlif məzmunlu, rəngarəngdir. Çayoğlu bir qədər də irəli gedərək poeziyamızın rişəsi olan ba¬yatının xalqın həyatında nə qədər böyük bir rol oynadığını poetik füqurlarla, bədii bənzətmələrlə, təşbehlərlə, təkrirlərlə, istiarələrlə, hətta cinaslarla çox gözəl bir şəkildə tərifini verib:

Bayatı qaynar çeşmə
Yel çalar, oynar çeşmə,
Zülmkarlar əlindən,
Ürəyi deşmə-deşmə.
Bayatı el qəmidir,
Sazların dilqəmidir,
Hər kəlməsi bir ümman
Dərindir, sevməlidir.

Burda şair bayatı şəklinin ənənəvi a-a-b-a şəklindən istifadə etsə də, dili, üslubu şifahi xalq şeiri, üslubu olsa da, misralarda novatorluq özünü qabarıq şəkildə göstərir və müasir şeirimizdə bədii novatorluğun müxtəlif formalarından birini təşkil edir. Onun bayatıları xalq ədəbiyyatından mayalanmaqla yanaşı, öz oxucusuna ana dilini əziz tutmağı, yüksək mənəvi keyfiyyətlərə, nəcib sifətlərə malik olmağı, yaşadığı torpağı, vətəni sevməyi, mərd-mərdanə yaşamağı tövsiyə edir.
Poema-ədəbiyyatın lirik-epik təsviri növlərindən biri kimi süjetli mənzum hekayə, yaxud mənzum pövestdir. Burda təsvir olunan hadisələrin gedişində iştirak edən obrazlarla-qəhrəmanlarla yanaşı, lirik qəhrəman, yəni şairin özü aydın nəzərə çarpır. Poemada qəhrəmanın hərəkəti və həyəcanları, onun iştirak etdiyi hadisələr təsvir olunmaqla yanaşı hadisələrinin şairdə doğurduğu hiss və duyğular da ifadə olunur. Şair bu hiss və duyğuları əsas süjetdə lirik hadisələr vasitəsilə ifadə edir. Beləliklə, poemada əhvalatın iştirakçısı olan qəhrəmanlarla yanaşı "lirik qəhrəman" adı daşıyan spesifik surət də olur. Poema yalnız ideya-fikir sahəsində deyil, xalq şeirinin və klassik poeziyanın ənənə, bəhr, üslub, forma sərvətindən də yaradıcı şəkildə bəhrələnməyin ən yaxşı nümunəsidir. 1950-1980-ci illərdə Şəhriyar, Səhənd, Sönməz və başqaları son dərəcə zəngin, emosional dildə, eyni zamanda iki müxtəlif üslubdan, klassik şeir və şifahi xalq şeiri üslubundan ustalıqla istifadə edərək nəfis və dəruni poemalar yaradıblar.
Səhənd Azərbaycanın qiymətsiz xəzinəsi, ana kitabı adlandırılan Dədə Qorqud eposunun motivləri əsasında qələmə aldığı "Sazımın sözü" poemasında misralarda sərrastlığı, axıcılığı, sözə qənaəti, yığcamlığı gözləməklə yanaşı, yeni poetik formalardan istifadə edib, eyni zamanda şeirin dil və üslub ənənələrinə əsaslanaraq əsərə dərin fəlsəfi məna verməklə, parlaq, yeni, müasir, orijinal nümunə yaradıb.
Güney Azərbaycanda poema janrı əsasən klassik şeirin, xalq şeirinin kökləri əsasında poeziya xəzinəsinə daxil olub və daim xalq şeirinin ənənələrindən qidalanaraq, dövrün tələbinə uyğun yeni formalar meydana gətirib. Şəhriyar "Heydərbabaya salam" poeması ilə yeni bir siyasi, ictimai, fəlsəfi poema dili yaradıb, eyni zamanda üslubu, məna yenilikləri ilə klassik şeir dilini və xalq şeir dilini yaradıcı şəkildə birləşdirib.

Vüqar Əhməd,
professor