Türk məktəbində oxumaq o dövrün uşaqlarında dərin təsir oyatdı Güney Azərbaycan

Türk məktəbində oxumaq o dövrün uşaqlarında dərin təsir oyatdı

Pişəvəri bizim məhəlləyə gələndə təəccüblə onun bizim dilimizdə danışdığını anama söylədim

Azərbaycanın Güneyində gedən milli-azadlıq hərəkatında ana dilinin əhəmiyyətini və dilə münasibətdə qeyri-milli dövlətlərin reaksiyasını anlamaqdan ötrü bu prosesə Rza şahın zamanından – 1925-ci ildən nəzər salmağa ehtiyac var. O zaman ana dilinin gücünü və qeyri-milli dövlətlərin bu güc qarşısında qorxub titrədiyini görmək mümkündür. Uşaqlıqda yadıma gəlir ki, məktəbdə bizi altı yaşından fars dilində danışmağa məcbur edirdilər. Danışa bilməyəndə cərimələyir, "eşşək" adı verməklə qorxudurdular və təzyiqi o həddə çatdırmışdılar ki, Rza şahın zamanında adam özünə "türk" deməyə utanırdı. Ata-analar bu həqarətdən qurtarmaqdan ötrü nə yolla olur-olsun, uşaqlarına və ailələrinə fars dilinin öyrədilməsinə səy göstərirdilər. Hətta yadıma gəlir ki, ailələr fars dilində danışmaqla fəxr edirdilər, farsca bilən qızlara, gəlinlərə üstünlük verirdilər. O da yadıma gəlir ki, atam Tehrana və ya Məşhədə gedəndə farscayla türkcəni qarışdırıb elə danışırdı ki, guya fars dilini bilir. O bununla öz şəxsiyyətini üstün tutmağa çalışırdı. Biz də onun bu hərəkətini yamsılayaraq deyib-gülürdük.
Bu qorxu və həqarət Azərbaycan Demokrat Firqəsinin gəlişilə buz kimi əridi. Azərbaycan xalqı, xüsusən uşaqlar və gənclər qürurla öz dillərində məktəblərə başladılar. Hər axşam uşaqlar fərəh hissilə ata-analarına filan hərfi yazdıqlarını, filan şeiri öyrəndiklərini deyirdilər. Bu qürur və dirçəliş haləti yalnız evlərdə deyildi, zavodları, fabrikləri də bürümüşdü. Atamın xalça fabrikində işləyən gənc oğlan və qızlar fasilə zamanı axşam məktəblərində oxuduqları, öyrəndikləri kitablardan söhbət eləyirdilər. Azərbaycanın Güneyində Milli Hökumətin bir illik hakimiyyəti, ana dilinin azad olması milli-azadlıq hərəkatına böyük təsir göstərdi. Tehran hökuməti bütün vasitələrlə bu hərəkatın qarşısını almağa çalışırdı. Onların tapşırığı ilə mollalar və məscid başçıları öz söhbətlərində türk məktəbində oxumağın ziddi-islami olduğunu təbliğ edir, bunu allahsızlığa bərabər tuturdular.
Atam türkcə məktəb açılandan iki ay sonra evə gəlib müctəhidin türk məktəblərinə gedənlərin islama qarşı olduğunu söylədiyini bildirdi və qardaşım İbrahimlə məni mollaxanaya qoydu.
Digər tərəfdən dövlət idarələrində türk dilinin güclənməsinin qarşısı alınırdı. Belə ki, öz dillərində danışanları "bisavad", "pantürkist", "ruspərəst" adlandırırdılar, iitham edirdilər. Tehran radiosu gecə-gündüz türk dilinin əleyhinə təbliğat aparırdı. Amma bu maneələrə baxmayaraq türk məktəbində oxumaq o dövrün uşaqlarında dərin təsir oyatdı, ana dilində təhsilin və rəsmi dövlət mərasimlərinin mümkünlüyü inamını formalaşdırdı.
Yadımdadır ki, Pişəvəri bizim məhəlləyə gələndə mən təəccüblə onun bizim dilimizdə danışdığını anama söylədim. Çünki o vaxta qədər mən vəzifə sahiblərini, başçıları həmişə özgə dildə danışan görmüşdüm. Bu, məndə ona hörmət yaratdı.Yaxud, dərsdə müəllim mənim halımı türkcə soruşanda buna təəccüblənir və sevinirdim. Tehran ordusu gəlib milli hərəkatı qan dənizinə qərq edəndə mənim 10-12 yaşım olardı. Rza şahın oğlu Məhəmmədrza şah radiodan dedi ki, həyatın qədrini o adam bilər ki, müsibətə düşsün. Bunu eşidəndə mən öz-özümə dedim ki, axı, biz nə müsibətə düşmüşdük.
Azərbaycan Milli Hökuməti yıxılan zaman türk dilində yazılan kitablar yığılaraq meydanlarda yandırıldı. Kitabxanalardan kitabları yığıb məhv elədilər, ana dilini – həqiqətdə isə milli istiqlalımızı oda çəkdilər. Düşmənlərimiz yaxşı bilirdilər ki, ana dilində məktəb açılması milli hərəkatın güclənməsinə, mədəniyyətin möhkəmlənməsinə – nəhayət, Azərbaycanın müstəqilliyinə aparacaq. Buna görə də 1946-cı ildən sonra təziyətələblik, pantürkistlik və s. adlarla düşünən insanları həbslərə, sürgünlərə, ölümə məhkum etməyə başladılar. Və bu vəhşət o qədər qorxulu idi ki, dövlət idarələrində fars dilindən başqa ayrı dildə danışmaq təhlükəli idi. Türk dili qısa bir zamanda hər yerdən yığışdırıldı və yenə köhnə həqarəti davam etdirməyə başladılar. Bu, 1950-ci ilə – Müsəddiqin baş nazir seçilməsinə qədər davam etdi. Bundan sonra bəzi şairlər ana dilində şeir yazmağa başladılar. İctimai-siyasi mühitin bir qədər yumşalması ana dilinin inkişafına güc verdi. Şəhriyarın ana dilində yazmağa başlaması, "Heydərbabaya salam"ın yaranması bu dövrə təsadüf edir. Amma yenə də "Heydərbabaya salam"ı, Sabirin "Hophopnamə"sini, "Kitabi-Dədə Qorqud"u oxumaq, evdə saxlamaq cinayət hesab olunurdu. 1950-1952-ci illərdə qorxu nisbi olaraq götürülmüşdü. 1953-cü ildə Müsəddiq devrildikdən sonra mənim gözümün qabağında onun evini topa tutdular, bir çox insanları həbs və edam etdilər. Ölkədən qaçmış Məhəmmədrza şah qayıtdı və islam inqilabına qədər onun hakimiyyəti sürdü.
70-ci illərdə siyasi təzyiq bir qədər azalanda Səməd Behrəngi kimi ziyalılar türk dilini kənd uşaqlarına öyrətməyə çalışırdılar. Bunun da milli hərəkatda müsbət izlərini görmək mümkündür.
İslam cümhuriyyəti dövründə bir sıra qəzet və dərgilər türk dilində çıxmağa başladı. Amma qanuni-əsasidə olan türk dilinin işlədilməsi, bu dildə məktəb açılması Tehran hökumətini qorxutdu. Yenə həmin töhmətlərlə ana dilini təqib edilir, şah zamanında olduğu kimi təziyətələb, pantürkist və s. adlarla damğalanır. Hətta bu ilin 21 fevralında dünyada Ana dili elan olunan gün Təbrizdə kiçik bir konfransın keçirilməsinin qarşısını aldılar. Və yenə də göstərdilər ki, Tehran hökuməti və fars şovinizmi bizim ana dilimizin bazası, məktəbi olmasından, nəhayət milli hərəkatın güclənməsindən qorxur. Özünün qeyri-qanuni və qeyri-insani hakimiyyətini türk və digər xalqlar üzərində yürütmək üçün ana dilinin və milli mədəniyyətin qarşısını hər cür üsulla almağa çalışır. Bir sözlə, Azərbaycanın düşmənləri bilirlər ki, onun gücü, gələcəyi, müstəqilliyi ana dilinə bağlıdır. Buna görə də ana dili Güney Azərbaycanın milli strategiyasında mühüm rol oynayacaq.
Ana dilində məktəblər açılmadan istiqlaliyyətə nail olmaq mümkün deyil. Azərbaycanın Güneyində canlı hərəkat gedir, bu göstərir ki, ana dilimizin rişəsi kəndlərimizdə, şəhərlərimizdə, xalqın ürəyindədir. Və bu hərəkat yavaş-yavaş özünün siyasi yoluna düşür. Bunu daha dərin milli hərəkata çevirmək üçün bütün qurumların, fikirlərin bir yerə yığışması, vahid strategiyadan çıxış edilməsi lazımdır. Çünki gücümüz birliyimizdə, varlığımız, kimliyimiz ana dilimizdədir. Əgər bunu anlamasaq, ana dilinin əhəmiyyətini dərk etməsək, ümumbəşəri məsələlərdə də müvəffəq ola bilmərik. Çünki bəşəri məsələlərdən qabaq milli problemlərin həllinə ehtiyac duyulmaqdadır.

Qulamrza Səbri Təbrizi,
professor