Artıq demə laylay ki, yatan ellər oyanmış… Güney Azərbaycan

Artıq demə laylay ki, yatan ellər oyanmış…

Həbib Sahirin, Hökümə Billurinin, Mədinə Gülgünün şeirləri haqqında

Fəlsəfi dərinliyi ilə seçilən şeirlərdən biri də Həbib Sahirin "Şeirin səsi" əsəridir. Burada həyata, onun hadisələrinə, əzəli-əbə¬di qanunauyğunluqlardan doğan anlayışlara şairin baxışları miqyaslı, əhatəli və düşündürücüdür. Burda fəlsəfi nüfuz predmetin bütün mahiyyətini qavrayır, onu tam ehtiva edir. Bu şeirdə ümumi və xüsusi, ictimai və fərdi meyllər bir vəhdət təşkil edərək tamı, bütövü əmələ gətirir, təsvirin, lövhənin tamlığını şərtləndirir. Şairin bu lövhədə qələmə aldığı, həssaslıqla təsvir etdiyi şeirin ipək pərdələri ürəkləri tərpədir və oxucuya gözəl, kövrək hisslər aşılayır:

Gün batarkən qızıllanan xəyallarda,
Gül açardı yazın gözəl axşamı,
Uzadardı mənə şeirin pərisi,
Şərab ilə dolu, altun bir camı.

Mən məst ikən o dilbərin səsində,
Şeirin mərmuz, dərin səsin duyardım,
O yatarkən eşqin sönməz rəngilə,
Şeirin ipək pərdələrin boyardım.

Yığcamlıq, sözə qənaət, mümkün qədər az sözlə böyük mənalar ifadə etmək Sahir poeziyasına xas keyfiyyətlərdir. Şair lirik peyzaj yaratmaq, canlı, həyati lövhə çəkmək ustası kimi də diqqəti cəlb edir. Şairin "Yurdumuz" şeirində bunun şahidi oluruq:

Səhər oldu, gün hər yerə yayılır,
Qurdlar, quşlar əkinlərə ayılır,
Kölgə düşür pərdə-pərdə yollara,
Axar suda daşlar, qumlar sayılır.

Yapraq, yapraq gəlir qızıl işıqlar,
Al işıqlar-quşlar uçur biqərar.
Hər işıqda ovuc-ovuc ulduzlar,
Hər işıqda dərin, gizli sirr var.

Çıraq kimi lalələrdir odlanan,
Lalələrin üzərində qızıl qan,
Yer üzünün cənnətidir yurdumuz,
Unut göyü, bizim yeri gəl dolan.

Göründüyü kimi şeir folklor bulağından su içib, qoşma formasındadır. Lakin Həbib Sahir bu şeirdə sanki yurdunun nəhəng bir portretini çəkir və bu portretdə bizə yurdun əzəmətini, gözəlliyini, füsunkarlığını, əsrarəngizliyini incə, zərif boyalarla nümayiş etdirir. Ümumiyyətlə, Həbib Sahir üçün hər şeydə incəlik, həssaslıq, yüksək estetik zövq əsasdır. Şairin həm lirik, həm də ictimai-siyasi şeirlərində zəmanəsinin ruhu, ab-havası rəvan bir şəkildə hiss olunur.
Ümumiyyətlə, Həbib Sahirin poeziyasında yurd sevgisi motivləri öndədir. Qələmindən Vətən, yurd, torpaq məhəbbəti süzülür. Lakin şairin şeirlərində xalqı qəflətdən oyatmaq, mübarizəyə səsləmək, çağırış nidaları da müstəsnalıq təşkil edir. Özü də ustad şair folkora, əcdada sıx tellərlə bağlı olduğu üçün hər misrasını folklorun qızıl rəngilə boyayır:

Tarixin əgər dəftərin açsan, görəcəksən,
Hər babı və hər fəsli qızıl qanla boyanmış!
Bir neçə qızıl qübbəli məbəd tikilərkən,
Xalqın evi uçmuş başına, xərməni yanmış.
İnsan ki, həyat fəlsəfəsin anlamaz oldu,
Dünyada o əfsanəyə, əfsuna inanmış.
Şahanə saraylarda gecə toy tutulanda,
Bir çox qapılar qəmlə və matəmlə qapanmış.
Gördünmü sürü içrə gedən qurdu? Amandır!
Bax quyruğuna, gözlərinə, sanma çobanmış.
Əsrin o qarı dayəsinə söylə ki, bir də,
Artıq demə laylay ki, yatan ellər oyanmış.

Azərbaycanda əsrlər boyu kişi şairlərlə birlikdə qadın şairələr də oxucuları yüksək əməllər üçün səfərbər etməkdən ötrü xalqın kədərini-sevincini, xeyirini-şərini, ağrı-acısını, problemlərini nəzmə çəkiblər. Hökümə Billuri 1926-cı ildə Zəncan şəhərində anadan olub, ilk şeirlərini 15 yaşında ikən dövrü mətbuatda çap etdirib, Güney Azərbaycanda inqilabi mübarizə dövründə ictimai-siyasi fəaliyyəti və bədii yaradıcılığı ilə zəhmətkeş kütlələrin azadlığı işinə yardım edib. 1946-cı ildə doğma Zəncanı tərk edərək Quzey Azərbaycana mühacirət edib, Bakıda Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Daha sonra Moskvada İctimai Elmlər Akademiyasında təhsil alıb, bir müddət "Azərbaycan" qəzetinin baş redaktoru olub, 1964-cü ildən etibarən Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları insitutunda baş elmi işçi vəzifəndə çalışıb. 2001-ci ildə vəfat etmiş miş Hökümə Billurinin şeirləri onun öz mənəviyyatının tərənnüm yolu ilə ifadəsidir. Poeziyanı ictimai amalın, ideologiyanın fəal ifadəsinə çevirmək şairənin müraciət etdiyi bütün bədii forma və üsullarda özünü göstərir:

Quşa sərhəd yoxdur, kaş quş olaydım,
Arazı uçaraq keçmiş olaydım.
Arzular illərdir izləyir məni,
Sərhəddə bir çinar gözləyir məni.
Orda xan çinara qonaydım bir an,
Min qüvvət alaydım budaqlarından.
Ata ocağımız həyətimizdə,
Uşaqlıq qoynunu açaydı mənə,
Geriyə dönəydi cavanlıq yenə.
Anam gözlərində sevinc, həyəcan,
Qarşıma çıxaydı bir anlıq fəqət.
Məni tərk edəydi bir gün bu həsrət.
İllərdir arzular izləyir məni,
Sərhəddə bir çinar gözləyir məni...

Bu şeirdə şairənin lirik "mən"i çox fəal şəkildə təzahür edir. "Mən" bu şeirdə adi ifadə vasitələrindən biri deyil, poetik mübtədadır. Burda eyni zamanda şairə lirik "mən"i ümumiləşdirilmiş şəkildə meydana çıxarır. Onun lirik "mən"i təkcə öz arzuları, həsrəti deyil, yüz minlərlə insanın arzusu, həsrətidir. Sadəcə olaraq burda lirik "mən" o taylı, bu taylı Azərbaycanı ehtiva edir və şairənin, ölçüləri vahid Azərbaycanla bərabərləşən böyük məhəbbətini təcəssüm etdirir. Məhz buna görədir ki, "mən"in tərənnümü qeyri-təbii səslənmir, "öz-özünü mədh", fərdiyyətçilik təsiri yaratmır və oxucunu duyğulandırmaqla yanaşı, olduqca səmini səslənir.
Güney Azərbaycanda müasir demokratik poeziyanın yaranmasında Azərbyacan poeziyasında özünəməxsus yeni üfüqlər açan şairələrdən biri də Ələkbərzadə Mədinə Gülgündür.
Mədinə Gülgün 1926-cı ildə Bakıda anadan olub. Bakıda orta məktəbin ibtidai sinfində oxuyarkən - 1938-ci ildə ailə üzvləri ilə birlikdə Cənubi Azərbaycana köçüb, bir neçə il Ərdəbildə, sonra isə Təbrizdə yaşayıb. Milli azadlıq hərəkatının qızğın dövründə bir əlinə silah, bir əlinə qələm alaraq qəddar şah rejimindən cana doymuş xalqın müdafiəsinə qalxıb. 1945-ci ildə Azərbaycan Demokrat Firqəsinə daxil olub. Milli Hökumət dövründə Təbrizdə Qadınlar klubu bürosunun üzvü seçilib.
Gənclik dövründən şeirə, sənətə böyük maraq göstərən şairə 1944-cü ildən şeir yazmağa başlayıb. O vaxtdan etibarən mütəmadi olaraq dövri mətbuatda dərc olunan şairə inqilabi fəaliyyətinə görə 1946-cı ildə Təbrizdə "21 Azər" medalı ilə təltif edilib. 1948-ci ildə Bakıya gələrək Azərbaycan Dövlət Pedoqoji İnsitutunun dil və ədəbiyyat fakultəsində ali təhsil alan şairənin ilk şeirləri 1950-ci ildə Bakıda "Təbrizin baharı" və "Savalanın ətəkləri" kitablarında toplanıb. O zamandan etibarən daha 20 kitaba həyat verən şairənin əsərlərində əsasən xalqın milli istiqallı, azadlığı, vətənpərvərlik, Vətəni iki yerə bölən Arazın nə vaxtsa daha qan ağlamayacağı, vüsal təntənəsi ifadə edəcəyi arzusu tərənnüm edilir.
Mədinə Gülgün 1950-1980-ci illər o taylı, bu taylı Azərbaycan şeirində "fərdi intellektual üslub" deyilən bir istiqamətin nümayəndəsidir. Məhz obrazlı, emosional, poetik bir intellekt Mədinə Gülgünə məxsus ədanı şərtləndirir. Bunlarda romantik və rasional bir ruh, bədii-fəlsəfi ümumiləşdirməyə meyl olduqca qüvvətlidir:

Biz ki, özgə deyilik,
Bölünək bölük-bölük.
Bir obayıq, bir elik
Bakıdan Təbrizəcən.

Müjdələnəydi daş-daş,
Uçaydı həsrət, təlaş,
Bir məclis quraydıq kaş,
Bakıdan Təbrizəcən.

Vüsal olsa nə dərdim,
Quşlarla bəhs edərdim,
Mən piyada gedərdim,
Bakıdan Təbrizəcən.

Bayatı formasına yaxın formada olan bu şeirdə olduqca sadə bir dildə, tez bir zamanda yaddaşa hopan bir şəkildə, eyni zamanda olduqca obrazlı bir tərzdə qələmə alınıb. Ayrılıq dərdini canlı lövhələrlə ifadə edən, həcmcə kiçik olsa da, məna yükü ağır olan bu əsər şifahi xalq ədəbiyyatından, folklordan qaynaqlandığı qədər də novatorcasına yazılıb. Bu şeir Bütöv Azərbaycana olan sevginin parlaq və bədii bir nümunəsidir. Qəlbinin zərif tellərini, duyğularını, arzu və istəklərini bütün şeirlərində olduğu kimi bu şeirdə də ifadə edən Mədinə Gülgün eyni zamanda poeziya dilinin ən sadə üslub-formalarından istifadə edərək xalqın adi danışıq dilini dərin fəlsəfi mənalarla nəzmə çəkib.
Mədinə Gülgünün bütün şeirləri belədir. Sadə, rəvan, aydın, tez yadda qalan, eyni zamanda mövzu mündəricələri rəngarəng, oynaq təşbihlər, istiarələr, təkrirlər, bir-birinə uyğun qafiyələr və s. Mədinə Gülgün elə şairələrdəndir ki, heç vaxt zəif əsər yaratmayıb, yalnız ilhamının pərisi onu poeziya səmalarında uçuranda əlinə qələm alıb və o taylı, bu taylı Azərbaycan poeziyası xəzinəsinə qiymətsiz incilər bəxş edib.
Poetik nitqin, xüsusilə şeir dilinin üslubunun müəyyənləşdirilməsində təşbehin quruluşu mühüm göstəricidir. Bu, sənətkarın estetik dünyagörüşü haqqında aydın təsəvvür verir. Nəyi nə ilə müqayisə etmək əslində bədii predmetin cəmiyyətlə, geniş mənada bütün təbiətlə dialektik təmasını və deməli, sənətkarın da təbiət və cəmiyyəti necə görməsini aydınlaşdırır. Bənzəyənlə bənzədilənin münasibəti obyektiv xarakterindən başqa sırf subyektiv cəhətlə də - şəxsi zövq və fərdi intelektual səviyyə ilə də bağlıdır. Özünü Şəhriyarın, Səhəndin mənəvi övladı hesab eləyən Nigar Xiyavinin şeirləri söz seçimi, məna uzlaşması, deyim üslubu, musiqi biçimi ilə seçilir. O, poeziyanın bütün imkanlarından istifadə edərək hər bir əsərində mükəmmək bədii təsvir yaradır:

Mən Savalan göylərinin
Qatarlanan durnasıyam.
Dağlar dağı Səhəndimin
Zirvəsinin sal buzuyam.
Qaranlıqda parıldayan,
İşıqlı dan ulduzuyam.
Nigarıyam Koroğlunun,
Çənlibelin avazıyam.
Səhəndin çatlayan bağrı,
Şəhriyarımın qızıyam.
Alnım açıq, başım uca,
Azərbaycanın qızıyam.

İnsanın zəngin mənəvi dünyasının poetik şərhində lirikanın ideya-estetik təkamülünün yeni bir mərhələsi (Ədəbi ənənə və novatorluq, poetik üslub çalarlarının zənginliyi) 50-80-ci illərdə pərvəriş tapan poetik üslublar, gerçəkliyi qavrayışda yeni görünən duyum tərzi yeni məzmunlu axtarışlara gətirib çıxarırdı. Həyatın poetik dərkində vahid estetik qaynağa, milli ədəbi köklərə qayıdışdakı müxtəliflik, onu insanlar arasındakı ictimai-siyasi münasibətlərin, onun mənəviyyatının dərin psixoloji qatlarını ifadədə məqsədli, yönümlü "mütaliə" məntiqindən irəli gəlir.

Vüqar Əhməd
professor