Mən azadlıq istəyirəm... Güney Azərbaycan

Mən azadlıq istəyirəm...

Qəhrəmanlar xalqın tarixini yaradan şəxsiyyətlərdir

Qulamrza Səbri Təbrizinin poeziyası ilk növbədə inqilabi ruhu ilə diqqəti cəlb edir. Lakin bu poeziyada məhəbbət, yaxşılıq, pislik, insanpərvərlik, vətənpərvərlik, düşmənə nifrət, bir sözlə, sağlam rühlu insana xas olan bütün hiss və həyəcanlar öz ifadəsini tapıb. Şairin yaradıcılığında xüsusi yer tutan əsərlərindən biri də onun "Günəşə doğru" şeirlər toplusudur. Səbri Təbrizinin bu kitabda toplanmış şeirlərini həyəcansız, nifrət və qəzəbsiz oxumaq mümkün deyil. Şair "Təbrizim" şeirində axıdılan nahaq qanlara etiraz səsini ucaldır:

...Öldürürlər milli mübarizlərimizi
Hər gün bir bəhanə ilə.
Əmaniləri şəhid edirlər yol qəzasında,
Çingizləri öldürürlər öz idarəsində...

Haqsızlığa, ədalətsizliyə, müsibətlərə, qətllərə məruz qoyulan əsasən farsların əsarətində yaşayan Azərbaycan türkləri – bizim soydaşlarımızdır. Onların bir günahı varsa, o da öz ana dillərində danışmaq, təhsil almaq istəyində, öz tarixi torpaqlarında azad yaşamaq, yaratmaq arzusunda olmalarıdır. Bunları israrla rədd edən, qətiyyətlə müqavimət göstərən fars şovinistləri hər gün neçə cavanı dar ağacından asır, neçə gənc türk qızının döşünü kəsir, namusuna təcavüz edir və digər fiziki və mənəvi işgəncələrə məruz qoyurlar. Bütün bunlar şairin yuxusunun ərşə çəkilməsinə səbəb olub. Bu halını şair "Yata bilmirəm" əsərində belə qələmə alıb:

Gecə saat üçdür, yata bilmirəm,
Düşünürəm – Güney Azərbaycanın taleyini,
Yoxdur ana dilində bir məktəbi,
Otuz beş milyonun.
Balalarımız məcburdurlar
Öyrənsinlər işğalçı dilini.
Öz dilləri, varlığı
Təhqir olur hər gün.
Daha bəsdi, cəllad,
Öldürmə balalarımızı
Türk olmaqlarına görə.

Heç kimə tarix dərsi keçmək fikrimiz yoxdur. Bu faktları hamı bilir. Lakin elə tarixi faktlar var ki, onların obyektiv müstəvidə müzakirəsinə ehtiyac duyulur. Məsələn, Xürrəmilər hərəkatını götürək. Xilafət ordusuna qarşı müharibəyə başlarkən Babək və onun silahdaşları düşmənin qat-qat güclü olduğunu məgər bilmirdi? Məgər onlar başa düşmürdülər ki, sonda məğlub olacaqlar, özləri də, ailə üzvləri də, xalqın seçmə oğul və qızları da qılıncdan keçiriləcək, amansızcasına məhv olunacaqlar? Tam əminliklə deyə bilərik ki, Xürrəmilər öz aqibətlərinin necə qurtaracağını əvvəlcədən aydın şəkildə dərk edirdilər. Bəs onları sonda mütləq məğlubiyyətlə qurtarmalı olan müharibəyə qatılmağa hansı qüvvə səfərbər etmişdi? İnamla demək olar ki, o qüvvə onların öz AZADLIQLARINI DƏRK ETMƏLƏRİNDƏN hasil olmuşdu. AZADLIĞIN DƏRK EDİLMƏSİNDƏ olan möhtəşəm sehr ən sakit, vecsiz kimi tanınan insanın da, xalqın da düşmənini məhv etməsini, misilsiz hünər göstərməsini təmin edə bilər. Xürrəmilər hərb meydanlarında döyüşərək ölməyi əsarətdə, alçaldılaraq yaşamaqdan üstün tutdular. Onların mübarizəsinin mühüm tarixi əhəmiyyəti xalqımızın qan yaddaşına AZADLIĞIN hər şeydən, hətta candan da qiymətli olduğunun birdəfəlik həkk edilməsindədir. Xürrəmilərin atdığı ilk addım sonralar zaman-zaman Azərbaycan türklərinin müxtəlif düşmənlərlə qeyri-bərabər mübarızəyə qalxmasına təkan verib, örnək olub.
Bu gün Azərbaycanın Quzeyində müstəqil Azərbaycan Respublikasının mövcud olması hər şeydən əvvəl Xürrəmilərin mübarizəsinin növbəti dəfə təntənəsi kimi dərk olunmalıdır. Bu baxımdan da Xürrəmilərin ölüm, ya qalım müharibəsinə qalxması tayı-bərabəri olmayan şanlı qəhrəmanlıq idi. Son zamanlar Azərbaycan KİV-də dahi sərkərdələr Babək, Şah İsmayıl Xətai haqqında bəzi qarayaxmaların, təhqiramiz fikirlərin səsləndirilməsi tamamilə əsassızdır. Qəhrəmanlar xalqın tarixini yaradan şəxsiyyətlərdir, onlara çirkab atmağa cəhd göstərənlər bu xalqın tarixini kobud şəkildə təhrif etməyə çalışanlar, onun şanlı keçmişinə, indisinə və xoş gələcəyinə dözməyənlər, nifrət edənlərdir. Bu cür çıxışlar gənc nəslin vətənpərvərlik puhunda tərbiyə olunmasına mane olması baxımından da zərərli və yolverilməzdir.
Güney Azərbaycanda 35 milyondan artıq soydaşımızın əsarət altında yaşaması Azərbaycan türklərinin azadlıq müharibəsinin hələ bitmədiyini sübut edir. Bütov Azərbaycan uğrunda mübarizədə qələbə hər bir Azərbaycan türkünün haqqıdır.
Səbri Təbrizi yaradıcılığında AZADLIQ eşqi son dərəcə qüvvətlidir. O, var gücü ilə dünyaya haray salır, AZADLIQ istədiyini bəyan edir:

Mən azadlıq istəyirəm,
Özgə heç nə isidə bilməz ruhumu.
Mən azadlıq istəyirəm.
Həyat qədər şirin,
Sevgi qədər təmiz,
Vətən qədər əziz

- deyən şair AZADLIĞI Bütöv Azərbaycan üçün istəyir. Onun bu harayını Dünya eşitməli, səsinə səs verməlidir. Çünki şairin harayı 50 milyonluq bir xalqın harayıdır. Heç kim, heç zaman Azərbaycan türklərini bu haqqından imtina etdirə bilməyəcək

Babək Xalistürk,
araşdırmaçı