Güney Azərbaycan şeiri xalq adət-ənənələri mövzusunda zirvəyə yüksəlir Güney Azərbaycan

Güney Azərbaycan şeiri xalq adət-ənənələri mövzusunda zirvəyə yüksəlir

"Ağılar" xalq adət-ənənələrilə, əsasən hüzr mərasimlərilə bağlıdır

Tariximizə nəzər salsaq görərik ki, xaqlmızın başı həmişə dərddə olub. Şimallı, Cənublu Azərbaycanımıza həmişə yadelli işğalçılar basqınlar edib, torpaqlarımızı viran, sərvətlərimiz talan edib, xalqı isə soyqırıma, qətliama məruz qoyublar. Məhz bununla bağlı da zərb-misallar, atalar sözləri, deyimlər, kəlamlar, şifahi xalq ədəbiyyatının bir çox nümunələri meydana gəlib. Xalqın ah-naləsindən, fəryadından, fəqanından yaranan bu ifadələr çox zaman həyata keçib. Haqq-ədalətin hökmən qələbə çalacağına bütün varlığı ilə inanan Ustad Şəhriyar da cəlladlara xalqın dili ilə belə deyir:

... Şəhidlər duracaqlar,
Alınar intiqamlar.

"Ağılar" xalq adət-ənənələrilə, əsasən hüzr mərasimlərilə bağlıdır. Şəhriyarşünas alim Elman Quliyev "Şəhriyar poeziyası və milli təkamül" əsərinin "Şəhriyar yaradıcılığında xalq adət-ənənələrinin bədii əksi" bölməsində yazır: "Ta qədimdən bu günə qədər Azərbaycan xalqı adam öldükdə müəyyən ayinlərin həyata keçirilməsində və icra edilməsində yaxından iştirak edib. Bu təkcə ölən adamın dəfni-torpağa tapşırılması ilə yox, həm də adamların bir yerə yığışması, ölən üçün ağlamaq, onun şərəfinə ağı demək və s. adətlərlə həyata keçirilib. Qeyd etmək lazımdır ki, həmin adətlərin əsas hissəsi həmin adamın evində keçirilir:

Ağacda xəzəl ağlar,
Dibində gözəl ağlar,
Belə oğlu ölən ana
Sərgərdan gəzər alar.

Can qardaş, canım qardaş,
Ağlayar canım qardaş.
Baş qoydum dizin üstə,
Qoy çıxsın canım, qardaş.
(Xalq ədəbiyyatından)

Şəhriyar yaradıcılığı da bu keyfiyyətdən məhrum deyil. Haradasa bu cür ağılar onun yaradıcılığında silsilə təşkil edir. Çünki bir tərəfdən doğmaların vaxtlı-vaxtsız öz əcəlləri ilə ölməsi, digər tərəfdən isə İraq-İran müharibəsi nəticəsində yüz minlərlə İran vətəndaşınının nahaq ölümləri şairin yaradıcılığında təsirsiz qalmayıb:

Göz açdı bir zamanda
Ki hamı əl-amanda.
Nə çəkdi qurd əlindən
Bu qaranlıq dumanda.

Yas gəldi, qəm yedirdi,
Saz gəli söz dedirdi.
Qabaqca biz gedərdik,
Niyə Bəhruz gedirdi?

İraq-İran müharibəsinin dövrü 1950-1980-ci illərə çox az aiddir, çünki həmin müharibə 22 sentyabr 1980-ci ildə başlamış, səkkiz il davam etmişdi. Lakin ustad Şəhriyar məhz 1950-1980-ci illərdə yetişmiş bir sənətkardır və yaradıcılığının ən parlaq vaxtı məhz həmin dövrə aiddir. Bundan da əlavə Şəhriyarın hər dediyi kəlmə, hər işlətdiyi ifadə şübhəsiz ki, tək hansısa bir dövrə deyil, bütün zamanlara aiddir...
İstər Şəhriyarın, istər başqa cənublu şairlərin, istərsə də şimallı sənətkarların yaradıcılığında xalq adət-ənənələrinin ən parlaq məhsulu olan Novruz bayramı xüsusi yer tutur. Novruz mərasimi Zərdüştilikdəndə çox-çox əsrlər qabaqkı zamanlara söykənir. Məlum məsələdir ki, türk mənşəli özbək xalqı da çox böyük təntənə ilə Novruz bayramını keçirir.
Mədəniyyətimizin, xalq yaradıcılığımızın, xalqın dərin düşüncələrinin, hikmət və müdrikliyinin ifadəsi olan dastan, nağıl və bayatılardan, qədim mədəniyyət abidələrində, filosofların və mütəfəkkirlərin yaradıcılığında Novruz bayramı haqqında saysız-hesabsız dərin mənalı mülahizələr-fikirlər, ifadələr var. "Dədə Qorqud" eposundan başlayaraq müxtəlif nağıl və dastanlarda Novruz bayramı haqqında bir çox hekayətlər söylənib.
XI əsr Azərbaycan şairi və mütəfəkkiri Qətran Təbrizinin (1012-1088) "Divanı"nda Novruz bayramının adı dəfələrlə çəkilib. Xəqani "Məttiqüt-qeyr" adlanan qəsidəsinin "Quşların deyiş¬məsi" səhnəsində ilk baharın təsvirini verir. Nizami "Xəmsə"yə daxil olan beş əsərin hər birində Novruz bayramından söhbət açıb, bahar ayinlərtini həvəslə tərənnüm edib. Şah İsmayıl Xətai "Dəhnamə" əsərində Novruza xüsusi əhəmiyyət verib. Ümumiyyətlə, Novruz bütün klassiklərimizin yaradıcılığından xüsusi bir xəttlə keçib, o cümlədən 20-ci əsrin ikinci yarısının ən nəhəng simalarından olan Şəhriyardan da yan ötməyib. Ustad Şəhriyar "Heydərbabaya salam" poemasında bütün bunlarla yanaşı, xalqın yaşaması üçün çox vacib olan qışa tədarükünü də olduqca əlvan boyalarla əks etdirir. Məlum məsələdir ki, insanın əsas qidası olan taxıl məhsullarının hasilə gəlməsi olduqca çətin və uzun bir prosesdir. Taxıl əkilib-becəriləndən və yetişəndən sonra biçilərək, dərzlərdən "pəncə" bağlayıb yük heyvanlarının belində və yaxud öküz arabalarında möhkəm yerlərdə düzəldilmiş xırmanlara daşınırdı. Ustad Şəhriyar bu prosesin üzərində xüsusilə dayanır və bütün poema boyu bu prosesi olduqca canlı səhnələrlə nümayiş etdirir:


Xəlvərçilər burda xəlvər daşırdı,
Bu külliükdən uşaqlar dırmaşırdı,
Sellər kimi nemət aşıb-daşırdı,
Hər iş dedin, hər kimsəyə görərdi,
Can dərmanı istəsəydin verərdi.


Hər bir millətin ədəbiyyatı, poeziyası onun keçmişinin, yeddi arxa dönəninin, soy-kökünün, əcdadının üzərində bərqərar olur. Azərbaycan şeiri də necə deyərlər, öz kökü üzərində bitmiş poeziyadır. Əgər azərbaycanlıların da daxil olduğu ümumtürk şeirinin tarixinə nəzər salsaq görərik ki, İslam dininə qədərki türk şeiri əsasən heca vəznində irəliləyib. VIII əsrin axırlarından etibarən İslam dinini qəbul eləmiş türk xalqlarında VIII əsrdə milliyətcə ərəb olan Xəlil ibn Əhməd tərəfindən yaradılmış əruz vəzninə meyl XI əsrdən əmələ gəlib. Belə ki, türkdilli poeziyada əruz vəznində ilk əsər Yusif Xas Hacib Balasuqunlunun "Kitabqu-bilik" (Xoşbəxtliyə aparan elm) poemasıdır. Bundan sonra əruz vəzni türk dilli xalqlar, o cümlədən azərbaycanlılar arasında yayılmağa başlamış və sonradan meydana çıxan şeir janrları əsasən əruz vəznində sistemləşib.
Lakin əruz vəzni şəhərlərdə, hökmdar saraylarının, mədrəsələrin, mədəni ocaqların qərar tutduğu yerdə qol-qanad atmışdır, şəhərlərdən uzaq məkanlarda, kənd yerlərində o qədər də yayılmayıb. Məlum məsələdir ki, azərbaycanlılarda, ələlxüsus da kənd yerlərində yaşayan azərbaycanlılarda xalq yaradıcılığına, şifahi xalq ədəbiyyatına, folklora münasibət üstünlük təşkil edir. Bu da məlumdur ki, əruz vəznində əsasən irfan ədəbiyyatı nümunələri qələmə alınırdısa, heca vəzni xalq ədəbiyyatı nümunələri üzərində bərqərar olurdu, baxmayaraq ki, böyük Türk ozanı Yunus Əmrə özünün misilsiz irfan əsərlərini, haqq aşığı Aşıq Ələsgər Azərbaycan şeir xəzinəsinin bəzəyi olan irfan əsərlərinin əksəriyyətini heca vəznində qələmə almışdı, hətta indinin özündə də istər Anadoluda, istərsə də Güneyli Quzeyli Azərbaycanda kənddə doğulub boya-başa çatan şairlər əruz vəzninə o qədər də yaxın gəlmir, heca vəznini daha doğma bir vəzn hesab edərək bu vəzndə yazıb-yaradırlar.
Şübhəsiz ki, bunun səbəbləri yuxarıda qeyd olunduğu kimi əruz vəzninin şəhər mədəniyyəti ilə bağlı, heca vəzninin xalq şeirininin aparıcı qüvvəsi olması, eyni zamanda əruz vəzninin, heca vəzninə nisbətən bir qədər çətin vəzn olmasıdır. Ədəbiyyat tariximizdən bəzi klassiklərimizin hər iki vəzndə də bir-birindən gözəl nümunələr meydana gətirdiyi məlimdur.
"Ədəbiyyatımızın keçdiyi yola nəzər saldıqda aydın görünür ki, elə sənətkarlar olub, onlar daha çox xalq şeiri ruhunda yazıb-yaradıblar. Və ya əksinə. Elə sənətkarlar da olub ki, onların sənətində hər iki üslub paralel işlənib. Belə bir hal ədəbiyyatımızda hər iki yolun birləşməsi fonunda yaranıb. Sonuncu halın üstünlüyü onda olub ki, "bu ədəbi yollar yarışında" heca vəzni ilə formalaşan xalq şeiri yolu bir növ qarşısına çıxan bütün sədləri aşırmış, nəticədə üstünlük əldə edib. Ən başlıcası isə hər iki üslubdan paralel istifadə edən sənətkarların yaradıcılığında folklor ənənələri özünü daha yüksək tərzdə göstərib.
Ədəbiyyatımızın tərkib hissəsi olan Cənubi Azərbaycan ədəbiyyatında belə ənənələrin bolluğu inkaredilməzdir. Cənubda gedən ədəbi prosesin özünəməxsus xüsusiyyətləri var. Və bu xüsusiyyətlər əsrlər boyu dəyişərək, yeni keyfiyyətlər qazanıb. Qazanılmış keyfiyyətlər məzmun dəyişikliyində deyil, həm də forma baxımından özünü göstərib. Əlbəttə, bunlar birinci növbədə ictimai-tarixi hadisələrin yolu və ədəbi-nəzəri inkişafın vəziyyəti ilə bağlı baş verib. (Elman Quliyev. "Şəhriyar poeziyası və milli təkamül" Bakı-Elm-2004. səhifə 226-227).
Prof. Elman Quliyevin qeyd etdiyi kimi fars milli şeiri, ərəb şeir vəzni olan əruza nisbətən Azərbaycan milli şeir formasına daha yaxın olduğunu, eyni zamanda xalq şeiri şəkillərinin heca vəznində formalaşdığını nəzərə alsaq, farslarla bir regionda yaşayan, eyni havanı udan, eyni bulaqdan su içən cənubi azərbaycanlıların poeziyasında xalq yaradıcılığına, folklor motivlərinə meyl başqa bölgələrdən daha güclü olub. Lakin bu da Cənubi Azərbaycan şeirindəki xalq yaradıcılığına, folklor motivlərinə meyli bütünlüklə tamamlamır, Cənubi Azərbaycan şeirinin meyar və yaddaş rolu xalq adət-ənənələri mövzusunda zirvəyə yüksəlir. Məlumdur ki, mənəvi həssaslıq, əxlaqi kamillik, sədaqət, hünər, cəngavərlik hisslərinin tərbiyəsində poeziya böyük rol oynayır. Cənubi Azərbaycan şeirinin xalq adət-ənənələri mövzusu ilə bağlılığı bir neçə formada özünü göstərir. Cənub şeirinin böyük bir hissəsini xalq adət-ənənələrinin motivləri əsasında yazılmış şeirlər təşkil edir. Azərbaycan tarixinin qəhrəmanlıq məqamlarına, böyük və qüdrətli xarakterlərə, əcdadlarımızın mənəvi aləminin zənginliyinə poetik nəzəri cənub şeirinin rəhni hesab etmək olar...

Vüqar Əhməd,
professor