AVRO-2020: Bakının təşkilatçılığının ölkəmiz üçün əhəmiyyəti İdman

AVRO-2020: Bakının təşkilatçılığının ölkəmiz üçün əhəmiyyəti

Ölkəni tanıtdırmaq üçün yaxşı vasitələrdən biri idmandır. Keçirilən yarışlar, qitə və dünya birincilikləri ölkənin imicinə müsbət mənada təsir edir. Sevindirici haldır ki, ölkəni tanıtdırmaq ənənəsi bizdə dövlət səviyyəsində prioritet məsələlərdən biridir. Bunu bizim digər ölkələrdən üstünlüyümüz kimi də qiymətləndirmək olar. Ölkə başçısı İlham Əliyevin "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncamı dediklərimizə bir misaldır.
Məhz 2005-ci ildən bu yana adıçəkilən Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əlaqələndiricisi kimi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə yanaşı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) müəyyən olunub. 10 illik proqramda idmanın ən kütləvi və nüfuzlu növü olan futbolun təbliğ etdirilməsi isə əsas istiqamətlərdən biri kimi qəbul edilib. AFFA da məhz 2005-ci ildən bəri bu yöndə işlərini daha da genişləndirib.
Futbolun təbliğ etdirilməsinin başında müəyyən istiqamətlər durur. Bunlardan biri və bəlkə də ən önəmlisi yuxarıda qeyd etdiyimiz kimi böyük yarışların keçirilməsidir. Heç şübhə doğurmur ki, qitə və ya dünya çempionatları hansı ölkədə keçiriməsindən asılı olmayaraq, orda bayram ab-havası yaşanır. Bütün bunlar ölkədə futbola olan marağın birə-beş artmasına səbəb olur. Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsinin sentyabrın 19-da AVRO-2020-nin 4 oyununun Bakıda keçirilməsinə qərar verməsi AFFA-nın böyük nailiyyətindən xəbər verir.

AVRO-2020-nin Bakıya gəlişinədək olan yola xronoloji baxış

Təbii ki, AVRO-2020-dən danışırıqsa, ölkəmiz üçün mühüm olan qərarın qəbul edilməsinədək olan tarixə nəzər salmağa dəyər. Əvvəlcə ölkəmiz köhnə formata əsasən Gürcüstanla birgə Avropa çempionatını keçirə bilərdi.
Prosedura uyğun olaraq, ilk növbədə yarışa ev sahibliyi etmək istəyən assosiasiyalar yazılı şəkildə niyyətini UEFA-ya bəyan etməli idi. AFFA Gürcüstan Futbol Federasiyası (GFF) ilə birgə bəyannaməsini 2012-ci ilin mayında UEFA-ya təqdim etdi. Hətta bu barədə AFFA prezidenti Rövnəq Abdullayev və GFF prezidenti Zviad Siçinava arasında Batumidə iyunun 1-də rəsmi memorandum da bağlandı.
Lakin 2013-cü ilin yanvarında UEFA-nın İsveçrənin Nyon şəhərində keçirdiyi iclasında AVRO-2020-nin formatında dəyişiklik elan olunduğu açıqlandı. Belə ki, Platininin irəli sürdüyü 13 şəhərdə qitə birinciliyinin keçirilməsi ideyası rəsmən təsdiqini tapdı. Bununla da, qrup mərhələsinin və pley-off (1/8 və ya 1/4 final) qarşılaşmalarının oyunlarının 12, yarımfinal və final matçlarının 1 şəhərdə keçirilməsi qərara alındı. Bir ölkənin daxilində bütün görüşlər bir stadionda reallaşa bilərdi. Stadionların minimal tutumu isə belə olmalı idi: 70 min final və 2 yarımfinal görüşü, 60 min 1/4 və 1/8 finallar və 50 min qrup mərhələsinin matçları üçün.
UEFA-nın bu qərarından sonra ölkə başçısı İlham Əliyev "AVRO-2020-nin ev sahibliyi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlər haqqında" 22 may 2013-cü il tarixli Sərəncamı imzaladı. Sərəncama əsasən sifariş kitabının hazırlanması və bununla bağlı təşkilati işlərin görülməsi AFFA-ya həvalə olundu. Sentyabrın 20-də Bakının namizədliyi təsdiqləndi. Azərbaycanın 13 yerə rəqibləri isə 31 ölkə idi. Bunların arasında Ermənistanın paytaxtı İrəvan da vardı.
Ölkə başçısının müvafiq sərəncamına əsasən AFFA-nın baş katibi Elxan Məmmədovun rəhbərliyi ilə yaradılan 7 nəfərdən ibarət İşçi Qrupu sifariş kitabını bu ilin aprelin 25-dək hazırlayıb UEFA-ya təqdim etdi. Sifariş kitabında Bakının standard paketə (qrup mərhələsinin 3 və pley-off mərhələsinin 1 oyununun keçirilməsinə) iddialı olduğu və bu 4 oyunun keçirilməsi üçün Böyük Şor qəsəbəsində inşa olunan 68 minlik Olimpiya stadionu göstərildi. AFFA-dan başqa, sifariş kitabını təqdim edən assosiasiyaların sayı 18 idi. Artıq bu mərhələdə Ermənistan da daxil olmaqla 13 ölkə namizədliyini geri götürmüşdü. Bu isə o demək idi ki, sentyabrın 19-da 6 şəhər kənarda qalacaqdı.
Nəhayət, qeyd olunan tarixdə UEFA İcraiyyə Komitəsinin Cenevrədə keçirdiyi iclasında 13 şəhərin adına aydınlıq gəldi. Sevindirici haldır ki, Bakı da "13-lük"də yer aldı. Daha bir sevindirici məqam isə ondan ibarət oldu ki, Bakıda 3 qrup oyunu ilə yanaşı, pley-offun 1/8 yox, 1/4 final mərhələsinin ölkəmizdə keçirilməsinə qərar verildi. Bakıdakı bütün oyunlar 65 min tutumuna malik olan, hazırda inşası davam etdirilən Böyük Şor qəsəbəsindəki Olimpiya stadionunda keçiriləcək. Gözəl görünüşə malik olan arenanın təməli hələ 2011-ci ilin iyunun 6-da qoyulub. Təməlqoyma mərasimində prezident İlham Əliyevlə yanaşı, onun xanımı Mehriban Əliyeva, FİFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini də iştirak edib.
AFFA prezidenti Rövnəq Abdullayev isə qərardan dərhal sonra bu əlamətdar hadisənin idmanın inkişafına öz töhfəsini verəcəyini açıqladı: "AVRO-2020-nin 4 oyununun Bakıda keçirilməsi ilə bağlı qəbul olunmuş qərar hər birimiz üçün çox sevindiricidir. Bu münasibətlə ölkəmizin bütün futbolsevərlərini təbrik edirəm. Bakının Avropanın 13 ən inkişaf etmiş şəhərləri sırasına düşməsi, paytaxtımızda qitənin mötəbər turnirinin oyunlarının keçirilməsi ölkəmizin idman həyatında əlamətdar hadisədir, hər birimizin uğurudur və inanıram ki, bu, idmanın inkişafına öz töhfəsini verəcək. Avropa çempionatı kimi nüfuzlu bir turnirin oyunlarına ev sahibliyi etməyimiz Respublika Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu idman siyasətinin nəticəsidir".

AVRO-2020-nin ölkəmizdə keçirilməsinin üstün cəhətləri

Əslində AVRO-2020-yə qədər Azərbaycanda futbol sahəsində daha bir beynəlxalq turnirə ev sahibliyi etmək imkanımız olub. Söhbət oyunları 2012-ci ildə Bakı və Lənkəranda keçirilmiş 17 yaşadək qızlardan ibarət dünya çempionatından gedir. Bura ötənilki hərbçilər arasında keçirilən futbol üzrə dünya kuboku turnirini də əlavə etsək, ölkəmizin bu baxımdan böyük təcrübəsinin olduğunu görə bilərik.
Bununla belə nəzərə almalıyıq ki, hər 4 ildən bir əsas futbol milliləri arasında keçirilən Avropa çempionatı daha yüksək səviyyəli turnirdir. Ona görə də bu birinciliyin əvvəlkilərdən daha böyük kütlənin marağına səbəb olacağını indidən proqnozlaşdırmaq olar. Avropanın ən güclü komandalarının iştirakı ilə keçirilən qitə birinciliyi heç şübhəsiz ki, nəinki Bakıda, bütün Azərbaycanda əsl bayram kimi qarşılanacaq. Çox sayda ölkələrdən gələn insanlar Bakıda keçirdikləri xoş günlərdən zövq alacaq və onlarda Azərbaycan haqqında müsbət fikirlər formalaşacaq. Bu, gələcək illər üçün ölkəmizə çox sayda turist axınına gətirib çıxaracaq.
Əvvəlki birinciliklər keçirilən zaman təşkilatçılıq işlərində AFFA-ya kömək etmək üçün Avropa Komissiyasının Gənclər Fəaliyyətdə Proqramı çərçivəsində könüllülər dəstəsinin yaradılmasına qərar verilmişdi. Təsadüfi deyil ki, 200 Yerli Təşkilat Komitəsi və 250-ə yaxın FİFA əməkdaşı ilə yanaşı, 1000-dən artıq könüllü bu işlərdə öz dəstəyini əsirgəməmişdi. Turnir başa çatdıqdan sonra isə bu könüllülük prinsipi əsasında AFFA ilə əməkdaşlıq edən şəxslər ölkənin futbol qurumunun sertifikatları ilə təltif olundu.
Məhz bu birincilik zamanı da bir çox gənclərin pis vərdişlərdən kənar qalması üçün əla imkan olacaq. Gənclər öz bacarıqlarını bu könüllülük proqramı çərçivəsində göstərmək imkanı əldə edəcək. Bu könüllülərdən ən fəallarının isə sonradan AFFA-da və digər qurumlarda işlə təmin olunmaq ehtimalları da yüksəkdir. Heç kim deyə bilməz ki, bu könüllülər gələcəkdə ölkəmizin futbol funksionerlərindən biri kimi fəaliyyətə başlamayacaq.
Nəhayət, AVRO-2020 başqa sahələrdə fəaliyyət göstərən sahibkarlarda futbola maraq oyadacaq. Onlar azarkeşi olduğu bu idman növünə pul yatırtmaqla artıq buna biznes kimi də yanaşa biləcək. Bunun üçün maddi dayağı olan yeni peşəkar klublar açılacaq və ya "Kəpəz", "Energetik" kimi diqqətdən kənar qalan böyük şəhərlərin komandaları öz himayədarlarını tapacaq.

Mütəxəssis rəyi

Yuxarıdakılar bizim fikirlərimiz idi. Bəs, görəsən bu sahədə fəaliyyət göstərmiş mütəxəssislər necə fikirləşir?
1993-1995-ci illərdə millimizin baş məşqçisi olmuş, eləcə də ölkənin "Neftçi", "Qaraba?", "Şəmkir", "Xəzər Lənkəran" kimi iddialı klublarında çalışmış Ağasəlim Mircavadovun sözlərinə görə, həm təcrübə, həm də infrastruktur baxımından irəli düşəcəyik: "İlk növbədə infrastruktur inkişaf edəcək. Çünki Bakıya gələn komandalar çalışacaqlar ki, qaldıqları oteldə və ya otelin yaxınlığında məşq etmək üçün bazalar olsun. Bu komandalar Bakıya Avropa çempionatından 4-5 gün əvvəl gələcək. Onların burdan narazı ayrılmaması üçün şərait ideal səviyyədə olmalıdır. Bakıda 2015-ci ildə Avropa Olimpiya Oyunlarının keçirilməsi AVRO-2020 öncəsi bizə çox xeyir verəcək. Həm təcrübə, həm də infrastruktur baxımından. Olimpiya stadionumuzun hazırda tikintisi davam edir".
2008-ci ildə Şöhrət ordeni ilə mükafatlandırılan Mircavadov AVRO-2020 dövlət proqramında nəzərdə tutulduğu kimi məşqçilərimizin də inkişafı baxımından rol oynayacaq: "1994-cü ildə ABŞ-da dünya çempionatı keçirildi. Mundiala qədər orda peşəkar futbolla məşğul olan yox idi. Dünya çempionatı onlar üçün reklam oldu. Bundan sonra ABŞ-da futbola önəm verildi, peşəkar çempionat yaradıldı. İndi Azərbaycanda da bu çempionatdan sonra futbolumuz xeyir görəcək. Televizordan və stadiondan futbola baxmaq arasında yerlə göy qədər fərq var. Komandaların oyuna qədərki məşq proseslərini görmək maraqlı olacaq. Bunlardan məşqçilərimiz də nəsə öyrənə biləcək".
Vaxtı ilə millimizdə, "Qarabah", "İnter", AZAL və Qazaxıstanın "Atırau" klublarında məşqçi kimi işləmiş Elxan Abdullayevin AVRO-2020 nəticəsində ölkədə infrastrukturun daha da mükəmməl hala gələcəyini bildirib: "Mən AVRO-2020-nin keçirilməsində ancaq müsbət cəhətləri görürəm. Bu birinciliyi keçirmək üçün yeni otellər tikiləcək, yeni yollar açılacaq. İnfrastruktur AVRO-2020 başa çatdıqdan sonra bizim üçün qalacaq. Eurovision mahnı müsabiqəsi ilə bağlı inşa olunmuş Kristal Holl kimi gözəl saraydan indi də bəhrələnirik.. Hazırda inşası davam edən Olimpiya stadionu da belə olacaq. Orda Almaniya, Hollandiya kimi komandalar oynasa da, çempionat başa çatdıqdan sonra burda bizim milli və klublar çıxış edəcək... Həmişə biz həsədlə Avropa və dünya çempionatlarını keçirən ölkələrə baxmışıq. Azərbaycan AVRO-2020-yə ev sahibliyi etdiyi üçün indi bizə başqa ölkələrdən bu gözlə baxılacaq. Bu azarkeşlər üçün də bir bayramdır. Onlar yaxından Robin van Persi, Cek Uilşir kimi futbolçuları görmək imkanı əldə edəcək. Əvvəl onları televizor qarşısından izləyirdilərsə, indi bu futbolçuların oyunlarını canlı şəkildə izləyəcəklər".

Yekun nəticə

Bu yazıdan sonra müəyyən yekun nəticəyə gəlmək mümkündür. Avropa çempionatı 2020-ci ilin cəmi 1 ay müddətində davam etsə də, onun əhəmiyyəti aşağıdakı amillərin inkişafına uzun illər öz töhfəsini verəcək:
1) Dövlət Proqramında nəzərdə tutulan futbolun təbliği yönündə böyük üstünlük əldə edəcəyik;
2) valideynlərdə övladlarının futbol təhsili almağa həvəs formalaşacaq və bununla da uşaq futbolu inkişaf edəcək;
3) gənclər könüllülər proqramı əsasında gələcək karyeraları üçün müsbət təcrübəyə sahib olacaq;
4) sahibkarlarda futbola kapital qoyuluşu etmək həvəsi formalaşacaq;
5) çox sayda Avropa və dünyanın başqa qitələrindən Bakıya azarkeş kütləsi gələcək ki, bu da ölkə büdcəsinə turizm gəlirlərinin sayını artırmaq baxımından xeyir verəcək;
6) ölkəmizə çox sayda azarkeş axınının olacağı nəzərə alınıb, Bakının başqa yerlərində də otel və mehmanxanalar tikiləcək, yeni iş yerləri açılacaq;
7) 1 ay boyunca ölkəmizdə bayram ab-havası yaşanacaq;
8) dünyanın ucqar nöqtələrindən gələn insanlarda və beynəlxalq qurumlarda ölkəmiz barədə müsbət rəy formalaşacaq;
9) ölkəmiz belə bir turniri keçirtməklə imic baxımından əlavə divident əldə edəcək.

Səbuhi Tofiqoğlu
Apasport.Az