Qərb Krıma görə Rusiyanı “divara dirəyib” Dünya

Qərb Krıma görə Rusiyanı “divara dirəyib”

Amma 20 ildən çoxdur ki, Qarabağın işğalına göz yumur

Cavid

Rusiyanın Ukraynanın ərazi bütövlüyünə hərbi təcavüzü ABŞ başda olmaqla, Qərb tərəfindən kəskin pislənildi. Hətta məsələyə HATO səviyyəsində münasibət bildirildi, təcili olaraq BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarıldı, qərar qəbul edildi. ABŞ Rusiyanı hədələdi, Qərb təcili iqtisadi sanksiyaların tətbiqinin vacibliyini bildirdi. Hərbi güclər bir araya gələrək rəsmi Moskvaya əzələ nümayişi göstərdilər, Ukraynaya maliyyə yardımı edildi və s.
Amma 20 ildən artıq Rusiyanın birbaşa hərbi iştirakı ilə Ermənistanın yürütdüyü təcavüzkar siyasətə və Azərbaycan torpaqlarının işğalı faktına Qərbdən eyni reaksiyanı görmədik. Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmaması Azərbaycanla Qərb arasında ən böyük narazılıq doğuran səbəb olaraq qalır. Havadarlarına arxalanan Ermənistan isə münaqişə ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, o cümlədən BMT-nin Baş Məclisi, ATƏT, Avropa Şurası, NATO, Avropa Parlamenti, İƏT və digər beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymamaqda davam edir. Ona isə gözün üstə qaşın var deyən yoxdur.
Bu baxımdan, müasir dünyanın liderinə çevrilən Qərb siyasi, iqtisadi, hüquqi, hərbi və digər yollarla münaqişəni həll etməyə qadir olan və mənəvi baxımdan da borclu olan tərəf kimi səciyyələndirilir. Lakin Qərb dairələrindən münaqişənin həllinə dair səsləndirilən mövqelər və təqdim edilən təkliflər Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olmaqda və hər kəsin düşüncəsində bəzi suallar yaratmaqdadır: nədən Dağlıq Qarabağ münaqişəsində Qərb Krım məsələsində Ukraynaya göstərdiyi dəstəyi Azərbaycana göstərmədi? Məgər, bu məsələdə Ermənistanın təcavüzkarlığına Rusiyanın birbaşa hərbi dəstək durması fakt deyilmi?
Əlbəttə, Qərbin Azərbaycana ikili standartlardan yanaşması da faktdır. Qərb Qarabağ münaqişəsinin sülh yolla həllinin vacibliyini bəyanlayır, Azərbaycanın ərazi bütövlüynü tanıdığını deyir, lakin hələ də Ermənistanı işğalçı, Rusiyanı isə işğalçıya dəstək duran dövlət kimi tanımır. Başqa sözlə, Azərbaycan sözdə dəstəklənir.
Krım hadisələri başlayandan sonra Qərbin Qarabağ münaqişəsinə ikili münasibəti aktuallığını artırıb. ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın bəyan edib ki, Ukraynada baş verənlər Dağlıq Qarabağ münaqişəsinin niyə həll edilməli olduğunu bir daha göstərir: "Azərbaycan və Ermənistan Dağlıq Qarabağdakı münaqişənin həlli üçün addımlar atmalı, bununla da regiondakı qeyri-sabitliyi aradan qaldırmalıdır. Bu münaqişənin davam etməsi heç kimə lazım deyil".
Qərbin Qarabağ məsələsində Azərbaycanı dəstəkləməməsi elə Qərb diplomatları tərəfindən də etiraf edilib. "Chatham House" Kral beynəlxalq münasibətlər institutunun eksperti Ceyms Niksinin fikrincə, Qarabağın regionda ən təhlükəli münaqişə olmasına baxmayaraq, Qərb bu problemə lazımi diqqət yetirmir.
Ekspertin rəyinə görə, Qərbin diqqəti Qarabağa deyil, İran, İraq və Əfqanıstana yönəlib: "Mən Qafqaz üzrə ekspert kimi düşünürəm ki, bu pis haldır, lakin mən eyni zamanda etiraf etməliyəm ki, dünyanın digər regionları ilə müqayisədə Qarabağ olduqca balacadır. Pis haldır ki, Qərb ona diqqət yetirmir, təəssüf ki, bunun üçün Ruanda və ya İraqdakı kimi dəhşətli bir şeyin baş verməsi lazımdır".
Böyük Britaniya Parlamentinin Şotlandiyadan olan millət vəkili Angus MacNeyl isə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Qərbin Azərbaycana daha artıq dəstək göstərməsinin və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən geri çəkilməsini tələb edən BMT qətnamələrinin həyata keçirilməsinin vacibliyini vurğulayıb: "Azərbaycanın ərazisi demək olar ki, Şotlandiyanın ərazisi ilə eyni ölçüdədir. Azərbaycan Qərbin müttəfiqidir və ötən 19 il ərzində bp-nin başçılıq etdiyi Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (AİOC) vasitəsilə Avropanı qaz və neftlə təmin edib. Bu əlaqələrin daha da genişlənməsi üçün Qərb Azərbaycanı daha da aktiv dəstəkləməli və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və BMT-nin Təhlükəsizlik Şurasının hələ də icra olunmamış 4 qətnaməsinə uyğun olaraq həllini təşviq etməlidir".
Maraqlıdır ki, BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycan və digər dünya ölkələri ilə bağlı kifayət qədər qətnamələr qəbul edilib. Amma bu günə qədər Qarabağla bağlı verilən tələblərlə yanaşı, kifayət qədər icra edilməyən qətnamələr var. Bu, böyük dövlətlərin maraqları ilə izah olunur.
Yəni hər hansı bir qətnamənin həyata keçirilməsi böyük dövlətlərin maraqlarına uyğun olduğu halda təmin olunur. Əks halda həmin qətnamə, Qarabağ münaqişəsində olduğu kimi, 20 il öz icraatını gözləməlidir.
Yaşıllar Partiyasının sədri Mais Güləliyev hesab edir ki, yaxın perspektivdə bu istiqamətdə real addımların atılması da gözlənilmir: "Bu da onunla bağlıdır ki, Azərbaycan-Ermənistan münaqişəsinin qalmasında dünyada maraqlı olan qüvvələr var. Bu qüvvələr indiki halda regionda sabitliyin qorunmasında da o qədər də maraqlı deyillər. Bu regionda sülhün və sabitliyin bərqərar olması bölgədə söz sahibi olmaq istəyən qüvvələrin gələcəkdə xarici siyasətinin anatomiyasını üzə çıxara bilər. Bütün hallarda əlbəttə qətnamələrin yerinə yetirilməməsi BMT-nin özünə başucalığı gətirmir. Çünki bu qətnamələrin yerinə yetirilməsi bütün hallarda böyük güclərin, xüsusi ilə BMT-nin özünə, onun nizamnaməsindən irəli gələn müddəalara müəyyən qədər hörmət və ehtiram yaradardı".
Politoloq Natiq Miri hesab edir ki, beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı qəbul etdikləri qətnamələr Azərbaycanın beynəlxalq arenada mövqelərinin güclənməsinə təsir edir: "Amma, nəzərə almaq lazımdır ki, beynəlxalq təşkilatların qəbul etdikləri qərarlar tövsiyyə xarakteri daşıyır. Orada Azərbaycanın haqlı mövqeyi müdafiə olunsa da, amma nəticə etibarilə Ermənistana hansısa bir formada təzyiqləri göstərilmir".
Millət vəkili Zahid Oruc isə hesab edir ki, mövcud situasiya birinci növbədə dünyadakı böyük dövlətlərin maraqları ilə sıx surətdə bağlıdır: "İkinci tərəfdən həmin qətnamələrin icrası Azərbaycan üzərinə yox, məhz Ermənistana yönəlik müəyyənləşdirilib. Onun necə həyata keçirilməsinin müəyyənləşdirilməsi də BMT-dən asılıdır. Sanksiya rejimini işə salmaq də, məcburi sülhyaratmaq funksiyasını reallaşdırmaq da BMT-nin nizamnamə tələbidir. Amma beynəlxalq qurumlar, böyük güclər istəyəndə bunun reallaşdırılması mümkündür".
Onu da qeyd edək ki, Qərbin aparıcı dövlət və təşkilatları öz hesabatlarında Ermənistanı birbaşa təcavüzkar kimi göstərməkdən çəkinirlər. Məsələ burasındadır ki, Azərbaycan ordusu əsla Ermənistan ərazisinə girməmiş və müharibə ancaq Azərbaycan torpaqlarında gedir.
Hər kəsə bəllidir ki, bu müharibədə Ermənistan ordusu da minlərlə əsgər itirdi. O zaman belə bir sual yaranır, bəs Ermənistan əsgərləri harada öldülər? Əgər bu bir hərbi təcavüz deyilsə, o zaman o əsgərlərin Azərbaycan torpaqlarında nə işi vardı?
Bəzən münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndələrindən olduqca absurd fikirlər eşidilir. Onlar qeyd edirlər ki, Ermənistanla Azərbaycan öz aralarında razılığa gəlsinlər, həmsədrlər də onları dəstəkləsin. Bu təcavüzkarı və təcavüzə məruz qalan dövləti eyniləşdirmək, eyni səviyyəyə qoymaq deyilmi?
Bəzən belə bəyanatlar səslənir ki, "münaqişə qarşılıqlı kompromis əsasında həll olunmalıdır". Ərazisinin 20%-i işğal olunmuş, əhalisinin 20%-i qaçqın və məcburi köçkün vəziyyətində yaşayan bir münaqişə tərəfindən daha hansı kompromis gözlənilir?
1990-cı illərin əvvəllərində Azərbaycana hücum edən, onun torpaqlarını işğal edən və suverenliyinə qəsd edən Ermənistan 1992-ci ildə suverenliyin simvolu olan BMT-yə üzv oldu və Avropada demokratiyanın simvolu olan ATƏT-ə üzv olduqdan 3 həftə sonra Xocalı soyqırımını törətdi.
1990-cı illərin sonlarında öz parlamentini gülləbaran edən həmin terrorist dövlət insan hüquqlarının simvolu olan Avropa Şurasına üzv qəbul edildi. Azərbaycan rəsmilərinin öz nitqlərində beynəlxalq hüququn onlara verdiyi imkanlardan istifadə edərək, işğal altındakı torpaqlarını geri qaytarmaq üçün silah işlədilə biləcəyinə dair fikirləri dərhal Qərbin "sülhsevər" dairələri tərəfindən etirazla qarşılanır və bu cür nitqlərin sülhə təhlükə yaratdığı bildirilir. Bəs nəyə görə Ermənistan prezidenti Serj Sarkisyanın gənclərə "Qarabağı biz aldıq, Ağrını da siz alarsınız" tövsiyyəsi heç bir reaksiya doğurmur?
Terror hücumuna məruz qalan Qərb və Avropa ölkələri beynəlxalq ictimaiyyəti əlbir şəkildə terrorizmə qarşı mübarizəyə səsləyəndə, terrorizmi qlobal təhdid kimi qəbul edən Azərbaycan hökuməti müraciəti gözləmədən, birmənalı şəkildə yardıma qalxdı. Müsəlman dünyasına aid olmasına və bu səbəbdən də islam dünyasının həssas münasibətinə baxmayaraq, Qərb ölkələri ilə birlikdə Kosovoda, Əfqanıstanda, İraqda əməliyyatlarda iştirak etdi.
Ancaq Azərbaycan özü erməni terrorunun hədəfinə çevriləndə böyük dövlətlər "gedin ermənilərlə aranızda razılığa gəlin" tövsiyyəsini verir. Yoxsa, terroristlər də "bizim", "sizin" kateqoriyasına bölünməyəmi başlayıb?