İran Suriya ilə bağlı Vyanada keçirilən danışıqlara qoşulub Dünya

İran Suriya ilə bağlı Vyanada keçirilən danışıqlara qoşulub

Bəşər Əsədin taleyi ilə bağlı razılıq əldə edilmədi

Cavid

Oktyabr ayının 30-u Vyanada Amerika, Səudiyyə Ərəbistanı, Rusiya və ilk dəfə İran olmaqla, Prezident Bəşər əl-Əsədin müttəfiq və əleyhdarları arasında Suriya ilə bağlı danışıqlar aparılıb. İranın Bəşər Əsədi, regiondakı əsas rəqibi olan Səudiyyə Ərəbistanının isə Əsədə qarşı çevrilmiş üsyançı qrupları dəstəkləməsinə baxmayaraq, danışıqlar zamanı tərəflərdən heç biri etiraz göstərməyib.
"Ekonomist" yazır ki, ilk baxışda, danışıqların sonunda qəbul edilən doqquz maddədən ibarət bəyanat nəticələrin yaxşı olacağından xəbər verəcəyə bənzəyir. Belə ki, bu bəyanatla atəşkəs əldə edilməsinə çalışılacağı və tərəflərin BMT-nin rəhbərliyi ilə diaspora da daxil olmaqla, suriyalıların öz liderlərini seçəcəkləri demokratiyaya keçid prosesinə yönəldiləcəyi vəd edilir. Yuxarıda adı çəkilən tərəflər müzakirələri genişləndirmək üçün iki həftə ərzində yenidən görüşəcəklər.
Ancaq danışıqlar zamanı tərəflərdən heç biri Bəşər Əsədin taleyi ilə bağlı razılıq əldə edilmədiyini gizlətməyib və bu, əsas mübahisəli məsələlərdən biri olaraq qalır. Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cübeyr Beynəlxalq Strateji Araşdırmalar İnstitutu tərəfindən Bəhreyndə təşkil olunmuş təhlükəsizlik konfransında Bəşər Əsədin hakimiyyətdə qaldığı müddətdə sülh əldə edilə bilməcəyini bildirib. O, eyni zamanda razılıq əldə edilməsi üçün İran qüvvələrinin də geri çəkilməli olduğunu təkid edib. İrəliləyiş əldə edilmədiyi halda Səudiyyə Ərəbistanının "mötədil" üsyançılara dəstəyi artıracağını bildirən nazir üsyançıların daha çox öldürücü silahla təmin ediləcəklərini deyib.
Son zamanlar Amerika Bəşər Əsədin hər hansı bir keçid prosesi başlamazdan əvvəl istefaya getməsini tələb etmək əvəzinə daha altı ay da vəzifədə qala biləcəyini bildirməklə Suriya prezidentinə qarşı mövqeyini dəyişdirdiyini göstərib. İranın bu şərtlə razılaşması ilə bağlı çıxan xəbərlər uzlaşma əldə edilmiş ola biləcəyini göstərsə də, İran yalnız Suriya xalqının bu qərarı verə biləcəyini vurğulayıb çıxan xəbərləri yalanlayaraq hər hansı bir vaxt çərçivəsi ilə razılaşdığını inkar edib.
Bəşər Əsədin 2014-cü ildə yeddi il müddətinə prezident seçilməsinə baxmayaraq, vaxtından əvvəl seçki keçirilməsini istəyən İran və Rusiya heç bir hiylə olmadan onun qalib gələcəyindən əmindir. Təbii ki, müharibənin parçaladığı Suriyada seçki keçirmək asan olmaz. Seçkinin etibarlı hesab edilməsi üçün ölkəni tərk etmiş milyonlarla suriyalı səs verməyə razı salınmalıdır.
Bütün qüvvələr, Suriya müharibəsinin tərəfləri (Rusiyanı istisna etmək olar) dörd il yarım davam edən münaqişəyə son qoymaq üçün birləşmiş görünsələr də, aydındır ki, bu, asan başa gəlməyəcək. Qaçqın böhranı Rusiyanın müdaxiləsindən bu yana həm regiondakılar, həm də Avropaya üz tutanlar üçün daha da pisləşib. İslam Dövləti ilə bağlı hər kəs narahatdır.
Ancaq Rusiya və İran rejim dəyişikliyinin tərəfdarı deyil. Rusiya qlobal bir qüvvə kimi rol oynadığını təsdiqləmək istəyir. İranın qırmızı xətti isə Livandakı əlaltısı Hizbullaha silah ötürmək üçün yolu əlində saxlamaqdır.
Amerika ilə nüvə sazişi imzalamasına baxmayaraq, İranın "Böyük Şeytan"la bağlı şübhələri davam edir. Bir çox İran rəsmisi koalisiyanın irəliləyiş əldə edə bilməməsinə diqqət çəkərək Amerikanın özünü İŞİD-ə qarşı mübarizə aparırmış kimi göstərdiyini, bu təşkilatı İslam Respublikasına qarşı hədə vasitəsi kimi əldə saxlamağı üstün tutduğunu bildirir. Nüvə kartını da itirən İran indi Suriya ilə bağlı fəaliyyətində daha inadkardır.
Bu arada, elə həmin gün, Amerika İslam Dövlətinə qarşı planlaşdırılan hücum üçün Suriyanın şimalına 50-ə qədər xüsusi təyinatlı qüvvə göndərdiyini bildirdi. Rusiya isə bunun Suriya münaqişəsini xarici qüvvələr vasitəsilə müharibəyə çevirə biləcəyini deyərək ABŞ tərəfindən bu qüvvələrin göndərilməsini tənqid etdi. Rusiyanın sentyabr ayında Suriyaya daxil olmasından bu yana Amerika da iştirakı artırıb. Oktyabr ayının əvvəli şimaldakı üsyançıları lazımi sursatlara təmin etdiyini bildirən Amerika dəstəklədiyi qruplara yardımı artıracağını vurğulayıb.
İstənilən halda, görüşün sonunda verilən bəyanatda əksini tapan maddələr 2012-ci ildə baş tutmuş BMT danışıqlarındakı məsələləri təkrarlayır. O vaxtdan bu yana müharibə daha da qanlı hal alıb, ölənlərin sayı 250 mini, ölkə sərhədləri daxilində və xaricində məcburi köçkünlərin sayı isə 11 milyonu keçib. Bir çox suriyalının da dediyi kimi, nə iqtidar, nə də parçalanmış müxalifət danışıqlara çağırılmayıb. Silahların susması üçün çox vaxt lazım olacaq, ancaq bunun üçün tərəflərin bir araya gətirilməsi başlanğıc ola bilər.