“İslam dövlətinə” qarşı ABŞ-ın müharibəsi Dünya

“İslam dövlətinə” qarşı ABŞ-ın müharibəsi

Məşhur ameriaklı politoloq Stiven Volt "Foreignpolicy" jurnalında bu mövzuya toxunub

Cavid
Volt yazır ki, əgər ABŞ terrorizmə qarşı ciddi şəkildə mübarizə aparsa idi, o zaman bu məsələnin həllinə fərqli yanaşardı. Lakin terror barəsində aparılan danışıqların qeyri-bərabər xarakter daşıması Amerikanın sözügedən məsələnin həllinə son dərəcədə ciddi yanaşmadığını göstərir. Bir məqamı vurğulamaq istərdim: nəzərə alsaq ki, bu problemin həllinə milyardlarla dollar tökülüb və "terrorizmə qarşı qlobal müharibə" (yaxud siz "sərt ekstremizmə qarşı kampaniya" ifadəsini üstün tutursunuz?) əsnasında yüzlərlərlə (amerikalılar və xaricilər) insan həlak olub, o zaman bu müzakirə qəribə səslənir. Biz terrordan müdafiə etməyə səy göstərən insan ordusunu, müdaxilə etdiyimiz ölkələri, pilotsuz təyyarələrdən endirdiyimiz zərbələri və məqsədyönlü şəkildə yetirdiyimiz qətlləri xatırlasaq bu müzakirələr daha qəribə səslənəcək.
Əlbəttə ki, bütün bunlar Vaşinqtonun məsələni aktiv şəkildə həll etdiyini və "Əl-Qaidə", "İslam dövləti" və s. kimi sərt radikallara qarşı təhlükə ilə mübarizə apardığını göstərir.
İlk öncə bir fikirləşin, bu qədər tədbir görərək və ya xərclər çəkərək biz nə əldə etdik? Bizim böyük terrora qarşı sahəmiz yaranıb, kəşfiyyata yetərincə vəsait ayrılır, dövlət tərəfindən təqib edilmə daha fəal həyata keçirilir. Lakin terrora qarşı müharibə planları və sxemləri çox az dəyişilib. Belə ki, milli təhlükəsizlik qurumumuz hesab edir ki, ekstremist qruplaşmalarını məhv etməyin əsas vasitəsi Amerikanın hərbi müdaxiləsidir, lakin bunun nəticəsində belə bir labüd tərəddüd yaranır: bu cür hərbi müdaxilənin əsnasında daha çox yer idarəetmə nəzarətindən çıxır, "İslam dövləti" kimi qruplaşmalar isə daha çox yeni üzvləri asanlıqla cəlb edirlər. New York Times-a istinadən, İD və ona bənzər qüvvələrə qarşı hərbi kampaniyaları daha effektiv həyata keçirmək üçün Pentaqon ərəb və islam dünyası, eləcə də onun ətrafında yeni hərbi bazaların yaradılmasına cəhd edir.
Üzr istəyirəm, amma 1990-cı illərdən bəri hər dəfə daha çox enerji və güc sərf edərək biz yalnız bu işlə məşğul deyilmiyik? Lakin 2001-ci illə müqayisədə hazırda "Əl-Qaidənin" dünyada bölmələri daha çoxdur, "İslam dövlətinə" bənzər təşkilatlar isə ümumiyyətlə o zamanlar mövcud deyildi. Bu məsələyə yanaşmamız yanlışdır və ya problemləri həll etmək yerinə, onları yenidənmi yaradırıq? Bəs, terrorizmə qarşı müharibəyə ciddi yanaşma necə olmalıdır?
Əgər ABŞ terrora qarşı müharibəyə ciddi yanaşsaydı, o zaman o ilk öncə təhlükənin səviyyəsini müəyyən edərdi, daha sonra isə Amerika xalqına öz qiymətləndirmələri barədə məlumat verərdi. Aparılan bir çox elmi tətqiqatlar nəticəsində müəyyən olundu ki, əslində orta statistik amerikalı üçün terror təhlükəsinin səviyyəsi çox aşağıdır. Con Müller və Mark Stüart "Xəyalətləri təqib edərkən" adlı yeni kitablarında qeyd edirlər ki, amerikalıların terrorist tərəfindən öldürülmə şansları dörd milyondan birə bərabərdir. Gündəlik həyatımızda üzləşdiyimiz digər, daha bayağı təhlükələrlə müqayisədə bu kimi risk səviyyəsi cəfəngiyyatdır. Lakin məntiq və faktları istifadə etmək və Amerika xalqını təskinləşdirmək yerinə, hər iki partiyanın liderləri 11 sentyabrdan sonra terrorizm qarşısında irrasional qorxunu daha da yüksəldirlər, bu isə bir çox istiqamətlər üzrə əks-səmərəli siyasəti işə salır. Bir çox həmkarlarından fərqli olaraq, daha mülayim nəzərləri olan prezident Barak Obama da bazar günü oval kabinetdə səsləndirdiyi nitqində cəmiyyəti problemin həll edilməsinə dair çox zəif şəkildə təsəlli etdi.
Bizə yalnız prezidentin nitqi lazım deyil, əsas istəyimiz vətəndaşlara onların həqiqətən də təhlükəsizliyinin təmin edildiyini xatırlatmalı olan yüksək rütbəli amerikalı rəhbərlərin davamlı və hərtərəfli səyl göstərməsidir. Biz tez-tez eşidirik ki, qorxu xüsusiyyətinə görə irrasionaldır və bu kimi kampaniyanın aparılması heç bir nəticə verməyəcək. Lakin əgər cəhd etməsək bundan necə əmin ola bilərik? Risk səviyyəsi barədə əsl həqiqəti söyləməkdənsə, prezidentlər və digər məmurlar təhrikçi və çaxnaşma salanlara fürsət verirlər, bu isə cəmiyyətin həqiqətən baş verən hadisələrə dair həddindən artıq sərt reaksiya verməsilə nəticələnir. Bəs, nəyə görə biz terror təhlükələrinin təhlilinə dair ciddi və davamlı səyləri müşahidə etmirik?
Cavab qismən də olsa təhlükənin böyüdülməsində maraqlı olan insanlar və idarələrin ictimai müzakirələrdə fəal olmasından asılı olacaq. Siz doğurdan da düşünürsünüz ki, Mərkəzi Kəşfiyyat İdarəsi, Milli Təhlükəsizlik Agentliyi, Federal Tədqiqatlar bürosu və terrora qarşı bir çox yaxşı məvacibli ekspertlər büdcələrini, bürokratik nüfuzlarını, müstəqilliliklərini və qabaqcıl mövqelərini təhlükə altına alaraq sözügedən risklərə dair təsəlliedici çıxışlar edəcəklər? Mövcud təhlükəyə qeyri-ciddi şəkildə yanaşdığımız müddətdə, siyasətimiz müvəffəqiyyətsizliyə qapılacaq, ölkə isə sağlam dərrakədən deyil, qorxudan irəli gələrək hərəkət edəcək.
Əgər ABŞ terrorizmə qarşı ciddi şəkildə mübarizə aparsa idi, o zaman bu terrorizmi necə yaratmağımıza dair müzakirələr daha ədalətli və şəffaf keçirilərdi. Amerikanın bəzi xarici və müdafiə siyasətinin anti-Amerika esktremizmini təhrik etməsinə dair düşünməmək istəyimiz hələ 11 sentyabr hadisələrinin istintaq komissiyası fəaliyyət göstərdiyi zaman yaranmışdı. Bu komissiyanın tərkibində çalışan görkəmli tarixçi Ernest Mey qeyd edir: "Hesabatda ABŞ-ın siyasət və tədbirlərinin 11 sentyabrda üzə çıxan bu qədər kin və qəzəbi təhrik etməsinə dair sual tam olaraq işıqlandırılmayıb… Hesabatda əgər Amerika İsraillə əməkdaşlıq etməsəydi, Səudiyyə Ərəbistanı, Misir və ya Pakistanın oxşar rejimlərini dəstəkləməsəydi və müsəlmanların öz müqəddəs yerlərinə daha çox diqqət ayırsaydı, Ümumdünya Ticarət Mərkəzi, Pentaqon və Kapitoliyaya zərəbələr endirilməzdi" fikrinə dair planların olmaması ehtimalı barəsində alternativ dəlillər çox zəif təhlil olunub.
Hazırda belə ekstremist zorakılığın bacarıqsız insanların həyatın məna və mahiyyətini anlamadıqları üçün ümidsizliyə qapıldıqlarına görə yaranmasına dair əminlik var. Yaşadıqları cəmiyyətdən təcrid olan insanlar bəzən kütləvi zorakılığa cəhd edirlər. Bu hal Amerikanın xarici siyasətinin burada heç bir əlaqəsi olmadığını sübut etmir. 2009-cu ildə qeyd etdiyim kimi, ABŞ son 13 illik ərzində yüzlərlə müsəlmanların qətlə yetirilməsinə birbaşa cavabdehdir. Müsəlmanlar tərəfindən öldürülən amerikalıların sayı isə qat-qat azdır.
Əlbəttə, bu, günahsız insanların kütləvi öldürülməsinə bəraət qazandırmır və heç bir halda "İslam dövləti" kimi qruplaşmaların fəaliyyətini dəstəkləməyə zəmin yaratmamalıdır. Bu, eyni zamanda yalnız ABŞ-ın siyasətinin qəbahətli olduğunu da təsdiqləmir. Fikrimcə, bu məsələni ciddi şəkildə həll etməyimiz üçün, biz ilk öncə onu, mənşəyi və ilkin səbəblərini anlamalıyıq. Əgər problemin bünövrəsində dayanan səbəblərə diqqət yetirməsək, qarşısını almağa cəhd göstərdiyimiz tədbirləri təhrik edən siyasətimiz bundan sonra da davam edəcək.
Əgər ABŞ terrora qarşı ciddi mübarizə aparsa idi, o zaman biz bu gün kütləvi informasiya vasitələrinin rolu barəsində ciddi müzakirələr aparardıq. Əminəm ki, Fox News və ya CNN kimi təşkilatlar "Əl-Qaidə" və ya "islam dövlətinə" kömək etmək niyyətində deyillər, lakin məhz onlar bunu edir. Hər dəfə terror aktı baş verdikdə, tele və radiostansiyalar dərhal təşvişə salan reportajlar təqdim edir. Burada əsas məqsəd insanları qorxutmaq və onların diqqətlərini ekranlara və radioya kökləməkdir (Müasir KİV-in xüsusiyyəti məhz budur. Güclü tufan və ya fırtına baş verdikdə hava kanalı da eynisini edir). Bu cür xəbərlər "İslam dövləti" kimi qruplaşmalara məlumat ötürür, onlar üçün tam təmənnasız reklam yaradır, təhlükədə olmayan insanları inandırırlar ki, onlar bundan çox qorxmalıdırlar. Və buna görə də , "İslam dövləti" kimi nisbətən zəif hərəkatlar artıq cəmiyyətə daxil olaraq hər birimiz üçün böyük təhlükə törədən bir müsibətə çevrilir. Açıq söyləsək, sanki KİV onlara köməyi müəyyən məvacib qarşılığında edir. Mən dövlət tərəfindən senzura qoyulmasının tərəfdarı deyiləm və düşünmürəm ki, bu məsələlər üzrə məlumat qıtlığı Amerika xalqı üçün xeyirlidir. Lakin biz, bu cür insidentlərin daha məsuliyyətli işıqlandırılması üçün ümummilli müzakirələr aparmalıyıq. Başlanğıc üçün Obama iri informasiya agentliklərinin rəhbərlərini Ağ evə dəvət edərək, onlarla Parisdə və ya San Bernardinoda baş vermiş terror aktlarına bənzər hadisələri necə işıqlandırmalarına dair "davranış kodeksini" müzakirə edə bilərdi.
"İslam dövləti" sosial şəbəkələrdə daha təkmilləşdirilmiş sistemə sahibdir - əsas məqsədi yeni üzvləri cəlb etmək və onları möhtəşəm, uzaqgörən, məqsədyönlü hərəkata qoşulacaqlarını və bunun dünyanı dəyişdirəcəyinə inandırmaqdır.
Belə təbliğatla mübarizə aparmağın bir çox yolları mövcuddur, lakin biz yumor və istehzaların rolunu cılızlaşdırmamalıyıq. Ekstremist təşkilatları nüfuzdan salmaq üçün istifadə oluna biləcək vasitələrdən biri - onların nə dərəcədə gülünc və mənasız olduqlarını göstərmək və onların cərgələrinə qoşulmağın düşüncəsiz bir addım olduğunu nümayiş etdirməkdir. "İslam dövlətinin" nə dərəcədə sərt, hiyləgar, fanatik, təhlükəli və məqsədyönlü bir təşkilat olduğunu göstərməkdənsə biz onun nadanlığını, geriliyini, bacarıqsızlığını, yanlışlığını və cəfəng olmasını sübut etmək üçün ən azından bir o qədər də vaxt və güc sərf etməliyik.
Əlbəttə, öz məqsədinə çatmaq üçün insanların başını kəsən, qadınları zorlayan və terror aktı törədən qruplaşmada ağılsız heç nə yoxdur və məhz buna görə də onun gülünc vəziyyətinə qoymaq cəhdləri məntiqlə həyata keçirilməlidir. Eyni zamanda, Hollivud və KİV-in fanatik müsəlmanları ələ salmaları təhlükəlidir, çünki bu onlara mənəvi cəhətdən pis təsir edə bilər.
Əgər ABŞ terrora qarşı ciddi mübarizə aparsa idi, o zaman biz yalnız problem törədən və onların həlli uğrunda çalışmayan Amerikanın "müttəfiqlərinə" daha sərt yanaşardıq. Bu halda Amerika höküməti Türkiyəni "İslam dövləti" ilə mübarizə aparan kürdlərə qarşı həyata keçirdiyi tədbirlər, "İslam dövlətinin " nəzarəti altında olan ərazilərlə şəffaf sərhədlərin olması, onun qaçaqmalçılığa göz yummasına və s. hərəkətlərə görə dərhal məsuliyyətə cəlb edərdi. İranla nüvə sazişini imzaladıqdan sonra Səudiyyə Ərəbistanı sakitləşdirməkdənsə, biz vəhabiliyi təşviq edən ərəblərin rolu barəsində xoşagəlməz müzakirlərə aparmalıydıq. Bu müharibəyə ciddi yanaşsaq, biz həmçinin İsrail dövlətinə onun fələstinlilərə olan münasibətinin milli təhlükəsizlik məsələmiz olduğunu açıq bildirərdik. Bu ölkə ilə "xüsusi münasibətlərin" saxlanılmasını isə biz boş vədlər əvəzinə Fələstin dövlətinin yaradılmasından asılı olacağını qeyd edərdik (mən başa düşürəm ki, bunlar yalnız xəyallardır, lakin bu qədər ciddi tədbirlərdən imtina etməyimiz siyasətimizin nə dərəcədə qeyri-ciddi olduğunu göstərir).