Rusiya Əsədin “ipini çəkir”… Dünya

Rusiya Əsədin “ipini çəkir”…

Rusiyanın BMT-dəki nümayəndəsi Vitali Çurkin deyib ki, Moskvanın Suriya siyasəti və prezident Əsədin bəyanatları arasında uyğunsuzluq var

Cavid
Rusiyanın BMT-dəki nümayəndəsi Vitali Çurkin deyib ki, Moskvanın Suriya münaqişəsinin çözülməsinə yönəlik səyləri və prezident Əsədin bəyanatları arasında uyğunsuzluq var. O bunu bildirərkən prezident Bəşər Əsədin "döyüşləri bütün Suriya üzərində nəzarəti ələ alanadək davam etdirmək əzmində olduğu" barədə bəyanatını nəzərdə tutduğunu söyləyib. Beynəlxalq şərhçilər bu hadisəni Moskva və Dəməşq arasındakı müttəfiqliyin "ilk çatı" adlandırıblar.
Əslində, Rusiya-Suriya münasibətlərində ilk çat Moskvada Suriya kürdlərinin "səfirliyi" açılanda baş vermiş və Əsədin sözü gedən bəyanatı da bundan sonra səslənmişdi. Çurkin izah edib ki, Rusiya Əsədə müharibədəki qüvvələr balansını öz xeyrinə dəyişmək imkanı verib və indi Suriya prezidentinin vəzifəsi Moskvanın xəttinə uyğun hərəkət etmək və sülh danışıqlarına başlamaq niyyətini göstərməkdir. Rusiya səfiri əlavə edib ki, Moskva Suriya münaqişəsinin dinc vasitələrlə həlli istiqamətində çalışır və bütün ölkə üzərində nəzarətin ələ alınması münaqişəni qeyri-müəyyən müddətə uzadan uğursuz addım olardı.
Bəzi qeyri-rəsmi mənbələr
"Kommersant" qəzetinə müsahibədə rusiyalı diplomat bildirib ki, "Moskva indiyədək bu münaqişənin siyasi, diplomatik və nəhayət hərbi həllində ciddi səylər göstərib və məhz buna görə də Əsəddən bunları nəzərə alması gözlənilir". O deyib ki, hazırda atəşkəs və döyüş əməliyyatlarının durdurulması istiqamətində müzakirələr gedir.
"Reuters" agentliyi xatırladır ki, Rusiyanın hava kampaniyası Əsədi qaçılmaz iflasdan xilas edib və ona silahlı müxalifətlə qarşıdurmada üstünlük qazandırıb. Bundan sonra Qərb diplomatları Moskvadan Əsəd üzərindəki nüfuzundan istifadə edərək onu danışıqlar masası arxasına gətirməsini gözləyirlər. Reuters yazır ki, bəzi qeyri-rəsmi məlumatlara görə Əsəd müxalifətlə danışıqlar üçün Moskvanın verdiyi təklifləri qəbul etməyib. Agentlik qeyd edir ki, Çurkinin qeydləri Moskva və Dəməşq arasında məhz bu fikir ixtilafını nümayiş etdirir.
Əsəd Moskva deyəni etməsə…
Əsədin "qələbəyə qədər döyüşmək" bəyanatına gəlincə isə Çurkin deyib ki, "bu halda biz, belə yüksək vəzifəli şəxsə bütün hörmətimə rəğmən, onun dediklərindən yox, onun son nəticədə nə edəcəyindən çıxış etməliyik". "Əgər Suriya hakimiyyəti münaqişənin həlli üçün Rusiyanın xəttini tutsa, vəziyyətdən ləyaqətınə xətər toxunmadan çıxa bilər" – deyib Rusiyanın BMT-dəki elçisi.
Vitali Çurkin yada salmağı lazım bilib ki, Suriya ordusunun qabiliyyəti nə olursa-olsun, ona opponentləri üzərinə hücum etməyə Rusiyanın hava kampaniyası imkan verib. Ötən cümə günü prezident Assad AFP agentliyinə müsahibəsində demişdi ki, Suriya üzərində tam nəzarəti ələ almaq niyyətindədir. O həmçinin bildirmişdi ki, münaqişənin çözümü istiqamətində danışıqları dəstəkləyir, lakin hətta danışıqlar zamanı da "terrorla mübarizəni" davam etdirmək niyyətindədir. Bundan başqa Əsəd Səudiyyə Ərəbistanında təşkilatlanmış müxalifəti "satqınlar və terrorçular" adlandırıb. Qərb mediası Vitali Çurkinin bəyanatlarını Moskvanın Suriyadakı siyasətinin ciddi düzəlişə məruz qalması kimi qiymətləndirir.