Britaniyanın Avropa İttifaqından çıxması məsələsi böyüyür Dünya

Britaniyanın Avropa İttifaqından çıxması məsələsi böyüyür

Cavid

Britaniyanın baş naziri Devid Kemeron Brüsseldə Avropa İttifaqının digər liderləri ilə görüşüb və Birləşmiş Krallığın 28 üzvü olan ittifaqa üzvlüyü üzrə şərtlərə yenidən baxılmasına çalışıb. "Bloomberg" yazır ki, Kemeron iki gün keçiriləcək sammitdə iyun ayında Britaniyada keçiriləcək və seçicilərin ölkənin Aİ-də qalıb-qalmayacağına qərar verəcəkləri referendum üçün zəmin hazırlayacaq güzəştlərə nail olmağı ümid edir. Kemeron bu ay çıxan Aİ təklifinə oxşar bir razılaşma əldə edəcəyi halda, ittifaqda qalmaq üçün kampaniyaya başlamağa hazır olduğunu bildirib.
Razılıq əldə edilməməsi (liderlər arasında razılaşma yekdilliklə qəbul edilməlidir) Böyük Britaniyanın aktivləri ilə yanaşı iqtisadiyyatına da təzyiq göstərə bilər. Britaniyanın Aİ-dən çıxması ehtimalı belə funt sterlinqin dəyərdən düşməsinə və ötən üç ay ərzində 16 mühüm valyutadan ikisi istisna olmaqla, hamısı ilə nisbətdə zəifləməsinə səbəb oldu.
Kemeron Aİ-dən nə istəyir?
Baş nazir dörd geniş məsələ üzrə öhdəliklər götürülməsinə çağırıb: iqtisadi idarəetmə, Britaniya vətəndaşı olmayanlar üçün sosial yardımlar, rəqabət qabiliyyəti və suverenlik. Praktiki baxımdan bunun üçün Aİ-nin bank diqqətsizliklərini aradan qaldırması və gələcək maliyyə qanunlarının, sosial ödənişlərin, bürokratik biznes qaydalarının formalaşdırılması yollarına diqqət yetirməsi lazımdır. Aİ Prezidenti Donald Task sammitdə hərtərəfli razılıq əldə etməyə çalışacaq, çünki onun fikrincə, "uğursuzluq üzvlərin ortaq gələcəyini riskə atmaq demək olar".
Razılıq əldə edilməsinə mane olan məqamlar hansılardır?
Kemeron əmin olmağa çalışır ki, Britaniyaya məxsus maliyyə şirkətləri avroregionun bank qaydalarından qorunacaq. Donald Task avrozonaya məxsus bank qaydalarının valyuta blokuna daxil olmayan ölkələr üçün könüllü surətdə qəbul edilməsini təklif etsə də, qeyri-avro ölkələri özlərinə təsir göstərən məsələlər haqqında daha çox səslərini eşitdirə bilməli, ciddi narahatlıqları olduğu zaman bir növ işə sala biləcəkləri mexanizmə sahib olmalıdırlar.
Bu islahata etiraz edən ölkələrdən biri olan Fransa London banklarının qitədəki həmkarları üzərində ədalətsiz üstünlüyə sahib olmamaları üçün çağırışlar edib. Britaniya isə banklarının Avropa Mərkəzi Bankının avrozona hegemonluğuna girov düşməsinə etiraz edir, maliyyə sektorunda çalışan idarəçilər isə xəbərdarlıq edirlər ki, Böyük Britaniya maliyyə sistemində xaosun qarşısını almaq üçün Aİ ilə eyni mövqedə qalmalıdır.
Sosial yardımlar üzrə hansı məhdudiyyətlər mümkündür?
Britaniya hökuməti vergi ödəyicilərinin Avropanın müxtəlif yerlərindən ölkəyə gələn işçilərin səhiyyə, rifah və uşaqlar üçün təyin olunmmuş sosial müavinətləri mənimsəmək istədikləri ilə bağlı narahatlığı aradan qaldırmağa çalışır. Aİ müəyyən güzəştlər təklif edə biləcəyini bildirib, ancaq bu güzəştlər artıq Britaniyada çalışan avropalılara aid edilməyəcək.
Azyaşlı uşaqları olan valideynlər üçün yardımlarla bağlı güzəştə gedilməsi də mümkündür. Avropa Komissiyasının Prezidenti Jan-Klod Yunker bildirir ki, liderlər "uşaq pulunun indeksləşdirilməsi"ni müzakirə edə bilərlər. Bu isə o deməkdr ki, xarici Aİ işçilərinə Britaniya standartlarına yox, vətəndaşları olduqları ölkənin standartlarına uyğun ödəniş ediləcək.
Görüşdə müzakirə ediləcək əsas mözvular Aİ-nin Britaniya üçün təklifi, qaçqın böhranı kimi mövzulardır. Kemeron həftənin beşinci günü Londona qayıdıb mümkün olduğu qədər çox dəstək almaq üçün nazirlər kabinetinin iclasına sədrlik edəcək. Əgər danışıqlar pozularsa, sammit altıncı günə qədər uzana bilər.
Sammitdə razılıq əldə edilməzsə, necə olacaq?
Əgər liderlər ayın sonuna qədər razılıq əldə edə bilməzlərsə, Böyük Britaniyanın iyun ayının sonuna qədər referendum keçirməsi ehtimalı olduqca aşağı olacaq. Bu həftə razılaşma əldə edilmədiyi halda, Britaniyanın Aİ-dən çıxması riski artacaq. Bunun səbəbi isə təkcə bu uğursuzluğun referendumdan əvvəl razılıq əldə edilməsi çətinliyini göstərməsi yox, eyni zamanda gecikmiş səsvermənin Aİ tərəfdarlarının əleyhinə olmasıdır.
"Ipsos Mori" tərəfindən keçirilən ən son rəy sorğusu göstərib ki, sorğuda iştirak edənlərin 54 faizi Aİ üzvü olaraq qalmaq üçün, 36 faiz isə ittifaqdan çıxmaq üçün səs verəcəyini bildirib. İştirakçıların 63 faizi qərarlarında qəti olduqlarını bildirdikləri halda, 35 faiz fikirlərini dəyişə biləcəklərini deyib.
Britaniyanın Aİ-dən çıxmasının nəticələri necə olacaq?
Digər Avropa İttifaqı ölkələrindəki 21 həmkarı ilə birləşərək Britaniyanı ittifaqda qalmağa çağıran Britaniya Sənaye Konfederasiyası açıq bir məktubda bildirib ki, Avropa biznesi Britaniyanın rəqabətin, inkişafın, sülhün, təhlükəsizliyin və firavanlığın təmin edilməsi üçün lazımi ishalatlar keçirən Avropa İttifaqına üzvlüyünün davam etməsini dəstəkləyir.
Finlandiyanın maliyyə naziri Aleksandr Stabbın sözlərinə görə, Britaniyanın ittifaqdan çıxması bazarda qısamüddətli qarışıqlıq yarada, həm Britaniya, həm də Aİ-ni iqtisadi və siyasi cəhətdən zəiflədə bilər. "HSBC Holdings Plc" şirkətinin baş icraçı direktoru Stuart Gulliver isə bildirib ki, Britaniya Aİ-dən çıxacağı halda, 1000-ə yaxın iri investor Parisə köçə bilər.
Britaniya Aİ-dən çıxarsa nə olacaq?
Böyük Britaniyanın Aİ ittifaqına üzvlüyü ilə bağlı bu il keçirilməsi, demək olar, dəqiqləşən referendum Avropaya zərbə vuracaq ağır bir fəlakət ola bilər. Britaniyalılar ittifaqdan çıxmağı seçərlərsə (belə ki, bu ehtimal yüksəkdir), nəticədə Aİ-nin, eləcə də, Britaniyanın stabilliyi kəskin şəkildə sarsılacaq. Problem odur ki, Aİ-nin əbədi böhrana düşməsi ilə Britaniyanın ittifaqdan çıxması intellektual və emosional baxımdan cəlbedici görünür. Avrozonanın 2009-2010-cu illərdə borc problemləri çıxmamışdan hələ uzun müddət əvvəl bir çox britaniyalılar yaxşı başa düşürdülər ki, valyuta birliyi zərbələrə qarşı davamlı olmaq üçün daha çox inteqrasiya tələb edir. Başqa sözlə, Avropa daha çox suveren bir dövlət kimi fəaliyyət göstərməli idi. Britaniya isə heç vaxt buna riayət etmək istəməyib.
Emosional səviyyədə isə, həm Aİ daxilindən, həm də xaricindən geniş miqyaslı immiqrasiya qorxusu populist bir reaksiyaya səbəb oldu və bu reaksiya son qaçqın böhranı ilə daha da gücləndi. Populist reaksiyanın əsasını isə qəribə də olsa, əks-səda doğuran bir arqument təşkil edir: Avropa, ya da daha dəqiq desək, Almaniya qaçqın axınını təşviq edir.
Britaniyanın Aİ-də qalması tərəfdarları isə bir-birinin ardınca səhvlərə yol verdi. Bir çoxları ümidlərini Aİ sazişlərini dəyişə biləcəkləri kimi qeyri-real bir gözləntiyə bağladı, Avropanın inteqrasiya prosesinin mühüm tərkib hissələrinin zəifləməsi, xüsusilə də, əmək mobilliyi ilə bağlı səbəblər göstərməyə çalışdılar. Bundan başqa, Aİ tərəfdarları Britaniyanın Aİ-dən çıxmasının səbəb olacağı iqtisadi zərbə haqqında da xəbərdarlıq etdilər. Bu, ağlabatan strategiya kimi görünmüş ola bilər, ancaq qorxu yaratmaq məntiqli deyil.
Müasir Britaniya kimliyinin əsas elementləri
Aİ əleyhinə təbliğatın güclənməsi olduqca təhlükəlidir və bu təhlükə təkcə Aİ-ə aid deyil. Əgər britaniyalı seçicilər hədsiz qüsurları olduğunu iddia etdikləri Aİ strukturunun bir hissəsi olmaq istəmədiklərini deyirlərsə, dolayı yolla Böyük Britaniyanı da pisləyirlər. Böyük Britaniya heç də avrofobların ən arzu olunan siyasi quruluş forması olduğunu iddia etdikləri suveren dövlət modelinə nümunə ola biləcək vəziyyətdə deyil. Britaniya daha çox tarixçi Con Elliotun XVI əsrin geniş yayılmış hakimiyyət forması kimi təsbit etdiyi "mürəkkəb monarxiya"nı xatırladır.
Şotlandiya Milli Partiyası 2014-cü ildə müstəqillik üzrə keçirilən referendumda qalib gəlmək üzrə idi. Britaniyanın Aİ-dən çıxması bu məsələni dəstəkləyə, hətta Uels və Şimali İrlandiyada da oxşar vəziyyətin yaranmasına təkan verə bilər. Şotlandiyanın sosial təminata daha çox diqqət verməsi İngiltərənin şimalında belə bir çox seçicini cəlb edərdi.
Bu parçalanmalar ənənəvi sərhədlərlə düzgün gəlmir. Böyük Londonla ölkənin qalan hissəsi arasındakı uçurumu götürək. Britaniyaya axın edən miqrantların sayı artdıqca bu uçurum daha aydın görünməyə başlayacaq. London kimi qlobal bir şəhərin bütün dünyaya açıq olması lazım gəldiyi halda, ölkənin qalan hissəsi qapalı olmağı üstün tutacaq.
Hal-hazırda britaniyalılar üçün ortaq bir şey var: Aİ-nin iqtisadi və s. cəhətdən verə biləcəkləri ilə bağlı duyulan və getdikcə artan məyusluq hissi. Bu isə ortaq bir kimlik səviyyəsinə çatmır. Aİ kimi Britaniya da vahid bir kimliyə sahib olmamağın əziyyətini çəkir. Müasir Britaniya kimliyinin əsas elementləri əslində İngiltərəyə məxsusdur. Dövlət kilsəsi isə 500 il əvvəl, VIII Kral Henrinin katolik papanın evliliyi ilə bağlı qərar verməsini istəməməsi ilə yaradılmış İngiltərə Kilsəsidir. Pul İngiltərə Bankı tərəfindən idarə olunur; Şotlandiya və Şimali İrlandiya öz banknotlarını buraxır, ingilislər isə bu pulları çox vaxt qəbul etmirlər.
VIII Henri milli suverenlik ideyasının ilk təsdiqi olan "İngiltərə səltənəti imperiyadır" bəyannaməsi ilə Romaya müraciətlərin məhdudlaşdırılması ilə bağlı qanun qəbul etdikdən sonra köhnə dini məhv etmək üçün qəddar bir kampaniya başladı. Ancaq yeni, vahid bir kimlik yaradılması cəhdi baş tutmadı. Nəticə etibarilə Britaniyanın Aİ-dən çıxması ilk növbədə özünə zərbə vuracaq.