Rusiya Pravoslav Kilsəsindən məktub Dünya

Rusiya Pravoslav Kilsəsindən məktub

"Dağlıq Qarabağ münaqişəsinin qanun çərçivəsində ədalətli həllinə tərəfdarıq"


"Rus Pravoslav Kilsəsi dəyişməz və ardıcıl olaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının və fikir ayrılıqlarının qarşılıqlı məqbul həll yollarının qanun çərçivəsində axtarışının tərəfdarıdır".
Bu barədə Rusiya Pravoslav Kilsəsindən Azərbaycanın Rusiyadakı səfirliyinə daxil olan məktubda bildirilib.
Səfirliyin Pravoslav Parlamentlərarası Assambleyasının XXIII konfransının yekun bəyannaməsi ilə bağlı göndərdiyi müraciətə cavab məktubunda qeyd olunub ki, Rus Pravoslav Kilsəsi Dağlıq Qarabağ münaqişəsinin qanun çərçivəsində həllinin tərəfdarıdır.
Məktubda bildirilib ki, 1993-cü ildən başlayaraq Moskva və bütün Rusiyanın patriarxının vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın dini liderlərinin bir sıra görüşləri keçirilib: "Həmin görüşlərdə iştirakçılar dəfələrlə qeyd ediblər ki, Qarabağ münaqişəsi dini zəmində deyil və siyasi xarakter daşıyır. Millətlərarası düşmənçilik xristianlıq və islam dinlərində günah sayılır. Moskva patriarxlığı bu gün də həmin mövqedən çıxış edir, münaqişənin sülh yolu ilə ədalətli həllinə səy göstərir. Azərbaycan tərəfinin narahatlığı Pravoslav Parlamentlərarası Assambleyanın rəhbərliyinə çatdırılacaq".
Qeyd edək ki, Pravoslav Parlamentlərarası Assambleyanın 2016-cı il iyulun 4-8-də Yunanıstanda keçirilən XXIII illik konfransının yekun bəyannaməsində aprel ayında Dağlıq Qarabağ istiqamətində, Azərbaycan və işğalçı Ermənistan qoşunlarının təmas xəttində baş vermiş hadisələrə birtərəfli münasibət yer alıb və Azərbaycan tərəfi ittiham olunub. Sənəddə bildirilir ki, aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan ordusu genişmiqyaslı hərbi əməliyyatlara başlayıb: "Çoxlu sayda ağır silahların tətbiqi, dinc əhalinin atəşə tutulması problemin hərbi yolla həllinə yönəlmiş səyləri açıq göstərir.ATƏT-in Minsk Qrupu həmsədrlərini və beynəlxalq təşkilatları yaranmış duruma müdaxilə etməyə, bütün mexanizmlərdən və vasitələrdən istifadə edərək bölgədə qeyri-sabitlik və gərginlik yaradan addımların qarşısını almağa çağırırıq".