Rusiya neft hasilatında Səudiyyəni ötübmüş Dünya

Rusiya neft hasilatında Səudiyyəni ötübmüş

"The İndependent" yazır ki, Rusiya Səudiyyə Ərəbistanını ötərək dünyanın ən böyük neft hasilatçısına çevrilib. Məqalədə deyilir ki, bu hadisə ötən dekabrda hər iki ölkə qlobal neft qiymətlərinin düşməsinin qarşısını almaq məqsədilə istehsalı ixtisar etmək barədə razılaşma əldə edəndə baş verib. Rusiya dekabr ayında günə 10, 49 milyon barrel neft hasil edib ki, bu da noyabr ayındakı hasilatdan günə 29 min barrel azdır. Eyni zamanda Səudiyyə Ərəbistanı öz hasilatını günə 10,72 milyon barreldən 10,46 milyon barrelə endirib. Beləliklə, Rusiya ötən dekabrdan dünyanın ən böyük neft istehsalçısına çevrilib.
Bu ötən mart ayından bəri ilk dəfədir ki, Rusiya neft hasilatında Səudiyyə Ərəbistanını geridə qoyur. Səudiyyə Ərəbistanı və neft ixrac edən ölkələrin OPEC kartelindəki başqa ölkələr ötən ilin noyabrında ümumi hasilatı günə 1, 2 milyon barrel ixtisar etmək barədə razılaşma əldə etmişdilər. Bu ixtisar yanvar ayının 1-dən başlayıb və 6 ay müddətində davam etməlidir. OPEC üzrə ixtisarda ən böyük pay Səudiyyə Ərəbistanının üzərinə düşüb.
"The İndependent" yazır ki, Rusiya da daxil, qeyri-OPEC ölkələri də neft hasilatını azaltmaq öhdəliyi götürüblər. Ötən noyabrdan bəri neft qiymətləri 20 faiz artıb. Bu müddət ərzində dünyanın üçüncü ən böyük neft hasilatçısı Birləşmiş Ştatlar olub. Amerika ötən dekabrda günə 8,8 milyon barrel neft çıxarıb, halbuki noyabr ayında bu rəqəm 8, 9 milyon barrel idi. Səudiyyə Ərəbistanında neft hasilatı günə 8,26 milyon barreldən 8 milyion barrelə enib. Lakin "The Telegraph" yazır ki, dünya neft qiymətlərinin bu qısamüddətli yüksəlişi artıq təhlükə qarşısındadır.
Məqalədə deyilir ki, OPEC və Rusiya vəd etdikləri hasilat ixtisarını tam yerinə yetirmirlər və Amerikanın şist sənayesi yenidən meydana atılır. "The Telegraph" yazır ki, neft daşımaları barədə qlobal məlumatlara görə OPEC və 11 qeyri-OPEC ölkəsinin vəd etdikləri günə 1, 8 milyon barrel hədəfinə heç yaxlınlaşma belə olmayıb. PVM Oil Associates broker qrupundan Tamas Varqa bildirib ki, onların hesablamasına görə, yanvar ayında vəd olunmuş ixtisarın yalnız 40 faizi baş verib.
Ekspertin fikrincə, əgər ixtisar müddəti üçün müəyyən edilmiş 6 ay uzadılmazsa, bütün razılaşmalar iflasa uğrayacaq. Varqa deyib ki, Rusiya vəd etdiyi günə 300 min barrel ixtisarının heç üçdə birini də etməyib. JP Morgan şirkətindən David Martin deyib ki, neft qiymətlərinin sabitləşdirilməsi üzrə OPEC-ə yalnız "kafi" qiymət vermək olar.
Ötən bazar ertəsi neft qiymətləri bir azca qalxsa da, ABŞ-da artmaqda olan şist hasilatı və anbarlarda azalmaq bilməyən neft ehtiyatı qiymətlərin gözlənilən civarda artmasına imkan verməyib. Neft qiymətlərinin azacıq yüksəlişinə dolların zəifliyi "kömək" edib. Bu arada xəbər verilir ki, neft ixtisarları barədə razılaşdırılmış altı ay müddəti gözlənilən nəticəni verməsə, ixtisar müddəti iyul ayından o yana da uzadıla bilər.
Commersbank diqqəti həm də belə bir məqama çəkir ki, Səudiyyə Ərəbistanı bu il, hər il qış aylarında olduğu kimi istehsalı azaltmayıb və ola bilsin, bunu sonradan ixtisarın bir hissəsi kimi təqdim edəcək. Buna baxmayaraq, Birləşmiş Ştatlarda istehsalın artması maliyyə menecerlərini neft qiymətlərini bir qədər də artırmağa şirnikləndirib. Ayın əvvəllərindən neft qiymətləri təqribən 2 dollar artıb. ABŞ-ın enerji şirkətləri artıq beşinci həftədir ki, neft quyularının sayını artırmaqda davam edir. Ekspertlərin fikrincə, getdikcə artmaqda olan ABŞ hasilatı son nəticədə neftin qiymətlərini yenidən üzüaşağı dartacaq.