Tramp üçün Çini cəzalandırmaq asandır Dünya

Tramp üçün Çini cəzalandırmaq asandır

"Lakin bu addım uzaqgörənlik sayıla bilməz"

Prezident Donald Trampın qarmaqarışıq fəaliyyətinə baxmayaraq, onun birinci aydakı işində müsbət tərəf – verdiyi seçki vədlərinin bir çoxunu yerinə yetirməsidir. Lakin onun daha çox dilə gətirdiyi mövzu (Çinin valyuta manipulyasiyası barəsində) hələlik bəlağət olaraq qalır. "The Financial Times" yazır ki, yeni administrasiya dünyanın nizamlanmasında Amerikanın lider olmasını arzulamır. Bunu ABŞ-ın Sakit okean əməkdaşlığı təşkilatından çıxması sübut edir. Tramp və onun ən yaxın müşavirləri belə hesab edirlər ki, ikitərəfli sövdələşmələr – "İlk öncə Amerika" şüarının reallaşdırılması üçün ən yaxşı yoldur.
Bəs, nəyə görə onlar Çinin arxasına düşüb onu qovalamırlar? Onda belə hesab etmək olar ki, deməlli onlar hələlik bu cür ikitərəfli sövdələşmələr vasitəsilə Çini öz tərəflərinə necə çəkmək qərarana gəlməyiblər. Əksəriyyət ABŞ-da hesab edir ki, Çin qloballaşmadan ölçüyəgəlməz dərəcədə üstünlük əldə edir. Çinin ixrac malları sayəsində Amerika miyonlarla iş yeri itirib. Elmi dairələrdəki iqtisadçıların çoxu belə güman edir ki, bu qloballaşmanın qaçılmaz məsrəfləridir və ABŞ-ın bu vəziyyətdən çıxması üçün onun yeganə yolu, iş yerlərini itirmiş əhalini yüksək texnologiyalı və elmi tutumlu sahələrdəki yeni iş yerlərinə yönəltməkdən ibarət olmalıdır.
Tramp və onun müşavirlərinin vəziyyətə baxışı daha aqressivdir. Onlar hesab edirlər ki, Pekin öz valyutası ilə manipulyasiya etmək üsulu ilə qiymətləri aşağı salaraq, ətraf mühitin qorunmasına əhəmiyyət vermədən ixracatçılara subsidiyalar verərək qazanc götürür. Ona görə də onu mütləq cəzalandırmaq gərəkdir.
Əlbəttə, ABŞ Çini cəzalandırmaq üçün imkanlara malikdir. Hətta reputasiyasını itirərək valyuta manipulaytoru ləqəbini almasına baxmayaraq, Çin üçün ABŞ-ın həyata keçirə biləcəyi tədbirlər heç də əhəmiyyətsiz sayılmır. Çin mallarının idxalına qarşı cəza tarifləri tətbiq oluna bilər. Elə bu səbədən də bir çox beynəlxalq icmalçılar, iki ölkə arasındakı ticarət müharibəsinin qaçılmaz olduğu qənaətindədirlər.
Cəza rüsumları Amerikan istehlakçılarına ziyan vuracaq. ABŞ vətəndaşlarının üstünlüyü ondan ibarətdir ki, onlar dünyanın istənilən yerində istehsal olunan malları ən ucuz qiymətə alırlar. Amerikanlar Çin mallarını ucuz olduğuna görə alırlar. Əgər bu mallar bahalaşarsa, onda amerikalılar digər ölkələrdən mal almağa başlayacaqlar. Yəni onlar Çin mallarını almasalar da, hər halda Amerikanın özündə istehsal edilən malı da almaya bilərlər. Ona görə də bu cür tədbirlər Amerikan işçilərinə heç nə ilə kömək göstərə bilməz.
O, iş yerlərinin əldə olunması üçün mübarizə aparacaq vətəndaşlar çətin ki, Amerikaya qayıtsın. "Apple" şirkətinin məhsulu olan "iPhon"lar Amerika və Çin arasında bir neçə milyardlıq ticarət kəsirinin yaranmasına səsbəb olub. Təsəvvür edin ki, Apple şirkəti "iPhon"ların istehsalını ABŞ-a köçürür. Onda görəsən çoxmu amerikalı bu şirkətin quraşdırma xətlərində işləmək istəyəcək?
Nəhayət, Amerikan şirkətləri bundan heç nə udmurlar, yalnız uduzurlar. Çinin ABŞ-la ticarət balansının aktiv saldosunun təxminən 40 %-ini Çin Xalq Respublikasında işləyən Amerikan şirkətləri yaradır. Əgər Çin ixracı cərimə rüsumları ilə üzləşərsə, onda ümumi yekunda həmin şirkətlər cəzalanmış olacaq. Əgər Çin cavab tədbirləri görəcəksə, onda hər iki tərəfin şirkətləri ziyan çəkəcək. Tramp administrasiyasının Çinə münasibətdə hələlik fəaliyyət strategiyası hazırlamamasını yuxarıdakı qeyri-müəyyənliklə də izah edirlər. Tramp, Çini Amerikan maraqlarına güzəştə getməyə məcbur etmək üçün üsullar axtarıb tapmalıdır. O, elə sövdələşmələr fikirləşib tapmalıdır ki, hər iki tərəfə sərf etsin.
Onlardan bəziləri bunlardır.
Birincisi – iki ölkə valyuta məzənnəsi ilə əlaqədar danışıqlar keçirə bilərlər. Tramp Çini yuan ilə manipulyası aparmaqda ittiham edir. Çin yuanın məzənnəsini qorumaqla öz valyuta ehtiyatlarından il yarım ərzində bir trilyona yaxın dollar itirib. İki ölkə yuanın irəlidə də devalvasiyaya uğramasının qarşısının alınmasında maraqlıdırlar. Digər tərəfdən hər iki tərəf ABŞ-dakı faiz dərəcələrinin böyüməsinin ləngiməsində və Çindən kapital axınının önünü almaq üçün sərhəd nəzarətinin sərtləşməsi kimi maliyyə koordinasıyalarının yaradılması niyyətindədir.
İkincisi - ikitərəfli sərmayə qoyuluşu ilə əlaqədar müqavilə bağlanması üçün danışıqlar keçirilməlidir. Buradakı problemli məsələ Çinin xarici sərmayələrə qoyduğu məhdudiyyəti davam etdirəcəyidir. Çin öz iqtisadiyyatındakı yüksək texnologiyalı xidmətlərə xarici sərmayənin qoyulmasını məhdudlaşdırır. Bu ölkədə hələ çox sayda ağlasığmayan norma və qaydalar qalmaqdadır.
Çinlilər məhdudiyyətləri götürərlərsə, onda bu Amerikan şirkətlərinə kömək edəcək, çünki ABŞ-ın ən güclü tərəflərindən biri – yüksək texnologiyalı xidmətlərdir. Bundan başqa ikitərəfli investisiya barəsindəki müqavilə Çin şirkətlərinin ABŞ-dakı işini yüngülləşdirəcək və onları daha əhəmiyyətli investisiyalar yatırmağa sövq edəcək.
Üçüncüsü – ABŞ və Çin arasında azad ticarət haqqında ikitərəfli müqavilə imzalanmalıdır. İndi həmin ideya Trampa cazibədar gəlməyə bilər, lakin bu cür müqavilə ABŞ malları üçün Çin qapısının açılması deməkdir.
Çinin ixrac mallarına Amerikanın qapısı artıq çoxdandır açıqdır. Ancaq Çin öz ölkəsinə xaricdən gələn istehlak mallarına qoyulan yüksək rüsumları saxlayır. Amma onun əhalisi varlanır və beləliklə də onlar xarici malları almaq üçün böyük imkanlar əldə edirlər. Çin iqtisadiyyatında balanslaşma gedir, daxili tələbat artır.
Ölkədə mütləq istehlak mallarının iri bazarı formalaşacaq və ABŞ-la bağlanacaq sərbəst ticarət müqaviləsi Çin şirkətlərinə nisbətən ABŞ şirkətlərinə daha xeyirli olacaq. Əgər Tramp özünün sövdələşmələr bağlamaq və razılığa gəlmək bacarığından danışaraq, həqiqəti söyləyirsə, onda o bu addımları bəyənməlidir. Çinlilərin də praqmatizmi və yaxşı danışıqlar aprmaq qabiliyyəti olduğu üçün, iki ölkə arasındakı ticarət münasibətləri bu günkündən də üstün ola bilər.