Qətərin hədəfə alınmasında diqqət çəkən məqam Dünya

Qətərin hədəfə alınmasında diqqət çəkən məqam

"Yaxın Şərq siyasi nöqteyi-nəzərdən ilk dəfə açıq şəkildə ortaya çıxan bir "Ərəb qarşıdurması"na meydan olmaqdadır. Bölgədə kifayət qədər ciddi tutumu və Qərblə münasibətlərində dayanıqlı və sabit siyasətə malik olan 7 ərəb ölkəsi Qətəri hədəfə alır. Rəsmi Dohanın ünvanına səslənən ittihamlar kifayət qədər ciddidir".
Bu sözləri açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, Qətərin birdən-birə İrana bağlı olan təşkilatlara isti münasibət sərgiləməsi və bunun ABŞ prezidentinin Yaxın Şərq səfərindən sonra baş verməsinin ciddi səbəbləri var:"Birincisi, ərəb ölkələri arasında siyasi rəqabət içində daha çox olan iki ölkə məhz Qətər və Səudiyyə Ərəbistanıdır. Bu, son dərəcə mürəkkəb və rəngarəng islami siyasi-ideoloji hərəkatda özünəməxsus yeri olan mühafizəkar-sələfi cərəyanda liderliyi üstləmə çabasıdır. Qətər, Misirdə yaranmasına rəğmən, mühafizəkar cərəyanlar arasında kifayət qədər ciddi mövqeyə malik olan Müsəlman Qardaşları hərəkatına dəstək verərək, səudların 20-ci əsrin əvvəllərindən etibarən öz nəzarətləri altında saxladıqları sələfi-mühafizəkar hərəkata müdaxilə imkanları əldə etməkdə idi. Qətər Müsəlman Qardaşlarına tam mənası ilə dəstək verən ən başlıca dövlətdir. Bu, ilk növbədə hərəkatı Səudiyyədən gələn radikal vəhhabiliyə alternativ ciddi islami axın və eləcə də BƏƏ-nin təzyiqinə qarşı istifadə etmək üçün yararlı olan güclü siyasi alət kimi görmələrindən irəli gəlir. Əgər Qətər yerli sünni-ərəb əşirətlərinə dəstək verirsə, Səudiyyə daha çox üçüncü ölkələrdən gələn və müxalifət tərəfində döyüşən qüvvələri dəstəkləyir. Hər iki ölkə Əsədin devrilməsində həmfikir olsa da, müxalifət içində öz güclərini artırmaq və postəsəd dövrünə öz maraqlarına uyğun alternativlərini formalaşdırmaq niyyətindədirlər. Diqqət çəkən məqam odur ki, müxalifətin siyasi qanadında Səudiyyə Ərəbistanı, hərbi qanadında isə Qətər nüfuzludur".
Analitik bildirib ki, məhz Trampın məlum səfəri əsnasında Səudiyyəyə olan tam dəstək və bu ölkənin lider mövqeyinin qabardılması ABŞ-ın bölgədəki hərbi mövcudluğunun açar adı olan Qətəri qıcıqlandırdı:
"Nə qədər qəribə səslənsə də, Livana qədər uzanan "şiə koridoru" formalaşdırmaq niyyətində olan, İraq və Suriya iqtidarına tam təsir etmək gücü ilə Aralıq dənizinə çıxış əldə edən, Yəmən və Bəhreyndə nüfuz qarşıdurması yaşadan İran bu gün ərəblərin bir-birilərini qorxutmaları üçün istifadə etdikləri ünvan olmaqdadır. Əslində, bu rəqabətdə İran da önəmli ünvandır. Bölgədə İranı ciddi təhdid olaraq görən Səudiyyədən fərqli olaraq, Qətərin təcridi siyasətində önəmli məqam məhz bu ölkənin İrana olan loyal münasibətidir. Trampın iqtidara gəlişiylə İranla münasibətlərdə yaşanan gərginliklər fonunda son olaraq Səudiyyə ilə aparılan məsləhətləşmələr ABŞ-ın İrana münasibətində izləyəcəyi siyasətin konturlarını dəqiqləşdirməyə xidmət edirdi. Səudiyyə İranın təcridində önəmli mərkəz halını aldı. Yüz milyardlarla dollarlıq silah razılaşması, əslində, bunun bir əlaməti idi.
Üstəlik, İranla birlikdə dünyanın ən böyük təbii qaz qaynaqlarına sahib olan, 15 milyard təsdiqlənmiş neft ehtiyatı olan Qətər bu geosiyasi durumuna görə Körfəz mövqelərinə ciddi təsir edə biləcək gücdədir. Bu səbəbdən Səudiyyənin Qətərin təsir imkanlarını minimuma endirməklə təcrid etməyə çalışacağı artıq indidən aydındır".
Analitik qeyd edib ki, Yaxın Şərqdə, ümumiyyətlə, qlobal informasiya məkanında ciddi nüfuza malik "Əl Cəzirə" media quruluşundan tutmuş Qərbin "Barkayz", "Sen-Jermen", "Folksvagen" kimi iri şirkətlərində pay sahibliyinə qədər böyük iqtisadi ekspansiyanın şahidi olmaqdayıq:
"Qətər həm də ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunun az qala bir simvoluna çevrilib. Obamadan fərqli olaraq, ABŞ-ın hazırkı Yaxın Şərq siyasətində maraqlı və diqqət çəkən məqam İsrailə münasibətdir. Trampın Ağlama divarı önündə dua edən ilk prezident olaraq tarixə keçməsi həm də okeanın o tayının yenidən İsrailə Yaxın Şərq siyasətində ciddi önəm verməsi kimi də qiymətləndirilməlidir. İsrailin Müsəlman Qardaşlarına münasibəti son dərəcə mənfidir. Bu siyasi hərəkat dəfələrlə İsrailə münasibətdə radikal yanaşması ilə seçilib və belə bir dönəmdə Amerikanın Qətəri bu kimi hərəkatlara siyasi və maddi dəstək verməsi səbəbiylə ərəblərin əli ilə sıxışdırmasından təbii heç nə ola bilməz. Bu gün İsrailin rolu yenidən artır və bununla hətta ərəblər də razılaşır. Bu rol güclənən İran faktoru fonunda daha da ciddiləşir və ənənəvi fars-ərəb rəqabətində qeyri-rəsmi bir semit ittifaqının görüntüləri də sezilir".
V.Zifəroğlu Qətərə qarşı birliyə keçən ölkələrin sayının artacağını da istisna etməyib:
"Hər halda bundan sonra Qətərin Səudiyyənin liderliyi və Qərbin xeyir-duası ilə formalaşdırdığı "sünni-ərəb" koalisiyasına və İrana sərgiləyəcəyi münasibətdən çox şey asılı olacaq. 7 ərəb ölkəsinin Qətərlə əlaqələrini kəsməsini bəyan etmələrinin zamanlaması diqqət çəkir. Bu, məşhur "6 günlük müharibə"nin 50 illiyinin ilk gününə təsadüf etdi. Bu həmin məşhur müharibədir ki, ərəb ölkələri İsrailə məğlub olmuşdular".
Qeyd edək ki, 7 ərəb ölkəsi - Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Liviya, Yəmən və Maldiv, həmçinin Mavriki Qətərlə münasibətləri dayandırıb, bir sıra sanksiyalar tətbiq etməyə başlayıblar.
Bu dövlətlər belə addım atmalarına səbəb kimi Qətərin terror təşkilatlarına verdiyi dəstəyi göstəriblər.
Amerikalı ekspert Saymon Henderson "Forin Polisi" qəzetindəki məqaləsində bildirib ki, Qətərin diplomatik təcridi yeni böyük müharibəyə səbəb ola bilər.
"Sünni ölkələri çoxdan İranla müharibəyə cəhd edirdilər. Qətərlə bağlı olan situasiya sadəcə onların istifadə etməyə qərar verdikləri imkandır. Biz hazırda ola bilsin ki, yeni dünya savaşının ərəfəsindəyik. Hələlik Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin formal məqsədi İran yox, Qətərdir. Bu situasiyada ən böyük mənfəəti Vaşinqton, xüsusilə, dövlət katibi olana qədər "EksonMobil"in rəhbəri işləyən Reks Tillerson götürə bilər. Məhz "EksonMobil" Qətərin energetika bazarında əsas oyunçudur. Vaşinqton müharibəni dayandırmaq üçün tez hərəkət etməlidir", – deyə məqalədə qeyd edilib.