Türkiyə prezidenti Somada ağladı Dünya

Türkiyə prezidenti Somada ağladı

Həmkarlar İttifaqları faciəyə görə AKP hökumətinin məsuliyyət daşıdığını bəyan edib
"Somada kütləvi qətliamda gəlir arxasında xərcləri ixtisar edən özəlləşdirmə siyasətini irəli sürənlər günahkardır"

Türkiyə matəm içindədir. Manisa vilayətinin Soma qəsəbəsində baş vermiş mədən partlayışında ölənlərin sayı isə artmaqda davam edir. Rəsmi məlumatlara görə, indiyədək 282 işçinin meyitini çıxarmaq mümkün olub. Artıq 217 nəfərin cənazəsi ailələrinə təhvil verilib.
Ümidlər tamamilə azalsa da axtarış işləri davam edir. Mədən ocağının qapalı qalan sahəsində hələ də 120 işçinin olduğu bildirilir. Dövlət bütün imkanlarını səfərbər edib, amma...
Dünən günorta yayılan məlumata görə, kömür mədənində axtarış xilasetmə işləri müvəqqəti dayandırılıb. Buna səbəb mədəndə yenidən yanğın başlaması, elektrikin kəsilməsi və qəza baş verən ərazini su basmasıdır.
Çinə səfərindən imtina edən Türkiyə prezidenti Abdullah Gül dünən Soma qəsəbəsinə gedib. İnsanlar qarşısında çıxış edən və xeyli kədərli görünən Gül göz yaşını saxlaya bilməyib: "Bütün vətəndaşlarımın, qardaşlarımın məkanları cənnət olsun. Bütün millətimizin başı sağ olsun. Şübhəsiz ki, mədən və yer altında çalışmaq, yer altında ruzi qazanmaq üçün çalışmaq, qazancların bəlkə də ən müqəddəsidir. Bu anda əldən gələn hər şey edilir. Bu an da qurtarma işləri kəsilməz davam edir. İlk xəbər alındığından etibarən dövlət bütün imkanları ilə səfərbər oldu. Təəssüf ki, itkimiz böyükdür. Hər ailənin itkisi hamımızın itkisidir. Bir adam bir adamdır. Bir can bir candır. Acı böyükdür və hamımızın ağrısıdır. Həqiqətən çox böyük bir faciə ilə qarşı-qarşıyayıq. Bunun yaralarını qucaqlamaq üçün böyük bir həmrəylik göstərməmiz lazımdır. Şübhəsiz ki, bu ağrıların yaşanmaması lazımdır. Necə inkişaf etmiş ölkələr bu ağrıları yaşamırlarsa, biz də lazım olan tədbirləri görəcəyik. Şübhəsiz ki, bu ağrıları bir daha çəkməmək üçün nə lazımdırsa bunların hamısı ediləcək. Bu hadisə ilə əlaqədar istintaq başladılıb".
Türkiyə prezidentinin sözlərinə görə, dövlət kömür mədənində baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə lazımi köməyi göstərəcək. Prezident mədənçilərin xilas edilməsi işinə kömək təklif edən ölkələrə minnətdarlığını bildirib.
Güldən fərqli olaraq, Ərdoğanın Manisaya getməsi insanların qəzəbinə səbəb olub. Baş nazirin Somaya səfəri zamanı sakinlər prezident kortejini daşa basmağa cəhd edib. Türkiyənin iri Həmkarlar İttifaqları Soma şəhərində mədəndə yüzlərlə insanın həyatını itirdiyi faciəyə görə bir günlük tətil etdiklərini elan ediblər. Hİ rəhbərlərinin sözlərinə görə, ölkədə dağ mədəni sənayesinin son özəlləşdirilməsi mədənçilərin əmək şəraitini ağırlaşdırıb və həyat üçün təhlükəli edib. Onlar bütün bunlara görə AKP hökumətini günahkar hesab edirlər.
"Somada kütləvi qətliamda gəlir arxasında xərcləri ixtisar edən özəlləşdirmə siyasətini irəli sürənlər günahkardır. Və onlar baş verənlərə görə cavab verməlidirlər". Dövlət qulluqçularının Həmkarlar İttifaqının bəyanatında belə deyilir. Qeyd edək ki, partlayış baş verən mədən 2005-ci ildə özəlləşdirilib. Parlamentin müxalifətdən olan deputatları da hakimiyyəti az öncə parlamentdə mədənlərdəki bədbəxt hadisələri araşdırmaq üçün komissiyanın yaradılması təklifindən imtina etməsini xatırladıb.
Baxmayaraq ki, Türkiyənin Əmək və Sosial Təminat Nazirliyi mütəmadi olaraq mədənlərdə təftişin aparıldığını və son təftişin bu ilin mart ayında keçirildiyini bəyan edib, lakin bu da insanları sakitləşdirmir.
Türkiyənin Həmkarlar İttifaqları Konfederasiyasının çağırışı ilə qurumun 20 mindən artıq üzvü Manisa vilayətində daş kömür mədənində baş vermiş partlayış nəticəsində mədənçilərin həlak olmaları ilə bağlı etiraz aksiyası keçirib. Mitinq zamanı Türkiyə Həmkarlar İttifaqları Konfederasiyasının (DİSK) rəhbəri Kani Bekonun vəziyyəti pisləşib. Beko İzmir polisinin nümayişçiləri dağıtmaq üçün istifadə etdiyi gözyaşardıcı qazdan zəhərlənib.
Ankara və İstanbulda da ötən gün mədəndə faciə ilə əlaqədar narazılığını ifadə etmək üçün yüzlərlə insan küçəyə çıxıb. Polis nümayişi dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. İstanbulda etirazçılar Taksim meydanına, Soma mədəninə sahibi olan şirkətin baş ofisinin yerləşdiyi binanın qarşısına axışıblar. Ankarada 800 nəfər universitetdən energetika nazirliyinə gedən yolda yürüş təşkil edib. Aksiyalarda hökumətin istefaya getməsinə çağırışlar paylanılıb.
Soma Kömür İşlətməleri Şirkətinin nümayəndələri isə bəyan edib ki, qəzanın səbəblərinin araşdırılmasına başlanılıb.
Onların sözlərinə görə, bədbəxt hadisə mədəndə "güclü təhlükəsizlik tədbirləri görülməsinə" baxmayaraq baş verib: "Hazırkı anda bizim əsas məqsədimiz-mədənçilərin ailələri ilə birləşdirmək üçün yerin üzünə qaldırılmasıdır".
Baş Prokurorluq da hadisə ilə bağlı müvafiq araşdırmalara başlayıb. Amma prokurorluq bəyan edib ki, müstəntiqlərin dindirmək və saxlamaq istədiyi şəxslərin özü mədəndə həyatını itirib.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Türkiyənin Manisa vilayətindəki kömür mədənində baş vermiş faciə ilə əlaqədar prezident Abdulla Gülə, baş nazir Rəcəb Tayyib Ərdoğana və diyanət işləri başqanı Mehmet Görməzə başsağlığı məktubları ünvanlayıb.
QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, məktublarda dost və qardaş Türkiyə xalqının üzləşdiyi ağır faciə - Manisa vilayətindəki kömür mədənində baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı xəbərinin şeyxülislamı hədsiz kədərləndirdiyi bildirilir. A. Paşazadə məktubunda Azərbaycan və Qafqaz müsəlmanları adından hər üç şəxsə, onların simasında Türkiyə dövlətinə və bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı verir: "Kədərinizə şərik oluram. Allah rəhmət eləsin! Azərbaycan dindarları türkiyəli qardaşlarımız üçün dualar edir, həlak olanların ruhlarına rəhmət, yaralılara şəfa diləyirlər. Qoy Uca Rəbbimiz bu ağır faciənin acısını yaşayanlara yardımçı olsun, öz böyük mərhəmət və şəfqəti sayəsində mərhumlara rəhmət, onların ailələrinə və yaxınlarına səbr, təmkin əta etsin. Amin!"
QMİ mətbuat xidmətindən onu da bildiriblər ki, sabah - Cümə günü Azərbaycanın bütün məscidlərində Cümə xütbələri Türkiyədə baş vermiş faciəni də əhatə edəcək, faciə qurbanlarının ruhuna dualar oxunacaq.