“Rusiya çıxılmaz vəziyyətə düşə bilər” Dünya

“Rusiya çıxılmaz vəziyyətə düşə bilər”

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Ukraynada böhranının nizamlanması üçün təklif etdiyi "yol xəritəsi" ABŞ, Rusiya, Avropa Birliyi və rəsmi Kiyev tərəfindən təqdir edilib. "Son günlər ərzində ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə Konfederasiyasının xarici işlər naziri Didye Burkhalter Cenevrə müzakirələrinin yüksək səviyyəli iştirakçıları ilə məsləhətləşmələr zamanı "yol xəritəsinin" konturlarını müəyyənləşdirib. Həmçinin Ukrayna, Rusiya, ABŞ və Avropa Birliyindən müsbət rəy əldə edilib",- sənəddə qeyd edilir.
Qeyd edək ki, "yol xəritəsi"nə döyüş əməliyyatlarının dayandırılması, gərginliyin azaldılması, geniş milli dialoqun başlanması, ölkədə prezident seçkilərinin keçirilməsi və s. daxildir.
ABŞ Dövlət Departamenti isə Ukraynanın paytaxtı Kiyevdə milli barışıq əldə olunması üçün keçirilən danışıqları müsbət qiymətləndirib. ABŞ Dövlət departamentinin rəsmi nümayəndəsi Ceyn Psaki Kiyevdə keçirilən "dəyirmi masa"nı belə şərh edib: "Hər şeydən əvvəl biz, Ukrayna hökumətini ilk milli dəyirmi masanın keçirilməsi münasibəti ilə təbrik edirik. Bu ATƏT-in dəstəyi ilə keçirilən dialoqlardan biridir. Konkret olaraq bu tədbir uğurlu alındı, orada yüzlərlə insan iştirak etdi, danışıqlar şəffaf və KİV-ə açıq şəkildə keçirildi. Növbəti dəyirmi masa yaxın vaxtlarda Donetsk şəhərində keçiriləcək. Kiyevdə keçirilən dəyirmi masa haqqında: Bu danışıqlarda şərq regionlarından olan liderlər də daxil olmaqla Ukrayna cəmiyyətinin bütün elementləri iştirak edib. İştirakçılar zorakılıq hallarından uzaq olmaları barədə razılığa gəliblər. Lakin bir neçə şəhərlərdə cinayət tədbirlərində iştirak edən Rusiya meylli qüvvələr dəyirmi masada iştirak etməyiblər. Bu halda söhbət Şərq regionlarında yaşayan 6,5 milyon ukraynalını təmsil etməyən az sayda insandan gedir. Bu regionların əhalisinin maraqları yerli və regional liderlər, sahibkarlar və din xadimləri tərəfindən təmsil olunur. Biz bunu irəliyə doğru müsbət addım hesab edirik və daha çox belə addım görməyə ümid edirik".
Ümumiyyətlə ATƏT-in planı Ukraynada böhranın həllinə səbəb olacaqmı?
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov bildirdi ki, baş verən hadisələrin gedişatından göründüyü ki, ATƏT-in Ukrayna böhranı ilə bağlı irəli sürdüyü təkliflər planı müəyyən dərəcə də də olsa Rusiyanın mövqeyində yumşalmalara səbəb olub: "Vəziyyətin indiki axarda davam edəcəyi təqdirdə Rusiyanın çıxılmaz vəziyyətə düşə biləcəyini artıq bu ölkədə də anlamağa başlayıblar İndiki halda üzdə gedən danışıqlarla bərabər olaraq, yəqin ki, bütün tərəflər arasında digər mübadilə kanallarından da istifadə olunur. Güman edirəm ki, tərəflər yaxın zaman kəsiyində böhrandan çıxış yollarının axtarılıb tapılmasında ümumi məxrəcə gələ biləcəklər. Əks halda böhranın davam etməsi və Rusiyanın təzyiqləri davam etdirməsi, elə Rusiyanın özünə böyük ziyan vurmuş olar və onun bir dövlət olaraq mövcudluğuna son qoya bilər".

Əli