Ər-Riyad radikal dindən əl çəkir Dünya

Ər-Riyad radikal dindən əl çəkir

Zahid Oruc: "Burada müəyyən yeni dəyişikliklər rüzgarı əsməkdədir"
Fazil Mustafa: "Onlar sərt vəhhabi ehkamlarından imtina etmək niyyətindədirlər"
Ər-Riyadda keçirilən konfranslardan birində çıxışı zamanı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əbdüləziz əs-Səudun "mülayim islama" geri dönəcəklərini bildirməsi ölkənin xarici siyasətində böyük dəyişikliklər anonsunu verib. Millət vəkili Zahid Oruc bildirib ki, bunun üçün ortada ciddi əsaslar var: "Söhbət iki gün öncə Səudiyyədə keçirilən mühüm beynəlxalq tədbirlərdə 500 milyard qoyulub tikiləcək yeni şəhər haqqında layihələrin elan olunması və bir sıra digər qanunvericilik aktlarında köklü dəyişikliklər, ölkənin xarici aləmlə münasibətlərinin dəyişdirilməsi və ümumiyyətlə, Səudiyyənin bir dövlət kimi simasının dəyişdirilməsi ilə bağlı addımladan gedir. Bildiyiniz kimi, Səudiyyədə dini qanun və qaydalar ölkənin hüquqi aktlarında da çox sərt bir şəkildə tətbiq olunub. Xüsusilə də qadınlara səsvermə hüququnun verilməməsi problem olaraq qalmaqdadır. Həmçinin dini və şəriət qaydalarının çoxu ümumən ölkənin həyatında özünü qabarıq şəkildə hiss etdirir. İstər qanunverici orqan, istərsə də məhkəmə sistemləri sərt bir şəkildə hakim ailənin nəzarəti altındadır və oradakı proseslər də daha artıq dərəcədə qapalı bir ölkə modeli kimi özünü ortaya qoyur. Lakin yeni vəliəhd bəyan edib ki, bu sahələrdə dəyişikliklər olacaq. Yəni Səudiyyə həqiqətən də dünyada özünün vəhhabiliyə dayanan, islamın daha sərt sələfi cərəyanını ixrac edən ölkələrdən biri sayılır. Bundan ötrü ildə milyard dollarlarla vəsait xərclənir. Faktiki olaraq bu, dinin ixracı üzərində ölkənin modelini, üsul-idarəsini, maraqlarını yaymaq siyasətidir. Bildiyiniz kimi Yaxın Şərqdə mövcud olan, on illər ərzində davam edən konfliktlərdə də Ər-Riyadın xüsusi yeri olub. Bunlar bir tərəfdən Qərbin tərəfdaşı kimi çıxış ediblər, eyni zamanda, buna görə də mühüm hərbi müqavilələri qazanıb, böyük silah kütlələrini əldə edib, müasir ordu formalaşdırıblar. Ancaq o biri yandan da Yəmənin bombardman edilməsi, İranın Yaxın Şərqdə maraqlarına sipər çəkmək üçün İraqda istənilən tədbirləri görə bilmədikləri halda Suriyaya İŞİD bayrağı altında yeriyən qüvvələrə yardımın göstərilməsi də bu xəttin tərkib hissəsidir".
Millət vəkilinin sözlərinə görə, bu gün islamın radikallaşmasında Səudiyyənin daxili şəkli, vətəndaş-dövlət münasibətləri, bu ölkədəki azadlıqların daha məhdud bir çərçivədə bərqərar olunması da mühüm rol oynayır: "Beynəlxaq neytral hesabatlara baxsanız, görəcəksiniz ki, dünyanın əsas neft-qaz ölkəsi olmasına baxmayaraq, enerji resursları bu ölkənin hər bir insanını orta imkandan yuxarı bir şəraitə sahib etməyib. Yoxsulluq səviyyəsi, o cümlədən təhsildə əlçatanlıq, xarici əlaqələr vasitəsilə ölkənin mühüm bir ticarət, iqtisadi qovşağa çevrilməsi sahəsində də problemlər qalmaqdadır. Düşünürəm ki, Səudiyyənin elitasına daxil olan və Qərb stili görmüş adamlar da bunu dərk edirlər. Baxmayaraq ki, taxt-taca varis olaraq namizədlər mövcuddur. Bildiyiniz kimi, artıq 20-ci əsrin əvvəllindən bu dövlətin təsis olunmasıyla konkret olaraq orda varislik ənənəsi var və bu, Konstitusiyanın təkib hissəsidir. Ancaq o biri tərəfdən də Ər-Riyad beynəlxalq aləmə mühüm bir siyasəti ilə çıxmaqdadır. Xatırlayırsınızsa, Obama dönəmində Amerikanın İranla münasibətlərinin dəyişməsi və nüvə razılaşması ilə bağlı aparılan danışıqlar ABŞ-Ərəbistan münasibətlərini pisləşdirmişdi. Yeni dönəmdə isə Tramp ilk səfərini məhz Ər-Riyada etdi və aparılan görüşlər, ilkin razılaşmalar, hətta yüz milyardlarla dollarlıq silah məsələlərinin hamısı sübut edir ki, burada müəyyən yeni dəyişikliklər rüzgarı əsməkdədir. Bu qarşısıalınmaz bir prosesdir. Çünki dünya kommunikasiya inqilabı istənilən ölkənin hüdudlarını keçərək oranın daxili həyatına təsir göstərir. 1,5 milyardlıq əhalisi ilə Çin iqtisadi sferada çox köklü dəyişiklikləri qəbul edib və dünya üçün mühüm bir fenomenə çevrilib. Bu hal bir çox islam dövlətlərinə də təsir göstərir. Dövlət deyirəm, çünki orada klerikal bir sistemdir. Ona görə də Səudiyyə Ərəbistanının dini dövlətdən kəskin bir şəkildə ayrılıb dünyəvi dövlət modelinə qədəm qoyacağını yaxın zamanlarda gözləmirik. Ancaq bununla bərabər, qadınların cəmiyyət statusunun artırılması, onların idarəçiliyə daha yaxından cəlb olunması, bir sıra digər sahələrdə liberallaşmanın getməsi və xarici əlaqələr siyasətində dəyişiklikləri görə bilərik. Hesab edirəm ki, bu, realdır. Lakin İranla münasibətlər, dinin ixracı məsələlərində dəyişiklik olmayacaq".
Millət vəkili Fazil Mustafanın fikrincə isə, "İslam ölkəsi" anlayışı ümumiyyətlə doğru deyil. "İslam prinsiplərinin tətbiq olunduğu ölkələr" anlayışı daha məntiqlidir. O qeyd edib ki, islam prinsipinin tətbiq olunduğunu iddia edən Səudiyyə Ərəbistanı, İran kimi ölkələrdə bir çox hallarda islamın prinsiplərindən fərqli bir şeylər ortaya qoyulur: "Ona görə də Səudiyyənin vəliəhd şahzadəsinin belə açıqlama verməsi ümidvericidir, amma insanların düşüncəsində dəyişiklik etmək çox çətin olacaq. Belə anlaşılır ki, onlar sərt vəhhabi ehkamlarından imtina etmək niyyətindədirlər. Bunun üçün də bu ölkədə heç olmasa Türkiyə modelinə uyğun cəmiyyət qurulmalıdırlar ki, din və dünyəvi yaşam arasında fərqi, balansı qoruya bilsinlər. Çünki "dini dövlət" deyilən bir anlayışın qüvvədə olması dünyada ədalətin təcəlli etməsi mənasına gəlmir. Bir çox hallarda belə ölkələr əslində ədalətsizliyin daha geniş yayıldığı areala çevrilir. Ona görə də bu məsələdə bir yeniləşmə o qədər də real görünmür. İllərdir tətbiq olunan sərt ehkamlardan Səudiyyə Ərəbistanı və ya İran imtina edə bilərmi? Bu ölkələrin ideoloji varlığını göstərən və islamın özünə də tərs düşən bir modeldir. Bu açıqlama Səudiyyə Ərəbistanın dövlət siyasətində islam üzərinə bu qədər yüklənmiş, islama aidiyyəti olmayan ehkamları onun adı ilə təbliğ edən anlayışın ortadan qalxması mənasına gəlməyəcəkdir".

Millət vəkili qeyd edib ki, yaxın zamanlarda bu imtinanın praktikada nəyi nəzərdə tutacağı maraqlıdır: "Amma ölkədə rəhbərlik səviyyəsində artıq dərk edirlərsə ki, bu modellə tanınan islam Peyğəmbərin islamı deyil və bu, İranda da dərk edilsəydi, tamamilə başqa bir əxlaq ölçüləri və prinsipləri, ədalət üzərində bərqərar olan islamın tanıtımı baş verərdi. Maraqlıdır, artıq Səudiyyə Ərəbistanında tolerant yanaşma başlayacaqmı? Ən azından qadınların hüquqsuz vəziyyətə salınmasından imtina ediləcəksə, onda bu açıqlamanın səmimiyyətinə inanmaq olar. Şahzadənin bu açıqlaması onu göstərir ki, ümumiyyətlə bu qədər sərt ehkamçı dini yanaşma müasir elmin inkişafı ilə də tərsdir və cəmiyyətin dinamizmini öldürür. Çünki islamı ideologiya kimi yaşamaqdan imtina edərək, əxlaq prinsipləri daxilində hamıya açıq bir din kimi yaşamağa keçid daha vacibdir".